Məhkəmə qərarları › İş №2(103)-3903/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3903/2025

06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3903/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: mənzilə görə ödənilmiş pulun geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə görə ödənilmiş pulun geri qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(007)-464/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MTK ilə İddiaçı (bundan sonra “iddiaçı”) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, C-283/11 nömrəli müqaviləyə əsasən Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73.30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzili iddiaçıya (“Payçı”ya) verməyi, “Payçı” isə bu müqavilənin dəyərini Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin hər kvadrat metrinin dəyəri 919,66 manat, mənzilin ümumi dəyəri 77.500 manat müəyyən edilmiş və həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir.

2. İddiaçı "xxxx" MTK-nı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia qismən təmin edilərək, mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs X3 və üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4547/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Bu qətnamədən iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4651/2023 saylı qərarı ilə təmin edilməmişdir. Belə ki, yuxarı instansiya məhkəmələri tərəfindən "xxxx" MTK-nın yalnız tikinti işləri aparmaq səlahiyyətinin olduğu, həmin mənzillə bağlı digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinin olmadığı müəyyən edilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-87/2023 saylı hökmünə əsasən Cavabdeh (bundan sonra cavabdeh) Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, "xxxx" MTK barəsində hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir və əlavə cinayət-hüquqi tədbir qismində iki yüz min manat miqdarında cərimə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü Cavabdeh münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinərək, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 2 (iki) il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdir. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh müqavilə üzrə ödədiyi 77.500 manat, ona dəymiş 5.000 manat məbləğində maddi, 5.000 manat məbləğində mənəvi zərərin, 77.500 manat Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 7% olmaqla (bir il üçün 5.425 manat) 27.125 manat olmaqla, cəmi 114.625 manat, vəkilə ödənilmiş 320 manat pulun və ödənilmiş 405 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin yanvar ayında "xxxx" MTK-nin problemlər yaşadığını öyrənib dəfələrlə MTK-nın ofisinə yaxınlaşsa da, orada hər hansı bir səlahiyyətli şəxslə görüşə bilməmişdir. Sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə mənzilin ona təhvil verilməsi barədə iddia ərizə ilə müraciət etmişdir. Həmin məhkəmə tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr olan 2 otaqdan ibarət C01 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəmsinin qətnaməsi ilə onun iddiası rədd edilmişdir. İddianın rədd olunması onunla əsaslandırılmışdır ki, həmin mənzillər satılarkən "xxxx" MTK-nın balansında olmamışdır. Cavabdehin bu hərəkətləri ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, o hüquq-mühafizə orqanlarına getmək məcburiyyətində qalmışdır. Ona saxta yolla evin satılması bir tərəfdən, pulunu itirilməsi, ona qarşı bu cür iyrənc hərəkətlərin edilməsi və nəhayət hər dəfə polisə və məhkəməyə çağırılması ona çox böyük stress, mənəvi iztirab və sarsıntı yaşatmışdır. Bu günədək o, həmin stress vəziyyətindən çıxa bilməmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-464/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi ziyana görə 77.500 manat, mənəvi zərərin əvəzi olaraq 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 325,50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X7).

7. Məhkəmə iddianın maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, İddiaçı "xxxx" MTK-nın sədri tərəfindən aldadıldığından, ona münasibətdə hüquqazidd əməl Cavabdeh tərəfindən törədildiyindən, o cümlədən onun təqsirli əməli (müqavilə bağlayaraq mənzil səlahiyyəti olmadığını bildiyi işin mübahisəsiz haldır) nəticəsində ona zərər dəydiyindən iddiaçı cavabdehə qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən sədri və 50% təsisçisi olduğu "xxxx" MTK-nın mənzil satmaq səlahiyyəti olmadığını bildiyindən, iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır. Yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur.

8. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, o cümlədən işin məhkəmə tərəfindən araşdırılan halları ilə dəymiş zərərin ödənilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cavab məktubunda bildirilmişdir ki, istintaq dövrü ərzində İddiaçı dəymiş 77.500 manat maddi ziyan ödənilməmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmiş Cavabdeh tərəfindən ödənilmiş 3.079,769 manat məbləğində pul vəsaitinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin vəsait istintaq dövrü ərzində Cavabdeh atası tərəfindən ödənilmiş, dəymiş zərərin əvəzi ödənilən şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Həmçinin, dəymiş zərərin ödənildiyi şəxslərin kimliyi ilə Cavabdeh təqsirli bilindiyi 18 müqavilə üzrə 16 zərərçəkmiş şəxsin kimliyi birlikdə tədqiq edildikdə görünür ki, 16 zərərçəkmiş şəxsin əksər hissəsi dəymiş zərərin ödənildiyi şəxslərin siyahısına daxil deyildir. Bu səbəbdən iddia tələbi maddi zərərin əvəzinin ödənilməsi hissəsində əsaslıdır.

9. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, özünün və ailəsinin mənzil şəraitini təmin etmək məqsədi ilə "xxxx" MTK ilə müqavilə bağlayan iddiaçının sonda MTK-nın sədri tərəfindən aldadılmasını bilməsi, o cümlədən mənzili təhvil almaq ümidi ilə uzun müddət davam edən istintaq, məhkəmə icraatlarına məruz qalması, lakin sonra mənzili təhvil ala bilməməsi nəticəsində sarsıntılara, əzaba və məyusluğa məruz qalması istisna edilmədiyindən cavabdehin iddiaçıya qarşı mənəvi ziyanın tutulması tələbi əsaslıdır. İddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, iddiaçı və cavabdehin əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pul vəsaitinin tutulması məhkəmə tərəfindən ədalətli və ağlabatan hesab edilmişdir.

10. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində yaranmış mübahisə ilə əlaqədar məhkəmə proseslərində və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak ilə bağlı ona 5.000 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin oluna bilməz.

11. Məhkəmə, o halı da xüsusilə qeyd etmişdir ki, bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin gəlir, bəhər əldə etməsi ilə bağlı sübut təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili “cavabdehin MTK-nın təsisçisi olduğundan gəlir əldə etməsinin şübhəsiz olması” ilə bağlı izahat versə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarında cavabdeh tərəfindən həmin pul vəsaitnin özünün MTK-dakı fəaliyyəti ilə bağlı istifadə etdiyi müəyyən edilməmişdir, o cümlədən iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

12. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 325,50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. iddiaçı tərəfindən hüquqi xidmətə görə vəsaitin ödənilməsi (ən azı orderə görə xərcin) işin mübahisəsiz halı olsa da, iddiaçı tərəfindən həmin xərcin məbləğini təsdiq edən sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 445.7-ci, 1096-cı, 1099-cu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 107-ci, 119.1-ci, 121-ci, 217-218-ci, 220.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bir sıra Plenum və Azərbaycan Respublikasının Ali Məhkəmənin qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" MTK-nın sədri olmuş, lakin MTK-nın idarəçiliyində iştirak etməmiş, mənzil satmamış və iddiaçıdan heç bir vəsaiti qəbul etməmişdir. O, həmin dövrdə Formula-1 yarışlarının keçirildiyi Bakı Şəhər Halqasında Maliyyə Meneceri işlədiyindən MTK-nın idarəçiliyini icraçı direktor Dilafir Rəsulova həvalə etmişdir. Lakin həmin dövrdə icraçı direktor olan Dilafir Rəsulov və Tahir Əliyevin MTK-da mənzil satışları barədə onun məlumatı olmamışdır. O, MTK-da baş verən qanunsuzluqlar barəsində məlumat aldıqdan sonra MTK-nın ofisinə gəlmiş və qanunsuz satılan mənzillərlə bağlı müvafiq araşdırma aparmışdır. Araşdırma nəticəsində müəyyən olmuşdur ki, İddiaçı qeyd olunan mənzilləri MTK-dan yox, MTK-nı tikinti materialları ilə təmin edən X13 adlı şəxsdən almış və iddia etdiyi 280.976,42 manatı MTK-ya yox, birbaşa Sadiq Abbasova ödəmişdir. Bundan sonra formal olaraq MTK-dan müqavilə və maliyyə arayışı almışdır. Əgər iddiaçı pulu MTK-ya ödəsəydi, pulun ondan qəbulu barədə kassa mədaxil orderinin qəbzi ona təqdim olunardı. Həmçinin, müəssədə satış meneceri vəzifəsində işləmiş X4 tərəfindən verilən arayışa əsasən MTK-da mənzillər Sadiq Abbasov tərəfindən satılmışdır. Sadiq Abbasov iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və bu zaman, iddiaçının da mənzili daxil olmaqla MTK-da mənzillərin onun tərəfindən iddiaçı və digər şəxslərə satıldığını etiraf etmişdir. Bu halda iddiaçı dəymiş ziyanı Sadiq Abbasov və Dilafir Rəsulovdan tələb etməli idi. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarında onun tərəfindən İddiaçı zərər vurulması öz əksini tapmamış və Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmündə, Bakı Apellyasiya Məhkəməsinin qərarında zərəçəkmiş şəxsin ziyanının onun tərəfindən ödənilməsi barədə öhdəlik qoyulmamış və onun tərəfindən ziyanın 1 zərərçəkmişdən başqa tam ödənildiyi nəzərə alınmışdır. Bununla da həmin qərara görə o, İddiaçı münasibətdə təqsirli bilinməmiş və ona hər hansı maddi ziyan vurmamışdır. O, iddiaçıdan vəsait qəbul etməmiş, ondan pulu MTK-nı tikinti materialları ilə təmin edən X9 vermişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları qətnamədə sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil1 ayrıayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsinə və iddianın rədd edilməsinə, habelə qətnamənin dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. "xxxx" MTK ilə İddiaçı (bundan sonra “iddiaçı”) arasında bağlanılmış xx.xx.2019cu il tarixli, C-283/11 nömrəli müqaviləyə əsasən Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73.30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzili iddiaçıya (“Payçı”ya) verməyi, “Payçı” isə bu müqavilənin dəyərini Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin hər kvadrat metrinin dəyəri 919,66 manat, mənzilin ümumi dəyəri 77.500 manat müəyyən edilmiş və həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Həmin alqı-satqı müqaviləsi və mənzilin dəyəri olan 77.500 manat məbləğin iddia tərəfindən ödənilməsini təsdiq edən maliyyə arayışı "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsi qismində onun direktoru X6 tərəfindən imzalanmışdır.

30. Lakin qeyd edilən müqavilədə göstərilən mənzil iddiaçıya təhvil verilmədiyindən bu məsələ ilə bağlı onunla "xxxx" MTK arasında məhkəmə mübahisəsi yaranmışdır. Mübahisə üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə qeyd evilən mənzil iddiaçıya təhvil verilmişdir. Lakin həmin qətnamədən maraqlarına toxunan şəxs X3 və iş üzrə üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4547/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Bu qətnamədən iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4651/2023 saylı qərarı ilə təmin edilməmişdir. Belə ki, yuxarı instansiya məhkəmələri tərəfindən "xxxx" MTK-nın yalnız tikinti işləri aparmaq səlahiyyətinin olduğu, həmin mənzillə bağlı digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinin olmadığı müəyyən edilmişdir.

31. İddiaçının mənzilinin yerləşdiyi binada olan mənzillərin qanunsuz satışı və aidiyyəti digər hallarla bağlı cavabdeh, habelə "xxxx" MTK-nın digər səlahiyyətli şəxsləri barədə cinayət işi başlanmış və bunun nəticəsi olaraq çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-87/2023 saylı hökmü sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya münasibətdə dəyişdirilmiş, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinərək, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 2 (iki) il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdir.

32. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında nümayiş etdirilən hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(10xx-xx/2023 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır.

33. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin 50 faiz payla təsisçisi və xx.xx.2018ci il tarixdən sədri vəzifəsində işləmiş cavabdehin öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 2 ünvanında yerləşən ofisində rəsmi sənədləri-mənzillərin, qeyriyaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarını imzalayıb, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub təsdiq etməklə qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 18 müqavilə üzrə ayrı-ayrı şəxslərin adına müxtəlif ölçüdə yaşayış, qeyri-yaşayış sahələri və mal-material alışı ilə əlaqədar borca dair təminat məktubu üzrə rəsmiləşdirmə aparmaqla, 16 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər (3.321.520,8 manat) vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi həmin cinayət işi üzrə çıxarılmış yuxarıda göstərilən məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, qeyd edilən 18 müqavilədən biri məhz onunla bağlanmış müqavilə olmuş, cavabdeh tərəfindən əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurulmuş həmin 16 nəfərdən biri də iddiaçı olmuşdur. Lakin iddiaçı zərərçəkmiş şəxs kimi tanınsa da, həmin cinayət işinin icraatı çərçivəsində mülki iddia qaldırmamışdır. Bu halla bağlı cinayət işi üzrə çıxarılmış qərarda həmin icraat çərçivəsində mülki iddia qaldırılmamış zərərçəkmişlərə mülki icraat qaydasında dəymiş zərərin tələb edilməsi hüquqlarının olması izah edilmişdir.

34. Bununla belə, iddiaçıya zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması cinayət mühakimə icraatı çərçivəsində tam sübuta yetirilmişdir. İstinad edilən cinayət işi üzrə çıxarılmış yekun məhkəmə aktları ilə iddiaçının zərərçəkmiş şəxs kimi tanınması aşkardır. Nəzərə alınmalıdır ki, həm cinayət prosessual, həm də mülki prosessual qanunvericilikdə cinayət mühakimə icraatı çərçivəsində mülki iddia qaldırmamış şəxsin sonradan mülki icraat qaydasında iddia qaldırılmasının qadağan olunması ilə bağlı hər hansı müddəa yer almamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə təqsirli bilinməməsi və ona hər hansı məbləğdə maddi ziyan vurmaması, həmin məbləğin başqa şəxsə verilməsi və bu səbəbdən ondan da tələb edilməli olması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, iddiaçı ona vurulmuş zərərin əvəzini məhz cavabdehdən tələb etməlidir. Birinci instansiya məhkəməsi bu məsələdə düzgün qənaətə gəlmişdir.

35. Məhkəmə kollegiyası tələb edilən zərər məbləği ilə bağlı qeyd edir ki, xx.xx.2019cu il tarixli müqavilədə iddiaçı tərəfindən əldə edilməli olan mənzilin hər kvadrat metrinin dəyəri 919,66 manat, mənzilin ümumi dəyəri isə 77.500 manat müəyyən edilmiş və həmin tarixli maliyyə arayışına əsasən mənzilin bu dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Bu məbləğin iddiaçı tərəfindən ödənilməməsi və ya daha az məbləğdə pulun ödənilməsi mübahisə predmeti deyil, ümumiyyətlə 77.500 manat pulun ödənilməsini təkzib edən hər hansı sübut da mövcud deyil. Cavabdeh apellyasiya şikayətində də iddiaçının mənzilin dəyəri olaraq 77.500 manat ödəməsini dolayısı ilə qəbul etsə də, həmin məbləğin ona deyil, MTK-nı tikinti materialları ilə təmin edən X9 ödənildiyini və zərər məbləğinin həmin, habelə Dilafir Rəsulov adlı şəxsdən tələb edilməli olduğunu bildirmişdir. Lakin öz mövqeyinin təsdiqi olaraq, hər hansı sübut təqdim etməmiş, məhkəmə tərəfindən də belə bir qənaətə gəlmək üçün hər hansı hal müəyyən edilməmişdir. Əksinə iş materiallarında olan alqı-satqı müqaviləsinin və maliyyə arayışının məhz cavabdehin imzası ilə təsdiq edildiyi müəyyən edilir. Bu da cavabdehin bu qəbildən olan dəlillərinin də əsassız olmasını təsdiq edir.

36. Məhkəmə kollegiyası iddiaçının cinayət işi üzrə mülki iddiaçı olmaması ilə bağlı o halı da xüsusilə qeyd edir ki, iddiaçı ilk öncə ona vurulmuş zərər məbləğini deyil, "xxxx" MTK-dan aralarında bağlanmış müqavilənin predmeti olan mənzilin ona təhvil verilməsini məhkəmə qaydasında mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsi onun bu tələbini əsaslı hesab etsə də, apellyasiya və kassasiya instansiyaları həmin nəticə ilə razılaşmamış və onun iddiası hüquqi nəticə etibarı ilə uğurlu olmamışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı xx.xx.2023-cü il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda istinad edilən hökmündən 6 gün əvvəl (xx.xx.2023-cü il) çıxarılmışdır. Başqa sözlə, həmin ərəfədə iddiaçı ona vurulmuş zərəri deyil, mənzilin özünü mübahisələndirmişdir. Lakin mənzili əldə edə bilməyən iddiaçıya bu münasibətlər nəticəsində vurulmuş zərərin sonrakı dövrdə ödənildiyi, o cümlədən müqavilə üzrə mənzilin dəyəri qismində müəyyən edilmiş 77.500 manat pulun hər hansı şəxs tərəfindən ona qaytarılması müəyyən edilmir. İstintaq dövrü ərzində iddiaçıya dəymiş 77.500 manat maddi ziyan məbləğinin ödənilməməsi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cavab məktubu ilə də öz təsdiqini tapır. Mövcud vəziyyətdə iddiaçı nə müqavilənin predmeti olan mənzili əldə etmiş, nə də ki, həmin müqavilənin bağlanması nəticəsində vurulmuş zərərin əvəzi ona ödənilmişdir.

37. Cavabdeh ümumilikdə ödəməli olduğu 3.321.520,80 manat zərər məbləğinin 3.079,769 manat hissəsinin istintaq dövrü ərzində ödənildiyini, yalnız bir nəfərə vurulmuş zərərin əvəzinin ödənilmədiyini, həmin şəxsin də iddiaçı olmadığını bildirir. Halbuki, həmin vəsait istintaq dövrü ərzində cavabdehin atası tərəfindən ödənilmiş, dəymiş zərərin əvəzi ödənilən şəxslərin siyahısında da nəinki iddiaçı, ümumilikdə yuxarıda göstərilən 16 zərərçəkmiş şəxsin əksər hissəsi qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qəbildən olan dəlillərini də əsassız hesab edir və belə qənaətə gəlir ki, məhz cavabdehin təqsirli, hüquqa zidd (müqavilə bağlayaraq mənzil satmaq səlahiyyətinin olmadığını bildiyi işin mübahisəsiz haldır) əməlləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, bu qanunsuz hərəkətlər nəticəsində 77.500 manat məbləğində ziyanın dəyməsi sübuta yetirildiyindən vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə məhz bu məbləğ tutulmalıdır. Birinci instansiya məhkəməsi bu tələb üzrə öz mövqeyində haqlı olmuşdur.

38. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsini 2019-cu il tarixdə bağlamış, mənzilin dəyərini ödəməsinə baxmayaraq, mənzil əldə edə bilməmiş, sonradan mənzilin ona təhvil verilmədiyini görərək mülki qaydada iddia qaldırmış, MTK-nin rəhbər şəxsləri barədə açılmış cinayət işi çərçivəsində zərərçəkmiş şəxs kimi tanınmışdır. Başqa sözlə, 2019- 2024-cu il tarix aralığından mənzilin əldə olunması, bu mümkün olmadığı təqdirdə ödədiyi pulun geri qaytarılması ilə bağlı iddiaçı davamlı addımlar atmışdır. Bu müddət ərzində də onun əsəb, stress, yorğunluq keçirməsi, gündəlik iş rejimindən və istirahətindən uzaqlaşması nəticəsində mənəvi zərərə uğraması da ağlabatan və anlaşılandır. Hər bir halda, iddiaçı həmin müqaviləni bu bənddə göstərilən çətinliklərlə üzləşməsi və ömrünün 5 ildən artıq hissəsini hüquq mühafizə və məhkəmə orqanlarında keçirməsi məqsədi ilə bağlamamış, niyyəti dəyərini ödəməklə mənzil əldə etmək olmuşdur.

39. Məhkəmə kollegiyası mənəvi zərərin əvəzi kimi tutulmuş məbləği də ağlabatan hesab edir və həmin məbləğin azaldılması ilə bağlı cavabdehin hər hansı mötəbər dəlillərinin olmamasını nəzərə alaraq həmin hissədə qətnamənin dəyişdirilməsinə hər hansı əsas görmür. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan ziyanın məbləğini nəzərə alıb, dövlət rüsumunun əvəzi qismində tutulan pulun məbləği ilə də razılaşır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-464/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar