Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3912/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, Cavabdeh və 3-cü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus **-OF-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün mütəxəssis arayışına əsasən 3105 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(010)-1110/22) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ** OF *** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ MİNİK avtomobili ona məxsusdur. Həmin avtomobilə dair 29 aprel 2021-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində X2 etibarnamə vermişdir. Üçüncü şəxs X3 cavabdeh ilə maşının 4500 manata ona satılması barədə 28.07.2021-ci i! tarixdə razılığa gəldikdən sonra, cavabdeh avtomobili sürmüş, avtomobil onun xoşuna gəldikdən sonra, onlar Bakı şəhəri 10 saylı notariat ofisinə gedərək, burada cavabdeh 3-cü şəxsə 400 manat pul vermiş, 100 manat pulu isə növbəti gün ödəyəcəyini bildirmiş, qalan pulu isə hər ay 300- 400 manat ödəməklə tam ödəyəcəyinə söz vermişdir. Bundan sonra cavabdeh avtomobili götürüb çıxıb getmişdir. 3-cü şəxs cavabdehə 100 manat pulu verməsi üçün növbəti gün zəng etmiş, cavabdeh Bakıya gəldikdən sonra ödəyəcəyini bildirmişdir. O, Bakıya gəldikdən sonra 3-cü şəxsə zəng edib avtomobilin xarab çıxdığını, onu geri götürməsini bildirmiş, o, maşının texniki pasportunu özündə saxlamış və bildirmişdir ki, onun 400 manatını qaytarıb verəndən sonra sənədi ona qaytaracaqdır. Bundan sonra 3-cü şəxs 31-ci Polis Bölməsinə şikayət etmiş, burada araşdırma aparılmış, avtomobilin sənədini sahə rəisi cavabdehdən alıb 3-cü şəxsə qaytarmışdır. 3-cü şəxs cavabdehə avtomobili necə vermişdisə həmin vəziyyətdə ona qaytarmasını tələb etmiş, o isə təmirdən imtina etmişdir. Üçüncü şəxs servisə müraciət etmiş, "xxxx" MMC arayış vermişdir ki, avtomobilin təmirinə görə işçiyə zəhmət haqqı 800 manat, ehtiyat hissələrinə 2305 manat, ümumi məbləğ isə 3105 manat pul tələb olunur. 3-cü şəxs 05.08.2021-ci il tarixdən avtomobili servisdə sökülü vəziyyətdə saxlamış, pul olmadığından maşını təmir etdirə bilməmişdir. 3-cü şəxs cavabdehdən avtomobilin təmiri xərclərini tələb etsə də o, bunu verməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə avtomobilin təhvil verilməsi 28.07.2021-ci il tarixdə verilmiş etibarnamə ilə müəyyən edilir. Bunun üçün avtomobilin texniki cəhətdən hansı vəziyyətdə olmasının təhvil təslimi barədə tərəflər arasında hər hansı aktın tərtib edilməsi razılaşdırılmayıb və nəzərdə tutulmur. Digər tərəfdən, cavabdeh həmin avtomobili sürmüş və təhvil-təslim aktı olmadan öz razılığı ilə qəbul etmiş və bununla razılaşmışdır. Digər tərəfdən, cavabdeh avtomobili götürdükdən sonra 9 gün onu idarə etmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmayıb. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. 3-cü şəxs S.Meyrəliyev də apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi və göstərdi ki, mübahisəli avtomobil hazırda onun mülkiyyətindədir və onun Cavabdeh qarşı heç bir iddiası yoxdur. Onlar barışmışlar və buna görə də hər hansı tələbi yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin və 3cü şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi avtomobilin təmiri üçün 3105 manat pulun tutularaq ona ödənilməsi barədədir. Məhkəmə müəyyən etmişdir ki, avtomobil iddiaçıya məxsusdur və onun tərəfindən verilmiş etibarnamə əsasında X3 həmin avtomobili Cavabdeh idarə etmək üçün vermişdir. Tərəflərin izahatına görə, məqsəd avtomobilin pul tam ödənildikdən sonra onun cavabdehin adına keçirilməsi olub. Cavabdeh avtomobildə yaranmış nasazlıqlara əlaqədar olaraq hər ay həmin avtomobilə görə ödəməli olduğu pul məbləğinin ödənilməsindən imtina edərək həmin avtomobili geri qaytarmışdır. İddiaçı tərəf və üçüncü şəxs hesab edirlər ki, nasazlıq məhz avtomobilə cavabdehin laqeyid yanaşması və lazımi texniki xidmət göstərməməsi səbəbindən baş verib. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, avtomobilin mühərrikinin məhz cavabdehin təqsirli hərəkəti nəticəsində sıradan çıxdığı öz təsdiqini tapmadığına görə tələb əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları göstərir: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edərək göstərmişdir ki, məhkəmə yalnız ehtimal əsasında avtomobilin nasaz vəziyyətdə cavabdehə təhvil verildiyi barədə nəticəyə gəlib. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və qeyd edir ki, iddiaçı ona məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində ziyan vurulmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı (apellyator) öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3912/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3912/2022
25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver