Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3913/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Travkina Sabinanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pul, əmlak kirayəsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Travkina Sabinanın, nümayəndəsi və vəkili Vəkil2 , Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, tərcüməçi X7 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-917/2025 saylı, 07 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı Travkina Sabinanın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən işin halları ilə müəyyən edilib ki: ünvan 1 ünvanında olan mənzil Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsusdur.
2. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1A, mənzil 28 X3 mülkiyyət hüququ əsasında məxsusdur.
3. X2 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanladığı ərizədə göstərib ki, Travkina Sabinanın Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1A, mənzil 28-ə müvəqqəti qeydiyyata alınmasına razılıq verir.
4. X10 Mollazadə və Cavabdeh1 ünvanlandığı xx.xx.2024-cü il tarixli pretenziya bildirişində göstərib ki, 5 iş günü ərzində istifadə edilməmiş icarə günləri üçün ödənilmiş pulun geri qaytarılmasını tələb edir, əks təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq edir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Travkina Sabina cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında olan mənzilin kirayəsi üçün ödənilmiş və qanunsuz olaraq cavabdehlərdə saxlanılan 5600 (beş min altı yüz) manatın, 680 (altı yüz səksən) manat məbləğində daşınma xərcinin, 435 (dörd yüz otuz beş) manat gecikmə faizi və 93 (doxsan üç) manat dövlət rüsumu əvəzi, cəmi 6373 (altı min üç yüz yetmiş üç) manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddiada göstərilib ki, Travkina Sabina milliyyətcə azərbaycanlı olmaqla Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində mülkiyyətçisi olduğu evinin təmir işləri ilə bağlı bir müddət Bakı şəhərində yaşamalı olduğundan tanışları Cavabdeh1 mülkiyyətində olan AZ1010, ünvan 5 ünvanında olan mənzilin 3 (üç) ay müddətinə kirayəsi üçün şifahi kirayə müqaviləsi bağanılıb. Lakin iddiaçı dəfələrlə cavabdehlərdən kirayə müqaviləsinin ona təqdim edilməsini tələb etsə də, nəticə etibarı ilə iddiaçıya təqdim edilməyib. Tərəflər arasında heç bir qabaqcadan ödəniş, depozit ödənişlər müzakirə edilməmiş, sadəcə faktiki yaşayış üçün aylıq kirayə məbləği müəyyən edilməklə standart kirayə şərtlərilə razılaşdırılmışdır. Kirayə verilmiş mənzildə iddiaçı Travkina Sabinanın ev heyvanı (pişik) ilə birlikdə yaşayacağı razılaşdırılmış və iddiaçı üç aylıq ödənişi də əvvəlcədən Cavabdeh1 təqdim etdiyi 4105 1104 1254 9241 nömrəli bank kartına iddiaçının tapşırığı əsasında iddiaçının həyat yoldaşı X4 tərəfindən ABB bankındakı Hesabından ödənilib. xx.xx.2024 tarixində 2400 manat (RRN RS4103A10961), xx.xx.2024 tarixində 3000 manat (RRN RS4102A00866) və xx.xx.2024- cü il tarixində 3000 manat (RRN RS4101A95301) olmaqla cəmi 8400 manat pul gəlmişdir. Lakin iddiaçı kirayə götürdüyü mənzildə heç bir təqvim ayı belə yaşamadan cavabdehlər tərəfindən mənzildən çıxarılmağa məcbur edildi. Buna səbəb isə guya iddiaçının pişiyinin cavabdehlərin itinə psixoloji təsir göstərilməsi olub. xx.xx.2024-cü il tarixdə iddiaçı mənzilin açarlarını (resepsiyon vasitəsilə) cavabdehlərə təhvil verərək mənzildən çıxsa da, cavabdehlər qalan məbləği geri qaytaracaqlarını təsdiqləsə də, bu günə kimi qalan iki ayın pulu iddiaçıya geri qaytarılmayıb. Bundan əlavə iddiaçıya məcburi köçlə əlaqədar digər maddi zərər də dəyib. Belə ki, iddiaçı həm mənzilə köçərkən, həm də vaxtından əvvəl mənzildən çıxarıldığından növbəti dəfə daşınma ilə əlaqədar xərclərin çəkilməsinə məcbur qalıb. Belə ki, iddiaçı xx.xx.2024- cü il tarixində 400 manat, xx.xx.2024 cü il tarixində daşınma üçün 280 manat məbləğində daşınma xərci ödəyibdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Nəsimi RPİ-nin 22 ci Polis Şöbəsi tərəfindən iddiaçıya verilmiş cavab məktubu ilə mülki qaydada məhkəməyə müaraciət etmək tövsiyyə olunmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-917/2025 saylı, 07 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddiaçı Travkina Sabinanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xüsusi mülkiyyətindədir. İddiaçı Travkina Sabina ilə Cavabdeh1 arasında mənzilin 3 aylıq kirayəyə verilməsinə dair şifahi müqavilə bağlanmış və mənzil, iddiaçıya aylıq 3000 manat razılaşdırılmaqla kirayəyə verilmişdir. Hazırda iddiaçı Travkina Sabina həmin mənzildə heç bir təqvim ayı belə yaşamadan cavabdehlər tərəfindən mənzildən çıxarılmağa məcbur edildiyinə, buna səbəbin isə guya iddiaçının pişiyinin cavabdehlərin itinə psixoloji təsir göstərməsi olmasına istinad edərək, mənzildən istifadə etmədiyi qalan iki ayın ödənişinin qaytarılmasını tələb edir. İddiaçı eyni zamanda daşınma xərclərinin qaytarılması tələbini irəli sürür. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçının mənzildən məcburi çıxarılmasını bildirməsinə baxmayaraq, buna dair sübut və dəlilinin olmamasını, öz xoşluğu ilə mənzili tərk edib, bu barədə məlumatı mülkiyyətçiyə yalnız növbəti gün bildirməsini, habelə müqavilənin ləğv edilməsi üçün hər iki tərəfin razılığının olmamasını bildirərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını tədqiq edərək, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmənin qənaətinə əsasən iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Məhkəmə ilk növbədə cavabdeh qismində göstərilmiş Cavabdeh2 münasibətdə qeyd edir ki, işdən görünür ki kirayə müqaviləsinin tərəfləri Travkina Sabina və mənzilin mülkiyyətçisi kimi Cavabdeh1 olmuşdur. Göründüyü kimi hazırkı halda iddiaya cavab verməli olan şəxs kimi Cavabdeh1 çıxış etməli olduğundan, Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kirayə müqaviləsinin forması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici kirayə müqaviləsinin forması haqqında Mülki Məcəllənin kirayə münasibətlərini tənzimləyən 33-cü fəslinin normalarında xüsusi qayda müəyyən etməmişdir ki, bu da kirayə müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanıla bilməsinin mümkünlüyünü təsbit edir. Bu baxımdan məhkəmə tərəflər arasında mövcud olan kirayə müqaviləsinin forma etibarlılığına qiymət verərək, onu müqavilənin tərəfləri üçün hüquqi nəticələr doğurma qabiliyyətinə malik əqd kimi qəbul edir. Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında şifahi qaydada bağlanmış kirayə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı Travkina Sabina cavabdehlərə ünvanladığı pretenziya məktubunda Mülki Məcəllənin 688.1.3-cü maddəsinə (əgər kirayə müqaviləsi kirayədə marağı olan şəxsin təqsiri olmadan bağlanmazsa və ya kirayə müqaviləsinə zidd olaraq kirayəçinin əşyaya sahibliyə başlaması imkanı təmin edilməzsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt tamamilə geri tələb edilə bilər) istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında razılaşmanın ləğvinə əsasların olmadığını ifadə etmişdir. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşibgerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Belə olan halda müvafiq mübahisəni həll etmək məhkəmənin vəzifəsi olduğundan həmin aspektdən iddia tələbinə münasibət bildirilməsi zərurəti yaranmışdır. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Hazırkı işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. Kirayəyə verənin isə müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir. İşdən isə görünən odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas deyildir. İddiaçının, pretenziya məktubunda MM-in 688.1.3-cü maddəsinə istinad etməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin norma kirayə müqaviləsinin bağlanmadığı hala aid olmaqla, onun hazırda tərəflər arasında artıq bağlanmış (şifahi qaydada) və iddiaçının həmin mənzilə köçüb yaşaması ilə icra edilmiş müqavilə münasibətlərinə tətbiqi yolverilən deyildir. Beləliklə, məhkəmə, hazırkı halda iddiaçı Travkina Sabinanın birtərəfli iradə ifadəsi ilə kirayə müqaviləsinin ləğv edilmədiyi qənaətinə gəldiyindən, ləğv faktına söykənən (ödənilmiş kirayə haqqının qaytarılması və daşıma xərclərinin ödənilməsi) tələblərin rədd edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa iddiaçı mənzildən cavabdehlər tərəfindən məcburi çıxarılmasını bildirsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı tərəfindən CD diskdə təqdim edilən səs yazıları iddiaçının mənzildən çıxmasından sonrakı dövrə aid olmaqla, onun məcburi qaydada çıxarılması, cavabdehin müqavilə üzrə öhdəliyini pozan hallar barədə məlumatı özündə əks etdirmir. Təqdim edilmiş whatsapp yazışmalarında isə əksinə, iddiaçı özü mənzili tərk edərək, açarları yaşayış kompleksinin qəbul şöbəsinə qoyduğunu bildirmişdir. Mülki Məcəllənin 684.2-ci maddəsinə görə isə kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Məhkəmə iclasında tərəflər arasındakı müqavilədə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı şərtlərin razılaşdırılıb-razılaşdırılmaması barədə məsələ müzakirə edildikdə, nümayəndələr bu barədə müqavilə şərtinin nəzərdə tutulmadığı bildirildilər. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatına və iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Travkina Sabinanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı Travkina Sabina (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış münasibətlərə məhkəmə müqavilə münasibətləri kimi yanaşmış, bu münasibətlərə dair qanunun forma tələbi qoymadığına istinad etmişdir. Halbuki bu qənaət yanlışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Əmlak kirayəsi adlanan 33-cü fəslində müqavilənin forma tələbi olmasa da, müqavilə predmetinin daşınmaz əmlak olduğuna görə, müqavilə formasına dair həmin Məcəllənin digər imperativ müddəası tətbiq edilməlidir. Belə ki, AR MM-in 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məlum olduğu kimi, daşınmaz əmlak mülkiyyətçisinin onu kirayəyə verməsi sərəncamın bir növüdür. Qanunun bu tələbinə riayət edilməməsinin əsas nəticələrindən biri müqavilə münasibətlərinin yaranmasına istinad edilməsinə yol verilməməsidir. AR MM-in 337.1-ci maddəsindəki imperativ normaya görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. AR MM-in 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Hazırkı işdə birinci instansiya məhkəməsi bu halı yetərincə araşdırmamışdır. Qanunun bu mənasında tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, məhkəmə tərəfindən mübahisəyə əsassız varlanma haqqında normalar tətbiq edilməli idi. Birinci instansiya məhkəməsinin mübahisəni müqavilə münasibətləri çərçivəsində həll edərkən də, yanlış qənaətlərə gəlmişdir. Belə ki, məhkəmə o halı da nəzərə almamışdır ki, iddiaçı mənzilə köçəndən əvvəl və sonra cavabdehlər onun ev heyvanı (pişik) saxladığını bilirdilər. Bunu vatsap yazışmaları da təsdiq edir. Cavabdehlər mənzili istifadəyə verməzdən əvvəl bununla bağlı hansısa problem olacağı barədə iddiaçıya heç nə bildirməmişlər. Bu isə o deməkdir ki, cavabdehlər mənzili istifadəyə verməzdən əvvəl onun istismarı ilə bağlı məlumatları natamam vermişlər. Halbuki bu şərtlərdən onların xəbərləri olmalı idi, çünki özləri mənzildə it saxlayırlar. İddiaçı əvvəlki illərdə də bir müddət bu kompleksdə yaşamışdır, o zaman da onda pişik olmuşdur və heç vaxt belə bir qadağa olmamışdır. Cavabdehlər iddiaçının özünün saxladığı ev heyvanına nə qədər bağlı olduğunu gözəl bilirdilər. İddiaçı həmin mənzildə tək yaşamışdır və onun bu bağlılığı başa düşüləndir. AR MM-in 676.0.3-cü maddəsinə görə, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Cavabdehlər vicdansız davranış nümayiş etdirərək, iddiaçıya zəruri məlumatları verməmişlər, 3 aylıq icarə haqqını əvvəlcədən almışlar və bundan sonra istifadədə məhdudiyyətlər olduğunu iddiaçıya demişlər. Bundan başqa məhkəmə pişiklə gəzməyin qadağan olunması haqqında yaşayış kompleksinin hansı sənədində qeyd aparıldığı, sakinlərə, xüsusilə iddiaçıya bunun necə qadağan olunduğunu araşdırmamışdır. Həmin yaşayış kompleksinda yalnız itlərlə gəzilməyə qadağa vardır və buna dair elanlar qoyulmuşdur. Əgər tərəflərin arasında müqavilə münasibətləri yarandığı mövqedən çıxış etsə, onların şifahi və faktiki davranışları ilə müqaviləni bağladıqları kimi, onun ləğvi də şifahi və faktiki davranışları ilə ifadə edilməli idi. Hansı ki, ifadə də edilmişdir. Belə ki, vatsap yazışmalarından görünür ki, xx.xx.2024-cü il tarixində iddiaçı yük daşıma xidmətini dəvət edib, mənzildən bütün əşyalarını daşıtdırmışdır, xx.xx.2024-cü il tarixində isə açarları qaytardığını, onları qəbul şöbəsinə (resepşn) verdiyini Cavabdeh2 bildirmişdir. Cavabdeh2 mənzildən çıxmaya, açarları qaytarmağa qarşı heç bir etiraz etməmiş, hətta dərhal qapıların qıfılını dəyişmişdir. Belə ki, yenə də yazışmalardan görünür ki, həmin gün iddiaçı qayıdıb, televizorun pultunu götürmək istədikdə, qapı açılmamış, bunu resepşn əməkdaşından soruşduqda, o, qıfılın dəyişildiyini bildirmişdir. Onda yerindəcə Cavabdeh2 ilə zəng vurduqda o, hazırda şəhər kənarında dincəldiyini, sonra vaxt tapanda gəlib, pultu tapıb resepşnda qoyacağını demişdir. Beləliklə, “müqavilə” adlanan mübnasibətlər faktiki qarşılıqlı razılaşma ilə ləğv edilmişdir. Ödənişin qaytarılmaz olması haqqında heç bir razılaşma olmamışdır. Bu cavabdehlərin sonradan icad etdikləri fikirdir. Necə olur ki, ödənişin qaytarılmaz olması haqqında heç bir yazışma yoxdur, amma qaytarılması haqqında tərəflər arasında iyulun 4də cavabdehdən pulun qalan hissəsinin qaytarılması barədə qəti tələb qoyulmuşdur? Qanuna görə, kirayə haqqının ödənilməsinin normal, adi forması halı hissə-hissə ödənilməsidir. AR MM-in 684.1-ci maddəsi bunu birbaşa göstərmişdir. Sonrakı ayların pulunun əvvəlcədən ödənilməsi razılığı olsa da, iddiaçı nəyə görə pulun “qaytarılmaz” olmasına razılaşmalı idi ki?? Bu norma, tərəflərin arasında kirayə haqqının qaytarılmaz olmasının razılaşdırılmasına bir sübut olmadığı şəraitdə məhkəmə tərəfindən ən azından dispozitiv norma kimi nəzərə alınmalı idi. Qanunun digər imperativ müddəasına görə, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır (AR MM, maddə 697.3). Cavabdehlərin gətirdiyi dəlil ki, bu maddə “depozit” məbləğə aiddir və sonrakı aylara görə əvvəlcədən ödənilmiş kirayə haqqına aid deyil, absurddur. Bu “depozit məbləği” ifadəsi süni konstruksiyadan başqa bir şey deyil. Tərəflər arasında yazışmalardan o da açıq görünür ki, cavabdehlərə məxsus it iddiaçının pişiyini pəncərədən görüb, qıcıqlandığından narazılıq edir, iddiaçıdan pişiyi gəzdirməməyi tələb edirdilər. İddiaçı cavabdehlə yazışmada bu qadağa və məhdudiyyətlərin niyə meydana atıldığından narahatlıq keçirdiyi, onun həmin mənzildə yaşamasına diskomfort yaratdığı da yazışmalardan aydın görünür. Hətta iddiaçı pişiklə bağlı narahatçılığın heç kimdən eşitmədiyini, bunu komendant tərəfindən cavabdehlərin təzyiqi ilə ortaya atıldığından narahatlığı da görünür. Cavabdehin “bu nə söhbətdir, ayıb deyil, biz belə şeylər etmərik” ruhunda cavabları heç kim üçün inandırıcı görünə bilməz.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında iddiaçı Travkina Sabina, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 144.1.Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, hər iki iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair 11 iyun 2025-ci il tarixli Qərardadında göstərildi ki,... kirayə və icarə münasibətləri də öhdəlik hüququ xarakteri daşımaqla Mülki Məcəllənin məhz “Müqavilələrdən əmələ gələn öhdəliklər” adlı 7-cı bölməsinin 23 və 24-cü Fəsillərinin normaları ilə tənzimlənir. Daşınmaz əşyalarla bağlı təcrübədə ən çox bağlanan müqavilələrdən olan kirayə müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yəni bu müqavilə konsessual ikitərəfli (qarşılıqlı) müqavilə olaraq bağlandığı andan onu bağlayan tərəflər üçün qarşılıqlı haqq (hüquq) və öhdəliklər əmələ gətirir. Kirayə münasibətlərində əşya yalnız şəxsi istifadə məqsədilə kirayəçiyə verilməklə ondan gəlir əldə etmək imkanı nəzərdə tutulmur. Kirayə müqaviləsi üzrə əşya üzərində mülkiyyət hüququnun subyektinin dəyişməz olaraq qaldığı və kirayəçiyə keçmədiyi mübahisəsizdir. Kirayəçi əşyanı yalnız onun funksional təyinatına uyğun istifadə etmək müqabilində kirayə haqqı ödəyir və razılaşdırılmış vaxtda əşyanı mülkiyyətçiyə geri qaytarır (Mülki Məcəllənin 675-ci maddəsi)... Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin Mülki Məcəllənin müvafiq normalarına uyğun həll edilməsi mümkün olduğundan, eləcə də bu istiqamətdə məhkəmə təcrübəsi artıq formalaşmış olduğundan hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac yoxdur. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu müraciəti ona görə edilmişdir ki, daşınmaz əşyanın kirayə və icarə müqaviləsinin hansı formada - şifahi, sadə yazılı və ya notarial formada bağlanmalı olması qanunvericilikdə birmənalı müəyyən edilmədiyindən, kirayə (icarə) münasibətlərinin öhdəlik-hüquqi və ya əşyahüquqi xarakterli olması ilə bağlı vahid mövqe formalaşmadığından qeyd edilən məsələ ilə bağlı Mülki Məcəllənin bir sıra normalarının şərh edilməsinə zərurət vardır. Ancaq Konstitusiya Məhkəməsi də təsdiqlədi ki, bu istiqamətdə məhkəmə təcrübəsi artıq formalaşıb. Başqa sözlə, əmlak kirayə müqaviləsinə dair qanunvericilikdə məcburi forma tələbi nəzərdə tutulmamışdır. Yəni, kirayə münasibətləri öhdəlik hüququ xarakteri daşıdığından kirayə verilən əşya daşınmaz əşya olsa da üzərində sərəncam əqdi bağlanmır. Başqa sözlə, əşyanı kirayə vermək Mülki Məcəllənin 144.1ci maddəsinin məqsədi baxımından sərəncam hesab edilmir. Buna görə də tərəflər arasında bağlanmış şifahi kirayə müqaviləsi etibarsız əqd kimi qiymətləndirilmədiyindən şikayətin bu dəlili əsassız hesab edilir.
25. Bundan başqa, tərəflər arasında məhz şifahi kirayə müqaviləsi bağlandığından mübahisəyə əsassız varlanma haqqında normalar tətbiq edilə bilməzdi. Birinci instansiya məhkəməsi mübahisəyə müqavilə münasibətləri çərçivəsində baxmaqda haqlı olub. Ancaq cavabdeh tərəf müqavilə şərtlərini pozmadığından bu münasibətlərdən əmələ gələn öhdəlikləri də yaranmayıb.
26. Bundan əlavə, cavabdehlərin iddiaçıya kirayə götürdüyü mənzildə pişik saxlamağı qadağan etmələri hər hansı bir sübutla təsdiq olunmur. Ən azından iddiaçının məlumatına görə cavabdehlər də yaşadıqları mənzildə it saxlayıb. Əlbətdə ki, iddiaçının mənzildə tək yaşaması və pişiyinə çox bağlı olması başadüşülən olsa da, bu hallar şikayətini əsaslı etmir. Çünki cavabdehlər ona mənzildə pişik saxlamağı qadağan etməyiblər. Mənzilin yerləşdiyi binanın ərazisində(həyətində) hansısa birgə yaşayış qaydaları ilə bağlı qadağaların olması da cavabdehlərin öhdəliyini pozması və vicdansız davranış nümayiş etdirməsi kimi qiymətləndirilə bilməz. Çünki cavabdeh mənzili iddiaçıya kirayə verib və mənzildən kənar baş verənlərə görə məsuliyyət daşımır. Üstəlik şahid qismində dindirilmiş Aleksandr Rəhimov da iddiaçının binanın qaydaları ilə tanış olduğunu bildiyini və qadağan olunmuş ərazidə pişiyi gəzdirdiyini göstərmişdir. Ona görə də məhkəmənin pişiklə gəzməyin qadağan olunması haqqında yaşayış kompleksinin hansı sənədində qeyd aparıldığını, sakinlərə, xüsusilə iddiaçıya bunun necə qadağan olunduğunu araşdırması da hazırkı iddianın predmetinə aid olmamışdır.
27. Bundan savayı, işin mübahisəsiz halıdır ki, iddiaçı yaşamaq üçün mənzilin razılaşdırdıqları kirayə haqqını əvvəlcədən ödəmişdir. Bir aydan bir qədər çox müddətdə həmin mənzildə yaşadığını da mübahisələndirmir. Ancaq kirayə mənzildən istifadə hüququnu hər hansı bir fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə kirayə haqqını ödəməkdən azad edilə bilməzdi(MM.m.684.2).Başqa sözlə, cavabdehlər razılaşdırdıqları müddətdə iddiaçının mənzildə yaşamasına və ondan istifadə etməsinə hər hansı bir formada maneə törətmələri hansısa mötəbər sübutla təsdiq edilmir. İddiaçı hansısa fərdi səbəblərə görə mənzili könüllü tərk edib. Demək, müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilməyib. İddiaçının mənzili könüllü olaraq birdəfəlik tərk etdikdən sonra cavabdehlərin qapının qıfılını sonradan dəyişməsi isə həqiqi olsa belə, bu hal heç nəyi dəyişmir yaxud iddianı və şikayəti əsaslı etmir.
28. Göstərilənlərdən başqa, iddiaçı kirayə haqqını qabaqcadan tam ödəməyə də məcbur edilməyib və bunu könüllü edib. Ona görə də Mülki Məcəllənin 684.1-ci maddəsinin tələbləri də cavabdehlər tərəfindən pozulmayıb. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır(MM.m. 697.3).Bu normanın tələbi də iddianı və şikayəti əsaslı etmir. Çünki kirayə hüquq münasibətlərinə cavabdehlər tərəfindən, o cümlədən qarşılıqlı razılaşma ilə xitam verilməyib. İddiaçı özü mənzili könüllü tərk edib. Cavabdehlər ona razılaşdırdıqları müddətdə mənzildə yaşamağa mane olmayıb. Cavabdehlərin təzyiqi ilə komendantın iddiaçıya pişik saxlamasını qadağan etməsi əksinə cavabdeh tərəfin iddiaçı ilə yazışması zamanı da inkar edilmişdir. Demək bu halın olmaması da təsdiq olunduğundan qətnamənin ləğv edilməsi üçün ümumiyyətlə heç bir əsas yaranmayıb.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-917/2025 saylı, 07 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-917/2025 saylı, 07 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.