Məhkəmə qərarları › İş №2(103)-3949/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3949/2023

16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3949/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Ağaveys Şahverdinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı cavabdehin keçmiş qayınatasıdır, onun qızı Nigar Məmmədova (Abdullayeva) cavabdeh ilə nikahda olub, nikah pozulub. Hazırda tərəflərin arasındakı mübahisə Nərimanov rayonu, Kazım Kazımadə küçəsi, 802-803-cü məhəllə, ev № 30D-də yerləşən 54 №-li mənzillin təmirinə və kommunal ödənişlərinə çəkilən xərc barədədir. Nikah pozulduqdan sonra keçmiş ər-arvad (iddiaçının qızı və cavabdeh) arasında əmlak mübahisəsi yaranıb, başqa iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi ilə onların hər birinin mənzildə payı ½ hissə müəyyən edilib. Həmin qətnamə ilə məhkəmə müəyyən edib ki, mənzil iddiaçının qızı ilə cavabdehin nikahda olduğu müddətdə əldə edildiyinə görə ərarvadın ümumi əmlakıdır. İddiaçının tələbi: İddia ərizəsində tələb olunub ki, 68.500 manat cavabdehdən tutularq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, mənzilin təmiri iddiaçının vəsaiti hesabına həyata keçirilib, təmirə 123.000 manat xərc çəkilib. Bundan başqa, iddiaçı mənzilin kommunal xərcinə 14.000 manat pul ödəyib. İddiaçı bütün bu xərci qızı üçün çəkib, lakin xərcin çəkilməsindən sonra mənzildə cavabdehin payı ½ hissə müəyyən edilib, ona görə hesab edir ki, 137.000 manatın (123.000 manat + 14.000 manat) ½ hissəsi, yəni 68.500 manat əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya etiraz edib. Etiraz onunla əsaslandırılıb ki, mənzil cavabdeh ilə keçmiş arvadının (iddiaçının qızının) nikahda olduğu müddətdə əldə edilib, nikah pozulduqdan sonra məhkəmə qətnaməsi ilə mənzildə onların hər birinin payı ½ hissə müəyyən edilib. Mənzil həqiqətən təmir olunub, lakin təmir xərci cavabdehin özü tərəfindən çəkilib. Kommunal xərcin ödənilməsi üçün cavabdeh heç vaxt iddiaçıya müraciət etməyib, iddiaçı cavabdehin əvəzinə kommunal xərc ödəməyib. Tələbin həlli: Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, tələbdə göstərilən hallar sübut olunmadı. Qətnamədə hər hansı maddi hüquq normasına istinad olunmayıb. Apellyasiya şikayəti: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tələb edib ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Şikayət onunla əsaslandırılıb ki, qətnamədə heç bir maddi hüquq normasına istinad olunmayıb, işin halları düzgün müəyyən edilməyib, birinci instansiya məhkəməsi əsassız varlanma institutunun mahiyyətinə varmadan səhv nəticəyə gəlib. İzahatlar: Apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğunu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Ağaveys Şahverdi yuxarıda qeyd olunan etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi Apellyasiya şikayətinin həlli: Apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Təmir xərci barədə: Təmir xərcinin kim tərəfindən çəkilməsi barədə mübahisə var. Hər tərəf bildirir ki, təmir xərcini özü çəkib. Təmirlə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməyib, iddiaçı isə sübut təqdim edib. Belə ki, iddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsində 2 şahid dindirilib. Məhkəmə iclas protokolundan görünür ki, şahidlərdən biri bildirib ki, 9 il əvvəl mənzildə divar kağızı və alçipan vurub, pulu iddiaçıdan alıb. Digər şahid bildirib ki, 2011- 2012-ci illərdə mənzili təmir edib, cavabdehi 1 dəfə görüb. Şahidlərin ifadəsində başqa məlumat yoxdur. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi “X1” MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə görə, mənzilin təmirinə sərf olunmuş vəsaitin təqribi dəyəri 123.900 manat təşkil edir. Şahidlərin ifadəsi təmir xərcinin bütünlüklə iddiaçı tərəfindən çəkildiyini müəyyən etmək üçün kifayət deyil. Birinci, şahidlərin ifadəsindən aydın deyil ki, onların hər biri mənzildə hansı həcmdə təmir işləri görüb. Təmir zamanı mənzildə müxtəlif növ işlər görülür. Bütün növ təmir işlərinin məhz həmin 2 şahid tərəfindən həyata keçirildiyi müəyyən olunmur. İkinci, mənzilin təmiri yalnız usta işindən ibarət deyil, təmir üçün zəruri olan materialların alınması və digər xərclər də təmir xərcinə daxilidir. Bu xərcin hamısının iddiaçı tərəfindən çəkildiyi müəyyən olunmur. Lakin təmir xərcinin kim tərəfindən ödənilməsinin mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Təmir işlərinin görülməsinə dair münasibət podrat münasibəti hesab olunur. Həmin münasibətin 2 tərəfi var: sifarişçi və podratçı. Əgər podrat münasibətinin tərəfi (sifarişçi) iddiaçı olubsa, bu halda təmir xərcini ödəmək onun vəzifəsi olub. Belə ki, podratçıya muzd ödəmək sifarişçinin öhdəliyidir (Mülki Məcəllə, maddə 752.1). Əgər podrat münasibətinin tərəfi (sifarişçi) iddiaçının qızı olubsa, lakin iddiaçı muzdu qızının əvəzinə podratçıya ödəyibsə, bu, öhdəliyin üçüncü şəxs tərəfindən icrası hesab olunur (Mülki Məcəllə, maddə 431.1). Hər iki halda iddiaçı, qızı ilə cavabdehin nikahının pozulmasından sonra həmin xərcin yarsını cavabehdən tələb edə bilməz. Çünki iddiaçının özü bildirir ki, təmir xərcini qızının mənafeyi üçün və qızı tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən ödəyib. Belə halda təmir xərcinin maddiləşmiş nəticəsi (təmir) mənzilin tərkib hissəsinə çevrilir. Çünki Mülki Məcəllənin 135.10-cu maddəsinə görə, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Mənzil isə bütün tərkib hissələri ilə birlikdə iddiaçının qızına məxsus olub. Daha sonra məhkəmə qaydasında müəyyən olunub ki, mənzil ər-arvadın (iddiaçının qızı ilə cavabdehin) ümumi əmlakıdır və mənzildə onların payları bərabərdir. Əgər iddiaçı qızının mənafeyi üçün mənzilin təmirinə xərc çəkibsə və bu sübut olunubsa, belə halda iddiaçının qızı bu halın onun diqqətəlayiq mənafeyi kimi nəzərə alınmasını və mənzildə payların qeyri-bərabər müəyyən edilməsini (onun payının daha çox müəyyən edilməsini) tələb edə bilərdi (Ailə Məcəlləsi, maddə 37.2). Lakin məhkəmə qətnaməsi ilə mənzildə payların miqdarı bərabar müəyyən edilib. Həmin qətnamədə “mənzil” deyildikdə təmir də nəzərdə tutulub, çünki yuxarıda qeyd olunduğu kimi təmir işlərinin maddiləşmiş nəticəsi mənzilin tərkib hissəsidir. Beləliklə, iddiaçı təmir xərci barədə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Kommunal xərc barədə: İddiaçı iddia ərizəsində bildirib ki, xx.xx.2017-ci ildən hazıra qədər mənzilin kommunal xərcinə görə 14.000 manat ödəyib. Kommunal xərc barədə MTK-nın xx.xx.2022-ci il tarixli arayışı iş materiallarına əlavə edilib. Həmin arayışda qeyd olunub ki, həmin mənzilə görə xx.xx.2017-ci ildən etibarən hər ay 200 manat kommunal xərc iddiaçı tərəfindən ödənilib. İddiaçı bildirir ki, kommunal xərci qızının mənafeyi üçün və qızı tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən ödəyib. Sonradan məhkəmə qaydasında mənzil ər-arvadın (iddiaçının qızı ilə cavabdehin) ümumi əmlakı sayılıb və payların bərabər olması müəyyən edilib. Bundan sonra iddiaçı əsassız varlanma qaydalarına istinad edərək 14.000 manatın yarısını cavabdehdən tələb edib. Bu tələbə əsassız varlanmaya aid qaydalar tətbiq edilə bilməz. Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir (Mülki Məcəllə, maddə 1091.1). Lakin cavabdeh iddiaçının hesabına əmlak əldə etməyib. Bu hal öhdəliyin üçüncü şəxs tərəfindən icrası hesab olunur. Belə ki, kommunal xərcləri ödəmək öhdəliyi mənzilin məxsus olduğu şəxsə aiddir. Kommunal xərc barədə MTK-nın arayışında qeyd olunub ki, mənzil iddiaçının qızına məxsusdur. Ona görə də kommunal xərcin iddiaçı tərəfindən ödənilməsi öhdəliyin (iddiaçının qızına aid öhdəliyin) üçüncü şəxs tərəfindən icrası hesab olunur (Mülki Məcəllə, maddə 431.1). Öhdəlik üçüncü şəxs tərəfindən icra edildikdə əsassız varlanma baş vermir, kreditorun borcluya qarşı tələb hüququ üçüncü şəxsə keçir. İddiaçı tərəfindən kommunal xərc ödənilərkən mənzilə dair cavabdehin adına hüquq müəyyənedici sənəd olmayıb, MTK arayışında qeyd olunub ki, mənzil iddiaçının qızına məxsusdur. Reyestr çıxarışından görünür ki, iddiaçının qızı ilə cavabdehin (keçmiş ər-arvadın) mənzil üzərində paylı mülkiyyət hüququ xx.xx.2022-ci ildə dövlət reyestrində qeydə alınıb. Odur ki, bu tarixədək iddiaçı tərəfindən ödənilmiş kommunal xərc cavabdehin öhdəliyinin üçüncü şəxs (iddiaçı) tərəfindən icrası hesab olunmur. İddiaçı həmin tarixdən sonra cavabdehin əvəzinə ödədiyi kommunal xərcə görə cavabdehə qarşı tələb irəli sürə bilər. xx.xx.2022-ci ildən sonra iddiaçının cavabdehin əvəzinə kommunal xərc ödəməsi müəyyən olunmur. Beləliklə, iddiaçı kommunal xərc barədə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və tətbiq edilən maddi hüquq normasını göstərmədiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar