Məhkəmə qərarları › İş №2(103)-3902/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3902/2020

19.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3902/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-870/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən ******* ABŞ dolları və borcun verildiyi tarixdən borcun qaytarılması tarixinədək illik 12 faiz dərəcəsi ilə itirilmiş fayda kimi əlavə faizin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 MMC-nin daşınmaz əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(006)-870/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11323/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-879/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilərək, Cavabdeh2 MMC-dən ******* ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc məbləğinin, xx.xx.2012-ci il tarixindən həmin borc məbləğinin qaytarılacağı günədək illik 12% dərəcəsi ilə hesablanacaq faizin, habelə dövlət rüsumunun əvəzi qismində 30,40 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 həmin qətnamədən kassasiya şikayətləri vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-655/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsi və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi, Cavabdeh1 kassasiya şikayətindən imtinasının qəbul edilməsi və onun kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya baxışı qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddia ərizəsində görünür ki, iddiaçı tərəfindən borcun tutulması və tutmanın daşınmaz əmlaka yönəldilməsi tələbi irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi də həmin iddia tələbinə baxmış və iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğundur, iddiaçı ilə aralarında razılaşma olmuş və müqavilə imzalanmışdır. Onlar tərəfindən də pulun yalnız verildiyi tarixə olan məzənnəsi ilə tutulması və qeyd edilən əmlaka yönəldilməsi xahiş edilmişdir. Göründüyü kimi apelyasiya şikayəti qətnamənin ləğvinə yönəlməmiş və cavabdeh həmin qətnaməni bütövlükdə deyil, qismən, yəni tutulan pulun məzənnəsinə aid hissədə mübahisələndirmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11323/2019 saylı qətnaməsi qəbul edilərkən, məhkəmə Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə deyil, bütövlükdə yoxlamış və qətnaməni ləğv edərək, yalnız pulun tutulması hissəsində iddianı təmin etmiş və qalan hissədə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Eyni zamanda İddiaçı və Cavabdeh1 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-655/2020 saylı qərarı qəbul edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində də yuxarıda qeyd olunan hallar, yəni Bakı Apellyasiya Məhkəməsinin iddia tələbinin mübahisələndirilməyən hissəsi üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi qənaətinə gəlməklə prosessual hüquq normasının pozuntusuna yol verməsi qeyd olunmuş, lakin qərarın nəticə hissəsində kassasiya instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin tam deyil, qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi nəticəsinə gəlmiş və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən (tutulmalı olan pulun məzənnəsinə aid) hissəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11323/2019 saylı qətnaməsi ilə həll olunmuş və həmin hissədə qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-655/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə müəyyən olunur ki, hazırkı apellyasiya icraatının predmeti mövcud deyildir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində də təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də kollegiya hesab edir ki, hazırkı apellyasiya baxışı qeyri-mümkün hesab edilməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-655/2020 saylı qərarında göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin prosessual tərəfdən hallarına hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı borcun tutulması və tutmanın daşınmaz əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə apellyasiya baxışı qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar