Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3983/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “it təsərrüfatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-2580/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “it təsərrüfatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(003)-2580/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “it təsərrüfatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmir. Bu səbəbdən də, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmədiyindən, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-2580/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkməsinə göndərilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun özü və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1238G saylı bağ evinin bilavasitə qonşuluğunda yaşayan cavabdeh X4 tərəfindən saxlanılaraq iddiaçı və digər qonşular üçün zərərli, narahatedici və qanunsuz təsirlərə malik it təsərrüfatının ləğv edilməsi və həmin ünvanda cavabdehə və digər şəxslərə sayca birdən artıq it saxlanmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iddia mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması haqqındadır, klassik neqator iddia nümunəsi olmaqla mülkiyyətçinin öz mülkiyyətindən istifadəsinə qonşu sahədən yönəlmiş zərərli təsirlərdən (səs-küy,ağır qoxu və s.) müdafiəyə yönəlmişdir. Prosessual qanuveriiciliyin müstəsna aidiyyət qaydalarını tənzimləyən müddəasından açıq-aydın məlum olur ki, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmasa da belə mülkiyyətçinin və ya digər qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iş üzrə sözügedən mübahisənin bağlı olduğu daşınmaz əmlak Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşdiyindən iddia ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə verilmişdir. Lakin məhkəmə müstəsna aidiyyət qaydalarını tənzimləyən normaları nəzərə almadan ümumi aidiyyət qaydasını tətbiq edərək əsassız olaraq iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarmışdır.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Belə ki, İddiaçı cavabdeh X2 qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun özü və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1238G saylı bağ evinin bilavasitə qonşuluğunda yaşayan cavabdeh X4 tərəfindən saxlanılaraq iddiaçı və digər qonşular üçün zərərli, narahatedici və qanunsuz təsirlərə malik it təsərrüfatının ləğv edilməsi və həmin ünvanda cavabdehə və digər şəxslərə sayca birdən artıq it saxlanmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılır ki, bir neçə ildir ki, orada iddiaçı ilə hasar qonşusu olan Cavabdeh yaşadığı bağ evinin həyətində təxminən 15-dən artıq sayda küçə itləri saxlayır. Həmin itlərin yaratdığı güclü və narahatedici səs-küy və üfunətli qoxuya görə onlar gecə və gündüz narahat olur, normal yaşayış şəraitində yaşaya və istirahət edə bilmirlər. Cavabdeh itlərin saxlanması zamanı bununla əlaqədar sanitariya və gigiyena qaydalarına əməl etmir. Belə bir natəmiz şəraitdə üfunətli qoxu ilə yanaşı, milçəklər və ağcaqanadlar da yayılır. Cavabdehin bağ sahəsində çoxsaylı itlərin qeyri-qanuni şəkildə sistemli olaraq saxlanılması nəticəsində faktiki olaraq qanunsuz it təsərrüfatı formalaşmışdır. Belə bir şəraitdə iddiaçı və digər qonşular normal yaşayış şəraitində yaşamaqdan məhrum olmuşlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
13. Göründüyü kimi iddiaçının tələbi heç bir halda yalnız “it təsərrüfatının ləğv edilməsi” ilə bağlı olmayıb, konkret olaraq mülkiyyət hüququnun və həmin əmlakdan maneəsiz istifadə imkanlarının müdafiəsinə yönəlmişdir.
14. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “ev heyvanlarının saxlanmasının məhdudlaşdırılması və ya qadağan olunması” barədə iddiaların bu maddələrdə (MPM-in 39.1-ci maddəsi) nəzərdə tutulmadığını qeyd edərkən, iddiaçının qeyd olunan tələbinin mülkiyyətçinin öz mülkiyyətindən istifadəsinə qonşusu tərəfindən yaradılan maneələrin aradan qaldılmasına yönəldiyini nəzərə almamış, iddia tələbinə həmin konteksdə, MPM-in 39.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçının ərizəsində irəli sürülmüş tələblər faktiki olaraq onun mülkiyyət hüququndan istifadə imkanlarına qarşı üçüncü şəxs – cavabdeh tərəfindən törədilmiş maneələrin aradan qaldırılmasına yönəlmişdir.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.
16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə məstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
17. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-2580/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “it təsərrüfatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.