Məhkəmə qərarları › İş №2(103)-3933/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3933/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3933/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun vəkili və nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsindən Cavabdeh Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən “Q” tikilisinin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona dəymiş 59.400 manat məbləğində maddi zərərin, 4.800 manat məbləğində əldən çıxmış fayda, 10.000 manat məbləğində dəymiş mənəvi zərərin, hüququ yardım üçün iddiaçının ödədiyi 210 manat maliyyə vəsaitinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 74.440 manat pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 24.12.1991-ci il tarixli, 1108 saylı sərəncamı ilə Cavabdeh fərdi yaşayış evinin inşası üçün Bakı şəhəri Binəqədi qəsəbəsində 600 kv.m metr torpaq sahəsi ayrılmışdır. Sonradan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 09.10.1998-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin Cavabdeh adına şəxsi mülkiyyət kimi qeydə alınması qərara alınmışdır. Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 42 saylı ev ilk dəfə 15.12.1998-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmiş, 22.05.1999-cu il tarixdə cavabdeh “Q” tikilisini, 1 otaq – 17,9 kv.m, köməkçi sahəsi 11,8 kv.m olmaqla 27 saylı DNK-da 3MA 1-130 saylı reyestrlə bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı Ələkbərova (Hümbətova) Elnarə Nazim qızına satmış və sonuncuya 29.09.2001-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Onlar arasında əvvəlcədən yazılı bağlanmış 22.10.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Q” tikilisinin yerləşdiyi 4 sot torpaq sahəsini Cavabdeh 500 ABŞ dolları müqabilində İddiaçı satmış, həmin ərazi (4 sot) iddiaçıya naturada təhvil verilmiş, arakəsmələr mişar daşı ilə tərtib edilmiş texniki pasportla müəyyən edilmiş hüdudlar nəzərə alınmaqla hasarlanaraq bölgü aparılmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsindəki mövcud olmuş tikililər “A” yaşayış evindən, “B” qarajdan və “Q” yaşayış otağından ibarət olmuşdur. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.09.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 60.1 kv.m olan evin, 30.4 kv.m sahəli bir yataq otaqlı və bir köməkçi otaqlı “A” tikilisi Cavabdeh, 29.7 kv.m sahəli bir yaşayış otağı və bir köməkçi otaqlı “Q” tikilisi isə İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmışdır. Cavabdeh tərəflər arasında olan razılaşmalara əməl etməyərək alğı-satqı müqaviləsinə uyğun olaraq ərazinin bölgü-sxemini notariat qaydasında rəsmiləşdirməmişdir. Həmçinin cavabdeh bir müddət öncə iddiaçıya məxsus həyətyanı sahəyə dəmir qapının qıfılını sındırmış, əraziyə daxil olaraq “Q” tikilini sökmüş, bununla da iddiaçıya 59400 manat (29.7 kv.m x 2000 AZN) məbləğində ziyan vurmuşdur. Bundan başqa bir yaşayış otağı və bir köməkçi otaqlı “Q” tikilindən iddiaçı tərəfindən istifadə edə bilməməsi nəticəsində ona, bir aylıq orta icarə qiyməti 200 manat, iki il üçün 4800 manat olmaqla gəlirdən məhrum olmuşdur. Eləcədə iddiaçıya keçirdiyi sarsıntılara görə 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi). Cavabdeh dəymiş zərərin əvəzi olaraq 6745 (altı min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, mübahisəli ünvanda 2 evin olması və orada yaşayışın mövcudluğu təsdiqini tapmış olsa da, mişar daşından olan söküntünün şahid olmadan hansı maşın-mexanizmlə (qaldırıcı kran və ya başqa avadalıqdan) və ya fiziki gücdən istifadə edərək məhz cavabdeh tərəfindən sökülməsini təsdiq edən hər hansı bir sübutun (foto və video çəkilişlər) təqdim olunmaması faktı məhkəmə tərəfindən aydınlaşdırılmadan, tikintinin sökülməsi ilə heç bir əlaqəsi olmayan bir şəklə istinad edilməklə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş, vurulmuş ziyanın cavabdehin tərəfindən ödənilməsi qət edilmişdir. “CD” diskdə olan görüntülər mübahisəli torpaq sahəsi ilə əlaqəsi olmayan, hal-hazırda da ona məxsus olan qonşu torpaq sahəsində mövcud ərazinin zəbt olunması səbəbindən qanunsuz quraşdırılmış dəmir qapının qıfılının açılmasına cəhd etdiyi zaman qonşular tərəfindən çəkilmiş fotoşəkillərdən sübut kimi istifadə olunmuşdur. Bu isə yalnış qənaət olmaqla heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X7, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatlarında qeyd etdilər ki, iddiaçıya məxsus “Q” tikilisi cavabdeh tərəfindən sökülmüşdür. Qonşular tərəfindən onlara bu barədə məlumat verilmiş, hətta çəkiliş də aparılmışdır. Onların heç kimlə münasibətlərində gərginlik yoxdur. Cavabdeh iddiaçının öz mülkiyyətindən istifadələrinə maneçiliklər yaradaraq, sonra onun mülkiyyətində olan “Q” tikilisinin söküntüsünü həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, Cavabdeh apelyasiya şikayətinin xahiş etdi hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda cavabdeh qətnamənin iddianın qismən təmin olunan hissəsini mübahisələndirdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunan hissədə yoxlanılması təşkil edir. Çünki iddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan: 22.05.1999-cu il tarixli 074181 nömrəli müqaviləyə əsasən, Cavabdeh özünə məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 2, korpus 68, 42 ünvanda yerləşən 599.7 kv.m torpaq sahəsində yerləşən evin “Q” hissəsini bütünlükdə, yaşayış sahəsi 17.9 kv.m, qeyri-yaşayış sahəsi 11.8 kv.m olan bir otaqlı yaşayış evini X1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 010202 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 68-ci korpusda yerləşən 2 otaqlı, 43.1 kv.m yaşayış sahəsi, 60.1 kv. ümumi sahəsi olan 42 saylı fərdi yaşayış evi X2 adına “Q” tikilisi (1 otaq, y/s 17.9 m2 , köm/s 11.8 kv.m ), Cavabdeh adına “A” tikilisi (1 otaq, y/s 25.2 kv.m , köm/s 5.2 kv.m ) xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 02 saylı reyestr kitabında 197 səhifədə 30/1076 nömrə ilə, 29.09.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Əlyazma ilə yazılmış və vətəndaşlar Cavabdeh, N.Həsənov, R.Hümbətov və V.Mehdayev tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh 2-ci mədən, korpus 68, ev 42 mənzilin əkin sahəsi olan sahədən X3 4 sot satmış və bunun müqabilində tərəflər arasında razılaşma 1000 ABŞ dolları olmuş, həmin an Cavabdeh 500 ABŞ dolları almışdır. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.06.2019-cu il tarixli məktuba əlavə edilən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 1108 saylı, 24.12.1992-ci il tarixli sərəncamına və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68 korpus, 42 saylı evə dair tərtib edilmiş texniki pasportun surətindən görünür ki, “Q” tikilisi - 17.9 kv.m yaşayış sahəsindən, 11.8 kv.m köməkçi sahədən (mətbəx), “A” tikilisi 25.2 kv.m yaşayış sahəsindən, 5.2 kv.m köməkçi sahədən (mətbəx) ibarət olmaqla, bir həyətyani sahədə yerləşmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli, 10/2922 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvana baxış keçirilən zaman tədqiq olunan “Q” literli yaşayış evinin sökülmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatları ilə mövcud vəziyyəti müqayisə edilən zamanı mübahisəli torpaq sahəsinin hüdudları daxilində “Q” tikilisindən əlavə “A” və “B” literli yaşayış evlərinin yerləşdiyi və hal-hazırda həmin tikililərin yerində olduğu müəyyən edilmişdir. Həmin həyətyanı torpaq sahəsi faktiki olaraq 3 hissəyə bölünərək “A”, “B” literli yaşayış evlərinin həyətyanı torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğu və sökülmüş “Q” literli yaşayış evinin torpaq sahəsinə ayrıca darvazanın quraşdırıldığı müəyyən edilmişdir və “Q” tikilisinin təcrid mənzillər şəklində ayrılması (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Həmçinin ünvan 4 ünvanda yerləşən “Q” tikilisi “A” və “B” tikililərindın ayrı- ayrılıqda yerləşdiyindən, yaşayış evlərinin paylarına müvafiq real bölünməsi “İnşaat Norma və Qaydalarına” uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün “Q” literli yaşayış evinin qarşısından 3.0 metr ara məsafəsi saxlanılaraq 8.0 metr uzunluğunda, 9.0 metr enində sərhəd hasarı çəkilməli və küçə tərəfə qapı quraşdırılmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin 17.12.2021-ci il tarixli, 10/4182 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən “Q” tikilisi fərdi yaşayış evinin inşaasında yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 6745,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. CD diskdə olan görüntülərdən (qonşular tərəfindən çəkilmiş) və fotoşəkillərdən müəyyən edilir ki, Cavabdeh dəfələrlə iddiaçıya məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq, ziyan verməyə cəhd göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsinəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpaetmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və yaəmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkidövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi MM-nin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarınıpozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbinitəmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işinhallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlakvermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində (işdə olan “CD” disk və fotoşəkillər) baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair kollegiya qeyd edir ki, İddiaçı dəymiş ziyanın həqiqi həcminin 59.400 manat məbləğində deyil, 6745 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, iddiaçıya vurulmuş ziyanın həqiqi həcmi 6745 manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə ekspert rəyi əsasında Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi) hissəsində düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar