Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3946/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Quliyev Müslüm Əkrəm oğlunun nümayəndəsi (qardaşı) Quliyev Nəbi Əkrəm oğlunun iştirakı ilə, İddiaçı Quliyev Müslüm Əkrəm oğlunun cavabdeh Mirzəzadə Siyavuş Vaqif oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-134/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Quliyev Müslüm Əkrəm oğlu cavabdeh Mirzəzadə Siyavuş Vaqif oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinə vurduğu maddi zərərin əvəzi olaraq 5000 manat pulun və dövlət rüsumuna ödədiyi 30 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının 199 saylı 294 2.2010-cu il tarixli sərəncamına əsasən, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsində yerləşən 11 saylı evin 3 saylı mənzilin əsas kirayədarıdır. Mənzil 5 otaqlı olmaqla, yaşayış sahəsi 65,03 m2, ümumi sahəsi isə 98,19 kv. metrdir. Həmin mənzil cavabdeh Mirzəzadə Siyavuş Vaqif oğluna məxsus 5 saylı mənzilin altında yerləşir. 2008-ci ildən başlayaraq cavabdeh mütəmadi olaraq həmin mənzilindən iddiaçının mənzilinə daima su axıtmışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək bu hərəkətlərinə son qoymasını xahiş etsə də, heç bir nəticə olmamışdır. xx.xx.2020-ci il tarixdə cavabdehin növbəti dəfə mənzilindən axan gur su nəticəsində iddiaçıya məxsus mənzilin bütün otaqlarını su basmış, bunun da nəticəsində mənzilin 2 otağının alçıbanı, 4 otağının laminatı, divar kağızları və taxta qapıları yararsız hala düşmüş, eləcə də mənzilin bütün elektrik xətləri sıradan çıxmışdır. Baş vermiş bu hadisə ilə bağlı həmin gün Suraxanı rayon 105 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları iddiaçının mənzilinə baxış keçirmiş, cavabdeh tərəfindən mənzilinə su axıdılması faktı təsdiqlənmiş və su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi və təkrar təmirə ehtiyac olması barədə akt tərtib edilmişdir. Cavabdehə, vurduğu həmin maddi zərərin əvəzini ödəməsi və ya iddiaçının mənzilini təmir etdirməsi təklif olunsa da, cavabdeh bundan qəti şəkildə imtina etmişdir. İddiaçı cavabdehin bu qanunsuz hərəkəti barədə Suraxanı rayon 33-cü Polis Bölməsinə şikayət etsə də, şikayəti araşdıran sahə müvəkkili tərəfindən ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən onun mənzilinin yararsız hala salması nəticəsində ona 5000 manat maddi zərər dəymişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-134/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh Mirzəzadə Siyavuş Vaqif oğlundan iddiaçı Quliyev Müslüm Əkrəm oğlunun xeyrinə 1.730 manat məbləğində maddi zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.760 manat məbləğində pul vəsaitinin tutulması, məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 100 manatın Mirzə-zadə Siyavuş Vaqif oğlundan alınaraq dövlət büdcəsinə, göstərilən hesaba keçirilməsi: (Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) qət edilmişdir. Qətnamədən iddiaçı M.Quliyev apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmənin əsassız olaraq məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanaraq qəbul etdiyi, əsalində mənzilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməli olduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şiakyətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünkü, iddiaçı yalnız həmin hissədə qətnaməni mübahisələndirmiş, cavabdeh isə onu ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının 294 2.2010-cu il tarixli 199 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 №-li evin, yaşayış sahəsi 65,03 kv.m olan 5 otaqlı,3 №-li mənzilinə kirayə müqaviləsi 6 nəfər ailə tərkibi ilə (özü, 2 bacısı, qardaşı, 2 bacısı uşağı) Quliyev Müslüm Əkrəm oğlunun adına dəyoşdirilmiş və o, həmin mənzilin kirayəşisi hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsindəki 11 №-li evin, 5 saylı mənzili Mirzəzadə Siyavuş Vaqif oğlunun mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 10/2867 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 saylı evin 3 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan 105 saylı MKİS-in əməkdaşları tərərfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsindəki 11 saylı evin 3 saylı mənzilinə yuxarı mərtəbədəki 5 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S. Cəfərov küçəsindəki 11 saylı evin 3 saylı mənzilinın tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətinə uyöun olaraq təqribən 1.730 manat məbləğində müəyyən edilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə kollegiyası cavabdehin ona məxsus mənzildən iddiaçının mənzilinə su axıdılmasını mübahisələndirmədiyini də nəzərə alaraq sözügedən mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyəti məhz onun daşıması barədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini vurğulayır və bununla bağlı əlavə araşdırma aparmayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində onun mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin 1730 manat olduğu təsbit olunmuş, iddiaçı isə bu məbləğin daha çox olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-134/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3946/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3946/2021
14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver