Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3919/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi (oğlu) X1, həmçinin onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-4542/2020 saylı iş üzrə qəbul etdiyi 27 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edərək 10.000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5.000 manat və 30 manat məbləğində ödənilmiş rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun qızı ilə qonşusu olan X4 maraqlanmağa başlamışdır. Onlar da qonşu olduqları və digər amilləri nəzərə alaraq X4 oğlu ilə qızının nişanlanmasına icazə vermişdir. Bu hadisə təqribi olaraq 2017-ci ilin yanvar aylarına təsadüf etmişdir. Bu müddət ərzində münasibətləri yaxşı olduğundan X9 oğlunun işə düzəltmək adı ilə onlardan həmin ilin iyul ayında 10.000 manat məbləğində pul isəmişdir. Onlarda qohum olmaqlarını nəzərə alaraq qeyd edilən məbləği onlara vermişdilər. Bir müddət keçdikdən sonra onların iç üzləri ortaya çıxdığından aralarında narazılıqlar yaranmağa başlamışdır. Bundan sonra X4 oğlu qızını heç bir əsas olmadan incitməyə başlamışdır. Bu hadisələrdən bezən qızı həmin ilin sentyabr ayının 15-də nişanı qaytarmışdır. Bu müdətdən sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Bu müddətdən sonra aralarıda mübahisələr yaranmağa başlamış və o, X2 10.000 manat məbləği istəməyə başlamışdır. Lakin, cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğlərdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Eyni zamanda bu hadisələrin şahidi olmuş qonşuları bir neçə dəfə borcun qaytarılması barədə göndərsələrdə heç bir nəticəsi olmamışdır. Həmin qonşuları məhkəmədə şahid qismində ifadə verməyə hazırlar. Bundan sonra cavabdehə bir neçə dəfə xəbərdarlıq barədə ərizə verilsədə cavabdeh öz üzərinə göürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, cavabdehin təqsiri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı vəkilə müraciət etmişdir. 18 saylı vəkil bürosu ilə müqavilə bağlayaraq hüquqi xidmətə görə 100 manat pul ödəmişdir. Bu məbləğ də cavabdehin ona vurduğu zərər olduğundan həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-4542/2020 saylı iş üzrə qəbul etdiyi 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi, həmçinin vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya telegram xəstəlik barədə sübutların əlavə edilmədiyini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. 27 ildir ki, onları tanıyır. İddiaçı qonşusu Cavabdeh oğlunu işə düzəltmək üçün 10.000 manat məbləğində pul vermişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçı qonşusu olan Cavabdeh oğlunu işə düzəltmək üçün 10.000 manat məbləğində pul vermişdir. Dəfələrlə İddiaçı ilə birlikdə pul istəmişlər, lakin Cavabdeh onlara əvvəl borcunu qaytaracağını demiş, lakin sonradan borcunun olmamadığını demişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 ifadəsində bildirmişdir ki, həm İddiaçı ilə, həm də Cavabdeh ilə qonşudur. İddiaçı qonşusu olan Cavabdeh oğlunu işə düzəltmək üçün 10.000 manat məbləğində pul vermişdir. Cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. İş materillarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 07 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizəsi əsasənda toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, “borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hal-hazırda tərəflər arasında borc müqaviləsi mövcud deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə borc pul verdiyini, cavabdeh isə həmin borcu qaytardığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Buandan əlavə iddia tələbi əsaslı olsa idi belə iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; həmin Məcəllənin 373.2-ci maddəsinə görə isə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır; belə ki, iddia tələbində iddiaçı özü 2017-ci ilin iyul ayında borc pul verdiyini bildirmiş, məhkəməyə isə 27.08.2020-ci il tarixdə müraciət etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, mənəvi ziyan tələbi üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-4542/2020 saylı iş üzrə qəbul etdiyi 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elmira Nağıyeva Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3919/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3919/2021
28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver