Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3973/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(009)-122/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 1900 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə özünə məxsus Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində, istixana deyilən ərazidə yerləşən təmirsiz evi təmir etdirib müalicəsi üçün satmaq istəmişdir. Bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan Cavabdeh ilə danışaraq şifahi razılığa gəlmişlər. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh evin təmirinə çəkiləcək bütün xərcləri özü çəkməli, ona evin satış qiymətini, yəni 14000 manat verməli idi. Lakin Vüqar işə başladıqdan bir müddət sonra pulun qurtardığını bəhanə gətirərək işi saxladı. O buna irad tutanda Vüqar bildirdi ki, evin təmiri üçün bəzi köməklikləri etsin, ev satılanda hamısını qaytaracaqdır. İddia ərizəsinə əlavə etdiyi xəstəlik barədə sənədlərdən də görünür ki, o, ağır xəstədir. Daima həkim nəzarəti altında və müalicədə olmalıdır. O, müalicə üçün pul lazım olduğunu nəzərə alaraq təqaüd pulunu və yaxınlarının ona müalicə üçün verdikləri pulları Vüqara vermişdir. Əvvəlcə ona 1000 manat, sonra qaz xəttinin çəkilməsi üçün 400 manat və yenə 150 manat, 50 manat, 40 manat olmaqla 1640 manat pul vermişdir. Az sonra cavabdeh yenə pulun qurtardığını bildirib işləri dayandırmışdır. Bu dəfə Vüqar onu inandırdı ki, ona bir az da pul tapıb versə, yarımçılıq qalan işləri tamamlayacaqdır. Bunun üçün bankdan kredit götürməyini, kreditin aylıq ödənişlərini özü ödəyəcəyini bildirmişdir. O da məcbur qalaraq bankdan 1300 manat kredit götürərək Vüqara vermişdir. Vüqar ilk ayın ödənişini etsə də, sonradan yenə vədinə xilaf çıxmış, ona görə məcbur olaraq həmin krediti təqaüd hesabına özü ödəmişdir. Vüqar işlərin getdiyini ona göstərərək yenidən ondan müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə 500 manat pul almışdır. Bundan sonra Vüqar evi aşağı qiymətə satdığını bildirərək, ondan aldığı 2000 manat pulu qaytarmamış, o da məcbur olub polisə şikayt etmişdir. Sabunçu RPİ 15-ci PB-də aparılan araşdırmada cavabdeh ona 800 manat borclu olduğunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(009)-122/2021 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia ərizəsi təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, həqiqətən iddiaçı ilə aralarında borc münasibətinin yaranması, həmin borcun yaranmasına əsas iddiaçıya məxsus evin təmirini başa çatdıra bilməməsi, bu səbəbdən də iddiaçıdan hissə-hissə 1000 manat borc alması, evi təmir etdikdən sonra satması və razılaşdıqları kimi iddiaçıya 14000 manat pul verməsi, borc aldığı 1000 manatdan isə 600 manat hissəsini qaytarması, iddiaçıya 400 manat borcunun qalması, iddiaçının borcu şişirdərək 1900 manat qeyd etməsi, bu səbəbdən də qətnamənin 1500 manat hissədə əsassız olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci isntansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, iddiaçıdan ümumilikdə 2000 manat borc almış, həmin puldan 1600 manat hissəsini qaytarmış, 400 manat borcu qalmışdır. Polisdə verdiyi izahatı düzgün yazmamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin rəisi İsmayıl Məmmədovun adına Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, o, Məlahətlə şifahi razılığa gəldikdən sonra evi təmir etdirmiş və təxminən 1 il sonra həmin evi 26500 manata sataraq, həmin puldan Məlahətə 13000 manat pul vermişdir. Sonra o, Məlahətə müxtəlif vaxtlarda hissə ilə cəmi 200 manat pul vermiş və o vaxtdan Məlahətə cəmi 800 manat borcu qalmışdır. İşdə olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin təhqiqatçısı Hafiz Paşayevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 19.07.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Sabunçu RPİ-nin 15-ci PB-nə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və tərəflərin bununla bağlı mülki qaydada məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 5 saylı Tibbi Sosial Komissiyasının arayışından görünür ki, İddiaçı ikinci dərəcəli əlilldir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd edir ki, cavabdeh istər polisdə verdiyi izahatında, istərsə də məhkəmə baxışı zamanı verdiyi izahatlarında iddiaçı ilə aralarında iddiaçıya məxsus yaşayış sahəsinin təmir edib satılması və satış pulundan iddiaçıya müvafiq pul vəsaitinin verilməsi barədə razılıq əldə olunmasını, təmir zamanı iddiaçıdan əlavə olaraq borca pul almasını göstərmişdir. Cavabdeh polisdə verdiyi izahatında iddiaçıya 800 manat borcunun qalmasını, apellyasiya şikayətində isə 1000 manat borc almasını, ondan 600 manat qaytarmasını, qalıq borcun 400 manat olmasını göstərsə də, apellyasiya baxışı zamanı izahatında aldığı borcun 2000 manat olmasını, həmin puldan 1600 manat hissəsini qaytarmasını, 400 manat borcunun qalmasını bildirmişdir (cavabdeh apellyasiya baxışı zamanı istər izahatında və istərsə də məhkəmə kollegiyasının suallarına cavabında iddiaçııdan ümumilikdə 2000 manat borc pul almasını təkidlə bildirmişdir). İddiaçı isə 2000 manat puldan 100 manat hissəsinin qaytarılmasını, 1900 manat borcun qalmasını bildirmiş, bu səbəbdən də birinci instansiya məhkəməsində tələbinin həcmini azaltmışdır. Göründüyü kimi, cavabdehin borc aldığı pul vəsaiti ilə bağlı ziddiyyətli izahatlar verir ki, bu hal onun mülki məsuliyyətidən yayınması kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçıdan 2000 manat borc almasını təsdiq etdiyi halda, iddiaçı ilə aralarında olan razılaşmalara və öhdəliklərə tam əməl edərək aldığı pul vəsaitinin qaytarılmasını (ən azı özünün bildirdiyi kimi 1600 manat hissəsini qaytarmasını) sübut etmək yükünü daşıyır. Lakin, cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının tələbi 2000 manatdan aşağı olduğundan, MPM-nin 404-1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(009)-122/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(009)- 122/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3973/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3973/2021
04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver