Məhkəmə qərarları › İş №2(103)-3904/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3904/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3904/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təhqiqat, istintaq və ya məhkəmə orqanının səhvi, qanunsuz məhkum olunma ilə bağlı vurulmuş ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı (X4) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 1 ədəd ağ rəngli, "Renault” markalı, "24GPA3” modelli, JJ-056-WW dövlət qeydiyyat nişanlı, VP624GPA000061722 şassi nömrəli, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və "Schmitz” markalı, "S01” modelli, FF-106-T dövlət qeydiyyat nişanlı, WSMS**********247 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqunun (tentli) üzərinə həbs qoyulmuşdur.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal azad edilməsi, iş üzrə maddi sübut kimi tanınmış İddiaçı idarə etdiyi 1 ədəd ağ rəngli, "Renault” markalı, "24GPA3” modelli, JJ-056-WW dövlət qeydiyyat nişanlı, VP624GPA000061722 şassi nömrəli, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və "Schmitz” markalı, "S01” modelli, FF-106-T dövlət qeydiyyat nişanlı, WSMS**********247 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqunun (tentli) üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 5(004)-45/2022 nömrəli qərarı ilə qoyulmuş həbsin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azterminalkompleks” Birliyinin dayanacağında saxlanılan 1 ədəd ağ rəngli "Renault” markalı, "24GPA3” modelli, JJ-056-WW dövlət qeydiyyat nişanlı, VP624GPA000061722 şassi nömrəli, 2012-ci il buraxılışlı yük avtomobilinin (qoşqusuz) və "Schmitz” markalı, "S01” modelli, FF- 106-T dövlət qeydiyyat nişanlı, WSMS**********247 şassi nömrəli, 2003-cü il buraxılışlı qoşqunun (tentli), mobil telefon aparatının və pul vəsaitlərinin İddiaçı qaytarılmasına hökm edilmişdir.

4. Həmin hökmdən Dövlət ittihamçısı tərəfindən verilmiş protest Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır.

6. Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 153- 012/0xx-xx/001330 nömrəli məktubunda göstərilmişdir ki, “Renault” markalı, JJ056WW/FF106T dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının ərazisindən İran İslam Respublikasına X5 Buraxılış Məntəqəsindən keçərək gedərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinin həmin tarixdə qüvvədə olmuş müddəalarına müvafiq olaraq 1 ildən çox ölkə ərazisində qalan nəqliyyat vasitəsinə görə (oxların sayı 4 ox və çox olduqda) yol vergisi - 3220 (üç min iki yüz iyirmi) ABŞ dolları, eləcə də az təhlükəli yüklə ölkə ərazisində qaldığı müddətə görə - 3010 (üç min on) ABŞ dolları, cəmi 6230 (altı min iki yüz otuz) ABŞ dolları məbləğində gömrük ödənişləri ödənilmişdir. Gömrük ödənişləri poçt və yaxud bank xidməti vasitəsilə həyata keçirilir. Ödəniş qəbzləri sürücüyə təqdim edildiyi və ya gömrük orqanında fiziki və ya elektron qaydada saxlanılmadığı üçün ödənişləri təsdiq edən sənədlərin surətlərinin Astara Gömrük İdarəsi tərəfindən təqdim olunması mümkün olmamışdır”.

7. “X6. LTD” Beynəlxalq Daşınma Şirkətinin iş yerindən xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, X2 xx.xx.2020-ci il tarixdən etibarən 2 il müddətində aylıq məvacibi 400 dollar olmaqla həmin şirkətdə çalışmışdır.

8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2- 001001/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, “Renault” markalı, JJ056WW/FF106T dövlət qeydiyyat nişanlı yük avtomobili xarici ölkədə qeydiyyatdadır, Azərbaycan Respublikasının ərazisindən müxtəlif tarixlərdə yalnız tranzit keçməklə yük daşımalarında iştirak etmişdir. Bununla əlaqədar olaraq, həmin nəqliyyat vasitəsinin sahibi və gömrük ödənişləri barədə Dövlət Gömrük Komitəsinin informasiya resurslarında hər hansı məlumat mövcud deyildir”.

9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2- 002787/2024 nömrəli cavab məktubuna əlavə edilmiş “Qeydiyyata alınan nəqliyyat vasitəsi haqqında” məlumatlara əsasən, sürücü Siasati Ashkanın idarə etdiyi “Renault” markalı, JJ056WW/FF106T dövlət qeydiyyat nişanlı yük avtomobili və "Schmitz” markalı qoşqu xx.xx.2021ci il tarixdə 13:24-də Biləsuvar gömrük postundan tranzit məqsədli giriş etmiş, xx.xx.2022-ci il tarixdə saat 14:03-də sürücü Siasati Ashkan tərəfindən idarə edilərək ölkədən çıxmışdır.

10. 2 saylı vəkil bürosu ilə bağlanılmış 1323 saylı xx.xx.2021-ci il tarixli, 305 saylı xx.xx.2022-ci il tarixli, 579 saylı xx.xx.2022-ci il tarixli, 48 saylı xx.xx.2023-cü il tarixli və 480 saylı xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, X1 hüquqi yardım göstərilməsi üçün ümumilikdə 1050 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, maddi ziyana görə 52 441 (əlli iki min dörd yüz qırx bir) manat, mənəvi ziyana görə 80 000 (səksən min) manat olmaqla cəmi 132 441 (bir yüz otuz iki min dörd yüz qırx bir) manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmaqla, 16 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 10 iyun 2022-ci il tarixdə bəraət alaraq həbsdən azad edilənə kimi 9 (doqquz) ay müddətində azadlıq hüququ məhdudlaşdırılmaqla əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə bəraət verilməsinə və azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş apellyasiya və kassasiya protestlərinə baxılanadək keçən müddət ərzində də gərginlik və qorxu içində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona bərpaolunmaz maddi və mənəvi ziyan dəymişdir. Məhkum olunduğu cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, o, idarə etdiyi yük maşını ilə beynəlxalq yükdaşıma ilə məşğul olaraq ayda 2000 ABŞ dolları qazanc əldə etmişdir. Həbsdə saxlanıldığı, habelə həbsdən azad olunduqdan sonra barəsində bəraət hökmü çıxarılanadək Azərbaycan Respublikasında qalmağa məcbur olmuşdur. Göstərilən müddət ərzində işini, gəlirini, işgüzar əlaqələrini itirmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olduğu üçün 3 nəfərdən ibarət ailəsi çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. Qanunsuz olaraq tutularaq həbs ediləndən hazırki vaxta kimi müdafiəçisinə 1050 manat pul ödəmişdir. Bununla yanaşı, barəsində bəraət hökmü çıxarılmasına, idarə etdiyi yük avtomobilinin iradəsindən asılı olmayan səbəblərdən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikasında saxlanmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi onun idarə etdiyi yük avtomobilinin ölkədən çıxarılması zamanı sürücüdən qanunsuz olaraq yol vergisi kimi məzənnəsi 5474 manat təşkil edən 3220 ABŞ dolları və az təhlükəli yüklə ölkə ərazisində qaldığına görə məzənnəsi 5117 manat təşkil edən 3010 ABŞ dolları, cəmi məzənnəsi 10 591 manat təşkil edən 6230 ABŞ dolları almışdır. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nəticəsində həyatının 9 (doqquz) ayını dəmir barmaqlıqlar arxasında keçirməsi cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə, işgüzar əlaqələrinin itirilməsinə səbəb olmuş, bütün bunlar ona mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. Özünə vurulmuş mənəvi ziyanı 80 000 manat məbləğində qiymətləndirir. Bu məbləğ onun bütün mərhumiyyətlərini, iztirab və sarsıntılarını kompensasiya edə bilməsə də, sonrakı həyatının öz axarına düşməsinə, qaydaya salınmasına kömək ola bilər. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 40 800 manat məbləğində qazancdan məhrum olmuş, qanunsuz olaraq 10 591 manat məbləğində yol vergisi və saxlanc pulu ödəmiş, müdafiəsinin təşkili üçün 1050 manat pul xərcləmiş, ona 80 000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 132 441 manat məbləğində ziyan vurulmuşdur.

13. Cavabdehin nümayəndəsi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçı (X4) hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda "müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Çünki dövlətin adından yalnız Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, anoloji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Mülki qanunvericilikdə orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. "Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut göstərməmişdir”.

14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri isə məhkəməyə gəlməmişlər.

15. Birinci instansiya məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 840 (səkkiz yüz qırx) manat və 6230 (altı min iki yüz otuz) ABŞ dolları, mənəvi zərərin əvəzi kimi isə 9000 (doqquz min) manat olmaqla, cəmi 9840 (doqquz min səkkiz yüz qırx) manat və 6230 (altı min iki yüz otuz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) manat məbləğində pulun, hüquqi xidmət xərci kimi ödənilmiş 210 (iki yüz on) manat məbləğində pulun İddiaçı (X4) xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

16.1. İddiaçı (X4) 15 sentyabr 2021-ci il tarixindən 10 iyun 2022-ci il tarixinədək, yəni 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 16.2. Hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 16.3. İddia tələbinin “iddiaçının aylıq 2.000 ABS dolları qazancından məhrum olduğuna görə 12 aya münasibətdə 24.000 ABS dolları (40.800 manat) maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz azadlıqdan məhrum edildiyinə görə aylıq 2.000 ABŞ dolları qazancından məhrum olduğunu iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi "X6. LTD” Beynəlxalq Daşınma Şirkəti tərəfindən verilmiş iş yerindən arayışda onun xx.xx.2020-ci il tarixdən etibarən 2 il müddətində aylıq məvacibi 400 dollar olmaqla, həmin şirkətdə çalışması qeyd olunmuş, hazırki mülki işin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə isə İddiaçı (X4) izahatında "İran Dəhr” şirkətində aylıq 300 ABŞ dolları əmək haqqı almaqla işlədiyini bildirməsi qeyd olunmuşdur. İddiaçının Lənkəran Ağır Cinayətlər Məhkəməsində verdiyi izahatında göstərdiyi məbləğlə hazırki iddia ərizəsində qeyd olunmuş məbləğ arasında böyük fərqin olması, iş yerindən arayışda göstərilmiş məbləğin də həmin məbləğlərlə ziddiyyət təşkil etməsi onu deməyə əsas verir ki, iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilmədən əvvəlki dövrdə aylıq qazancının həqiqətən də iddia ərizəsində qeyd etdiyi kimi, 2.000 ABŞ dolları məbləğində olması barədə dəlili inandırıcı deyildir. "X6. LTD” Beynəlxalq Daşınma Şirkətinin verdiyi arayış isə məhkəmə tərəfindən həmin şirkətin iddiaçının aylıq əmək haqqı aldığı iş yeri olduğunu təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı aylıq müntəzəm gəliri olduğuna dair dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bununla da onun aylıq müntəzəm qazanca malik olması öz təsdiqini tapmadığından tələbin bu hissəsi təmin edilməməlidir. 16.4. İddia tələbinin “gömrük ödənişləri kimi tutulmuş 6230 ABŞ dolları məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi müddətində onun idarə etdiyi yük avtomobili ilə qoşqunun üzərinə məhkəmə qərarı ilə həbs qoyulması, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərarı qəbul edildikdən qısa müddət sonra ölkədən çıxmaq istəyərkən qeyd olunan nəqliyyat vasitəsi ilə qoşqunun məhz ölkə ərazisində qaldığı həmin müddət üçün ondan gömrük ödənişlərinin tutulması işin mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş qeydiyyata alınan nəqliyyat vasitəsi haqqında məlumatlara əsasən yük avtomobilinin və qoşqunun xx.xx.2022-ci il tarixdə saat 14:03-də sürücü Siasati Ashkan tərəfindən idarə edilərək ölkədən çıxarılması müəyyən edildiyindən, tələb edilən gömrük ödənişinin də məhz iddiaçının özü tərəfindən edilməsi faktı da öz təsdiqini tapmış olur. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan məbləğdə gömrük ödənişini ödəməsi məhz onun qanunsuz azadlıqdan məhrum edilməsinin nəticələri ilə əlaqədar olduğundan və həmin ödənişin iddiaçı tərəfindən edilməsi aidiyyəti orqan tərəfindən təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapdığından, tələb bu hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 6230 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) manat məbləğində pul İddiaçı (X4) xeyrinə ödənilməlidir. 16.5. İddia tələbinin “vəkil xərci kimi ödənilmiş 1050 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan müqavilələrdən və ödəniş qəbzlərindən iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi müddətində ona vəkil tərəfindən müvafiq istintaq idarəsində və məhkəmələrdə hüquqi xidmət göstərilməsi üçün cəmi 840 manat məbləğində pulun aidiyyəti vəkil bürosunun hesabına köçürülməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələbdə göstərilmiş pulun məhz 840 manat hissəsi iddiaçıya dəymiş maddi ziyan kimi qiymətləndirilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 840 manat məbləğində pul İddiaçı (X4) xeyrinə ödənilməlidir. Tələbin bu hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş 210 manat isə iddiaçı tərəfindən məhz hazırki iş üzrə çəkilmiş hüquqi xidmət xərci kimi qiymətləndirilir və məhkəmə ağlabatanlıq prinsipinə əsasən həmin pulun da iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. 16.6. İddia tələbinin “80 000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 80.000 manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 9.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 9.000 manat məbləğində pul İddiaçı (X4) xeyrinə ödənilməlidir. 16.7. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

17. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Qanunun 4-cü, 5-ci, 6-cı, 7-ci və 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1100-cü, 1101.1-ci, 1101.2-ci, Cinayət Prosessual Məcəlləsinin 57.1-ci və 58-ci maddələrinə, Avropa Məhkəməsinin qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir.

18. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi və mənəvi zərərin məbləğini düzgün müəyyənləşdirmədiyini irəli sürmüşdür.

19. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadığı, ümumi ifadələrə əsaslanaraq ona mənəvi və maddi ziyanın ödənilməli olması nəticəsinə gəldiyi, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbinə əhəmiyyət vermədiyi, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etmədiyi, qanunsuz məhkum edilən şəxslərə kompensasiya ödənişi ilə bağlı məhz Maliyyə Nazirliyinin məsuliyyət daşımalı olduğunun heç bir qanunvericilik aktında göstərilmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayət(lər)inə etiraz

20. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, izahat

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçının nümayəndəsi (vəkili) isə özünün apellyasiya şikayətini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 28. Hər kəsin azadlıq hüququ vardır.

24. Maddə 68.2. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

28. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

29. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun

30. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

31. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

32. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

33. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

34. Maddə 209. Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

35. Maddə 210. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

36. Maddə 211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır: 211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərdə qeydiyyatda olan avtonəqiyyat vasitələrindən: 211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq: 1 ildən yuxarı 2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Kollegiya, birinci instansiya məhkəməsinin iddiaçıya mənəvi ziyan dəydiyi və bu ziyanın əvəzinin ödənilməli olması barədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

47. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

49. İşin hallarından aydın olur ki, iddiaçı 8 ay 26 gün həbsdə saxlanılmış, daha sonra ona məhkəmə tərəfindən bəraət verilmişdir.

50. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 9000 manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

51. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, onun avtomobili 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına qədər barəsində başlanılan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasında saxlanılmış və o, yük avtomobilinin sahibi olaraq avtomobilinin Azərbaycan Respublikasında qalma müddətinə görə 6230 (altı min iki yüz otuz) ABŞ dolları vergi ödəmək məcburiyyətində qalmışdır.

52. Həmçinin yuxarıda qeyd olunduğu kimi, cinayət işinin icraatı zamanı iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna ümumilikdə 1050 manat ödənilmişdir - prosessual qanunvericilik isə vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit edir.

53. “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrdən dördü bilavasitə iddiaçının özü tərəfindən imzalanmasa da, hər bir halda onun mənafeyi üçün bağlanmışdır və bu səbəblə kollegiya hesab edir ki, müvafiq müqavilələr üzrə pul vəsaitlərinin iddiaçı tərəfindən ödənilibödənilməməsindən asılı olmayaraq, həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır.

54. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-755/2024 saylı iş üzrə 09 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar