Məhkəmə qərarları › İş №2(103)-3943/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3943/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3943/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1048/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 532/2021 nömrəli qətnaməsi ilə iddiaçı X18 ilə İddiaçı1 arasında 23 iyul 2018-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2387 nömrə ilə qeydə alınmış nikahın pozulması və 07 mart 2019-cu il təvəllüdlü X6 anası X10 yanında saxlanılması qət edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(011)- 50/2022 nömrəli qərarı ilə Bakı Şəhər BPİ-nin istintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X7 29 dekabr 2021-ci il tarixdə qərar qəbul edilərək, toplanmış material üzrə İddiaçı1 ilə Cavabdeh arasındakı mübahisə mülki xarakterli olduğundan, yəni Cavabdeh məqsədi İddiaçı1 aldadıb pulunu ələ keçirmək olmadığından, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri yaranmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin müvafiq qərarı ilə, İddiaçı1 Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 dekabr 2021-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.

3. İddiaçı2 ilə X21 arasında bağlanılmış və Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli 4Ə-172 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,71 kv.m olan mənzili 82000 manata X2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarış ilə Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, 24, M1, m2) X12 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma kimi əldə etmiş olduğu ümumilikdə 103000 manat pul vəsaitinin alınaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq uzun müddət ölkənin xaricdə maraqlarını təmsil etmişdir. 2016-cı ildə Azərbaycanda olarkən X18 ilə tanış olub ailə qurmaq məqsədi ilə el adəti ilə elçilik mərasimi etdirmişdir. Məzuniyyətdən qayıdanda Vəfanın atası Cavabdehlə danışaraq fərdi ev tikdirmək istədiyini ona bildirmişdir. Ailədə tək oğlan olduğu üçün və atası olmadığından inam və güvən hissi ilə Cavabdeh göndərəcəyi pul vəsaiti müqabilində evin tikintisinə nəzarət etməyinə razılaşmışlar. Xidməti zərurətlə əlaqədar Bakı şəhərinə yenidən gələ bilmədiyi üçün Səlimə poçt vasitəsilə 10000 manat göndərərək torpaq sahəsi almasını xahiş etmiş və xx.xx.2016-cı ildə Xəzər rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 6 sot torpaq sahəsi göndərdiyi pulun 9000 manatına alqı-satqı yolu ilə alınaraq Cavabdeh adına notarial qaydada rəsmiləşdirilmişdir. Həmin ilin oktyabr ayında tərəfindən Səlimə 4000 manat Bank vasitəsilə göndərilmiş və evin tikilişinə başlanılmışdır. Həmçinin, qeyd edilən səbəbə görə evin çertyoj-plan sənədi Səlimin adına sifariş olunmuşdur. Tikintinin gedişatı ilə bağlı şəkillər Səlim və nişanlısı tərəfindən mütəmadi olaraq ona telefon vasitəsi ilə göndərilmişdir. Ümumilikdə evin tikiliş və təmirinə torpaq sahəsi ilə birlikdə 124000 manat sərf etmişdir. Pulun 50000 manatını hissələrlə Bakıya səfər edən tanışları, poçt, bank və ya özü vasitəsilə Cavabdeh çatdırılmışdır. 83000 manatı isə 2018-ci ilin fevralında və ona məxsus olan Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən iki otaqlı mənzilin satışından əldə olunan pul vəsaiti anası İddiaçı2 tərəfindən evi alan Qasımov Elşadın və digər şahidlərin iştirakı ilə evin tikintisinə sərf etmək üçün Cavabdeh verilmişdir. 2018-ci ilin may ayında xidməti ezamiyyəti başa çatmış və Bakıya qayıdaraq həmin ilin iyulunda X18 ilə rəsmi nikaha daxil olmuşdur, nikahdan bir övladı X9 dünyaya gəlmişdir. Ailədaxili keçimsizlik, yola getməmələri səbəbindən 2020-ci il iyun ayının 29-dan etibarən Vəfayla ayrı yaşamağa başlamışlar. 2020-ci ilin oktyabr ayında isə Vəfa evin atası Cavabdeh adına olduğundan istifadə edib onu polislə hədələyərək evdən çıxmağını, əks halda isə məhkəmə orqanlarının 3 gün müddətində işə qarışacağını deyib hədələyərək ona vaxt vermişdir. Dövlət qulluğunda çalışdığını nəzərə alaraq, nüfuzuna xələl gəlməsini ehtiyat edərək və ailə üzvü bacısının dünyasını dəyişməsi və yas içində olduğunu nəzərə alaraq himayəsində olan anasını da götürüb kirayə evdə yaşamağa başlamışdır. Anasının baş verənlərlə bağlı keçirdiyi stresini düşünərək bir müddət Cavabdehlə danışıb məsələni qaydasına sülh yolu ilə qoyacaqlarını düşünmüşdür. Bundan sonra, ona dəfələrlə ev məsələsini sülh yolu ilə həll etməyi təklif edərək nikahdan əvvəl tikilməyinə baxmayaraq evi satıb övladının xatirinə yan hissəsini onlara verəcəyini demişdir. Sözdə razılıq versə də, evə real alıcılar çıxanda bəhanələr gətirərək evi satmaqdan imtina etmişdir. Kirayədə yaşadığını, borca düşdüyünü, aliment ödədiyini, bütün bunların çətinliyini nəzərə alıb evin satılmasını tələb etmiş, cavabdeh isə razılaşmamış və onun pul vəsaitlərini mənimsəmişdir.

6. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi Cavabdeh öz şəxsi vəsaiti hesabına alınmışdır. Belə ki, o uzun müddət fərdi sahibkar kimi fəaliyyət göstərmiş, həmçinin müxtəlif dövlət orqanlarında çalışmışdır. Halhazırda da Azərbaycan Respublikası Qida X1 və Təchizat departamentin direktor müavini, təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır. Hər zaman müəyyən qazancı olmuşdur və bu qazancla da torpaq sahəsi alaraq fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. Belə ki, iddia ərizəsində bununla bağlı göstərilən hallar həqiqəti əks etdirmir. Qeyd edilən fərdi yaşayış evi cavabdehin vəsaiti hesabına tikilmişdir. İddia tələbində göstərilən İddiaçı1 tərəfindən müəyyən pul vəsaitlərinin evin tikilməsi məqsədilə dostları, tanışları və digər vasitələrlə cavabdehə göndərildiyi iddiası da həqiqəti əks etdirmir. Eyni zamanda, guya iddiaçılara məxsus mənzilin satılaraq pulunun cavabdehə verilməsi barədə göstərdiyi fikirlər də həqiqəti əks etdirmir, iddiaçılar yetkin insanlardır və əgər hər-hansısa mənzili satıblarsa onlar, bu satışdan əldə etdikləri vəsaitin cavabdehə verilməsi barədə iddiaları həqiqəti əks etdirmir. Çünki iddiaçılar normal hüquq qabiliyyətli insanlardır, bu qədər vəsaitin iddiaçıya verilməsi ağlabatan olmamaqla yanaşı, gerçəklikdən də uzaqdır. Digər tərəfdən iddiaçıların öz iddia ərizəsində göstərdikləri kimi hal baş versəydi hal-hazırki dövrə qədər məhkəməyə müraciət etmiş olmalı idilər, lakin bu hal baş verməmişdir. İddia ərizəsində göstərilən digər hal guya cavabdeh tərəfindən onu polislə hədələməklə bağlı iddia doğru deyildir, çünki iddiaçı özü dediyi kimi ali təhsilli, dövlət qurumunda çalışan şəxsdir. O bilməlidir ki, bu kimi məsələlərdə polisin müdaxiləsi həm qanunla, həm də təcrübə baxımından mümkünsüzdür. Belə ki, bu kimi mübahisələr mülki iş kateqoriyasına daxil olduğundan hüquq mühafizə orqanlarının qarışması halı istisnadır.

7. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədhüseyn oğlu iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma kimi əldə etmiş olduğu ümumilikdə 83000 manat pul vəsaitinin alınaraq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Eyni zamanda, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədhüseyn oğlu məhkəməyə ərizə təqdim edərək, İddiaçı1 münasibətdə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1048/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 avabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi İddiaçı1 münasibətdə geri qaytarılmışdır.

10. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirlmiş şahid X13 ifadəsində bildirmişdir ki, iddiaçı ona məxsus olan evi oğlu X2. İddiaçı cavabdehi onlara qohumu kimi təqdim etmişdir. İddiaçı notariat ofisində evinin alqı-satqısı nəticəsində əldə etdiyi pulu paketə bükmüşdür. Pulu götürəndə cavabdeh orada olmuşdur. Daha sonra, iddiaçı pulu çöldə olan Jiquli avtomobilinin yanında cavabdehə vermişdir. İddiaçı özü də həmin maşına minmiş, cavabdehin qızı da həmin maşında idi. Şahid iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı oğlunu evləndirdiyindən evini satdığını bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq isə bildirmişdir ki, notariat ofisi Yasamal rayonunda yerləşən 528 nömrəli notariat ofisi idi. İddiaçı pulu cavabdehə göy rəngli Jiquli avtomobilinin yanında vermişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirlmiş şahid X21 ifadəsində bildirmişdir ki, 2018-ci ilin fevralında iddiaçıdan ev almışdır. İddiaçı alqı-satqı işlərindən başı çıxmadığından qardaşını da çağırmışdır. İddiaçının qardaşı kimi təqdim etdiyi Səlim və ya Salman adlı şəxs də gəlmişdir. İddiaçı ilə aralarında ona məxsus olan mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. X8 küçəsində yerəşən notariat ofisində bağlamışlar. Alqısatqı iki gün çəkmişdir. Birinci gün evin sənədləri təqdim olunmuş və onlar ödənişi etmiş, onlara bununla bağlı qəbz verilmişdir. İkinci gün isə həmin qəbzi notariat orqanına təqdim etmiş və onlara evin sənədləri verilmişdir. Qəbz də Almaz xanıma verilmişdir. Hər iki gün o, anası, Səlim adlı şəxs və iddiaçı notariat ofisinə getmişlər. İddiaçı Səlimlə birlikdə pulu götürərək maşına minib getmişlər. İddiaçı oğlunun ailə qurması ilə əlaqədar evi balaca olduğundan satdığını, torpaq alıb daha geniş ev tikəcəklərini bildirmişdir. Şahid cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, notariat ofisi Ələsgər Ələkbərov küçəsində yerləşirdi. Pulu iddiaçı Səlimə vermiş və onlar göy rəngli maşına minib getmişlər. O, həmin evi öz adına almışdır, anası həmin evdə qeydiyyatdadır. Şahid sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, o, pul olan paketi Səlimin əlində görmüşdür.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1048/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsi şahidlərin məhkəmədə verdiyi ifadələrlə bağlı ziddiyyət olması qənaitinə gəlməsi digər sübutlarla təkzib edilir. Bu sübutlar bir-birini təsdiq edir və tamamlayır. Pulun həqiqətən mövcudluğu və cavabdeh tərəfindən qəbul edilməsi mübahisəsiz qəbul edilən hallardır. Yasamal Rayon Məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə isə göstərməsə də iddiaçıya məlum olan vaxt dedikdə obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxt cavabdehin vəkilini göstərdiyi kimi 2020-ci ilin oktyabr ayından deyil, iş materiallarına əlavə edilmiş 10 fevral 2021-ci il tarixli Yasamal Rayon Məhkəməsinin nigaha xitam verilməsi barədə qətnaməsi ilə müəyyən olunmalıdır. Çünki iddiaçıya yalnız həmin vaxt məlum omuşdur ki, tərəflərin birgəyaşayışı mümkün deyildir. İddia ərizəsi isə xx.xx.2023-ci il tarixdə təqdim edilmişdir. İlkin mediasiya tədbiri isə iş materiallarına əlavə edilmiş mediasiya arayışından bir ay əvvələ təsadüf edir. Tərəflər arasında məhkəmə mübahisələri 29 dekabr 2021-ci ildən başlayaraq ilkin cinayət təqibi ilə əlaqədar Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il qərarı ilə yekunlaşmışdır, bu baxımdan da müddət ötürülməmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia tələbi üzrə qanuni əsas mövcud deyildir. Belə ki, iddiaçı Cavabdeh ilə iddiaçının oğlu İddiaçı1 arasındakı razılaşmaya əsasən, Cavabdeh iddiaçının oğlu İddiaçı1 üçün ev tikdirdiyini və həmin evin tikintisini tamamlamaq üçün öz evinin satışından əldə edilən pulu Cavabdeh verdiyini iddia edir. Qeyd edilənlər yalnız İddiaçı1 ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yaranması qənaətinə gəlməyə əsas verir. Yasamal Rayon Məhkəməsinin gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 1091.1, 1091.2 və 1092-ci maddələri ilə əsaslandırmaması maddi hüquq normalarının pozulmasıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, 24, M1, m 2) X12 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə, cavabdeh hüquqi əsas olmadan iddiaçının 83000 manat məbləğində pulunu alıması iş materialları ilə sübuta yetir. İddianın hüquqi əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Qanunvericiliyin tələbindən də görünür ki, öhdəliyin yaranma əsaslarından biri də əsassız varlanmadır. İş materiallarına əlavə edilmiş iddiaçının oğlunun cavabdehlə arasında olan watchap yazışmalarında 7 yanvar 2021-ci il yazışmasında qeyd etdikləri cavabdehin həqiqətən iddiaçıya borcunun etirafıdır. İş materiallarına əlavə edilmiş 29 dekabr 2021-ci il tarixli Bakı şəhər BPİ-ini müstəntiqi X5 cinayət işinin başlanmasının rədd qərarından da göründüyü kimi, iddiaçı oğlu ilə bərabər hələ toydan qabaq Hövsan qəsəbəsində onların vəsaiti hesabına tikilmiş mənzildə yaşamışlar. Bu baxımdan, iddianın hüquqi əsasını təşkil edən əsassız varlanma ilə bağlı tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun olmuşdur. Yasamal Rayon Məhkəməsinin işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutları MPMin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4 maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddiacı İddiaçı1 xx.xx.2016-cı il tarixdə Ərəb Əmirliyindən göndərmiş olduğu 197-687-0278 kodu ilə 500 0ABŞ dolları və xx.xx.2016-cı il tarixdə 081- 685-6722 kodu ilə 1200 ABŞ dollar vəsaitinin alıcısının müəyyənləşdirilməsi üçün Azərbaycan Republikası Mərkəzi Bankına sorğu verilməsinə dair vəsatətlər məhkəmə tərfindən əsassız olaraq rədd edilmiş, bununla da iddiacının sübutların təmin edilməsinə dair MPM-in 87-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeho oğlunun məhkəmə baxışında şəxsən iştirakının təmin edilməsinə dair verilmiş vəsatətə münasibət bildirməmişdir. Hakimdən şahid ifadələrinin yerində yoxlanılmasına dair yerində vəsatət təmini xahiş olunsa da verilmiş şifahi vəsatətlərə baxılmaması Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 184 və 87-ci maddəsinin tələblərini pozulması kimi qiymətləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1048/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

33. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

34. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

35. Belə ki, iddiaçı Cavabdeh ilə iddiaçının oğlu İddiaçı1 arasındakı razılaşmaya əsasən, Cavabdeh iddiaçının oğlu İddiaçı1 üçün ev tikdirdiyini və həmin evin tikintisini tamamlamaq üçün öz evinin satışından əldə edilən pulu Cavabdeh verdiyini iddia edir. Qeyd edilənlər yalnız iddiaçının İddiaçı1 ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yaranması qənaətinə gəlməyə əsas verir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibəti və digər münasibətlər yaranmamış, cavabdehin iddiaçı qarşısında hər hansı müstəqil öhdəliyi mövcud olmamışdır.

36. Göründüyü kimi, iddiaçının iddia tələbi üzrə qanuni əsas mövcud deyildir.

37. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

38. Hazırkı halda iddiaçı cavabdehdən tələb etdiyi 83000 manat pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilmə bilməz.

40. Kollegiya məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrinə münasibətdə isə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Hazırkı işdə şahid ifadələri ilə iddiaçının izahatı bir-birilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı izahatında pulu cavabdehə notariat ofisində, şahidlər isə notariat ofisindən kənarda avtomobilin yanında verdiyini bildirmişlər. Bu baxımdan həmin ifadələrin “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsi mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1048/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar