Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3917/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı1 Rəfael oğlunun və İddiaçı2 Cavabdeh qarşı “faktiki icarə müqaviləsinin tanınması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadından İddiaçı2 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Rəfael oğlunun və İddiaçı2 Cavabdeh qarşı “faktiki icarə müqaviləsinin tanınması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 27 aprel 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçıların irəli sürdüyü tələbə müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Həmin qərardaddan İddiaçı2 nümayəndəsi şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini işin aidiyyətinin müstəsna aidiyyət qaydalarına görə deyil, məhz ümumi aidiyyət qaydalarına uyğun müəyyən edilməli olması arqumenti ilə əsaslandırmışdır. Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçılar nə əmlaka mülkiyyət hüququnun tanınmasını, nə də əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini deyil, icarə münasibətlərinin tanınmasını xahiş etmişlər, eyni zamanda iddia tələbləri mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında da deyildir. Məhz bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və iddia ərizəsi düzgün olaraq ərazi aidiyyəti qaydalarına uyğun şəkildə Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3131/2023 saylı iş üzrə 27 aprel 2023-cü il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3917/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3917/2023
07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver