Məhkəmə qərarları › İş №2(103)-3943/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3943/2024

16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3943/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 2.503,98 manat, sağlamlığında yaranmış problemlər nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 4.300 manat, cəmi 6.803,98 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində cavabdehə məxsus olan və cavabdehin oğlu tərəfindən idarə olunan “Kia Cerato” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada zolağının üzərindən keçərkən iddiaçıya xəsarət yetirmişdir. Hadisə nəticəsində iddiaçının sağlamlığına xəsarət yetirilmiş, maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı ona vurulmuş zərərə görə kompensasiyanı belə əsaslandırır: həkim müayinələrinə ödənişlərə çəkilən xərclər - 263 manat; dərman vasitələrinin alınmasına çəkilən xərclər – 1.395,78 manat; nəqliyyat vasitələrinin (taksi, avtobus) xidmətindən istifadəyə çəkilən xərclər - 76 manat; qəza zamanı istifadəsi yararsız hala düşmüş gözlük, çanta, ayaqqabı - 749 manat; digər xərclər - 20 manat olmaqla, cəmi 2.503,98 manat. Sağlamlığında yaranmış problemlər nəticəsində dəymiş mənəvi zərəri iddiaçı 4.300 manat məbləğində qiymətləndirir. İş üzrə cavabdeh iddiaçıya dəymiş maddi və mənəvi zərəri ödəmir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 883,60 manat, mənəvi zərərin əvəzi olaraq 700 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təqsiri üzündən iddiaçıya fiziki xəsarət yetirildiyi, maddi və mənəvi ziyan vurulduğu müəyyən edilsə də, ziyanın miqdarı tam sübut edilmədiyindən iddia qismən əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan xərcləri məhz cavabdeh tərəfindən vurulmuş ziyanla bağlı çəkməsinin müəyyən edilməməsinə baxmayaraq, Rayon Məhkəməsi cavabdeh tərəfindən vurulmamış ziyana görə pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməklə maddi hüquq normalarını pozmuşdur. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iştirak etmiş tərəfin izahatı barədə məlumat

7. Cavabdeh apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi .

e) apellyasiya baxışının hədləri barədə məlumat

9. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

10. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilərək, cavabdehə məxsus “Kia Cerato” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün – cavabdehin övladı X5 Azərbaycan Respublikası İXM-in 332.2ci maddəsinin və avtomobilin sahibi olan cavabdehə İXM-in 335.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokollar tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın sürətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsini qərara almışdır.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(004)- 65/2023 saylı qərarından görünür ki, həmin qərarla hazırki iş üzrə iddiaçının şikayətinin təmin edilməsi, Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyevin qəbul etdiyi və yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qərarın qanunsuz hesab olunaraq ləğv edilməsini, qərarda göstərilənlər nəzərə alınaraq, pozuntuların aradan qaldırılması üçün material üzrə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlərin yerinə yetirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru tərəfindən cinayət-prosessual qanunvericiliyə uyğun araşdırılmaya nəzarət həyata keçirilməsini qərara alınmışdır.

16. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasından CPM-in 39.1.2-ci maddəsinə əsasən imtina olunmuşdur.

17. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(004)-132/2023 saylı qərarından görünür ki, Yasamal RPİ-nin TŞ-nin qeyd edilən xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir.

18. Yasamal RPİ tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin övladı Həsən Vəliyev İXM-in 332.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə isə cavabdeh İXM-in 335.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

19. İşdə olan xx.xx.2023-cü il tarixli Uroloqun müayinəsi nəticəsi olaraq verilmiş arayışdan görünür ki, iddiaçının dediyinə görə 11.04.23-də 12:15 radələrində işdən çıxarkən Ə.Ələkbərov küçəsində onu avtomobil vurmuşdur. Yol polis xidmətinin əməkdaşları iddiaçını xəstəxanaya çatdırılmışdır. Orada iddiaçı müayinə olunmuş (rentgen, MRT) və onun sol tərəfində, çiyin qurşağı sol dirsək, çanaq, sol bud, sol baldır nahiyəsindəki ağrı şikayətləri olmuşdur. Hal-hazırda iddiaçı sol çiynindəki, sol bud-çanaq oynağı, sol baldırın orta 1/3-də olan ağrılardan şikayətlənir. Diaqnoz: sol çiyin nahiyyəsinin sol dirsək, sol-bud-çanaq oynağı nahiyəsinin, sol baldırın orta 1/3-nin əziyi. Müalicə üçün tövsiyə olunmuş dərman preparatları: 1) “Diklofenak” 3.0 X1 dəfə 5 gün gündə 2 dəfə. 2) “Etoflex” gündə 2 dəfə.

20. “Bioloji Təbabət” Klinikasının xx.xx.2023-cü il tarixli, BT 1/170 saylı arayışından görünür ki, iddiaçıya sol budun bayır səthinin yuxarı 1/3 nahiyəsinin yumşaq toxumasının əzilməsi, hematoma, qançır diaqnozu qoyulmuşdur.

21. İddiaçının adına verilmiş ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsindən” görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti olaraq başqa işə keçirilməsi, xx.xx.2024-cü ildən işə başlaması müəyyən olunmuşdur.

22. İddiaçının “Dupleks angioskan” müayinəsinə əsasən ultrasəs müayinədə üst və dərin venaların keçiriciliyi pozulmayıb, tromb əlamətləri qeyd edilməyib. BDV və KDV diametrləri normaldır, patoloji reflüks aşkar edilmir. Dərin venaların qapaq sistemi funksioanaldır. Restikular varikoz. C-1 (CEAP) diaqnozu qoyulmuşdur.

23. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, 5 ədəd “Diklofenak” 75mg 3ml ampul, 2 ədəd 5 ml şpris, 1 ədəd “Nimesil”, 1 ədəd pambıq, 1 ədəd tibbi spirt üçün iddiaçı tərəfindən 3.61 manat məbləğində ödəniş edilmişdir.

24. İşdə olan 3286 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1 ədəd boyunluğun alınması üçün iddiaçı tərəfindən 15 manat məbləğində ödəniş edilmişdir.

25. “Audiomed” Eşitmə Mərkəzinin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, tibbi xidmətə görə iddiaçı tərəfindən 35 manat məbləğində ödəniş edilmişdir.

26. “Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının” xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, otorinlarinqoloun müayinəsinə görə iddiaçı tərəfindən 50 manat məbləğində ödəniş edilmişdir.

27. “Bioloji Təbabət” Klinikasının xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, həkim terapevt müayinəsinə görə iddiaçı tərəfindən 50 manat məbləğində ödəniş edilmişdir.

28. “Kəpəz Hospitalın” xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, oftalmoloq müayinəsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində ödəniş edilmişdir. Həkim məsləhətinə əsasən iddiaçıya: 1) Augenstock lubricant 0.2% gündə 3 dəfə 1 damla iki gözə + 3-dür 2) Augenstock lotopred plus gündə 2 dəfə 1 damla iki gözə 2 – 3) Nixor tub 20 mg 1 tab səhər 1 tab axşam 2 ay qəbul etməsi tövsiyə olunmuşdur.

29. "xxxx" İstehsal Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Augenstock lubricant 0.2%, Augenstock lotopred plus və Nixor tub 20 mg üçün iddiaçı tərəfindən cəmi 28,93 manat məbləğində ödəniş edilmişdir.

30. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli satış qəbzindən görünür ki, optik şüşələrə görə iddiaçı tərəfindən 521 manat məbləğində ödəniş edilmişdir.

31. “Avrasiya Hospitalın” xx.xx.2023-cü il tarixli qaimə-fakturasından görünür ki, fleboloqun müayinəsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödəniş edilmişdir.

32. İddiaçının “Bolt” Taksi xidmətindən istifadəsi ilə əlaqədar ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə Respublika Klinik Xəstəxanasından Kazım Kazımzadə küçəsi, 75 ünvana gediş haqqı 2,91 manat; xx.xx.2023-cü il tarixdə “Gənclik Malldan” X6 gediş haqqı 4,23 manat; xx.xx.2023-cü il tarixdə X3 Yasamal Rayon Polis İdarəsinə gediş haqqı 2,26 manat; xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Polis İdarəsindən Respublika Klinik Xəstəxanasına gediş haqqı 1,60 manat; xx.xx.2023-cü il tarixdə Respublika Klinik Xəstəxanasından Ələsgər Ələkbərov 98 ünvanına gediş haqqı 2,32 manat; xx.xx.2023-cü il tarixdə Kazım Kazımzadə küçəsi məhəllə 534 ünvanından X6 gediş haqqı 2,77 manat; xx.xx.2023-cü il tarixdə Akademik M.A.Topçubasov adına X11 ünvanından “Referans” Poliklinikasına gediş haqqı 2,43 manat; xx.xx.2023-cü il tarixdə “AUDİOMED” eşitmə mərkəzindən X9 gediş haqqı 2,77 manat; xx.xx.2023-cü il tarixdə Kazım Kazımzadə 73 ünvanından Elmlər Akademiyası metrosu yaxınlığına gediş haqqı 1,76 manat; xx.xx.2023cü il tarixdə X12 534 1-dən X10 gediş haqqı 2,08 manat; xx.xx.2023-cü il tarixdə X7 Kazım Kazımzadə küçəsi 125a ünvanına gediş haqqı 1,87 manat; xx.xx.2023-cü il tarixdə X3 Kazım Kazımzadə küçəsi 71 ünvanına gediş haqqı 1,76 manat; xx.xx.2023-cü il tarixdə Azadlıq prospekti 128a ünvandan X14 prospekti 98-ə gediş haqqı 4 manat; 20.04.23-cü il tarixdə X14 Pr.34 ünvanından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına gediş haqqı 2,45 manat; 20.04.23-cü il tarixdə Yasamal Rayon Polis İdarəsindən CELT College Elmlər filialına gediş haqqı 1,89 manat; 05.05.23-cü il tarixdə Hüseyn Cavid 95A-dan Xarici Dairəvi 18a-ya gediş haqqı 4,65 manat; 12.05.23-cü il tarixdə Kazım Kazımzadə 73 ünvanından Yasamal Rayon Məhkəməsinə gediş haqqı 1,92 manat; 26.05.23-cü il tarixdə X7 X14 Pr. 34 ünvanına gediş haqqı 2,22 manat; 26.05.23 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və X2 Rayon Polis İdarəsinə gediş haqqı 2,51 manat; 26.05.23 Yasamal Rayon Polis İdarəsindən Bakı Dövlət Universitetinə gediş haqqı 1,76 manat; 26.04.23-cü il tarixdə Bakı Dövlət Universitetindən Yasamal rayon Prokurorluğuna gediş haqqı 2,24 manat; 02.06.23-cü il tarixdə X7 X14 Pr. 34 ünvanına gediş haqqı 2,40 manat; 20.07.23 Kazım Kazımzadə 73 ünvanından Yasamal Rayon Polis İdarəsinə gediş haqqı 2,13 manat; 20.07.23-cü il tarixdə Yasamal Rayon Polis İdarəsindən Akademik Həsən Əliyev 17-yə gediş haqqı 1,92 manat təşkil edir.

33. Digər xərclərin ödənişi cədvəlindən görünür ki, iddiaçı tərəfindən çəkilmiş xərclər aşağıdakı kimi olmuşdur: ekspertizaya təqdim etmək üçün şəkillərin çıxarılması (2 nüsxə) 9 manat; məhkəməyə şikayət ərizəsinin poçtla sifarişli göndərişi (3 dəfə) 8,40 manat; Daxili işlər Nazirliyinə ərizənin poçtla sifarişli göndərişi 2,80 manat.

34. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin övladı Həsən Vəliyev xx.xx.2023-cü il tarixində saat 12:15 radələrində cavabdehə məxsus avtomobillə Yasamal rayonu Ə.Ələkbərov küçəsində hərəkətdə olduğu zaman piyada zolağından keçən iddiaçını vurmuşdur. Bunun nəticəsində (Məhkəmə-tibb ekspertizasının 376 nömrəli rəyinə əsasən) iddiaçı, onun sağlamlığa zərər vurmayan xəsarət almışdır. Hadisə ilə əlaqədar cavabdeh və onun övladı inzibati qaydada cərimə olunmuşlar.

35. Hazırda iddiaçı, cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

36. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (maddə 1108.1.).

37. Təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehin təqsiri üzündən sağlamlığına dəymiş ziyanla bağlı həkim müayinələrinə ümumilikdə 265 manat, dərmanlara 47,54 manat, optik eynəyə 521 manat, taksi xidmətlərinə görə 38,86 manat, poçt xidmətlərinə görə isə 11,2 manat məbləğində xərc çəkmişdir.

38. Məhkəmə həmçinin qətnamənin vurulmuş mənəvi ziyanın əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

39. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

40. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

41. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

42. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

43. Rayon Məhkəməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlərin yetirilməsinin, bununla əlaqədar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq mənəvi zərərin tutulması hissəsində iddia tələbini qismən təmin etməklə, cavabdehdən 700 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi

44. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehin özünə aid edilməlidir.

46. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

47. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar