Məhkəmə qərarları › İş №2(103)-3928/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3928/2023

19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3928/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə mülki iş üzrə (Açar sözlər: aiddiyat üzrə göndərilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçılar İddiaçı2 və İddiaçı1 iştiraklı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X9 küçəsi, ev 4, mənzil 30 xx.xx.2010-cu il tarixdən X2 xüsusi mülkiyyətindədir.

2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

3. Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2 anasıdır.

4. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 713 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı2 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə ilə müraciət etməmiş və ərizəçiyə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

5. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X5 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X9 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən daşınmaz əmlakı oğlu İddiaçı2 və nəvəsi İddiaçı1 Abbas oğluna vəsiyyət etmişdir.

6. Qanuni qüvvəsini almış Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 192/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş reyestrdə 2V-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamədə göstərilən “İddiaçı1 Abbas oğlu”nun “İddiaçı1” kimi qeyd olunması, habelə həmin vəsiyyətnamənin ərizəçi İddiaçı1 məxsus olması faktı müəyyən edilmişdir.

7. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1579 saylı cavab məktubundan görünür ki, X2 adına 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində vərəsəlik işi açılmamışdır.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

8. İddiaçılar İddiaçı2 və İddiaçı1n cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X9 küçəsi, ev 4, mənzil 30 ünvanda yerləşən 1 otaqlı mənzil X2 şəxsi mülkiyyətində olmuşdur. Bu miras əmlak daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. X5 03 fevral 2021-ci il tarixdə vəfat etmişdir. X5 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X9 küçəsi, ev 4, mənzil 30 ünvanda yerləşən mənzili 12 fevral 2016-cı il tarixdə 1 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə ilə iddiaçılara vəsiyyət etmişdir. X5 xəstə olduğu müddətdə ona iddiaçılar baxmış, qulluq etmiş, o, vəfat etdikdən sonra miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamış, əməli idarəçiliyə qəbul etmiş və mirası faktiki olaraq qəbul etmişlər. İddiaçılar tərəfindən X5 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş və verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Hüquqlarını bilmədiyindən, hüquqi savadsızlıq ucbatından vaxtında notariat kontoruna müraciət etməmişlər və bu müddət üzrlü səbəblərdən ötürülmüşdür.

10. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, gecikdirmənin səbəbi üzrlü hesab edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə ölmüş X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 1 (bir) ay uzadılması qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, gecikdirmənin səbəbini üzrlü sayılmalı və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 1 ay uzadılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüş, hal-hazırda X5 tərəfindən iddiaçıların adına tərtib edilmiş mübahisələndirilməmiş vəsiyyətnamə mövcuddur, xx.xx.2022-ci il tarixdə İddiaçı2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmiş və müddət ötürüldüyünə görə ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. X2 adına hal-hazırda vərəsəlik işinin açılması barədə iş materiallarında məlumat yoxdur.

12. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs qismində X3 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların qeyd etdiyi mirası faktiki olaraq qəbul etmələri iş materialları ilə sübut olunmur. Belə ki, miras əmlak anasına məxsus olsa da o faktiki olaraq onun istifadəsində olmuşdur. Bu gün də o öz qardaşı ilə qeyd olunan mənzildə yaşayır və həmin mənzil onların istifadəsindədir. Həmçinin məhkəmə işə baxarkən, hesab etmişdir ki, guya ki, iddiaçılar miras əmlakın qəbul edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti üzürlü olaraq ötürmüşlər. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Hesab edir ki, məhkəmə qeyd olunan hüquq normasını işin hallarına tətbiq etsə də, iddiaçıların miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü olaraq ötürülməsinə dair heç bir əsaslandırma aparmamışdır. Ümumiyyətlə iddiaçılar qeyd olunan müddətin üzürlü olaraq və onların iradəsindən aslı olmayan səbəblərə görə ötürülməsinə dair məhkəməyə heç bir sübüt təqdim etməmişlər. Hesab edir ki, məhkəmə işə qərəzli olaraq, yanaşmış və heç bir əsaslandırma aparmadan və tətbiq etdiyi hüquq normalırını pozmaqla qətnamə qəbul etmişdir. Ümumiyyətlə iddiaçıların miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü olaraq ötürülməsinə dair heç bir araşdırma aparılmamışdır. Həmçinin iddiaçılar qeyd olunan müddətin üzürlü olaraq və onların iradəsindən aslı olmayan səbəblərə görə ötürülməsinə dair məhkəməyə heç bir sübüt təqdim etməmişlər.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

14. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iştirak edərək, mülki işin aidiyyat üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin onun iştirakı olmadan baxılması barədə məktubunu və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

16. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. (Maddə 35.2)

17. Həmin Məcəllənin 36.2-ci maddəsində qeyd edilir ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

18. Həmin Məcəllənin 45.1-ci maddəsində qeyd edilir ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin ərazi aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməlidir.

20. İş materialları ilə müəyyən edilir ki, iddia tələbi cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzinə qarşı yönəlmişdir.

21. Birinci instansiya məhkəməsi 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinin ünvanının AZ1078, ünvan 4aq iddia ərizəsini icraata qəbul edərək baxmışdır.

22. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən ərazi aidiyyatı qaydalarını pozmuşdur.

23. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin hüquqi ünvanının olduğu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir.

24. Mülki Prosesual Məcəllənin 384.0.4-cü maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

25. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 384.0.4, 402.2.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1n cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar