Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3931/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın kaibliyi, cavabdeh-iddiaçı Cavabdeh, üçüncü şəxs X3 və üçüncü şəxs X10 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdə payın naturada ayrılması və paydan istifadəyə maneə yaradılmasının qadağan edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdehlər X1 və DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” qarşılıqlı iddiasına, üçüncü şəxslər X3 və X10 cavabdehlər X1 və DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində yerləşən, ümumi sahəsi 208,20 metr təşkil edən 102 nömrəli fərdi yaşayış evi və evə aid olan 0,25446 ha torpaq sahəsi ilə bağlıdır (bundan sonra – miras ev). Miras evin mülkiyyətçisi mərhum X11 olub. O, 28.02.1988-ci ildə ölüb, mülkiyyət hüququna dair qeyd isə 29 il sonra - 24.08.2018-ci ildə aparılıb. Ev ilk dəfə onun mülkiyyəti kimi qeydə alınıb və reyestr çıxarışı verilib (iş v. 152). Mülkiyyətçinin əri X2 daha əvvəl - 25.09.1950-ci ildə ölüb. İddiaçı və Cavabdeh mülkiyyətçinin övladları, üçüncü şəxslər X3 və X12 isə mülkiyyətçini nəvələridir. Üçüncü şəxslərin atası, yəni mülkiyyətçinin övladı X4 24.03.2014-cü ildə ölüb. İddiaçı 1978-ci ildə törətdiyi cinayətə görə 14 il müddətinə azadlıqdan məhrum edilib, mirasın açıldığı zaman cəza çəkib, 1992-ci ildə azadlığa çıxsa da mirasın qəbul edilməsinə yönələn hərəkətlər (mirasın qəbulu vaxtının uzadılması üçün müraciət və s.) etməyib, 1992-ci ildə Rusiyaya, daha sonra İspaniyaya gedib, 2010-cu ildə İspaniyada cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 2018-ci ilin yanvar ayında Azərbaycana ekstradisiya olunaraq azadlığa buraxılıb. Bundan sonra - 03.07.2018-ci ildə İddiaçı ərizə ilə Bakı şəhəri 39 saylı Notariat Ofisinə müraciət edərək miras evə dair ona vərəsəlik şəhadətnaməsi verilməsini xahiş edib (iş v. 146). O, ərizədə qeyd edib ki, özündən başqa bir vərəsə var: qardaşı Cavabdeh. Notarius 04.09.2020-ci ildə İddiaçı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Şəhadətnamə 2V-62 nömrə ilə reyestrdə qeydə alınıb. Şəhadətnaməyə görə İddiaçı miras evdən ½ hissə pay almalıdır, qalan ½ hissə isə miras qoyanın adına açıq qalır. Daha sonra - 29.09.2020-ci il tarixdə həmin şəhadətnamənin əsasında miras evin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyestrdə qeydə alınıb, qalan ½ hissə isə miras qoyan X5 adında qalıb. Tələb və onun həlli: İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, evdəki ½ payı naturada bölünsün və payına düşən hissədən istifadə etməsinə məneə yaradılması Cavabdeh qadağan edilsin. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələb olunub ki, evə dair İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamənin əsasında İddiaçı adına verilmiş, evin ½ hissəsinə mülkiyyət hüququna dair reyestr çıxarışı ləğv edilsin. Üçüncü şəxslər X3 və X10 müstəqil iddia ərizəsində tələb olunub ki, evə dair İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamənin əsasında İddiaçı adına verilmiş, evin ½ hissəsinə mülkiyyət hüququna dair reyestr çıxarışı ləğv edilsin. Sabunçu RM-nin 06.12.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, İddiaçı ilk iddiası rədd olunsun, Cavabdeh qarşılıqlı iddiası və üçüncü şəxslər X3 və X10 müstəqil iddiası qismən təmin olunsun, evə dair İddiaçı adına verilmiş 04.09.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamənin əsasında İddiaçı adına verilmiş, evin ½ hissəsinə mülkiyyət hüququna dair reyestr çıxarışı ləğv edilsin. Şikayət və izahatlar: İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin olunsun, cavabdehin qarşılıqlı iddiası və üçüncü şəxslərin müstəqil iddiası rədd olunsun. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh, üçüncü şəxs X3 və üçüncü şəxs X10 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı mirası qəbul etməyib. Miras 28.02.1988-ci ildə açılıb. Həmin zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin 3-cü hissəsinə görə mirasın qəbulu müddəti miras açılan gündən 6 aydır. Bu maddənin 2-ci hissəsində mirasın qəbulunun 2 forması müəyyən edilib: 1) notariusa mirasın qəbulu barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi. İddiaçı bu formaların heç birindən istifadə etməyib, yəni 28.02.1988-cı ildən 28.08.1988-cı ilədək olan 6 aylıq müddətdə notariusa ərizə verməyib və ya mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətlər etməyib. Bundan başqa, İddiaçı əvvəl başqa mülki işdə Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək miras evin ½ hissəyə bölünməsini və payına düşən hissəyə köçürülməsini tələb edib. Sabunçu RM-nin 04.02.2019-cu il tarixli, 2(008)-1005/2019 nömrəli qətnaməsi ilə iddia rədd olunub. Qətnamə ilə müəyyən edilib ki, İddiaçı evi miras kimi qəbul etməyib. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 31.05.2019-cu il tarixli, 2(103)-7020/2019 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Bu qətnamə ilə də müəyyən olunub ki, İddiaçı evi miras kimi qəbul etməyib. Həmin qətnamə Ali Məhkəmənin 21.10.2019-cu il tarixli, 2(102)-6872/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılıb. İddiaçı 03.07.2018-ci ildə (həmin qətnamənin çıxarılmasından əvvəl) mirasın qəbulu üçün ərizə ilə notariusa müraciət edib, notarius isə 04.09.2020-ci ildə (həmin qətnamənin qanuni qüvvəyə minməsindən sonra) vərəsəlik hüququ haqqında şəhadətnamə verib. Həmin ərizənin verildiyi zaman mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət bitmişdir. O cümlədən qüvvədə olan məhkəmə qətnaməsi ilə İddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiyi müəyyən edilmişdir. Buna baxmayaraq notarius şəhadətnamə vermişdir. İddiaçı həmin şəhadətnamənin əsasında mülkiyyət hüququnu qeydə aldırmış, yenidən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilib ki, İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməyib. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı vərəsə olması faktı öz-özlüyündə miras evə hüquq yaratmır, hüququn yaranması üçün vərəsə qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməlidir. Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin 6-cı hissəsinə görə qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur. İddiaçı mirası qəbul etmədiyinə görə onun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və həmin şəhadətnamənin əsasında dövlət reyestrdə miras evin ½ hissəsi üzərində onun mülkiyyət hüququna dair aparılmış qeydə qanunsuzdur. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı payını naturada ayırmaqdan imtina etmiş, onun adına verilmiş vərəsəlik şəhadətnaməsini və reyestr çıxarışını isə ləğv etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3931/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3931/2022
27.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver