Məhkəmə qərarları › İş №2(103)-3974/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3974/2020

02.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3974/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan Maraqlı şəxs Hüseynağa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinin İddiaçı payına uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(003)-492/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə tərəf olmayan Maraqlı şəxs Hüseynağa qızı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh X2 xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Hazırkı iddia ərizəsi isə xx xxxx 2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilmiş Məsimə İbrahimova artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Halbuki Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsi tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, cavabdeh kimi göstərdiyi Məsimə İbrahimovadan miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı işdə prosessual hüquq varisliyinin həyata keçirilməsi mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş Məsimə İbrahimova isə tərəf kimi qəbul edilə bilməz. Çünki o, iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırkı işdə tərəf statusunu əldə etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 261.0.1ci maddəsində göstərilən əsaslara görə iş üzrə icraata xitam verilməli, eyni zamanda Mülki Prosessual Məcəllənin 391-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və buna görə də, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş üzrə tərəf olmayan Maraqlı şəxs Hüseynağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı tərəfindən X1 qarşı irəli sürülmüş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinin iddiaçının payına uyğun naturada bölünməsi tələblərinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar