Məhkəmə qərarları › İş №2(103)-3969/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3969/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3969/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” Şirkəti ASC-nin nümayəndəsi İsmayılov Turqut Həsən oğlunun, cavabdeh Kazımov Vladimir Ramizoviçin nümayəndəsi (arvadı) Kazımova Səbinə Ələsgər qızının iştirakları ilə, İddiaçı “xxxx” Şirkəti ASC-nin cavabdehlər Kazımov Vladimir Ramizoviç, Əsgərov Afiq Rafiq oğlu və Paşşanov Təvəkkül Mübariz oğluna qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəimanov Rayon Məhkəməsinin 2(005)-1573/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Kazımov Vladimir Ramizoviç tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Kazımov Vladimir Ramizoviç, Əsgərov Afiq Rafiq oğlu və Paşşanov Təvəkkül Mübariz oğlundan 1510 manat sığort aödənişi və onun xeyrinə 500 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Kazımov Vladimir Ramizoviç xx.xx.2013-cqü il tarixdə idarə etdiyi “BMW 320” markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Xırdalan yolunda manevretmə qaydasını pozaraq Azadov Elşən Nazim oğluna məxsus və “xxxx” Sığorta Şirkətində sığortalanmış “Merceds Benz C 230” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra Hyundai Santa Fe” markalı 20DC 820 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Kazımov Vladimir Ramizoviç mülkiyyətində olan “BMW 320” markalı ** GE *** dövət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün öənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Əsgərov Afiq Rafiq oğlunun təqsirli olması DYPİ-nin AYP 724948 saylı İnzibati Xəta haqqında Protokolunda öz əksinin tapmışdır. Bakı şəhəri Nəimanov Rayon Məhkəməsinin 2(005)-1573/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Kazımov Vladimir Ramizoviç apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini avtomobilin onun istifadəsində olmadığına baxmayaraq iddianən ona qarşı da əsassız olaraq təmin edildiyi arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Kazımov Vladimir Ramizoviçin nümayəndəsi Səbinə Kazımova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın Vladimir Kazımova münasibətdə təmin olunmasına dair hissədə yoxlanılması təşkil edir. Belə ki, Vladimir Kazımov şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki o qətnaməni yalnız özünə münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə Kazımov Vladimir Ramizoviçə münasibətdə iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən xx.xx.2013-cü il tarixdə Əsgərov Afiq Rafiq oğlu tərəfindən idarə olunan “BMW 320” MARKALİ, ** GE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hadisə törədilərkən “Mercedes Benz C230 markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İddiaçı tərfindən dəymiş ziyan aradan qaldırılaraq 1510 manat məbləğində sığorta ödənişi sığortalıya ödənilmişdir. AN-752512 nömrəli xx.xx.2009-cu il tarixli Etibarnamədən görünür ki, “BMW 320” MARKALİ, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Kazımov Vladimir Ramizoviç tərəfindən Əsgərov Rafik İbrahim oğluna və Əsgərov Afiq Rafiq oğluna otuz il müddətinə - xx.xx.2039-cu il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə isə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Yuxarıda qeyd olunduğu kimi, “BMW 320” MARKALİ, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi olan Vladimir Kazımov tərəfindən xx.xx.2009-cu il tarixdə etibarnamə əsasında Əsgərov Rafik İbrahim oğluna və Əsgərov Afiq Rafiq oğluna etibar edilmiş, avtomobil Afiq Əsgərovun idarəetməsində olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, yüksək təhlükə mənbəyi hesab edilən “BMW 320” MARKALİ, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil Vladimir Kazımovun sahibliyindən hüquqa zidd şəkildə götürülməmişdir; yuxarıda qeyd olunduğu kimi onun tərəfindən hadisəni törətmiş şəxsə etibarnə verilmiş və avtomobil onun qanuni istifadəsində olmuşdur. Mülki Məcəllənin 1108.2-ci maddəsinin mənasına görə, adı çəkilən şəxs (Vladimir Kazımov) həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi avtomobilin mülkiyyətçisi olan Vladimir Kazımova münasibətdə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəimanov Rayon Məhkəməsinin 2(005)-1573/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Kazımov Vladimir Ramizoviçə qarşı təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar