Məhkəmə qərarları › İş №2(103)-3937/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3937/2020

16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3937/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı2, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4475/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «Kia Soul» markalı DC 477 CD dövlət qeydiyyat nişanlı avtomobilə vurduqları maddi zərərə görə 20800 manat, mənəvi zərərə görə 10000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və 30 manat hüquqi xidmətə görə pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Kia Soul» markalı DC 477 CD dövlət qeydiyyat nişanlı avtomobil AM3370755 saylı, xx xxxx 2019-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən (Gürcüstan) İddiaçı1 mülkiyyətindədir. Həmin avtomobili, o, İddiaçı1 tərəfindən verilmiş etibarnamə əsasında idarə edir. xx xxxxx 2019-cu il tarixdə, o, həmin avtomaşın ilə hərəkət edərkən, Cavabdeh1 məxsus olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə, İddiaçı1 məxsus avtomaşına ziyan dəymiş, o özü isə bədən xəsarətləri almışdır. Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(071)459/2019 saylı qərarı ilə Cavabdeh2 həmin yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin hadisə nəticəsində avtomobil təmamilə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh2 idarə etdiyi VAZ-21074 markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2018-ci il tarixli, PAT********** saylı sığorta müqaviləsinə əsasən «xxxxxxx» Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunmuşdur. «xxxxxxx» Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 065390 saylı sığorta aktına əsasən İddiaçı1 məxsus «Kia Soul» markalı DC 477 CD dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 12000 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişinin məbləği 4286 manat məbləğində müəyyən edilmişdir. Halbuki «Kia Soul» markalı avtomobilin dəyəri 25.000 manatdır və hal-hazırda avtomobil yararsız vəziyyətdədir. Bu səbəbdən hesab edir ki, İddiaçı1 vurulan maddi zərərə görə cavabdehlər ona 20.800 manat müştərək qaydada pul ödəməlidirlər. Həmçinin özünün yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərini nəzərə alaraq, ona vurulmuş mənəvi zərəri 10000 manat məbləğində müəyyənləşdirmişdir. Həmin pul vəsaitlərinin cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4475/2019 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia qismən təmin olunmuş, Cavabdeh2 5265 (beş min iki yüz altmış beş) manat məbləğində maddi zərərin tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh2 1000 (bir min) manat mənəvi zərərin, 3 (üç) manat ödənilmiş dövlət rüsumunun və 3 (üç) manat hüquqi xidmət haqqının tutularaq İddiaçı2 ödənilməsi, 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 90 (doxsan) manat hissəsinin Cavabdeh2, 30 (otuz) manat hissəsinin İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ərazi aidiyyətinin pozulması, işin tam və hərtərəfli araşdırılmaması və s. kimiəsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçılar qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən (qərarlar, protokol və s.) Cavabdeh2 xx xxxxx 2019-cu il tarixdə, saat 16:25 radələrində idarə etdiyi «VAZ 21074» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək İddiaçı1 məxsus, İddiaçı2 tərəfindən idarə olunan«Kia Soul» markalı DC 477 CD dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək (səlahiyyətli inzibati orqanın «inzibati tənbeh vermə haqqında» xx xxxxx 2019-cu il tarixli qərarı, Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı və s.) inzibati məsuliyyətə cəlb olunmuş, həmin yol-nəqliyyat hadisəsi zamanı «Kia Soul» markalı DC 477 CD dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmiş, həmçinin İddiaçı2 bədən xəsarəti almışdır. İddiaçılar dəymiş maddi zərərə görə cavabdehlərdən 20800 manat, mənəvi zərərə görə 10000 manat tələb etmiş, müvafiq sübutları təqdim etmişlər. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin həcmini mübahisələndirmiş, zərərin daha az təşkil etməsini və s. göstərmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixlı, 25756 saylı rəyi ilə – 2011-ci il buraxılışlı «KİA SOUL» markalı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki normal vəziyyətdə orta bazar qiymətinin 15000 manat olması, nəzəri hesablanma yolu ilə və işdə olan məlumatlar nəzərə alınmaqla isə həmin avtomobilin təmir bərpa xərcinin, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9551 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin məbləğinin 9551 manat manat həddində olması işdə olan sənədlərlə (həmçinin, ekspertiza rəyi ilə) tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi dəymiş zərərlə bağlı «xxxxxxx» Sığorta Şirkəti ASC tərəfindən iddiaçı tərəfə ödənilmiş 4286 manat icbari sığorta məbləğini çıxılmaqla (iddiaçılar da iddia ərizəsində onlara ödənilmiş icbari sığorta məbləğini çıxmaqla qalan zərəri tələb etmişlər), zərər məbləğini 5265 manat həddində müəyyənləşdirmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində ərazi aidiyyətinin pozulmasını göstərmiş, lakin işə aidiyyət qaydalarının pozulması ilə baxılması halı müəyyən olunmamışdır (cavabdehlərdən biri Yasamal rayonunun inzibati ərazisində qeydiyyatdadır). MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin birinci instansiya məhkəməsi tərəifndən müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4475/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4475/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar