Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3933/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, qətnamənin maraqlarına toxunduğunu irəli sürən X2 nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinin nömrəsinə dair uyğunsuzluğun aradan qaldırılması, bağın nömrəsinin əvəz olunması və bağın istifadəçisi kimi tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3358 “a” saylı bağ sahəsinin 10 nömrəli order əsasında istifadəsinə verildiyini, sahədən fasiləsiz və etirazsız istifadə etdiyini, torpaq sahəsinin planı və çizgisinin alınması üçün xx.xx.2011-ci il tarixdə DƏDRX-ə etdiyi müraciətə cavab olaraq bağın nömrəsində uyğunsuzluq aşkar olunduğunun, yəni bağın faktiki vəziyyətinin 2092 a nömrəsinə uyğun olduğunun bildirildiyini, bu uyğunsuzluğun ona order verilərkən yol verilmiş səhlənkarlıq nəticəsində ortaya çıxdığını, bağ üzərindəki hüququnu rəsmiləşdirmək üçün həmin uyğunsuzluğun aradan qaldırılmalı olduğunu irəli sürmüş, buna görə də sözügedən bağın nömrəsinə dair uyğunsuzluğun aradan qaldırılması, bağın nömrəsinin 2092 anömrəsi ilə əvəz olunması və bağın istifadəçisi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən işdə iştirak etməyən və qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən X4 tərəfindən apellyasiya şikayəti verilmiş, adı çəkilən şəxsin apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Arif Cabbarovun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Məhəmməd Məmmədov şikayəti müdafiə etdiyini və qətnamənin ləğv olunmasını xahiş etmiş, iddiaçının torpaq sahəsi ilə təmsil etdiyi şəxsə məxsus torpaq sahəsinin arasında təxminən 10 kilometr məsafə olduğunu, torpaq sahəsinə dair çizgi-plan olmadığından bunu sübuta yetirə bilmədiklərini bildirmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi X4 mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmiş, qətnamə ilə ona münasibətdə hər hansı qərar qəbul olunmamışdır. Onun apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri X7 xx xxxx 1988ci il tarixli 06/333 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2092 “a” saylı bağ sahəsi atasına ayrılmış, atasının vəfatından sonra bağı öz adına rəsmiləşdirmək istədiyi zaman Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli qətnaməsinin mövcudluğunu və qətnamənin icrası qaydasında sahənin İddiaçı adına qeydiyyata alındığını öyrənmişdir; beləliklə, birinci instansiya məhkəməsi onun atasına məxsus torpaq sahəsi üzərində iddiaçının hüququnu tanımaqla qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Arif Cabbarovun şikayətə əlavə etdiyi sənədlərdən aydın olur ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarına əsasən onun atası X1 Ləhiş bağlar sahəsində 122 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 2092 “a” saylı bağ sahəsi ayrılmış, bu barədə xx.xx.1990-cı il tarixdə müvafiq order verilmişdir; bununla belə, Arif Cabbarov həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nü təqdim etmədiyindən onun iddia etdiyi sahənin iddiaçıya məxsus olmuş 3358 “a” saylı (sonradan nömrəsi 2092 “a” olaraq dəyişdirilmiş) sahə ilə eyni sahə olub-olmadığını müəyyənləşdirmək mümkün deyildir. Halbuki, məhz bu hal aydınlaşdırıldıqdan sonra Arif Cabbarov qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanına bilər. Əks halda, müvafiq hüququ olmayan şəxsin şikayəti əsasında apellyasiya icraatı başlamış olar ki, bu da apellyasiya baxışının mümkünlüyü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, “MPMin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər vəkommersiya mübahisələriüzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkretməhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanları nəzərə almaqla Arif Cabbarovun iddia etdiyi sahənin, iddiaçıya məxsus olmuş 3358 “a” saylı (sonradan nömrəsi 2092 “a” olaraq dəyişdirilmiş) sahə ilə eyni sahə olub-olmadığını ekspertiza təyin etməklə (zərurət olarsa), yaxud müvafiq dövlət orqanından sənədlər tələb etməklə aydınlaşdırdıqdan sonra qətnamənin onun hüquq və vəzifələrinə toxunub-toxunmadığına qərar verməlidir. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən məlum olmamışdır; mülkiprosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Xüsusilə nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2309/2011 saylı iş üzrə xx xxxx 2011-ci il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinə baxılması, əgər qətnamə maraqlarına toxunmursa şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: imza Elnur Həsənov imzalar Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3933/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3933/2021
08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver