Məhkəmə qərarları › İş №2(103)-391/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-391/2023

20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-391/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iş üzrə (Açar sözlər: tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi, maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X4 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, Cavabdeh (iddiaçı) X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair” iddiası və X1 cavabdeh İddiaçı qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-237/2022 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6825 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Qərardadın 1-ci sualı ilə əlaqədar yuxarıda göstərilənləri, o cümlədən tədqiq olunan torpaq sahələri arasındakı sərhəd hasarının bütün hasar boyunca deformasiya olaraq iddiaçının (İddiaçı) həyətinə və yaşayış evinə tərəf 50-80 sm əyildiyini, sərhəd hasarında 2 tərəfli keçici çatlar əmələ gəldiyini hörgü daşlarının bir-birindən aralandığını, hörgü arası monolit dəmir beton stunlardan birinin çatladığını nəzərə alaraq, həmin hasardakı zədələrin cavabdeh X2 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində yaranan yükün təsirindən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Qərardadın 2-ci sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan sərhəd hasarının hündürlüyünün 4,2 metr təşkil etdiyini nəzərə alaraq, həmin hasarın tikintisi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin “hasarların tikintisinə dair tələblər” bölməsinin 73.1-ci bəndinə riayət olunmadığı müəyyən edilir. Qərardadın 3-cü sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan sərhəd hasarının bütün hasar boyunca deformasiya olaraq iddiaçının həyətinə və yaşayış evinə tərəf 50-80 sm əyildiyini, sərhəd hasarında 2 tərəfli keçici çatlar əmələ gəldiyini, hörgü daşlarının birbirindən aralandığını, hörgü arası monolit dəmir beton stunlardan birinin çatladığını, həmçinin tədqiq olunan torpaq sahəsində atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülmədiyi, eləcə də sərhəd hasarının tikintisi zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq tələblərinə riayət olunmadığını nəzərə alaraq, həmin hasarın aşma təhlükəsinin mövcud olduğu müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan hasarın aşma təhlükəsinin aradan qaldırılması üçün, həmin hasar sökülərək, tikinti normalarına və texnologiyasına uyğun yenidən inşa olunmalıdır”.

2. İş materiallarında olan Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova tərəfindən Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəisi Ramil Cəbiyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "Sulutəpə qəsəbə sakini vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə qeydə alınmış ərizə ilə bələdiyyəyə müraciət edərək qonşusu Mürsəl adlı şəxsdən şikayət etmişdir. Belə ki, Mürsəl adlı şəxs kənardan torpaq daşıyaraq həyətinə tökməsi nəticəsində daş hasarın uçması təhlükəsi yaranmışdır. Bələdiyyənin aidiyyəti əməkdaşları hadisə yerinə baxmış və fakt təsdiqini tapmışdır".

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh X2 qarşı “tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Ona məxsus evin qonşuluğunda isə cavabdeh X2 məxsus torpaq sahəsi var və onlara məxsus torpaq sahələrini də birgə tikdirdikləri 20 mişar daşı hündürlüyündə olan daş hasar ayırır. Fərdi yaşayış evinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibi X3 özünə məxsus torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə yaşayış sahələrini birbirindən ayıran daş hasarın ətrafına torpaq tikinti materialları tökmüşdür. Həmin torpaq kütləsinin ağırlığı isə daş hasarın bir neçə yerdən çatlamasına səbəb olmuş və eləcə də uçub tamamilə dağılması təhlükəsi yaratmışdır. Sərhəd daş hasarının fərdi yaşayış evindən 1-1,5 metr aralıda tikilmiş olduğunu nəzərə alaraq bildirilməlidir ki, daş hasarın tamamilə uçması nəticəsində iddiaçının evinin də zədələnməsi və ya dağılması qaçılmaz olacaqdır. Bundan əlavə olaraq, fərdi yaşayış evinin həyətində iddiaçının ailəsinin də rahat mühitdə həyatı təhlükə altında qalmaqda davam edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, ətrafına torpaq materialının boşaldılmış olması səbəbindən daş hasar çatlamış durumdadır və iddiaçıya məxsus fərdi yaşayış evinə doğru əyilir. Qeyd olunanlarla əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə, habelə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə yazılı müraciətləri olmuşdur. Aidiyyəti rəsmi qurumlar tərəfindən isə rayon məhkəməsinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdeh X2 məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsini biribirindən ayıran sərhəd daş hasarın ətrafına cavabdeh tərəfindən yığılmış tikinti inşaat materiallarının (torpaq və s.) cavabdeh tərəfindən yığışdırılmaqla təmizlənməsi; Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdehə məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsini biri-birindən ayıran sərhəd daş hasarın əyriliyinin və çat vəziyyətinin cavabdehin vəsaiti hesabına bərpa edilməklə əvvəlki sağlam vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilsin.

5. Həmçinin, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsil ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Ürgə kəndində yaşayır. O, cavabdeh İddiaçı yaşdığı evin qonşuluğunda 2008ci ildə özünə torpaq sahəsi almışdır. Torpaq sahəsinin sərhədindən cavabdehin evinə 0,80 metr məsafə var. Onun torpaq sahəsi ilə cavabdehin torpaq sahəsi arasında daş hasar çəkmək qərarına gəldilər. Daş hasarın hündürlüyü 2 metrdən artıq olmamalı idi. Çünki, ərazi yamac şəkilli maili olduğundan iddiaçının ərazisindən axan çirkab sulara görə relyef təsirindən daş hasar davamsız olardı. Hasarın ümumi uzunluğu 18 metr olmalı idi. Hasarın tam tikintisi üçün lazım olacaq usta və fəhlə pulu və daşıma pulunu iddiaçı ödəməli idi, materialın pulunu isə cavabdeh İddiaçı ödəməli idi. Cavabdeh isə razılaşmanı pozaraq daş hasarı 4 metr hündürlüyündə tikdirmişdir. Buna görə də cavabdeh iddiaçıya əlavə mişar daşı almaq üçün pul lazım olduğunu deyəndə iddiaçı ona 200 manat da əlavə pul göndərmişdir. Hasar çəkiləndən sonra məlum oldu ki, hasardan cavabdehin evinə qədər olan məsafə artıq 1,5 metrdir. Cavabdeh iddiaçının torpaq sahəsinin müəyyən hissəsini tikinti bəhanəsi ilə tutmuşdur. İddiaçı qonşuluq xatirinə buna da dözdü. Özü Lənkəran rayonunda müəllim işləyib, daimi yaşadığından 2020-ci ildən başlamış “Covid-19” pandemiyasının təsirindən ictimai nəqliyyat vasitələri şənbə və bazar günləri işləmədiyindən, digər günlərdə isə işdə olduğundan, Bakıya gələ bilmirdi. İddiaçıya məhkəmədən bildiriş və iddia ərizəsinin sürəti gələndə təccüblənmişdir. Belə ki, hasarın tikinti qaydasını razılaşdırdıqlarından kənara çıxmaqla cavabdeh pozub, nəticədə hasar ağırlığa dözməyib, əyilibdir. X3 öz sahəsini tikinti materialları, topaq və sairdən təmizləşin, İddiaçı isə özünə məxsus tərəfi özü təmizləməlidir. Eyni zamanda tikinti işlərinə nəzarəti də cavabdeh öz üzərinə götürmüşdür. Həmçinin İddiaçı öhdəsinə götürmüşdür ki, Mürsəl Süleymanova məxsus və maili vəziyyətdə olan ərazinin hamarlanması üçün müəyyən qədər torpaq tökəcəyini də nəzərə almaqla torpaq sahəsini ayıran daş hasar 2 metr hündürlükdə və hər 3 metrdən bir beton kəmər atılmaqla 18 metr uzunluqda mişar daşından hörülməli idi. Bu razılaşmadan sonra Mürsəl Süleymanov hissə-hissə olmaqla 1490 manat pulu həmin ərazidə yaşayan qardaşı Mübariz Süleymanovun vasitəsilə fəhlə və ustalara vermək üçün cavabdehə vermişdir. Covid-19 pandemiyası dövründə Bakı şəhərinə gələ bilmədiyindən Mürsəl Süleymanov yalnız telefon vasitəsilə İddiaçıla əlaqə saxlamış və cavabdeh gördüyü işlər barədə ona məlumat verirdi. Yalnız Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsindən bildiriş gəldikdən və özünə məxsus torpaq sahəsinə baxdıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh İddiaçı razılaşdıqları kimi deyil, öz istəyi ilə daş hasarı 0,80 metrdən 1,50 metrə qədər iddiaçı tərəfə çəkməklə, daş hasarın hündürlüyü 4 metr, uzunluğu isə 18 metr olmaqla tikdirmiş, eyni zamanda qrunt və ya yağış sularının onun sahəsinə keçməsinin qarşısını almaq məsdəilə hasarın iddiaçı tərəfədən olan hissəsinə hasar boyu tol yerləşdirmişdir. Onun nəticəsində də küçədən gələn yağış suları çəpərin arxasına tökülərək yığılır. Nəticədə də cavabdeh tərəfindən iddiaçı ilə onun vəsaiti hesabına inşa edilmiş daş hasar əyilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı və cavabdehin torpaq sahələri eyni hündürlükdə olmuş, tikinti işləri apararkən cavabdeh özünə məxsus torpaq sahəsini iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini hamarlamaq məqsədi ilə qazıntı işləri apararaq nəticədə onun torpaq sahəsi 2 metrdən çox aşağı səviyyəyə çatdırılmışdır. Bu işlərin pulunu da cavabdeh iddiaçıdan almışdır. Bunun nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi hündürlükdə qalır və cavabdeh tərəfindən iddiaçının və onun vəsaiti hesabına inşa edilmiş daş hasar uçmaq təhlükəsi ilə üz-üzə qalmış və indi iddiaçı özünə məxsus torpaq sahəsində hər hansı tikinti işləri apara bilmir. Çünki, cavabdeh öz torpaq sahəsini o qədər qazmışdır ki, indi onun torpaq sahəsi iddiaçının torpaq sahəmdən 2 metrdən çox aşağıda yerləşir. Bununla da iddiaçı hesab edir ki, daş hasarın əyilərək çatlamasına səbəb, tikinti zamanı cavabdehin istifadə etdiyi keyfiyyətsiz material və onun üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək öz maraqlarına uyğun daş hasarı tikməsi olmuşdur. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 1490 manat məbləğində maddi ziyan dəymişdir.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 6282/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair” iddiası üzrə mülki iş iddiaçı X1 cavabdeh İddiaçı qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işlə bir icraatda birləşdirilmişdir.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 237/2022 nömrəli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini birbirindən ayıran daş hasarına tərəf cavabdeh X3 tərəfindən tökülmüş torpaq qatının və hasarın ətrafına yığılmış tikinti-inşaat materiallarının yığışdırılması öhdəliyinin cavabdeh X1 üzərinə qoyulması, İddiaçı ilə X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini birbirindən ayıran daş hasar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə (hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaq şərtilə) cavabdeh X3 tərəfindən bərpa edilməsi və təhlükəsiz vəziyyətə gətirilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddiaçı X1 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1, 73.2, 73.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, İddiaçı cavabdeh X2 qarşı tikinti-inşaat materiallarının yığışdirılması və daş hasarın bərpası tələbinin qismən təmin edilməsi hissəsinin ləğv edilməsi və iddiaçı X1 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus torpaq sahəsində 8 daş hündürlükdə evin divarı inşa olunmuş və həmin vəziyyətdə də qalmışdır. Həmin yer İddiaçı evində aralı olmaqla, torpaq sahələri arasındakı daş hasara hec bir ağırlığı və təhlükəsi yoxdur. Amma hakim Nigar xanım Nəbizadənin qərardadı ilə müvəqqəti təminat tədbirləri kimi tikintinin aparılmasına qadağa qoyulması barədə qərardad qəbul etmişdir. Qazıntı və tikinti-inşaat işləri isə əksinə İddiaçı məxsus torpaqda aparılmaqla yer 2 metr dərinlikdə həyətinin qazılmışdır. Bu barədə olan fotoşəkillər məhkəməyə təqdim olunsa da nəzərə alınmamışdır. İddiaçı Azərbaycan Respublikasınin Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd olunan maddələrin tələblərini pozaraq hasarı razılaşdıqları 2 metr hündürlükdə deyil, müvafiq icra hakimiyyəti orqanlarından icazə almadan öz maraqlarına uyğun olaraq torpagı 2 metr dərinlikdə yaşadığı evin həyətinin səviyyəsinə qazdırmaqla 4,2 metr hündürlükdə inşa etdirmişdir. Belə sübutlarin mövcüd olması, torpaq sərhədləri arasındakı daş hasar cavabdeh Mürsəl Süleymanov tərəfindən deyil İddiaçı rəhbərliyi altında inşa etilməsi və nəticədə hasarın əyilərək çatlaması, relyef şəraiti, yerin yamac olması nəzərə alınmadan hasarın cavabdehin öz yaşayış evin həyətinin səviyyəsində dərin qazdırması, hasarın razılaşdıqları 2 metrdən hündür, yəni 4,2 metr hündürlükdə tikilməsi, hasarın aşağı hissəsinin hər 3 metrdən divar arasında tumbaların, beton kəmərin atılmaması, iddiaçı cavabdeh X2 məxsus torpaq tərəfindən hasar boyu divarın aşağı hissəsində yaşadığı həyətə tərəf nəmliyin və torpaqdan süzülən suyun, eyni zamanda yağış və qrunt sularının keçməməsinin qarşısını almaq məqsədi ilə ikiqat tol materialı ilə izolyasiya etməsi, nəticədə hasarın zədələnməsinə və deformasiya olunmasına səbəb olmuşdur. Belə bir vəziyyətdə daş hasarın bərpası Mürsəl Süleymanov yox İddiaçı tərəfindən bərpa olunmalıdır. Lakin məhkəmə yalnız Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6825 saylı rəyinə istnad etməklə rəyi sübut kimi qəbul etməklə qətnamə qəbul etmişdir. Ədalətli qərar qəbul edilməsindən ötrü iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunub ekspert rəyi alınmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən cavabdeh X3, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi:

14. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

15. Maddə 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.

16. Maddə 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

17. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının rədd edilməsi, X1 iddiasının təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Birinci instansiya məhkəməsində işin müəyyən edilmiş mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflərin torpaq sahələri qonşuluqda yerləşir, X1 torpaq sahəsi İddiaçı torpaq sahəsindən daha hündürdədir. İddiaçı özünə məxsus torpaq sahəsində yaşayış evi tikib və orada ailəsi ilə birlikdə yaşayır. X3 hal-hazırda Lənkəran rayonunda yaşayır və ona məxsus torpaq sahəsində tikinti aparılmayıb. Tərəflər aralarında razılığa gəlmişlər ki, torpaq sahələrini ayıran daş hasarı birlikdə tikəcəklər. Razılığa görə İddiaçı tikinti materiallarının pulunu, X3 isə usta və daşıma xərclərini ödəyəcəkdir. Hasar 4.20 sm hündürlükdə tikilmişdir. Hal-hazırda hasar deformasiya olunub, aşma təhlükəsi var. İddiaçı iddiasına əsasən hasar X2 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində, X1 iddiasına görə isə hasar İddiaçı tərəfindən üzərinə tolun vurdurulması nəticəsində əyilmişdir.

24. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6825 saylı ekspert rəyi ilə İddiaçı tərəfindən inşa edilmiş hasardakı zədələrin cavabdeh X2 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində yaranan yükün təsirindən əmələ gəlməyə xarakterik olduğunun müəyyən edilməsini və hasarın aşaraq həmin ərazidə yaşayan İddiaçı və onun ailəsinin həyatına təhlükə törədə biləcəyini nəzərə alaraq İddiaçı iddiasının qismən təmin edilməsi qənaətinə gəlmişdir.

24. Apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/402 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan torpaq sahələri arasındakı hasarın bütün hasar boyunca deformasiya olaraq iddiaçının həyətinə və yaşayış evinə tərəfə 50-80 sm əyildiyini, sərhəd hasarında 2 tərəfli keçici çatlar əmələ gəldiyini, hörgü daşlarının bir-birindən aralandığını, hörgü arası monolit dəmir beton stunlardan birinin çatladığını nəzərə alaraq, həmin hasardakı zədələr, yəni daş hasarın əyilməsinə və çat verməsi torpaq sahəsinin 2 metr aşağı qazılması nəticəsində deyil, cavabdeh X2 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində yaranan yükün təsirindən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Eyni zamanda hasarın hörgü arası sütunları və bünövrəsi monolit dəmir betondan quraşdırıldığını, hasardakı yaranan zədələr kənar yükün təsirindən əmələ gəlməyə xarakterik olduğunu nəzərə alaraq, həmin hasarın yerləşdiyi ərazinin relyefi nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş hündürlükdən çox, yəni 4.2 metr hündürlükdə inşa edilməsi nəticəsində əyilməsinə və çat verməsinə səbəb ola bilməzdi. İddiaçı və X2 məxsus torpaq sahələri arasında inşa edilmiş daş hasarda yaranmış zədələrin xüsusiyyətlərini nəzərə alaraq, X1 torpağı tərəfindən həmin hasarın aşağı hissəsində hasar boyu yapışdırılmış tol materialı ilə izolyasiya səbəbindən, relyef xüsusiyyətlərinə görə yuxarıdan gələn yağış və qurunt sularının axmasının və çat verməsinə səbəb ola bilməzdi. Tədqiq olunan torpaq sahələri arasındakı sərhəd hasarının bütün hasar boyunca deformasiya olaraq iddiaçının həyətinə və yaşayış evinə tərəf yer səthindən təqribən 2,2 m hündürlükdən qabaraq, 50-80 sm əyildiyini, sərhəd hasarında 2 tərəfli keçici çatlar əmələ gəldiyini, hörgü daşlarının bir-birindən aralandığını, hörgü arası monolit dəmir beton stunlardan birinin çatladığını nəzərə alaraq hasarın əyilməsi və çat verməsi kənar yükün təsirindən əmələ gəlməyə xarakterikdir.

25. Ekspert rəyindən də göründüyü kimi qeyd edilən hasardakı zədələr, yəni daş hasarın əyilməsinə və çat verməsi torpaq sahəsinin 2 metr aşağı qazılması nəticəsində deyil, cavabdeh X2 məxsus torpaq sahəsində sərhəd hasarına tərəf torpaq qatının tökülməsi nəticəsində yaranan yükün təsirindən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Eyni zamanda hasarın hörgü arası sütunları və bünövrəsi monolit dəmir betondan quraşdırıldığını, hasardakı yaranan zədələr kənar yükün təsirindən əmələ gəlməyə xarakterik olduğunu nəzərə alaraq, həmin hasarın yerləşdiyi ərazinin relyefi nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş hündürlükdən çox, yəni 4.2 metr hündürlükdə inşa edilməsi nəticəsində əyilməsinə və çat verməsinə səbəb ola bilməzdi. X1 torpağı tərəfindən həmin hasarın aşağı hissəsində hasar boyu yapışdırılmış tol materialı ilə izolyasiya səbəbindən, relyef xüsusiyyətlərinə görə yuxarıdan gələn yağış və qurunt sularının axmasının və çat verməsinə səbəb ola bilməzdi.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

29. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

30. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Məhkəmə aidiyyatı maddi hüquq normalarına istinad edərək, İddiaçı cavabdeh X2 qarşı “tikinti-inşaat materiallarının yığışdırılması və daş hasarın bərpa edilməsi tələbinə dair” iddia ərizəsini qismən təmin etməklə, X1 cavabdeh İddiaçı qarşı “maddi ziyanın əvəzinin ödənilməsi barədə” iddia tələbini isə təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-237/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar