Məhkəmə qərarları › İş №2(103)-3929/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3929/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3929/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərə görə 3000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat, 60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13060 manat almaraq ona ödənilməsi, zəbt olunmuş 3 sot sahəsinin boru, dəmir tor və məqsədyönlü xaotik əkilmiş kol və ağaclardan təmizlənməsinin bələdiyyəyə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində bağa getmiş, qonşunun bağında qalan İnqilab adlı şəxs ona demişdir ki, qonşusu Rafael onun qarajının dəmir örtüyünü mismarla deşik-deşik etmişdir ki, mətbəxinə su axmasın. xx.xx.2014-cü il tarixində güclü yağışdan sonra sahə üzrə polis müvəkkilini, damı düzəldən ustanı, qonşuları dəvət etmişdir. İştirakçılar özləri baxış keçirib müəyyən etmişlər ki, qonşu ona xəbərdarlıq etmədən qarajın dəmir örtüyünü (3 metr enində) mismar ilə deşik-deşik etmişdir ki, onun mətbəx divarı islanıb. Məhkəmə prosesində Rafael qəti etiraz edərək deyirdi ki, bu işi həyətində qalan İnqilab edib. Qonşu bu bağı alandan sonra ona və ətrafdakı qonşulara narahatlıq yaradır, özünü müharibə iştirakçısı kimi qələmə verərək heç kimdən qorxmadığını bəyan edir. Aralarındakı razılaşmaya görə hasarı bir neçə daş qaldırılmaqla hörgünü iddiaçı etməli, cavabdeh isə həyəti tərəfindən suvaq işlərini görəcək. Sonradan hörgünün söküldüyünü görmüş, cvabdehin arvadı hamının yanında icazə vermədiyini demişdir. Münasibət gərginləşəndə qonşu onu (ailə üzvlərinin yanında) hədələmişdir. Bu hədələr hər dəfə təkrarlanmış. Polislər bu dəfə gələndə demişlər ki, “nahaq belə şəxslə barışıq etmisiniz”. 50 ildir ki, bu bağda yaşayır. Bu bağda yaşayan əvvəlki qonşularla razılıq əsasında hasar və yeni yaşayış evinin arasında məsafə qoyulmuşdur. Bir gün görmüşdür ki, İnqilab adlı işçi hasarı sökür. Soruşduqda, Rafaelin tapşırığı ilə etdiyini bildirmişdir. Rafael isə izah edə bilməmişdir ki, niyə sökdürür və sonra söz vermişdir ki, hasarı bərpa edəcək. İştirakçılar gördülər ki, tikinti və sanitar normaları pozaraq hasarına söykənmiş bir mərtəbəli evin, ikinci mərtəbəsini hasarın üstünə otuzdurublar. Hasar 30-35 il əvvəl, 40 sm dərinliyində, eninə 40 sm olan əhəng daşının üstündə 2 m hündürlüyündə tikilmişdi. İndi həmin hasarın üstünə ikinci mərtəbənin, damın yükü vurulmuşdur. Hər an fəlakət ola bilər. Mübahisə predmeti kimi, narazılıq yaradan qonşunun mətbəx divarı yenə də tikinti və sanitar normaları pozularaq qarajının divarından istifadə edilərək tikilib. Belə hallar az imiş kimi, küçədə Bələdiyyəyə məxsus 6- 7 sot maşin üçün nəzərdə tutlmuş ərazinin 3 sotunu boru dirəkləri betonlamaqla, dəmir torla zəbt etmişdir. 5-6 ildir ki, bələdiyyə nümayəndəsi torpaq pulunu almağa gələndə, niyə sökülmədiyini soruşduqda, Bələdiyyə sədri, müavinləri deyirlər ki, icra etmir. Digər təqdim etdiyi şəkillərdə onun evindən aralı tikilən, qonşuya aid olmayan hasarın sökülmüş əksidir. Hal-hazırda hasar bərbad halda, necə gəldi, kobud hörgü ilə tikilib, amma əlavə xərc çəkərək ev ilə hasar arasını yağışdan, qardan qorumaq üçün, sink metal vərəqələrdən istifadə edərək, binanın enini ötrmüşdür. Bu xərcdə nəzərə alınmalıdır. Beləliklə cavabdeh tərəfındən ona 3000 manat maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində o və ailəsi böyük fiziki və mənəvi əzablar çəkmişlər. Belə streslər onda yuxusuzluq, əsəbi həyacan hissləri yaratmışdır. Ürəyində problemlər əmələ gəlib. Bunları nəzərə alaraq cavabdehdən dəymiş mənəvi zərərə görə 10000 manat tutulmasını tələb edir. Həmçinin, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək cavabdehdən onun xeyrinə dəymiş maddi və mənəvi ziyanın tutulmasına, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı yazdığı iddia ərizəsi tamamilə cəfəngiyatdır, böhtan və təhqirdən başqa heç bir yazısı həqiqətə uyğun deyil. 1992-2003-cü illər ərzində evinin arxasından keçən və onun pəncərələrinin açıldığı küçəni icazəsiz zəbt edərək, eni 3,10 metr, uzunluğu isə 68,9 metr olan sahədə 3 mərtəbəli ev, qaraj və s. tikdirib. Eyni zamanda onun bağına aid olan hasarları öz divarı kimi qələmə verir. 2003-cü ildə eni 5.6 m., uzunluğu isə 14 m. sahəni zəbt edərək darvazasını irəli çəkmişdir. Qonşulardan çoxu zəbt edilmiş yol üzrə şahidlik edə bilər, bağ evinin əvvəlki sakinləri bunu təsdiq edə bilərlər. Tikintidə istifadə edilmiş bütün metal konstruksiyalar neftçıxarmada istifadə edilən “ştanqa” adlanan materiallardır. Orduda xidmət etdiyi dövrdə, İddiaçı yolu kəsərək, özünə villa tikdirirdi. Zərərin kimə vurulduğu dəqiq araşdırılsa, məlum olar ki, dam örtüyünün meyillik istiqamətini onun evinə yapışdırmış İddiaçı özü tikinti qanunlarını pozaraq, qonşuya külli miqdarda ziyan vurmuşdur. Bu barədə Sabunçu rayon İca Hakimiyyətinə müraciət edilmişdir. Hal-hazırda evinin arxasında, divara bitişik quyu qazdırıb, üzərində ayaq yolu tikdirib. Heç bir sanitariya normalarına uyğun olmayan bu tikili ona və ailəsinə qarşı ancaq düşmənçilik mövqeyini əks etdirir. Bu ilin son 2 ayı ərzində onun və ailəsinin məzuniyyətıni, istirahətini qəsdən pozan qonşunun şantaj dolu böhtanları, təhqirləri məqsədyönlüdür - şantajla pul tələbi. Polis sahə müvəkkili, bələdiyyə, qaz idarəsi, icra hakimiyyətinin nümayəndələri İddiaçı yazdızığı ərizələri, onun haqqında böhtanları, təhqirləri araşdırdıqdan sonra, onlardan üzr istəmişlər. Ailəsində 6 nəfər elmlər doktoru var. Qısa müddətli yay mövsümündə hər il böhtan xarakterli yazılarla istirahətlərini pozan İddiaçı ailə üzvlərini tanımır, sifətlərini belə görməmişlər. 18 il ərzində müxtəlif təşkilatlara yazdığı böhtan xarakterli ərizələr əsasında daima qapılarına gələn polis dəstələri, bələdiyyə və icra hakimiyyəti nümayəndələri, onun və ailə üzvlərinin müntəzəm stress, iztirab və sarsıntı keçirməsinə səbəb olur. Elmi fəaliyyətlərinə ağır təsir göstərən İddiaçı böhtan və təhqirlərinə son qoyulmalıdır. Daha sonra İddiaçı ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, hasarının üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülərək zəbt olunmuş ərazinin qaytarılması, qarajın uzunluğu 8 metr, eni 4 metr olan örtüyünün cavabdehin hesabına dəyişdirilməsi, zəbt olunmuş 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsinin təmin edilməməsi,ilkin iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi,Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi,qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş materiallarında olan yəni ilk iddiaçının təqdim etdiyi ƏMDK Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarına hüquqi qiymət verməmiş, onları sübut kimi qiymətləndirməmişdir. Agentliyin direktoru Mohuma Heraçiyevin imzası ilə verilən həmin məktublarda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən göstərilən ünvanda qeyri-qanuni işlərin aparılması və torpaqların zəbt olunması halları vardır və hətta bu işlərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinə məktub da göndərilmişdir. Yəni torpaqlardan istifadəyə dövlət nəzarətini həyata keçirən dövlət orqanın məktubu ilə də cavabdehin torpaq zəbt etməsi faktı öz təsdiqini tapmışdır. Eləcə də Bakı ŞİH Sabunçi Rayon İcra hakimiyyətinin Maştağa Qəsəbə Nümayəndəliyi də xx.xx.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, Cavabdeh dövlət mülkiyyətində olan torpağı qanunsuz olaraq zəbt etmişdir. Həmin məktub da iş materiallarına əlavə edilmiş lakin məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş ƏMDK-nin Bakı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli Aktla da müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh mübahisəli ünvanda təxminən 200 kv.metr torpaq sahəsini zəbt edərək qanunsuz hasarlamışdır. Bu zaman Cavabdeh qazdan istifadə ilə bağlı təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq, ərazidən keçən qaz boru xəttinin istiqamətini özbaşına şəkildə dəyişmiş, bununla da növbəti qanun pozuntusuna yol vermişdir. Bu pozuntu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və dağ Mədən Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli Azəriqaz İB-nin baş direktoru Əkbər Hacıyevə ünvanlanan məktubunda da öz əksinin tapmışdır. Məktubda qeyd edilmişdir ki, qaz xəttinin bir hissəsinin ləğv edilməsi təsdiq edilmiş sxemə uyğun həyata keçirilməmişdir. Təəsüf ki, məhkəmə bütün bu fakta da düzgün hüquqi qiymət verməmişdir.Bundan başqa məhkəmə ilk iddia tələbimin dəqiqləşmə verilən hissəsini də düzgün araşdırmamışdır. Belə ki, qüvvədə olan tikinti qanunvericiliyinin tələblərini pozaraq Cavabdeh hasarın üstündə evin divarını tikmişdir ki, bu yolverilməzdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmiş ilkin iddia üzrəCavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia tələbinin təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qeyd olunan qətnamə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmiş, ilkin iddia üzrə iddiaçı isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyininİddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 259 saylı məktubun surətindən görünür ki, Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 294-148 nömrəli ərizə Maştağa qəsəbə nümayəndəliyində araşdırılmış, münaqişədə olan hər iki bağ sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, bağ evi 15 il öncə inşa edilmişdir. Bu evin ortaqlı hasarın üstündə tikilməsi barədə qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 783 saylı məktubun surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, bağ qonşusu Rəfail Bayramovun bağ sahəsinin qarşısında metal torla çəpər etməsi və həmin sahəni zəbt etməsi, aralarında olan sərhəd hasarın üzərində onun tərəfindən tikinti işləri aparılması, həyətinə gələn avtomobil yolunun daralması və sair barədə ərizəyə Maştağa bəiədiyyəsində baxılmışdır. Maştağa bələdiyyəsinin səiahiyyətii əməkdaşları əraziyə baxış keçirərkən hər iki tərəflə müvafiq qabaqlayıcı proflaktik söhbətlər aparmışlar. Məsələnin həlli ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 09-Ə-1227/4 saylı məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən yolun qanunsuz zəbt edilərək hasara alınmasına dair müraciətə baxılmış, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə asasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyənləşdirilmiş qaydada məhkəməyə [şikayət vermək hüququ izah olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 29 saylı məktubun surətindən görünür ki, Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə ünvanlanmış ərizəyə cavab olaraq birdirilmişdir ki, müraciət yerində araşdırıllmış, dövlət mülkiyyətində olan torpağı zəbt etmiş X3 rəsmi xəbərdarlıq edilərək dəmir tor sökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 041-94287-3219 saylı məktubun surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 bağ massivində 200 kvadrat metr torpaq sahəsini özbaşına tutması ilə bağlı İddiaçı müraciətinə baxılmış, müraciətinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və X5 cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Vüsal Məhərrəmovun icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2ci (torpaq üzərində mülkiyyət hüququnu pozmaqla özbaşına tutma və özbaşına tikinti işləri aparma) maddələri ilə istintaq olunan cinayət işinə əlavə edilməklə araşdırma aparıldığı, nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmişAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********29 saylı mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən əraziyə yerli baxış keçirilmişdir. Çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları (X-417011;Y-4488962, X-416980; Y-4488956) naturada müəyyən edilərək mülki iş materiallarına və elektron baza məlumatlarına əsasən araşdırılmış və Xidmətə müvafiq sorğu göndərilmişdir. Mütəxəssis qarşısında qoyulmuş suallar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aşağıda göstərilənlər kimi cavablandırılmışdır. 1-ci suallar üzrə- İddiaçı və cavabdeh tərəfin torpaq sahələri müvafiq qurum tərəfindən verilmiş çıxarış və texniki pasporta uyğundur. 2-ci və 3 -cü suallar üzrə- Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq ünvanında yerləşən, İddiaçı məxsus 319 saylı və Cavabdeh məxsus 318 saylı bağ sahələrində və bağ ətrafı sahələrdə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikinti-texniki normalarına uyğun olmayan tikililər inşa olunması və eyni zamanda mübahisələndirilən ərazidə yerləşən tikililərin İddiaçı və yaxud Cavabdeh hüquqlarını pozulub- pozulmaması sələhiyyətlərinə aid olmaması səbəbindən cavablandırmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********22 saylı mütəxəssis rəyindən görünür ki,mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə torpaq sahələrinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X4nin ləğv edilməsi barədəsərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X4 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmadığından DƏDRX-ə sorğu göndərilmişdir. 1 saylı Bakı Ərazi idarəsi tərəfindən qərardadda qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır.

1. İddiaçı və cavabdeh tərəfin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır.

2. Sözügedən məsələ 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərə aid olmadığından sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır.

3. İddiaçı və cavabdeh tərəfin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və birbirinin hüquqlarını pozmur. Həmçinin, 319 saylı bağ sahəsində olan əlavə 257,0 m2 sahə ilkin sənədlərdə digər bağlara (özünə məxsus) yol üçün nəzərdə tutulub. 318 saylı bağın əlavə 317,0 m2 sahəsi ilkin sənədlərdə əlavə sahə kimi göstərilmişdir. Belə ki, heç biri digər qonşusunun həyətinə keçməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair xx.xx.2019-cu il tarixli, 5934 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu və ünvan şöbəsinin mühəndisi Azər Nəbizadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçı və cavabdeh tərəfin torpaq sahələri müvafiq qurum tərəfindən verilmiş çıxarış və texniki pasporta uyğundur. Qərardadın ikinci və üçüncü sualları üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq ünvanınmda yerləşən, İddiaçı məxsus 319 saylı və Cavabdeh məxsus 318 saylı bağ sahələrində və bağ ətrafı sahələrdə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində tikilinin inşa olunub-olunmaması barədə qoyulmuş sual cavablandırılmadığından, qərardadın bu suallarına cavab vermək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair xx.xx.2019-cu il tarixli, 23400 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, baxış zamanı əldə olunan məlumatlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salmah Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən tərəflərin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır, lakin Cavabdeh məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarı, Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunmuşdur ki, bu da Azərbaycan Respubİikasnıın Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.2-1-ci bəndinin (ara məsafəsinin saxlanmasına dair) tələblərinə ziddir. İddiaçı məxsus 319 saylı bağ sahəsində yerləşən uzunluğu 8 metr, eni 4 metr olan qarajın dəmir dam örtüyünə vurulmuş dəmir təbəqənin üzərində zədələr mövcuddur. Lakin həmin zədələrin kim tərəfindən törədildiyinin müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmur. 319 saylı bağ sahəsində olan əlavə 257,0 m2 sahə ilkin sənədlərdə digər bağlara (özünə məxsus) yol üçün nəzərdə tutulub. 318 saylı bağın əlavə 317,0 m2 sahə ilkin sənədlərdə əlavə sahə kimi göstərilmişdir, Belə ki, heç biri digər qonşusunun həyətinə keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir- birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin iddiasını əsaslandıra və iddia tələblərinin əsaslılığı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Həmçinin, iş üzrə aparılmış ekspertizalar, verilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar