Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3903/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” 2(003)-87/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43500 manat pulun və ona dəymiş mənəvi ziyana görə 10000 pulun, ümumilkdə 53500 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Binə qəsəbəsində (2008-ci ildən) şərikli “1001 xırdavat” adlı mağazaları olmuşdur. Vaqifin təkidi ilə həmin mağazanı satdılar və Mərdəkan qəsəbəsi 28 May küçəsində yerləşən “Azərbaycan xörəkləri” kafesini özəlləşdirdilər. 13 sot ərazidə yerləşən 408 m2 özəl sahədə kafenin nəzdində kalbasa sexi və kafe vardır. Həmin vaxt ancaq kafe fəaliyyət göstərirdi. Kolbasa sexində bütün avadanlıq olmasına baxmayaraq işləmirdi. Ərazidə mağaza inşa etdirdi, çörək bişirmək üçün təndir qurdurdu. Lazımsız sayılan iki otaqda elektrik avadanlıqları təmir olunan təmirxana düzəltdirdi. Kolbasa sexinin fəaliyyəti ilə əlaqədar dam örtüyü, tavanı dəyişdirdi. İçərinin quruluşu dəyişdirildi və kafel, metlaq vuruldu. Soyuducular yeniləndi. Bütün bunlara 43500 (qırx üç min beş yüz) manat pul xərclədi. Bütün bunlar Cavabdeh sərmayə qoymadan iştirakı ilə aparılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 43500 (qırx üç min beş yüz) manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsində işə qeyri-obyektiv baxılıb, məhkəmədə müəyyən olunub ki, onların arasında olan münasibət 2008-ci ildə başlayıb, aralarında etibar olub. 2014-cü ildə obyekt digər şəxsə 30000 manata satılıb. Lakin məlum olur ki, təkcə İddiaçı həmin obyektin özəlləşməsinə, təmirinə, avadanlıq alınmasına 66500 ABŞ dolları məbləğində vəsait yatırıb. Cavabdeh və İddiaçı satılan əmlakı geri qaytarmaq üçün hərəkət etmişlər. Onlar Kamalı birlikdə məhkəməyə vermiş, lakin işi uda bilməmişlər. İş alınmayanda İddiaçı fürsətdən öz xeyrinə məharətlə istifadə etmiş, cavabdeh isə həm əmlakını itirmiş, həm də İddiaçı 65000 ABŞ dolları ödəmək zorunda qalmışdır. Onu da qeyd etmək istəyir ki, dəymiş ziyanla bağlı iddiaçı aradan üç il keçdikdən sonra müraciət etmişdir. İddia müdətinin ötürülməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbu ki, məhkəmə bu işə baxıb qətnamə çıxara bilməzdi, iddiaçı iddia müddətini ötürüb. Göründüyü kimi obyek və həmin obyektin içində yerləşən kolbasa sexi 2014-cü ildə satılıb, başqa şəxs tərəfindən özələşdirilib. Həmin vaxtdan 7 il keçib. Ona görə də iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın tam təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-216/2020 saylı mülki iş üzrə iddiaçı qismində iştirak etmiş Cavabdeh Dağıbəyi oğlunun iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli ərizəsində qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixində verilmiş olan iddia ərizəsinə əlavə olaraq bildirir ki, “Azərbaycan xörəkləri” kafesinin, yəni obyektinin kolbasa sexinin təmirinə, lisenziya alınmasına, təndir və elektrik avadanlıqlarının təmiri sexinə İddiaçı tərəfindən 43500 manat xərc çəkilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-195/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin edilərək, Cavabdeh 92000 manat məbləğində pul, 66500 ABŞ dolları məbləğində pul icra vaxtı manata olan məzənnə ilə manatla və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia təmin edilərək, İddiaçı 40000 (qırx min) manat əsas, 1200 (bir min iki yüz) manat faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin qətnaməyə əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh adına özəlləşdirildikdən sonra həmin qeyriyaşayış sahəsini başqa şəxsə sataraq üzərinə götürdüyü öhdəliyi pozmuş, o cümlədən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə xərclənmiş 92000 manatı, tikinti işlərinə və mağazaya alınan alver mallarına görə İddiaçı tərəfindən ona verilmiş 66500 ABŞ dollarını geri qaytarmamışdır. Həmçinin müəyyən edilmişdir ki, 07 saylı notariat kontorunda təsdiq edilmiş 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı illik 3% olmaqla bir il müddətinə 40000 manat məbləğində borc vermişdir. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddianı etiraf etmiş, 40000 manat məbləğində borcun və 1200 manat faiz borcunun ondan Cavabdeh xeyrinə tutulmasına etiraz etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-195/2017 nömrəli qətnaməsi ilk iddia üzrə tutulmalı olan pulun məbləğinə aid olan hissədə dəyişdirilərək Cavabdeh cəmi 140500 manat pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4585/18 nömrəli qərarından görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-216/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi və pul tələbinə dair ilkin iddia ərizəsi, X1 Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı X2 qarşı pul tələbinə dair iddia ərizələri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə belə nəticəyə gəlmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan başqa iş üzrə iddiaçı qismində iştirak edən Cavabdeh Dağıbəyi oğlunun məhkəməyə ünvanlamış olduğu xx.xx.2019-cu il tarixli ərizəsində “Azərbaycan xörəkləri” kafesinin, yəni obyektinin kolbasa sexinin təmirinə, lisenziya alınmasına, təndir və elektrik avadanlıqlarının təmiri sexinə İddiaçı tərəfindən 43500 manat xərc çəkilmiş olduğu qeyd edilmişdir. Həmin mülki iş üzrə Cavabdeh Dağıbəyi oğlu dolayısı ilə hazırkı mülki iş üzrə iddaçı olan İddiaçı 43500 manat borclu olduğunu etiraf etmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh Dağıbəyi oğluna qarşı iddia tələbi 43500 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsnin tələblərinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, işin hallarını araşdıraraq belə hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi başqa bir mülki iş üzrə İddiaçı mübahisəli qeyri yaşayış sahəsinə 43500 manat məbləğində xərc çəkməsi barədə Cavabdeh ərizəsini hazırkı mülki iş üzrə iddianı etiraf etməsi kimi müəyyən etməkdə haqlı olmamışdır. Cavabdeh Dağıbəyi oğlunun başqa bir mülki iş üzrə iddiaçı qismində verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə həmin ərizəsi cavabdehin iddiaçı ilə razılaşdırılmış şəkildə digər üçüncü şəxsə qarşı tələb irəli sürmək üçün yazılmışdır. Hazırkı mülki mübahisə üzrə cavabdeh iddianı etiraf etmir, iddiaçı isə 43500 manat dəyərində xərc çəkdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı tərəflər arasında mübahisəli qeyri yaşayış sahəsinə dair çəkilmiş xərc tələbinə dair əvvəllər mülki mübahisəyə baxılmış və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Cavabdeh İddiaçı 140500 manat ödəməli olduğu qərara alınmışdır. İddiaçı hazırda hər hansı digər əsasla cavabdehin ona 43500 manat məbləğində borcunun olduğunu isbat edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(003)-87/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3903/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3903/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver