Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3941/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.11.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilmədiyi əsas göstərilməklə qeyri-mümkün hesab edilməsi qərara alınmış, bu qərardada istinad edən birinci instansiya məhkəməsi 10.01.2022-ci il tarixli qərardadla apellyasiya şikayətini geri qaytarmışdır. Bundan sonra Cavabdeh nümayəndəsi növbəti dəfə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmənin 11 mart 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddətin ötürülməsinin səbəbi üzrlü hesab olunaraq müddətin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh qətnamədən şikayəti vaxtında vermiş, lakin şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır – bu isə o deməkdir ki, onun qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüş olması qənaətinə gəlmək mümkündür. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5162/2021 saylı iş üzrə 11 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3941/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3941/2022
12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver