Məhkəmə qərarları › İş №2(103)-391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-391/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-391/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçıın Cavabdeh qarşı “dəymiş ziyan və mənəvi ziyan ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailəsi tərəfindən çirkab suların axıdılması nəticəsində mənzilinə 2018-ci ildə vurulan maddi zərərin əvəzi olaraq 1.184 (min yüz səksən dörd) manat, 2019-cu ilin may ayında isə yenidən mənzilinə vurduğu zərərə görə 1.270 (min iki yüz yetmiş) manat məbləğində, cəmi 2.454 (iki min dörd yüz əll dörd) manat məbləğində ziyanın, mənəvi zərərin əvəzi olaraq 1.000 (min) manat məbləğində, hüquqi xidmətə görə ödədiyi 1.000 (min) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsində olan 76B saylı binanin 1-ci mərtəbəsində yerləşən 13 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Demək olar ki, 2009-cu ildə həmin mənzilə köçən gündən bu günə kimi öz evində rahat yaşaya bilmir. Belə ki, mənzilinin üst mərtəbəsində yerləşən 16 saylı mənzildən müntəzəm olaraq mənzilinə çirkab sular axıdılır, nəticədə mənzili yararsız hala düşmüşdür. Dəfələrlə cavabdehə müraciət edərək su axıdılması nəticəsində vurduğu ziyanın ödənilməsini və mülkiyyətinə qəsd edən hərəkətə son qoyulması üçün tədbirlərin görülməsini xahiş etsə də, xahişi nəticəsiz qalmışdır. Bundan sonra o, məcbur olub ərazi üzrə MKİS-ə müraciət etmişdir. MKİS-in işçiləri mənzilinə dəfələrlə baxış keçirmiş və hər dəfə də müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzilinə su axıdılması nəticəsində mənzili yararsız hala salınmışdır. 2018-ci ilin aprel ayında növbəti şiddətli su sızması nəticəsində onun mətbəx mebeli yararsız hala düşmüşdür. Bu barədə MKİS-in işçiləri tərəfindən akt tərtib edilmiş, həmin aktda uzun müddət cavabdehin mənzilindən onun mənzilinə suyun axıdılması nəticəsində mənzilinin tamamilə yararsız hala düşməsi və bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsi göstərilmişdir. Bundan başqa, su sızıntısının yerinin dəqiq müəyyən edilməsi üçün xüsusi avadanlqa malik olan "xxxx" MMC-yə müraciət etmiş və onun rəyinə əsasən, müəyyən olunmuşdur ki, qəza nəticəsində tavandan axıdılmış sular ona məxsus olan mənzilin mətbəxində fəsadlar yaratmışdır. Mətbəx mebelinə ciddi zərər dəymişdir. Laminat/MDF-dən istehsal olunmuş mətbəx mebelinin bir hissəsində dolablar istismara yararsız hala düşmüşdür (laminat/MDF-dən istehsal olunmuş mətbəx mebelinə sızan sular materialın şişməsinə və qapıların petlədən çıxmasına səbəb olmuşdur). Mətbəx mebelinin qapıları yararsiz hala düşmüşdür. Mətbəx mebeli aşağı və yuxari fartuk hissəsi, stolüstü hissəsi su axıntısı nəticəsində yarasız hala düşmüşdür. Nəticələr eyniləşdirildi - zərər dəymiş hissənin yenisi ilə əvəz olunmalıdır. Dəymiş zərər - 1024 (bir min iyirmi dörd) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh su sızıntısının aşkar olunduğu təqdirdə "xxxx" MMC-yə aid xidmət haqqını ödəyəcəyini bildirsə də, faktiki görülmüş işlərə görə heç bir ödəniş etməmiş və 160 manat məbləğində xidmət haqqını da, mənzilinə dəymiş 1024 manat məbləğində dəymiş zərəri də özü ödəmişdir. Bu azmış kimi, xx.xx.2019-cu il tarixdə cavabdeh və onun ailə üzvləri yenidən onun mənzilinə çirkab suları axıtmış, nəticədə onun mənzilinin mətbəx otağı yararsız hala düşmüşdür. Yenidən o, cavabdehlərdən suyun axıntısının qarşısının alınmasını tələb etsə də, o, pulunun olmadığını bildirərək təmir etməkdən yayınmışdır. Yenidən ərazi üzrə MKİS-ə müraciət etmiş, MKİS-in işçiləri mənzilinə baxış keçirmiş və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzilinə su axıdılması nəticəsində mənzili yararsız hala salınmışdır. Cavabdehin onun mənzilinə su axıtması nəticəsində mətbəx otağında olan 350 manata dəyərində olan qaz plitəsi, parket (yenidən cilovlanması və laklanması 200 manat məbləğində vəsait tələb olunur), 280 manat dəyərində lambirin, mətbəx mebelinin fartuku (60 manat dəyərində), qaz sobasınin altında olan dolablar (30 manat dəyərində) və qaz sobasınin üstündə olan mebel hissəsi (350 manat dəyərində) yararsız hala düşmüşdür. Beləliklə də, cavabdeh tərəfindən ona 2018-ci ildə mənzilinə vurulan maddi zərər olaraq 1024 manat, “xxxx” MMC üçün xidmət haqqı kimi ödənilmiş 160 manat, 2019-cu ilin may ayında isə yenidən mənzilə vurduğu zərərə görə 1270 manat olmaqla, cəmi 2454 manat məbləğində ziyan dəymişdir. Hesab edir ki, cavabdeh su axıdılması nəticəsində vurmuş olduğu ziyanı tam həcmdə ödəməli, mülkiyyətinə qəsd edən hərəkətin qarşısı alınmalıdır. Bundan başqa, onun himayədində onkoloji xəstəlikdən əziyyət çəkən övladı var. O, bütün diqqətini, sevgisini, qayğısını övladına çatdırmağa çalışır. Bu cür hallar isə onun diqqətini övladından yayındırır, nəticədə çox böyük mənəvi iztirablar və stress-sarsıntı yaşamalı olur, ən azından həmin pulları o, uşağının müalicəsinə xərcləyə bilərdi. Bir ana kimi, onun hansı mənəvi zərər çəkdiyini ehtimal etmək çox asandır. Həmçinin, cavabdehin təqsiri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı hüquq şirkətinə müraciət etmişdir. “Mirzayev and X5” MMC ilə müqavilə bağlayaraq hüquqi xidmətə görə 1.000 manat pul ödəmişdir. Bu məbləğ də, cavabdehin ona vurduğu zərər olduğundan həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 162/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərə görə 1.432,00 (bir min dörd yüz otuz iki) manat, hüquqi xidmətin göstərilməsinə görə 300,00 (bir üç yüz) manat olmaqla, ümumilikdə 1732,00 (bir min yeddi yüz otuz iki) manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 220 (iki yüz iyrimi) manat məbləğində pulun 100 (yüz) manatı İddiaçı, 120 (yüz iyirmi) manatı Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM,VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, təkrar ekspertiza keçirilərək iddiaçıya dəymiş real ziyanın müəyyənləşdirilməsini və iddia tələbinin həmin məbləğə uyğun şəkildə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vurulmuş zərərin dəyəri düzgün müəyyən edilməmişdir. Belə ki, MKİS-nin işçiləri ilə birlikdə mənzilə baxış keçirilən zaman 13 nömrəli mənzilin tavanında azacıq su sızıntıları olmuş, mebelə ümumiyyətlə ziyan dəyməmişdir. Bununla belə, qeyd edilən halın aydınlaşdırılması üçün MKİS-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etsələr də, vəsatətləri təmin edilməmiş, birinci instansiya məhkəməsi yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 23416 saylı və xx xxxxxx 2020ci il tarixli 1798 saylı rəylərinə istinad edərək iddianın qismən təmin edilməsi barədə qərar çıxarmış, işin hallarını hərtərəfli araşdırmamışdır. Cavabdeh iddiaçının mənzilinə cəmi bir neçə damcı təmiz su axıdıldığını, bununla bağlı dəyən ziyanı da ödəməyə hazır olduğunu qeyd edərək hesab edir ki, qeyd edilən məsələnin aydınlaşdırılması ilə bağlı olaraq mənzilə, həmçinin onun mətbəxində olan mebelə dəymiş zərərin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməlidir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində olan 76B saylı binanin 1-ci mərtəbəsində yerləşən 13 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx xxxxxxxx 2009-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı şəhəri, Nizami rayonu 57 saylı MKİS-in əməkdaşları tərəfindən xx xxxx 2019cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, baxış zamanı aşkar olunmuşdur ki, 13 saylı mənzilin mətbəxi tavanından bir neçə yerdən 16 saylı mənzildən su axıntısı müşahidə etmişlər. Onlar 16 saylı mənzilin sahibi Cavabdeh və onun həyat yoldaşı Məmmədov İbadətə bu barədə xəbərdarlıq etmişlər. 16 saylı mənzilin sahibi Cavabdeh və həyat yoldaşı İ.Məmmədov bildirmişlər ki, yaranmış qüsurun aşkar edilməsi üçün 13 saylı mənzilin sahibi İddiaçı öz vəsaiti hesabına onların 16 saylı mənzilinə su sızıntısı usta dəvət edib axıntı yerini müəyyənləşdirilsin. Bundan sonra 16 saylı mənzilin sahibi Cavabdeh və Məmmədov İ. aşkar olan nöqsanı gün ərzində düzəldəcəyini və bunun bir daha təkrar olunmayacağını aktın tərtibində iştirak edən MKİS əməkdaşlarına və zərərçəkmiş tərəfə bildirmişdir. - “xxxx” MMC-nin xx xxxxx 2018-ci il tarixli arayışı və ona əlavə olunmuş 956898 nömrəli mədaxil qəbzindən görünür ki, Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsində olan 76B saylı binanin 16 saylı mənzilində xx xxxxx 2018-ci il tarixdə şirkətləri tərəfindən həmin binanın 13 nömrəli mənzilində yaşayan İddiaçı sifarişiylə su xəttində su sızmasının araşdırılması zamanı mətbəx mebelinin altında isti su xəttində su sızması təyin olunmuş və nasazlıq əməkdaşları tərəfindən yerindəcə aradan qaldırılmışdır. Sifarişçi tərəfindən (İddiaçı) tərəfindən xidmət haqqı (160 manat) ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində olan 76B saylı binanin 13 saylı mənzilinə dəymiş zərərin qiymətləndirilməsi aparılmışdır, “xxxx” Konsaltinq MMC-nin xx xxxxx 2018-ci il tarixli 180148DT nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən 76B saylı binanin 13 saylı mənzilin mətbəx mebelinə dəymiş zərər 1024 manat, qəzanın qarşısını almaq üçün çəkilən xərc 160 manat təşkil edir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 23416 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən 76B saylı binanin 13 saylı mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 408 manat olduğu müəyyən edilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1798 nömrəli rəyindən görünür ki, “xxxx” Konsaltinq şirkəti tərəfindən təqdim olunmuş xx xxxxx 2018-ci il tarixli qiymətləndirmə aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən 76B saylı binanin 13 saylı mənzilin mətbəx mebelinə dəymiş zərər 1024 manat, qəzanın qarşısını almaq üçün çəkilən xərc 160 manat olmaqla ümumilikdə təmir xərci 1184 manat təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2499 saylı ekspert rəyindən görünür ki, “xxxx” Konsaltinq şirkəti tərəfindən təqdim olunmuş xx xxxxx 2018-ci il tarixli qiymətləndirmə aktına əsasən Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən 76B saylı binanin 13 saylı mənzilində mətbəx mebelinə dəymiş zərər 1024,00 manat, qəzanın qarşısının alınması üçün çəkilən xərc 160,0 manat olmaqla ümumilikdə təmir xərci 1184,00 manat təşkil edir. Beləliklə iş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh öz şikayətində onun tərəfindən su axıdılması nəticəsində iddiaçıya ziyan vurulmasını mübahisələndirməmiş, qətnaməni yalnız dəymiş real ziyanın hesablanması hissəsində mübahisələndirmişdir. Qeyd edilən məsələnin aydınlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, aparılmış ekspertiza tədqiqatı ilə iddiaçıya məxsus mənzildə yerləşən mətbəx mebelinə dəymiş zərər 1024,00 manat, qəzanın qarşısının alınması üçün çəkilən xərc 160,00 manat olmaqla, ümumilikdə təmir xərci 1184,00 manat müəyyən edilmiş, bununla da birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının nəticələri təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş zərərin məbləği düzgün müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-162/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar