Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3932/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nazim Babayevin iştirakı ilə, iddiaçı X1 cavabdehlər DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi və müvafiq qeydlərin aparılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı İslam Ocaqverdiyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 3 tələb irəli sürülüb: 1) “xxxx” MMC ilə “xxxx” ASC arasında tərtib olunmuş 08.06.2018-ci il tarixli, Y-740 №-li “Hərracın nəticələri haqqında” protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin; 2) Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev № 213-də yerləşən 18 və 21 №-li mənzillərə dair 13.02.2019-cu il tarixli, ********** nömrəli və 14.02.2019-cu il tarixli, ********** nömrəli reyestr çıxarışları ləğv edilsin; 3) həmin mənzillər üzərində “xxxx” ASCnin xeyrinə olan ipoteka yüklülüyünə xitam verilsin və dövlət reyestrində ipoteka yüklülüyünə dair aparılmış qeyd ləğv edilsin. Birinci instansiya məhkəməsi tərəfindən 23.11.2020-ci il tarixdə qəbul edilmiş qərardadla 1-ci və 2-ci tələblərə aid hissədə iş üzrə icraata xitam verilib, eyni tarixdə qəbul olunmuş qətnamə ilə 3-cü tələb rədd olunub. Bundan əvvəl qərardaddan verilmiş şikayətə baxılıb və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 12.02.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılıb. Qətnamədən verilmiş apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia, yəni 3-cü tələb təmin olunsun. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi Nazim Babayev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ipotekaya xitam verilməsinin əsas olan hallar “İpoteka haqqında” Qanunun 48-ci maddəsində müəyyən edilib. Həmin maddədən görünür ki, ipotekaya göstərilən hallardan biri baş verdikdə xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda. İddiaçı hesab edir ki, “xxxx” MMC ilə “xxxx” ASC arasında tərtib olunmuş 08.06.2018-ci il tarixli, Y-740 №-li “Hərracın nəticələri haqqında” protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız olduğuna görə ipoteka yüklülüynüə xitam verilməlidir. Lakin etibarsızlıqla bağlı tələbə aid hissədə iş üzrə icraata xitam verilib, yəni protokol və müqavilə etibarsız sayılmayıb. Ona görə də ipoteka yüklülüynə xitam verilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi mənzillər üzərində “xxxx” ASC-nin xeyrinə olan ipoteka yüklülüyünə xitam verilməsi və dövlət reyestrində ipoteka yüklülüyünə dair aparılmış qeydin ləğv edilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3932/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3932/2021
23.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver