Məhkəmə qərarları › İş №2(103)-3961/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3961/2022

27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3961/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-242/22 saylı, 24.02.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə ("xxxx" MMC və Cavabdeh3 cavabdeh qismində cəlb edilmişdir) zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-242/22 saylı, 24.02.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cəmi 4.628 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və "xxxx" MMC-yə münasibətdə tam və Cavabdeh2 münasibətdə digər hissədə rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsini, iddiasının tam təmin edilməsini və pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2 və 8.4.11-ci maddələrinə müvafiq olaraq iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilməlidir. Qanunun 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehlərdən müştərək qaydada dəymiş ziyanın əvəzi olaraq 10244 manat pulun tutulması ilə bağlıdır. MPM-in 112.1.3-cü və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə müvafiq olaraq hazırkı apellyasiya şikayəti üzrə 15 manat dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçının apellyasiya şikayətindən görünür ki, şikayət üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunan səbəblərdən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə lazımi şəkildə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-242/22 saylı, 24.02.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar