Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-396/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlak üzərinə səhvən qoyumuş həbsin götürülməsi” tələblərinə dair iddia ərizələrinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadından iddiaçıların nümayəndələri tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, İddiaçı2 Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci, 29, 179.3.1-ci, 29, 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsi ilə əlaqədar cinayət işinin icraatı zamanı üzərinə həbs qoyulmuş və barələrində xüsusi müsadirə tətbiq edilmiş bir sıra əmlakların üzərindən həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 31 may 2021ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul olunmasından ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsas göstərilməklə imtina olunaraq iddiaçılara, cinayət prosesini həyata keçirən orqanın qərarlarından (hərəkətlərindən) məhkəmə nəzarəti qaydasında şikayət etmək, yaxud müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüquqlarının olduğu izah edilmişdir. Həmin qərardaddan iddiaçıların nümayəndələrinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətini müdafiə edən nümayəndəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmaqla qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə görə isə, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar, onlara məxsus olduğunu iddia etdikləri əmlakların üzərinə cinayət işinin icraatı zamanı səhvən həbs qoyulduğunu, sonradan isə həmin əmlaklar barəsində məhkəmənin xüsusi müsadirə cinayət-hüquqi tədbirini tətbiq etdiyini irəli sürmüşlər; yuxarıda göstərilən qanunvericilik müddəalarına görə isə, bu cür iddialara mülki mühakimə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi də Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsini Milli Məclisə tövsiyə etmiş, eyni zamanda, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsinin sonuncuları qanunvericiliklə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə biləcəyini vurğulamışdır. Mübahisəyə inzibati məhkəmədə baxılmalı olması ilə bağlı məhkəmənin qənaətinə münasibətdə kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıların iddia ərizələri üzrə mülki mühakimə icraatının mümkünlüyü məsələsi təkrarən müzakirə olunmalı, icraata götürüləcəyi təqdirdə iddiaya mahiyyəti üzrə baxılaraq onun təmin olunub-olunmaması üçün əsasların mövcud olub-olmadığı araşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4855/2021 saylı iş üzrə 31 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-396/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-396/2022
31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver