Məhkəmə qərarları › İş №2(103)-3900/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3900/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3900/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1406/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınmasına görə dəymiş 76.000 (yetmiş altı min) manat məbləğində maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın kompensasiya olunaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rahib Salmanov hakimlər Mayıl Bayramov və Samir Əliyev) 10 yanvar 2019-cuil tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı barəsində məhkəmə istintaqı dövründə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.06.2018-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə həbsə alınmışdır. Ona verilmiş ittiham belə olmuşdur ki, o, «Mərkəzi Univermaq» Ticarət Mərkəzində zərgər işlədiyi vaxt tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə aralarında tanışlıq münasibəti olan X3 pul verdiyi halda qızıl-ziynət əşyaları alıb sataraq ona da qazanc verəcəyinə dair yalan vəd verib aldatmaqla ondan Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 6 ünvanda yerləşən «Mərkəzi Univermaq» Ticarət Mərkəzində 30.05.2016-cı il tarixdə 15.000 ABŞ dolları və 2-3 gün sonra yenə həmin ünvanda eyni məqsədlə yenidən 15.000 ABŞ dolları məbləğində pul alıb sonradan 16.850 ABŞ dolları qaytarmaqla etibarından sui-istifadə edib qalan Azərbaycan manatına məzənnəsi ilə 19.63 8,20 manat təşkil edən 13.150 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərərk şəxsi ehtiyaclarına xərcləyib zərərçəkmiş şəxs Simuzər Hüseynovaya cəmi 19.638,20 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən «Mərkəzi Univermaq» Ticarət Mərkəzində zərgər işlədiyi vaxt tamalı niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə aralarında yaxınlıq münasibəti olan X1 pulunu qısa müddət ərzində ödəməklə ona da qazanc verəcəyinə dair yalan vəd verib aldatmaqla ondan Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 6 ünvanında yerləşən «Mərkəzi Uinvermaq» Ticarət Mərkəzində 2016-cı ilin oktyabr-noyabr ayları ərzində hissə-hissə olaraq Azərbaycan manatına məzənnəsi ilə 46.759 manat təşkil edən 27.000 ABŞ dolları dəyərində 900 qram çəkidə 585 əyarlı, Azərbaycan manatına məzənnəsi ilə 17.318 manat təşkil edən 10.000 ABŞ dolları dəyərində 750 və 585 əyarlı müxtəlif modelli qızıl sırğa-üzük, sep, bilərzik, kulondan ibarət qızıl-ziynət əşyalarını alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərərək zərərçəkmiş şəxs Elbrus Seyidova cəmi 64.077 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o. təkrarən «Mərkəzi Univermaq» Ticarət Mərkəzində zərgər işlədiyi vaxt tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə aralarında tanışlıq münasibəti olan X2 pulunu 10 gün ərzində verəcəyinə dair yalan vəd verib aldatmaqla ondan 17.07.2017-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Səbaii rayonu Azərbaycan prospekti 6 ünvanda yerləşən «Mərkəzi Univermaq» Ticarət Mərkəzində ümumi dəyəri 5.850 manat təşkil edən 750 əyarlı 29,6 qram çəkidə qızıl qolbağım, 750 əyarlı 33,9 qram çəkidə sepi, 750 əyarlı 10,6 qram çəkidə qızıl qolbağını, 583 əyarlı 28,8 qram çəkidə sepi və 583 əyarlı 25,0 qram çəkidə sepi alıb ələ keçirərək zərərçəkmiş şəxs Səbuhi Kərimova cəmi 5.850 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X5 apellyasiya şikayəti verib məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu, işin hallarından tərəflər arasında olan münasibətin borc münasibətləri olmasının göründüyünü, onlar arasında olan münasibətin mülki qanunvericiliklə tənzimlənməli olduğunu, İddiaçı niyətinin zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmadığını, zərərçəkmiş şəxs Simuzər Hüseynovanın öz ifadəsində Ceyhunun ondan aldığı pulu Elbrus Seyidova verdiyini göstərdiyini, Ceyhunla Elbrus arasında şərikli iş münasibətlərinin olduğunu qeyd edərək hökmün ləğv edilərək İddiaçıTahir oğlu barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 10 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müdafiə tərəf kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məlikəmə baxışma təyin edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarında, o cümlədən, apellyasiya şikayətində göstərilən xüsusatların araşdırılmasının iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğunu nəzərə alaraq məhkəmə baxışının qismən istintaqla aparılmasını zəruri hesab etmişdir. Yekunda Bakı Apellyasiya Məhkəməsinin 1 (103 )-41/2021 saylı 03.03.2021 -ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rahib Salmanov hakimlər Mayıl Bayramov və Samir Əliyev) 10 yanvar 2019-cu il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən İddiaçı təqsirli bilindiyi AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1566/2021 saylı 09.12.2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-41/2021 saylı 03.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 3 ildən çox kobud qanun pozuntuları ilə davam edən ibtidai istintaq və məhkəmə yekunda bəraətverici əsaslarla icraata xitam verilməsi ilə nəticələnmiş və İddiaçı həmin dövrdə qanunsuz olaraq 2 (iki) il 8 (səkkiz) ay 13 (on üç gün) ( 975 gün) həbsdə saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1406/2022 saylı, 01 mart 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - İddiaçı ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınmasına görə dəymiş 32.000 (otuz iki min) məbləğində mənəvi ziyan kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yekun məhkəmə qərarından görünür ki, İddiaçı həbs olunan günədək “Mərkəzi Univermaq” Ticarət Mərkəzində zərgər işləmişdir. Həmin vaxt onun aylıq gəliri 1500-2000 manat təşkil etmişdir. Nəticədə İddiaçı istintaq orqanının səhvi nəticəsində ümumilikdə (33 ay x 2000 manat=66.000manat) 66.000 (altmış altı min) manat məbləğində qazancından məhrum olmuşdur. Bundan əlavə 21.06.2018-ci il tarixdən 03.03.2021-ci il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmaqla azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10.000 (on min) manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də iddiaçı ibtidai istintaq orqanının qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə İddiaçı günahsız olduğu halda 2 (iki) il 8 (səkkiz) ay 13 (on üç gün) müddətə haqsız yerə azadıqdan məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, ibtidai istintaq orqanının və məhkəmələrin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və iki ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir və Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. İş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iş materiallarında olan hökmə və qərara qiymət verməyərək iddia tələbini maddi ziyan hissəsində təmin etməmişdir. Halbuki, iş materiallarında olan məhkəmə qərarlarından aydın olur ki, iddiaçı Mərkəzi Univermaqda zərgər olaraq işləmişdir. Əgər fəaliyyət vardırsa deməli nəticədə gəlir də vardır. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbini mənəvi ziyan hissəsində də qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-41/2021 saylı, 03.03.2021-ci il tarixli Hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Həmin hökmə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü ləğv edilmiş, AR Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən İddiaçı təqsirli bilindiyi AR CM-nin 178.3.2-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona AR CM-nin 178.3.2-ci maddəsilə bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1566/2021 saylı, 09.12.2021-ci il tarixli Qərarına əsasən, kassasiya protesti və zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bəraət almış şəxs İddiaçı barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-41/2021 saylı, 03.03.2021-ci il tarixli Hökmü kassasiya protestinə və zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-41/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən İddiaçı təqsirli bilindiyi AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1 və 58.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci madəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hökmü ilə iddiaçının barəsində olan cinayət işi üzrə ona bəraət verildiyindən qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bu halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi sonuncuya qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və iddiaçının apellyasiya şikayəti qeyd olunan hissədə əsassız olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müəyyən müddət ərzində polis orqanlarında və müxtəlif instansiya məhkəmələrində cinayət təqibinə məruz qalması zamanı əsəb və stress keçirməsi, mənəvi iztirablara məruz qalması nəticəsində ona mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir və birinci instansiya məhkəməsinin mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 32.000 (otuz iki min) manat həcmində təmin olunması barədə gəldiyi nəticəədalətli olmaqla işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini – vurulmuş maddi zərərin ödənilməsi hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı onun həbs olunan günədək “Mərkəzi Univermaq” Ticarət Mərkəzində zərgər işləməklə, həmin vaxt aylıq gəlirinin 1500-2000 manat təşkil etməsi, nəticədə onun istintaq orqanının səhvi nəticəsində ümumilikdə (33 ay x 2000 manat=66.000manat) 66.000 (altmış altı min) manat məbləğində qazancından məhrum olması, eləcə də azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsi, həmçinin hüquqlarını müdafiə edən vəkilin İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10.000 (on min) manatdan çox pul sərf olunmasını qeyd etsə də, qeyd olunanlara münasibətdə iddiaçı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin də dəlilləri ormal mülahizələrdən ibarət olmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumu məbləğləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1406/2022 saylı, 01 mart 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar