Məhkəmə qərarları › İş №2(103)-3916/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3916/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3916/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: elektrik enerjisinin verilməsi və zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1613/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə mövcud qaydalara uyğun yenidən baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi məqsədilə "xxxx" ASC-yə müvafiq məktub ünvanlanmışdır. Cavab olaraq tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti təqdim edilmədiyi üçün ETŞ-yə qoşulmanın mümkün olmayacağı bildirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Binəqədi rayonu, "Motodrom yaşayış massivindəki" fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsini "xxxx" ASC-nin üzərinə qoyulması, əsassız və qərəzli olaraq evinin elektrik şəbəkəsinə qoşulmasının qarşısını almaqla ona maddi və mənəvi ziyan vurulduğuna görə "xxxx" ASC- nin bu vaxta qədər olan dövr üçün 5100 manat, evə elektrik enerjisi verilən vaxta qədər hər ay üçün əlavə 300 manat təzminat ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə keçmiş Ermənistan SSR-in Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Ailəlidir, iki övladı vardır. İkili ali təhsillidir. İndiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat və X7 Texniki Universitetinin "Meşə sənayesinin və meşə təsərrüfatının iqtisadiyyatı və təşkili" fakültəsini bitirmişdir. 10 il müəllim, 35 il meşə və yaşıllıqlar sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 1988-ci ildə baş vermiş milli münaqişədən sonra Bakı şəhərində məskunlaşmış və halhazıra qədər də Bakı şəhərində yaşayır. Ermənistan SSR-də yaşadığı zaman 7 ilə tikdirdiyi və içində cəmi iki ay yaşadığı 2 mərtəbəli 160 kv.m-dən artıq olan evi və atasından qalan yaşadıqları 80 kv.m-dən artıq olan evlərin hər ikisi ermənilərə qalmış, nə sata, nə də dəyişə bilməmişdir. Papanin deyilən ərazidə üç tərəfdən divarları qonşularla eyni olan, tək daşla tikilmiş, hətta hamamı belə olmayan, cəmi 0,7 kv.m bir pəncərəsi olan özbaşına tikinti olan evi, erməni milliyətindən olan vətəndaşdan pulla alaraq uzun müddət orada yaşamışdır. Aydındır ki, belə bir şəraitdə yaşamaqdan qurtulmaq üçün yollar axtarmışdır. Bunun nəticələrindən biri olaraq indiki Avtovağzal ətrafında bu gün "Motodrom yaşayış massivi" kimi tanınan ərazidə digər çoxsaylı vətəndaşlar kimi o, da yer götürmüşdür. Həmin ərazilər vaxtilə Bakı şəhərinin yaşıllaşdırma ərazisinə daxil olub, meşə və yaşıllıqlar altında olmuşdur. İmkanı olmadığından o, digər çoxsaylı insanlardan (minlərlə) çox sonra kiçik bir ev tikmişdir. Yaşamaq üçün tam şərait yarada bilmədiyindən köçə bilməmişdir. Sonra evinin ətrafındakı yaşıllıq zonasında çay, pivə və digər yeməklər verməklə kafe açıldı və ondan həmin evdən mal-materialların saxlanması, geçələr oxrananın qalması üçün ondan istifadə etmələrini xahiş etdilər və bildirdilər ki, komunal məsələləri həll edəcəklər, illik vergiləri ödəyəcəklər, kanalizasiya sistemini çəkəcəklər. O, da müvəqqəti istifadələri üçün təmənnasız olaraq vermişdir. Həmin evə işıq çəkdirmişlər, hətta evin ətrafındakı bütün ağaclar da işıqlara qərq olunmuş, kafe səhərə qədər işləmişdir, bütün ətraf işıqlandırılmışdır. "Avtovağzal" metrosu açılan zaman aparılan abadlıq işlərinə aid olan ərazinin yaşıllaşdırılması işləri o aparmışdır. Metro stansiyası açılanda ətrafdakı qeyri-qanuni obyektlər ləğv edilmiş, o cümlədən də onun evinin ətrafındakı kafe. Evə gələn işıq xətlərini, su xəttini də kəsib aparmışlar. Kafeni işlədənlər nə ona verdikləri sözü tutmamışdılar, eşitdiyinə görə işığa baxan işçilərə də aralarında razılaşdıqları məbləği ödəməkdən imtina etmişdilər. Yaşıllaşma işlərinə başladığı vaxt həmin evi təmənnasız olaraq abadlıq işlərində işləyən fəhlələrin istifadəsinə vermiş, ərazinin işıqlandırılmasını təmin edən transformatordan elektrik xətti çəkilmişdir. Sonra da təmənnasız olaraq orada yaşıllıq işlərində daimi işləyən işçilərin istifadəsinə vermişdir. Lakin, sonralar həmin elektrik kabeli oğurlanmış və ev elektrik enerjisiz qalmışdır. İndi həmin evdən istifadə etmək istəyir. Buna görə də elektrik enerjisinin verilməsi üçün 28 avqust 2023-cü il tarixdə (indiki elektrik verilməsi şərtlərini tənzimləyən Qərardan əvvəl) "Asan Xidmət"ə müraciət etmişdir. Məlumat üçün "Asan Xidmət"in təyin etdiyi vaxt bitən kimi təkrar müraciət etmişdir. Bu zaman ona şifahi bildirdilər ki, onun qonşusunun elektrik enerjisinə böyük məbləğdə borcu var, ona da enerji həmin xəttdən verilməlidir. O borc ödənilməsə elektrik enerjisinin verilməsi mümkün deyildir. O, izah etmişdir ki, qonşunun borcunun ona aidiyyəti yoxdur və yaxud o, başqasının borcunu niyə ödəməlidir, çox böyük məbləğ deyilsə onun əvəzinə ödəyə bilər. Lakin, ona heç bir məbləğ deyilməmişdir. O, məcbur olub Energetika Nazirliyinin Enerji Məsələlərini tənzimləmə Agentliyinə zəng vurmuş və məsələni olduğu kimi izah etmiş və onların tələbi ilə evin eskizlərinin, bələdiyyə Arayışının, rüsum ödənilməsinə aid qəbzlərin bir neçəsinin və s. surətlərini Whatsapp vasitəsi ilə göndərmişdir. Ona bildirmişlər ki, hər şey qaydasındadır, elektrik enerjisi verməyə borcludurlar. O, sonra daha bir neçə dəfə əlaqə saxlamış və ona bildirilmişdir ki, onlar Azərişıq ASC-yə məktub yazıblar, ancaq hələ cavab gəlməyib və ən sonda bildirdilər ki, qonşunun elektrik enerjisinə borcuna görə birləşdirmirlər, onlar göstəriş veriblər, birləşmə aparılmalıdır, ona görə o, təkrarən "Asan Xidmət"ə müraciət etmişdir. Lakin, bu dəfə müraciət etdikdə bildirdilər ki, bu sahə üzrə kurator olan Elçin Rüstəmov adlı əməkdaş bildirmişdir ki, o evə oxşamır, evin ətrafı yaşıllıqdır, yolun digər tərəfində 4 m-dən başlayaraq qonşuları olsa da, yan qonşusu yoxdur, ola bilər tikilidən başqa məqsəd üçün istifadə ediləcək və s. cəfəng fikirlər söyləmişlər. O, məcbur olub Azərişıq ASC-nin sədri Vüqar Əhmədova və Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova müraciət etmiş. Energetika Nazirliyinin Enerji X1 Bakı Filialından əvvəlki müraciətlərinə cavab olaraq rəis Xəyyam Aydınovun imzası ilə xx.xx.2023-cü il tarixli 3- 15/1-Ə-4405- 5/2023 N-li məktub almışdır. Məktubda bildirilir ki, "xxxx" ASC-nin "Asan Xidmət"lə İş İdarəetmə Departamenti rəsmi cavab verməmiş, şifahi bildirib ki, guya onun bu evi əvvəllər qonşudan qidalanıb (indi bəhanəni belə əsaslandırırlar) və qonşunun borcu yaranıb, bu borc ödənilməlidir. Yəni bunun digər mənası odur ki, o, qonşunun borcunu ödəməlidir. Heç borcun məbləğini də bildirmirlər, bəlkə imkanı çatarsa, kömək məqsədi ilə edə bilər. Yalnız deyilib ki, böyük borc yaranmışdır. Sual olunur, əgər qanunsuzdursa, qeyd edilən sənədlərin olması vacibdirsə, onda qonşunun xəttinə hansı əsasla birləşmə aparılmışdır. Digər bir tərəfdən qonşuların dediyinə görə onun evinə heç vaxt qonşudan elektrik enerjisi birləşməsi olmayıb, evin 4 m məsafəsindən keçən elektrik xəttindən olub, hətta sayğac olub. Digər tərəfdən məktubda da bildirilir ki, Nazirlər Kabinetinin xx.xx.2018- cı il tarixli 326 saylı və xx.xx.2018-ci il tarixli 327 saylı qərarlarına görə enerji şəbəkəsinə qoşulma "Məişət obonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği"nə əsasən həyata keçirilir. Qaydanın 2.6-cı bəndinə əsasən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz". Energetika naziri Pərviz Şahbazova ünvanladığı məktuba cavab olaraq yenə Enerji X1 Bakı Filialından, bu dəfə rəis vəzifəsini icra edən, rəis müavini Seymur Hacıyevin imzası ilə xx.xx.2023-cü il tarixli 3-15-2-1/2-Ə-51375- 1941/2023 saylı məktub almışdır. Həmin məktub da demək olar ki, əvvəlkinin eynidir. Onun "xxxx" ASC-yə ünvanladığı məktuba cavab olaraq isə "xxxx" ASC-nin "Müştəri xidmətləri İdarəsi"nin rəisi Mahir Abdullayevin imzası ilə xx.xx.2023-cü il tarixli 13-13/2- 2/18-Ə-9539-5/2023 N-li məktub almışdı. Məktubda bildirilir ki, "ünvanın mübahisəli ərazi olduğu və Sizin tərəfinizdən mülkiyyəti təsdiq edən müvafiq sənəd təqdim olunmadığı məlum olmuşdur. Bu səbəbdən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı mövcud qaydalara uyğun olaraq tərəfinizdən sözügedən ünvana dair mülkiyyəti təsdiq edən sənəd "Asan Kommunal" mərkəzlərinə təqdim etdikdən sonra baxılacaqdır". Birincisi "Müştəri Xidməti İdarəsi"nə heç bir əsas olmadan ərazinin mübahisələndirilməsi səlahiyyətini kim verib. Bələdiyyə rəsmi sənəd verib bildirir ki, bura onun fərdi yaşayış evidir. Digər tərəfdən əgər mübahisəli ərazi olsa idi çox yəqin ki, tikinti aparılarkən Binəqədi rayon İcra Hakimiyyəti bunun qarşısını alardı, tikili uzun illərdi orada qalmazdı. Onlar buranın guya iaşə obyekti kimi işlədəcəyimi təxmin edərək, daha böyük məbləğ tələb etmək istəyirlər. Bütün bunlardan sonra o təkrarən "Asan Xidmətdə" olmuş, evə aidiyyətı olan sənədləri təkrarən təqdim etmişdir. Lakin, bildirmişlər ki, evin kupçası olmasa elektrik enerjisi verilməsi mümkün deyil. Hətta izah etmişdir ki, hal-hazırda beş yüz mindən çox sənədsiz evlər var, məgər bunların işıqları yoxdurmu. Son qərarları bu oldu ki, kupça alınmasa bu mümkün olmayacaq. Özləri də yaxşı bilir ki, həmin ərazidəki minlərlə evlərin heç birinin sənədi yoxdur və verilmir, ancaq onminlərlə insan həmin ərazidə yaşayır. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunamüvafiq olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bir neçə iclaslar keçirilməklə aparılmışdır. Axırıncı iclas zamanı Hakimin sorğusuna Energetika Nazirliyi Enerji X1 hansısa cavab gəldiyini bildirdi və həmin məktub ona təqdim edilmədi, mənası haqda heç nə bilmədi. Hakimin diktəsi ilə onların iş prosesində istifadə etdikləri kompüterdə katib tərəfindən "İddianin dəqiqləşdirilməsi" adı ilə onun adından ərizə yazıldı ki, ona elektrik şəbəkəsinə qoşulmaq üçün texniki şərt verilsin. O, bunun nə üçün olduğunu başa düşməmiş, elə bilmişdir ki, texniki şərt də tələb olunmalıdır. Ona görə də imza etmişdir. İmza edən kimi əsas iddiası bir tərəfdə qalmış, həmin texniki şərtin verilməməsi barədə qərar vermişdir. Hakimin qərarına inana bilməmişdir. Ancaq ona elə özü apellyasiya şikayəti verməsini məsləhət bilmişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsinə müraciət etməli olmuşdur. Apellyasiya Məhkəməsinin Hakimi bildirmişdir ki, qanunvericiliklərdə edilmiş dəyişikliklərə görə bu məsələlərə inzibati məhkəmələrdən götürülüb, yerli rayon məhkəmələrinə verilib və o, Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Apellyasiya məhkəməsi iddiasını qismən təmin etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin Qərarını ləğv etmişdir. O, ərizə ilə müraciət edib bəzi sənədlərin surətini həmin sənədlərin içindən götürmüşdür. Bu zaman diqqətini çəkən, X6 çətin vəziyyətə salan X4 Agentliyi Bakı Filialının yeni rəisi Ceyhun Nağızadənin 23 may 2024-cü il tarixli, 3-15--2-1/2-938/2024 saylı məktubu olmuşdur. Həmin idarənin əvvəlki iki rəisi demək olar ki, eyni mövqedədir və elektrik şəbəkəsinə birləşmənin qonşunun borcunu ödəməklə mümkün olduğunu bildirir. Ancaq bu rəis yeni bir sahənin uzaq məsafədən qoşulma yollarını göstərməklə cəfəng iddia irəli sürür ki, bu zaman 800 pm kabel, elektrik dirəkləri, xidmət haqqı v.s hesablarla küllü miqdarda vəsait tələb edir. Hakim bu sahə üzrə mütəxəssis olmadığından, çıxış yolunu ona əlavə ərizə yazdırmaqla vəziyyətdən çıxmağa çalışdı, onu isə pis vəziyyətdə qoymuşdur. 0,4 kvt lıq transformatordan hər ev üçün ayrıca elektrik xətti çəkilməyib ki, o, da çəksin. Digər tərəfdən abadlıq işləri aparılarkən bir neçə ev sökülüb, kompensasiyası ödənib, elektrik xətti boşalıb, bir ev elektrik xəttindən yanıb, bərpa olunmayıb, yəni güçün aşağı düşməsi bəhanəsi də ola bilməz. O, evinə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Lakin, tələbi qanunsuz olaraq həll edilməmişdir. Keçən bu 17 ay ərzində evindən istifadə edə bilməmişdir. Nəzarət olmadığından hasarı dağıdılmışdır. O, orada yaşamaq istəmişdir, ancaq həmin evi ən azından kirayəyə verib, müəyyən qədər ehtiyaclarını ödəyə bilərdi və bu onun Konstitusion haqqıdır. Həmin ərazidə aylıq kirayə haqqı ən azı 300 manatdır. Nəticədə ona bilərəkdən 5100 manat (17 ay x 300 manat) ziyan vurmuşlar.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1613/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia rədd edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 4.1, 7.5-ci bəndlərinə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3, 20.4-cü maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 89.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hakimin Qərar qəbul etməsinə səbəb kimi istinad etdiyi Qanun, "Asan Xidmət" müraciətindən sonra qəbul edilən Qanundur. Belə ki, "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan RespublikasıQanunvericilik toplusu 2023, N- 5, maddə 623) aşağıdakı məzmunda 20.4 maddə əlavə edilsin: " 20.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tələb olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması qadağandır". Maddə 2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Prezidentin təsdiq etdiyi Qanundan görünür ki, bu Qanun xx.xx.2024-cü il tarixdən qüvvəyə minir. Heç bir Qanun özündən əvvəlki dövrə təsir edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının "Normativ hüquqi aktları" müəyyən edən 149-cu maddəsinin 7-ci hissəsində göstərilir ki, "Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir". xx.xx.2023-cü il tarixli, 1075-V1QD nömrəli bu Qanundan əvvəl isə, elektrik şəbəkəsinə qoşulmaq şərtini Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli 327 N-li Qərarı müəyyən edir. Qərarda göstərilir: "Məişət obonomentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına qoşulma haqqının məbləğinə əsasən həyata keçirilir. Qaydanın 2.6 bəndində əsasən Sifarişçidən bu qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb oluna bilməz". Məhz müraciətinə bu Qərara əsaslanaraq Azərişıq ASC tərəfindən "Əhali obonentin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqı"nı müəyyən edən və qoşulma haqqının 160 manat, yük hesabatına görə 5 kvt üçün 75 manat olmaqla bildiriş verilib (təkrarən əlavə edir). Əgər qanunsuz olsaydı bu sənəd verilə bilməzdi. Lakin müəyyən edilən vaxt məbləği ödəmək istədikdə, bundan qanunsuz və əsassız olaraq, müxtəlif əsassız bəhanələr gətirilərək imtina edilərək, enerji şəbəkəsinə qoşulmağa imkan verilməyib. Bələdiyyəni Azərbaycan Dövləti yaradıb və Bələdiyyənin verdiyi Arayış hüquqi sənəddir və Arayışda göstərilir ki, bu ona məxsus yaşayış evidir, qeydiyyatsız da olsa orada yaşayır. Ətrafında olan minlərlə evdə yaşayanlar da qeydiyyatsız yaşayır, ancaq hamısının elektrik enerjisi var. Hakimin istinad etdiyi Qanunun, Azərişıq ASC-yə müraciətindən 4 aydan da çox sonra qüvvəyə mindiyindən və müraciət etdiyi zaman Qanun və Qaydaların elektrik şəbəkəsinə qoşulmağına əsas verdiyindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-1613/2025 N-li xx.xx.2025 tarixli qətnaməsini doğru hesab etmir. İddia ikinci hissədə də tam qanunidir. İki ilə yaxındır ki, maddi və mənəvi ziyan dəyib. Hələ mənəvi ziyanı qeyd etmədiyini bildirir, buna qanuni və hüquqi əsasları olduğunu bildirir. Şəbəkəyə birləşmənin qarşısını "xxxx" ASC-nin əməkdaşları şəxsi məqsədləri üçün, bilərəkdən və qəsdən aldıqlarından bu iddianı da saxlayır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının

11. 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

12. 7.5-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Maddi 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda iddiaçı qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1613/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom yaşayış massivində” yerləşən İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi və elektrik enerjisinin verilməsinin təmin edilməsi öhdəliyi "xxxx" ASC-yə həvalə edilməlidir.

30. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Belə ki, birinci intansiya məhkəməsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsaslanmaqla iddiaçının yaşadığı ünvana mülkiyyət hüququnu təsdiq edən sənədin mövcud olmaması səbəbilə iddianı rədd etmişdir.

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

33. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı elektrik enerjisinin verilməsi üçün lazımi prosedurların həyata keçirilməsi məqsədilə 28 avqust 2023-cü il tarixdə aidiyyatı quruma müraciət etmişdir. Göründüyü kimi, elektrik enerjisinin verilməsini torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədlə şərtləndirən Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmişdir. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi, hazırki iş üzrə hüquq münasibətləri göstərilən qanunun qüvvəyə minməsindən əvvəl yaranmışdır. Başqa sözlə iddiaçı elektrik enerjisinin verilməsi üçün müraciət etdiyi zaman “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun elektrik enerjisinin verilməsini torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədlə şərtləndirən 20.4-cü maddəsi Qanuna əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom yaşayış massivində” yerləşən İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi və elektrik enerjisinin verilməsinin təmin edilməsi öhdəliyi "xxxx" ASC-yə həvalə edilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

36. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

37. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

38. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

39. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

40. Kollegiya iddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar birinci instansiya məhkəməsində icraat zamanı həmçinin, apellyasiya icraatı zamanı müəyyən edilməmişdir.

41. Kollegiya iddia tələbinin maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçı istinad etdiyi hala dair sübut təqdim etmədiyindən həmin hissədə də iddianın təmin edilməsinə əsas yoxdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

43. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1613/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom yaşayış massivində” yerləşən İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsi və elektrik enerjisinin verilməsinin təmin edilməsi öhdəliyi "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar