Məhkəmə qərarları › İş №2(103)-3922/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3922/2020

20.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3922/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə, iddiaçı X2 və onun nümayəndəsi vəkil X13, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı, həmçinin iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2672/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı, iddiaçı X2 nümayəndəsi vəkil X21, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 100 (yüz) min manat maddi ziyan və 100 (yüz) min manat mənəvi ziyanın cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənməsi barədə qətnamə çıxarılmasını və qanunsuz tutmanı həyata keçirmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları barədə qanuni tədbirlər görülməsi (cinayət işi başlanması) üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir (səh.228). Eyni zamanda iddiaçı X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 100 (yüz) min manat maddi ziyan və 100 (yüz) min manat mənəvi ziyan cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçı X3 ödənməsi barədə qətnamə çıxarılmasını və qanunsuz tutmanı həyata keçirmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları barədə qanuni tədbirlər görülməsi (cinayət işi başlanması) üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir (səh.229). Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (maraqlı şəxs kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyd edilən) qarşı "ziyanın ödənilməsi” tələbinə dair 2(009)-2672/2019 saylı və iddiaçı X2 - cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (maraqlı şəxs kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyd edilən) qarşı "ziyanın ödənilməsi” tələbinə dair 2(009)-2834/2019 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş işlər üzrə icraatın 2(009)-2672/2019 №-si altında aparılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının X16 xx.xx.2019-cu il tarixli, 7903 nömrəli məktubuna əsasən, məhkum İddiaçı xx.xx.2015-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb- sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. xx.xx.2018-ci il tarixdə məhkum İddiaçı azad olmuşdur (tibbi kitabça məktuba əlavə edilmişdir). Həmçinin həmin məktuba əlavə edilmiş vəkil sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının X24 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 6631 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdən Bakı istintaq təcridxanasında saxlanılan həbs olunmuş şəxs İddiaçı 2016-cı ilin may-iyun aylarında Penitensiar xidmətin Müalicə müəssisəsində müayinə və müalicədə olarkən, qanda "Hepatit C” virusunun kart testlə sınağının nəticəsi "pozitiv” olmuşdur. Bununla yanaşı həyata keçirilən digər laborator müayinələrin göstəriciləri norma civarında olmuş, kliniki və instrumental müayinələrdə "C virus hepatiti”nə xas patoloji əlamətlər aşkar edilməmişdir. Həbs olunmuş şəxs İddiaçı hazırkı vəziyyəti "Hepatit C virusunun daşıyıcısı” kimi qiymətləndirilmişdir (İ cild, səh.113); "EvroMed” Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli laboratoriyanın göstəricilərinə əsasən, İddiaçı 16,24 nəticəli Anti HCV-hepatit C infeksiyası aşkar edilmişdir (İ cild, səh.12); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının X16 xx.xx.2019-cu il tarixli, 7986 nömrəli məktubuna əsasən, həbs edilmiş şəxs X5 xx.xx.2015-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmiş və müayinənin nəticəsi olaraq onun səhhəti "Praktik sağlam” kimi qiymətləndirilmişdir. Bakı istintaq təcridxanasında saxlanıldığı müddətdə müxtəlif dövrlərdə həbs edilmiş şəxs X5 həkim müayinələrindən keçirilmiş və "Praktiki sağlam” diaqnozu müəyyən olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aclıq aksiyası etməklə qəti olaraq qida qəbulundan imtina etmişdir. Bununla bağlı o, həkim nəzarətində olmuş və müvafiq qeydlər aparılmışdır (İ cild, səh.148); Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X19 xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən, vətəndaş İddiaçı Nazirliyin "X1 Sistemi”nin "Sığorta”AS (Monitorinq) alt sistemində "Sığortaolunanların reyestri” və "Sığortaedənlərin reyestri” bölümündəki məlumatlara əsasən hər hansı sığortaedən tərəfindən sığortaolunan, eləcə də sığortaedən (özü-özünü sığortaedən) kimi uçota alınmamışdır (İ cild, səh.197); Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən, İddiaçı Əmək və X15 Nazirliyinin X1 sistemində (MEİS) qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud deyil (İ cild, səh.212); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının X16 xx.xx.2019-cu il tarixli, 9141 nömrəli məktubuna əsasən, həbs edilmiş şəxs X5 xx.xx.2015-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır (tibbi kitabça məktuba əlavə edilmişdir) (İ cild, səh.202). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2672/2019 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə İddiaçı "vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 3500 manat məbləğində pul tutulması, iddiaçı X2 "vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X2 xeyrinə 3500 manat məbləğində pul tutulması, iddiaçılar İddiaçı və X2 "vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiaları qalan hissələrdə rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə; Azərbaycan Respublikasının CPM-nin 58, 60, 61.2-ci maddələrinə; «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; xx xxxxxx 1999-cu ildən qüvvədə olan «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinə; «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə; Azərbaycan Respublikasının Konstitusiyasının 148, 151; «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-10-cu maddələrinə; Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsinə; X8 Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1 -ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» xx xxxx 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadən qeyd edilmişdir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. İstər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.İddiaçıların qanunsuz həbsdə saxlanılması nəticəsində onlara mənəvi ziyan vurulması halı öz təsdiqini tapmışdır. Məhkəmə mənəvi ziyanın iddia edilən məbləğlərdə təmin edilməsini mümkün hesab etməyərək iddianın bu hisəsini qismən, yəni, hər birinə 3500 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçıların yuxarıda göstərilən müddətdə həbsdə saxlanılmaları onlara inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir.Dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. AzərbaycanRespublikasının Daxili İşlər Nazirliyi hazırki iddialar üzrə cavabdehlik daşımır. Məhkəmə iddiaçıların qanunsuz və əsassız olaraq azadlıqdan məhrum edildiyi zaman məhrum olduğu əmək haqqının ödənilməsi tələblərinin əsassız olması nəticəsinə gəlir. Belə ki, iddiaçılar onlara dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı mötəbər sübut növü təqdim etməmişdir. İddiaçı hər ay 2000 manat qazanc əldə etməsini iddia etməsinə baxmayaraq onun əmək müqaviləsi üzrə hər hansı rəsmi iş yeri, habelə sahibkarlıq fəaliyyəti və gəlirlərini təsdiq edən vergi orqanlarında qeydiyyatı olmamışdır. İddiaçı X5 məhkəməyə Rusiya Federasiyasına “SK Remstroy” şirkətində işləyərək aylıq 87000- 89000 rubl məvacib alması barədə arayış təqdim etmişdir. Lakin həmin arayışda onun son əmək haqqını 2015-ci ilin iyun ayında aldığı göstərilmiş, N.Heydərov isə 2015-ci ilin oktyabr ayında təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq N.Heydərov həbs olunarkən heç bir yerdə işləməmiş və gəlir mənbəyi olmamışdır. N.Heydərovun həbs olunması ilə gəlirinin itirilməsi arasında bilavasitə səbəbli əlaqə olmamışdır. İddiaçıapellyasiya şikayəti verərək,Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2672/2019 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 46; CPM-in 55, 58, 91; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1, 5, 7, 12-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx xxxxxx 1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonunun Hindarx kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanova küçəsi 1 A, mənzil 21-də yaşamış İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(101)-267/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəzaçəkmənin əvvəli xx xxxxxxx 2015-ci il tarixdən hesablanmaqla 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmündən hər iki məhkum olunmuş şəxs və onların müdafiəçiləri, o cümlədən apellyasiya şikayəti verib işin obyektiv araşdırılmasını məhkumlar barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmü ilə məhkum olunmuş hər iki şəxsin və onların müdafiəçilərinin verdiyi apellyasiya şikayətləri təmin edilmiş, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(101)-267/2017 saylı hökmü ləğv edilmiş iddiaçılar Aslanov X12 Tanrıverdi oğlu barəsində bəraət hökmü və Heydərov çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(102)-551/2019 saylı qərarı ilə Dövlət ittihamçısının kassisya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanmışdır. O ailəsinin yeganə qazanc gətirən şəxsi olmuş, ittahamda qeyd edildiyi kimi daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş və hər ay 2000 manat məbləğində qazanc əldə edirdi. Qanunsuz olaraq həbs edildikdən sonra ailəsinin dolanışığı pisləşmiş və ailəsi də maddi çətinliyə və mənəvi iztirablara düçar olmuşdur. İddiaçı qonşular, qohumlar dost və tanışları arasında nüfuzdan və etibardan düşmüş, işi ilə bağlı ona olan inam sarsılaraq qazanc yerini itirmişdir. Bu səbəbdən işini əvvəlki vəziyyətə bərpa edə bilməmişdir. Anası X7 onun qanunsuz həbsinə dözməyərək xx xxxxxx 2015-ci il tarixdə dünyasını dəyişmişdir. Qanunsuz ittihamlar verilərək Bakı istintaq təcridxanasında saxlanması, anasının vəfat etməsi, müxtəlif xəstəliklərə düçar olması nəticəsində səhəti pisləşmiş, xəstəlikləri daha da şiddətlənmişdir. Bundan başqa o, qanunsuz həbsə etiraz olaraq dəfələrlə uzun müddətli 40 günlük və qısa müddətli aclıq aksiyaları keçirmiş, dəmir pedmetlər udaraq həyatına son qoymaq istəmişdir. Bütün bunlar iş üzrə müvafiq materiallarla təsdiq olunur. Bununla bağlı Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına, eləcə də Müalicə müəssisəsinə sorğular verilsə də bugünə kimi cavab verilməmişdir. Buna görə də, ona dəyən mənəvi ziyanı 100000 manat, fiziki və maddi ziyanı bütövlükdə 100000 manat kimi dəyərləndirilmişdir. Məhkəmə qətnamədə irəli sürülən dəlilləri təkzib edərkən heç bir sübuta əsaslanmamış, formal mülahizələr bildirməklə şəxsi qənaətinə əsasən qərara gəlmişdir. Məhkəmə bütün qətnamə boyu öz əməyini, yalnız kompensasiyanın nədən ibarət olması ilə bağlı nəzəri -mənbəyi məlum olmayan fikirlərlə izah etməyə çalışmışdır. Hakbuki sonda bu izahda, əsaslandığı doktrinal şərhlərdə göstərilənlərə uyğun olmayan qətnamə çıxarmaqla sanki öz dediklərini təkzib etmişdir. Məhkəmə hesab etmişdir ki, maddi ziyanla bağlı tərəf sübut təqdim etməmiş, ona görə də məhkəmə nəinki iddia ərizəsində göstərilən, ümumiyyətlə heç bir maddi ziyanın vurulmaması qənaətinə gəlmişdir. Məhkəməyə maddi ziyanın vurulması ilə bağlı bir neçə arqument irəli sürülmüşdür. Onlardan ən əsas ikisi - məhrum olduğu əmək haqqı, ikincisi isə həbsdə saxlanılması ilə bağlı düçar oldduğu "hepatit c" xəstəliyi və bununla bağlı çəkdiyi və çəkəcəyi xərclər olmuşdur. Bundan əlavə, məhkəmə digər əsas arqumentə şəxsin həbsxanada xəstəliyə tutulmasına və bununla bağlı yaranan maddi və mənəvi hallara qiymət verməkdən yan keçmişdir. Halbuki, məhkəmənin öz sorğusu ilə bütün tibbi sənədlər təcridxanadan tələb edilərək götürülmüş, tərəfindən təqdim edilən tibbi sənədlərlə müqayisəli şəkildə təhlil edilmiş və müəyyən edilmişdir ki, İddiaçı təcridxanaya qəbul olunarkən praktik sağlam olmuşdur. Ondan götürülən analizlərin də nəticəsi virus və digər infeksiyalar göstəricilərinə münasibətdə mənfi olmuşdur. Onun məhz təcridxanadan çıxandan sonra intensiv və davamlı, demək olar ki, daimi müalicə tələb edən Hepatit C xəstəliyinə düçar olması isə bütün sonrakı sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə, mənəvi ziyana qiymət verərkən iddia tələbində olan məbləğin həddindən artıq çox olmasını bildirməklə kifayətlənmiş, heç bir əsaslandırma aparmadan, öz mülahizəsinə uyğun olaraq mənəvi ziyana görə hər iki şəxsə heç bir fərdiləşdirmə aparmadan 3500 manat mənəvi ziyan müəyyən etmişdir. Kobud şəkildə desək, məhkəmə həmin şəxslərin çəkdiyi mənəvi iztirabları həbsdə qaldıqları hər gün üçün orta hesabla 3-4 manat müəyəən etmişdir ki, bu da məhkəmə qərarı ilə insan azadlığına verilən "yüksək qiymətin" təcəssümüdür. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Göstərilənlər ona dəlalət edir ki, birinci instansiya məhkəməsi konkret olaraq dəlilləri araşdırmaqdan imtina etmiş, məhkəmə baxışı zamanı araşdırılmış sübutlara qiymət verməkdən çəkinmiş və işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. İddiaçı X2 nümayəndəsi vəkil X21 apellyasiya şikayəti verərək, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2672/2019 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 23; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 55, 58, 63, 91.5.40-ci maddəsinə; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 1, 5, 7, 12-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx xxxxxxxx 1973-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatavada yerləşən fərdi yaşayış evində yaşamış iddiaçı X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəzaçəkmənin əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmaqla 11 (on bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə xx xxxxxx 1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonunun Hindarx kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanova küçəsi 1 A, mənzil 21-də yaşamış İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(101)-267/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəzaçəkmənin əvvəli xx xxxxxxx 2015-ci il tarixdən hesablanmaqla 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmündən hər iki məhkum olunmuş şəxs və onların müdafiəçiləri, o cümlədən apellyasiya şikayəti verib işin obyektiv araşdırılmasını məhkumlar barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmü ilə məhkum olunmuş hər iki şəxsin və onların müdafiəçilərinin verdiyi apellyasiya şikayətləri təmin edilmiş, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 267/2017 saylı hökmü ləğv edilmiş iddiaçılar İddiaçı və X5 barəsində bəraət hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(102)- 551/2019 saylı qərarı ilə Dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı X5 da X9 şəhərində yaşamış və işləmişdir. İşi ilə əlaqədar kifayyət qədər qazanc əldə etmişdir. Qanunsuz həbsdən qabaq bir müddət əvvəl yaxının vəfat etməsi ilə əlaqədar müvəqqəti olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. O qanunsuz həbsə etiraz olaraq dəfələrlə uzun və qısa müddətli aclıq aksiyaları keçirmiş, keçirdiyi iztirablar nəticəsində həyatına son qoymaq istəmişdir. İddiaçı X5 x xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək, yəni 1110 gün müddətində həbs altında saxlanmışdır, həbs olunana qədər Rusiya Federasiyasında işləməklə hər ay 800-900 manat əmək haqqı almış (bunu təsdiq edən sənədlər təqdim olunacaqdır). Bundan əlavə, işin xarakterinə görə Rusiya Federasiyasında fərdi işlər də götürüb usta kimi işləmişdir. Aylıq qazancı 1500-2000 manat arasında dəyişmişdir. İddiaçı X5 həbsdə olarkən hepatit xəstəliyinə tutulmuş. Ağ ciyər və qara ciyərində xəstəliklər tapmış ki, bunlarla da bağlı sənədlər təqdim olunacaqdır. Sağlamlığının bərpa etmək üçün 3 hektara yaxın torpaq sahəsini satmaq məcburiyyətində qalmışdır. Bundan əlavə, həbsdə qaldığı müddət ərzində ona mənəvi ziyan da dəymişdir. Dostları, qohumları, iş yoldaşları arasında nüfuzdan düşmüşdür. Azərbaycana ailə qurmağa gəldiyi halda həbs olunmağı və fiziki sağlamlığında baş verən pozuntular sayəsində artıq 45 yaşma keçməklə sağlam ailə qurmaq imkanlarını hələ ki bərpa edə bilməmişdir. Buna görə də, ona dəyən mənəvi ziyanı 100000 manat, fiziki və maddi ziyanı bütövlükdə 100000 manat kimi dəyərləndirilmişdir. Məhkəmə qətnamədə irəli sürülən dəlilləri təkzib edərkən heç bir sübuta əsaslanmamış, formal mülahizələr bildirməklə şəxsi qənaətinə əsasən qərara gəlmişdir. Məhkəmə bütün qətnamə boyu öz “əməyini” yalnız kompensasiyanın nədən ibarət olması ilə bağlı nəzəri - mənbəyi məlum olmayan fikirlərlə izah etməyə çalışmışdır. Hakbuki sonda bu izahda, əsaslandığı doktrinal şərhlərdə göstərilənlərə uyğun olmayan qətnamə çıxarmaqla sanki öz dediklərini təkzib etmişdir. Məhkəmə hesab etmişdir ki, maddi ziyanla bağlı tərəf sübut təqdim etməmiş, ona görə də məhkəmə nəinki iddia ərizəsində göstərilən, ümumiyyətlə heç bir maddi ziyanın vurulmaması qənaətinə gəlmişdir. Məhkəmə əmək haqqı ilə bağlı hala qiymət verərkən göstərmişdir ki, “iddiaçı HeydərovNəriman Tanrıverdi oğlu məhkəməyə RusiyaFederasiyasına “SK Remstroy” şirkətində işləyərək aylıq 87000-89000 rubl məvacib alması barədə arayış təqdim etmişdir. Lakin həmin arayışda onun son əmək haqqını 2015-ci ilin iyun ayında aldığı göstərilmiş, N.Heydərov isə 2015-ci ilin oktyabr ayında təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq N.Heydərov həbs olunarkən heç bir yerdə işləməmiş və gəlir mənbəyi olmamışdır. Məhkəmə hesab edir ki, N.Heydərovun həbs olunması ilə gəlirinin itirilməsi arasında bilavasitə səbəbli əlaqə olmamışdır”. Belə çıxır ki, məhkəmə Nəriman Heydərovun təqdim etdiyi arayışı sübut qismində qəbul etmiş, bununla belə maddi ziyanı tanınmamasına səbəb kimi həbs olunarkən işləməməsini əsas gətirmişdir. Halbuki məhkəmə faktiki halı araşdırarkən nəzərə almamışdır ki, X20 Federasiyasında işləmiş, o öz hesabına məzuniyyət götürərək Azərbaycana gəlmiş, burada yaxınlarına baş çəkmiş, müxtəlif yas və toy məclislərində iştirak etmişdir. O, daim Rusiya Federasiyasında işlədiyindən yenidən, öz işinə qayıtmağı planlaşdırdığı bir vaxtda müvafiq cinayət işi üzrə qanunsuz tutulduğu üçün işindən və əmək haqqından məhrum edilmişdir. Bundan əlavə, məhkəmə şəxs üçün maddi ziyanı tanımamaqla sanki şəxsin hava ilə qidlandığını və yaşadığını bildirməkdə israrlı olmuşdur. Belə ki, hər il ölkə üzrə yaşayış minimumunu müəyyən edən Qanun qəbul edilir. İllərdən asılı olaraq bu, rəqəm hər il 160-170-180-190 manat olmaqla, artan silsilə ilə dəyişməkdədir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Məhkəmənin qənaətindən belə çıxır ki, Nəriman Heydərov azadlıqda qalsa idi acından öləcəkdi və həbsxanaya düşməsi onun üçün ən əlverişli hal olmuşdur. Bu qədər bəsit və gülməli bir qənaət. X25 həbs olunana qədər işləmiş və əmək haqqı almış və deməli özü üçün yaşayış səviyyəsi qurmağa meylli insan olmuşdur. Bu, halda məhkəmə onun ən azından minimum əmək haqqı səviyyəsində hər ay maddi vəsait itirməsini qəbul etməli idi. Hətta bunu qəbul etməsə idi belə, onun minimum yaşayış səviyyəsi üçün müəyyən edilən məbləğdə hər ay üşün maddi ziyanını tanımalı idi ki, bunu etməməklə kobud qanun pozuntusuna yol vermişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxs işləməsə belə, ailə başçısı olaraq ondan hər uşağın saxlanılmasına görə uşaqlar üçün yaşayış minimum həddində vəsait aliment olaraq mütləq tutulur. Bundan əlavə, məhkəmə digər əsas arqumentə şəxsin həbsxanada xəstəliyə tutulmasına və bununla bağlı yaranan maddi və mənəvi hallara qiymət verməkdən yan keçmişdir. Halbuki, məhkəmənin öz sorğusu ilə bütün tibbi sənədlər təcridxanadan tələb edilərək götürülmüş, tərəfimizdən təqdim edilən tibbi sənədlərlə müqayisəli şəkildə təhlil edilmiş və müəyyən edilmişdir ki, Nəriman Heydərov təcridxanaya qəbul olunarkən praktik sağlam olmuşdur. Ondan götürülən analizlərin də nəticəsi virus və digər infeksiyalar göstəricilərinə münasibətdə mənfi olmuşdur. Onun məhz təcridxanadan çıxandan sonra bu sonrakı sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2672/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarına; Mülki Prosessual Məcəllənin 14, 76, 77, 217, 360; Mülki Məcəllənin 1114.3-cü maddəsinə; Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 57, 190-cı maddələrinə istinadən qeyd edilmişdir ki, həmin qətnamə maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən aşağıda göstərilən hallar nəzərə alınmaqla ləğv olunmalıdır. Qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə hər bir iddiaçıya 3500 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur. Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməli, qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Cinayət-Prosessual Məcəlləsinin yuxarıda sadalanan normaları kontekstində iddiaçıların hər birinə 3500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Bundan başqa Cinayət Prossesual Məhkəməsinin 57.3-cü maddəsinə əsasən vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərin könüllü gəlməsi və ya sonradan yalan olduğu aşkar edilərək məhkəmə qarşısında özlərinin təqsirli olduqları barədə bəyanatları ilə özlərinə qarşı cinayət təqibinin başlanmasına və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə şərait yaratmaları müəyyən edildikdə ziyan ödənilmir. Nəzərə alsaq ki, cinayət işinin ibtidai istintaqı zamanı iddiaçılar cinayət əməlinin törədilməsini özləri könüllü olaraq etiraf etmişdirlər belə olan halda məhkəmə tərəfindən iddianın qismən də olsa təmin edilməsi fikrimizcə əsassızdır. Həmçinin məhkəmə qərar qəbul edərkən həm iddiaçılara ziyan vurmuş şəxslərin təqsirliliyini (qərəzli, əsaslı yanılma və səhv nəticəsində), iddia tələbinin yönəldiyi dövlət büdcəsinin vəziyyətini, qətnaməninin icrasının mümkünlüyünü və s. nəzərə aldıqdan sonra ədalətli mövqe nümayiş etdirməyə borclu idi. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçıların tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, lakin həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi vəkil X21 apellyasiya şikayətini müdafiə edərək, N.Heydərovun cinayət işinə baxılan zaman apellyasiya şikayəti, kassasiya protestinə baxılan zaman həbsdə müddətdən artıq qaldığını, birinci instansiya məhkəməsinin iddianın mənəvi ziyan hissəsində qismən təmin edərək, maddi ziyan hissəsini rədd etdiyini, lakin əsaslandırılmadığını, həmçinin N.Heydərov istintaq təcridxanasına yerləşdirilən zaman yoxlamadan keçdiyini, heç bir xəstəliyinin olmadığını, virus dayışıcısı olmadığını, təcridxanada isə Hepatit C xəstəliyinə tutulduğunu, məhkəmə isə buna dair sübutun olmadığını qeyd etdiyini, X4 işlədiyini, lakin Azərbaycan Respublikasına gəldikdən sonra həbs edildiyini, dövlət tərəfindən şəxsin yaşaması üçün minimum əmək haqqı üzrə gəlir məbləği müəyyən edildiyini, lakin məhkəmə şəxs həbsdə olduğu üçün gəlirdən məhrum edilməsinə münasibət bildirmədiyini, laqeyd münasibət bəslədiyini, Maliyyə Nazirliyi pul məbləğini ödədiyini, lakin Daxili İşlər Nazirliyi də cavabdehlik daşıdığını, hər iki Nazirlikdən müştərək qaydada tutulmalı olduğunu bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətini müdafiə edərək, xx.xx.2015-ci il tarixdə həbs edildiyini, xx.xx.2018-ci il tarixədək istintaq təcridxanasında saxlanıldığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, polis əməkdaşları tərəfindən Cavidi qanunsuz salxadıqlarını, Cavidə polis bölməsində işgəncələr verildiyi üçün başqasının törətdiyi cinayəti etiraf etdiyini, xx.xx.2015-ci il tarixdə həbs olunduğunu, istintaq təcridxanasına gətirilən zaman heç bir xəstəliyinin olmadığını, orada “Hepatit C” xəstəliyinə tutulduğunu, xəstəliyinin müalicəsi üçün daim pul lazım olduğunu, həmin dövrlərdə vəfat edən anasının yasında iştirak edə bilmədiyini, mənəvi iztirablar çəkdiyini, amma məhkəmə tərəfindən hər günə 3 manat pulun hesablandığını, müstəntiq tərəfindən Cavidin bədənində işgəncə, xəsarət izləri aşkar edildiyi üçün prokurorluğa müraciət etdiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, ona polis bölməsində iztirablar verildiyini, həbs edildikdən sonra arvadının şəkər xəstəliyinə tutulduğunu bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X18 apellyasiya şikayətlərini qəbul etməyərək, İddiaçı Prokurorluğa müraciət etməsi nəticəsində, prokurorluqda işə başlandığını və cinayət işinin rədd olunması barədə qərar qəbul edildiyini, həmçinin C.X23 Nazirliyinə də müraciət etdiyini və Daxili İşlər Nazirliyi tərəfindən Prokurorluğun qərarına istinad etməklə cavab verildiyini, polis bölməsinin əməkdaşlarının fəaliyyətlərində heç bir qanunsuz hərəkət aşkar edilmədiyi üçün Nazirlik tərəfindən tədbir görülmədiyi, həmçinin məhkəmə tərəfindən xüsusi qərardad verilmədiyini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarı; MM-in 21; 1101,MPM-in 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddiaçılara münasibətdə qətnamə qismən maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılsa da, maddi zərər üzrə tələbin təmin edilməməsində tam doğru nəticəyə gəlməmişdir. Belə ki, maddi ziyanın vurulması ilə bağlı bir neçə arqument irəli sürülmüş -məhrum olduğu əmək haqqı, həbsdə saxlanılması ilə bağlı düçar oldduğu "hepatit C" xəstəliyi və bununla bağlı çəkdiyi və çəkəcəyi xərclər olsa da, əmək hüquqlarının pozulması üzrə məhrum olduğu əmək haqqı üzrə məhkəmə sübut etmək hüququnun iddiaçıların tam həvalə edilməsi əsası ilə bu hissədə iddianın rədd edilməsində haqlı olmamışdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə, şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir, yaşla əlaqədar imtiyazlı təqaüdlərin təyin edilməsi zamanı, təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən sonrakı işinə bərabər tutulur. Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Deməli maddi zərərin tutulması hissəsinin sübuta yetirilmədiyi təqdirdə minimum əmək haqqı məbləğinin şəxsin hüquqlarının məhdudlaşdırıldığı dövrə mütənasib ağlabatan məbləğdə tutulmalıdır. Həbsdə olduğu dövrlərdə minimum əmək haqqı məbləğinin 105- 130 manat olduğunu və iddiaçıların üç il müddətində hüquqlarının məhdudlaşdırıldığını nəzərə alaraq hər iddiaçıya 3500 manat məbləğində pul vəsaitinin tutulmasını kollegiya ədalətli və ağlabatan hesab edir. Mənəvi zərər və digər cavabdehdən məbləğin tutulması hissələrində əsaslar müəyyən edilmədiyindən, bu hissələrdə apellyasiya şikayətləri sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı, iddiaçı X2 nümayəndəsi vəkil X13 apellyasiya şikayətləri qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2672/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qismən (maddi zərər hissəsində) ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə İddiaçı, iddiaçı X2 iddia ərizələri qismən təmin edilsin. Maddi ziyana görə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. Maddi ziyana görə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçı X3 ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar