Məhkəmə qərarları › İş №2(103)-3940/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3940/2022

25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3940/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən avtomobilə vurulmuş zərərin əvəzi kimi 170 manat məbləğində pul vəsaitinin İddiaçı1 xeyrinə, sağlamlığa vurulan zərərin əvəzi kimi isə 750 manat məbləğində pul vəsaitinin İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş №2(001)-1332/22) iddia qismən təmin edilərək, Cavabdeh avtomobilə vurulmuş zərərin əvəzi kimi 170 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 09 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia-Cerato” minik markalı avtomobillə işıqforun qırmızı işığında dayanmış, həmin vaxt avtomobildə ondan başqa, qohumu İddiaçı2 da sərnişin olmuşdur. Cavabdeh idarə etdiyi, özünə məxsus “Ford Fusion” markalı avtomobillə onun idarə etdiyi avtomobili arxa hissədən vurmuş, hadisə yerindən yayınmışdır. Toqquşma nəticəsində avtomobilə 170 manat məbləğində zərər dəymiş, habelə, sərnişin İddiaçı2 burun nahiyyəsindən xəsarət almışdır. Cavabdeh idarə etdiyi avtomobil yol-nəqliyyat hadisəsi törədilən vaxt icbari qaydada sığortalı olmadığından sığorta şirkəti tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, qətnamədən yalnız İddiaçı2 apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Yəni, hazırkı apellyasiya baxışının predmeti iddianın təmin olunmayan hissəsidir və məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından görünür ki, “Ford Fusion minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.8-ci (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) maddələri ilə İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilinərək barəsində 200 manat inzibati cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı2 yüngül dərəcəli bədən xəsarəti almış, 12 noyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 15 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı2 bədənində aşkar olunmuş xəsarət – burun sümüyünün uc hissəsinin yerdəyişməsiz xətti sınığı ilə müşayiət olunan burun əsasının qançısı-şişkinliyi bərk-küt əşyanın təsirindən müayinədən 7-9 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərə vurmaya aiddir. İddiaçı2 bədənində aşkar olunmuş xəsarət 09 oktyabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. İddiaçının tələbi cavabdehdən sağlamlığa vurulan zərərin əvəzi kimi 750 manat məbləğində pulun tutulması barədədir. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,1096, 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı2 iddiasını əsassız sayaraq rədd etmiş və mövqeyini Cavabdeh məlum yol-nəqliyyat hadisəsi baş verən vaxt idarə etdiyi avtomobillə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinin mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun deyil və bu baxımdan həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İş üzrə iddiaçıya zərərin vurulduğu, bu zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulduğu, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması işin mübahisəsiz və aşkar halıdır. Hazırkı iddia tələbində İddiaçı2 750 manat pulu sağlamlığına dəymiş zərərin əvəzi kimi tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən göstərilən hissədə ona vurulan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də qətnamə qeyd olunan hissədə ləğv olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı2 verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar