Məhkəmə qərarları › İş №2(103)-3984/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3984/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3984/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 (X18) Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı X1 (X18) vəkili X5, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə X1 (X18) Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. X4 (X18) İran İslam Respublikasının vətəndaşıdır, həmin ölkəyə məxsus “X14” şirkətinin (fars dilində “X7”) təsisçisidir (sahibidir).

2. “X14” şirkəti (“X7” şirkəti) tərəfindən Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən "xxxx" MMC-nə (Elman Hedayat üçün olduğu göstərilməklə) xx.xx.2006-cı il tarixdə 41 000 kq., xx.xx.2006-cı il tarixdə 44 600 kq., xx.xx.2006-cı il tarixdə cəmi 78 000 kq. şüşə materialları göndərilmiş, həmin materiallar Azərbaycan gömrüyündən keçirilmişdir.

3. Cavabdeh 22 iyul 2013-cü il tarixdə vəfat etmiş X6 2 vərəsəsindən biridir və ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildən ½ hissə pay almışdır.

4. Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır.

Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə akt(lar)ı

5. X4 (X18 - iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 55 837 ABŞ dollarının alınıb ona verilməsi, yaxud Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ev 1 ünvanında yerləşən 20 saylı mənzilin hərracda satılaraq 55 837 ABŞ dollarının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin atası X8 2005-ci ildən etibarən tanımış, sahibkar olaraq ona xx.xx.2006-cı il tarixindən başlayaraq rəngli və adi şüşə materialları göndərmiş, İrandan göndərdiyi həmin mallar Hidayət İmanova təhvil verilmiş, lakin Hidayət malların dəyəri olan 55 837 ABŞ dollarını ödəməmişdir. 2010-cu ildə Hidayət İmanova qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, işə baxılarkən Hidayət öldüyü üçün iş baxılmadan saxlanılmış, ona bildirmişlər ki, Hidayətin vərəsəsi müəyyən olunduqdan sonra işə baxılacaqdır. Sonradan məlum olmuşdur ki, Hidayət İmanovun vərəsəsi Cavabdehdur və o, Hidayətdən qalan mənzili vərəsə kimi qəbul etmişdir.

7. Birinci instansiya məhkəməsinin cavabdehin məlum olan ünvanına göndərdiyi bildiriş çatdırılmadan geri qaytarılmış və cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.

8. Məhkəmənin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 55 837 ABŞ dollarının (ödəniş gününə Mərkəzi Bankın kursuna uyğun olaraq manatla) və 15 manat dövlət rüsumunun tutulub Əlizadə X12 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan 5288, 6237, 5287, 5289 saylı fakturalardan iddiaçının müxtəlif vaxtlarda X9 şüşə məmulatları göndərdiyi məlum olur, Cavabdeh isə Hidayət İmanovun vərəsəsi olmaqla onun öhdəliyi üçün məsuliyyət daşıyır.

10. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 442-ci, 448.1-ci, 567-ci, 598.1-ci, 634.1-ci, 1306.1-ci, 1307-ci, 1309-cu, 1313-cü maddələrinə istinad etmişdir.

11. 03 dekabr 2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi (vəkili) onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, işə cavabdehin iştirakı olmadan baxıldığı, məhkəmənin, borcun cavabdehdən miras payına mütənasib surətdə tutulmalı olması halına əhəmiyyət vermədiyi, iddiaçının göndərdiyi şüşə məmulatlarının X10 çatdırılmış olmasına dair sübutların olmadığını nəzərə almadığı, araşdırma aparmadan qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.

12. Cavabdehin nümayəndəsi (vəkili) eyni zamanda qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə təqdim etmiş, ərizədə müddətin hansı səbəblə ötürüldüyünü izah etməsə də, qətnamənin cavabdehə xx.xx.2022-ci il tarixdə verildiyini göstərmişdir.

13. Məhkəmənin 09 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, məhkəmə qənaətini belə əsaslandırmışdır ki, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından qətnamənin ona vaxtında çatdırılması mümkün olmamış, cavabdeh sonradan müraciət edərək qətnaməni xx.xx.2022-ci il tarixdə almışdır.

14. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

15. Şikayət belə əsaslandırılmışdır ki, qətnamə cavabdehə xx.xx.2017-ci il tarixdə şəxsən təqdim edilmiş, o, müvafiq poçt xəbərnaməsini imzalayaraq qətnaməni almış, qətnamə icraya yönəldildikdən sonra onun barəsində axtarış işi açılmışdır. Qətnamənin çıxarılmasından 5 il müddət keçdikdən sonra cavabdeh qətnamənin təkrarən ona verilməsi üçün müraciət etmiş, qətnamə ona təkrar verilmiş, müddəti hansı səbəblə ötürdüyünü ümumiyyətlə əsaslandırmasa da, məhkəmə qanunsuz olaraq müddətin ötürülməsini üzrlü hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında 08 iyun 2023-cü il tarixdə baxılması qərara alınmışdır.

17. 31 may 2023-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə elektron sistem vasitəsilə izahat göndərmiş, izahatda aşağıdakıları qeyd etmişdir: “Məhkəmə qərardadını yeganə olaraq onunla əsaslandırmışdır ki, Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da orada yaşamamışdır. Lakin bu dəlili əsaslandıran hər hansı sübuta istinad etməmişdir. Halbuki Cavabdeh şikayətində belə şey yazmamış, hətta şikayətində yaşayış ünvanı olaraq həmin ünvanı qeyd etmişdir. 5 ildən sonra Cavabdeh qətnamənin təkrar olaraq ona təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, qətnamə xx.xx.2017-ci il tarixdə şəxsən Cavabdeh təqdim edilmiş və özü şəxsən xəbərnaməli poçt göndərişinə imza atmaqla qətnaməni qəbul etmişdir (iş vər. 65). Bundan başqa iş materiallarındakı xəbərnamədə olan imza ilə, Cavabdeh ərizəsində, icra şöbəsində verdiyi izahatındakı imza eynilik təşkil edir və bu faktlar da qətnamənin xx.xx.2017-ci il tarixdə alındığını təsdiq edir. Bundan başqa Cavabdeh müddətin bərpası haqqında ərizə verməklə həqiqətən də qətnaməni ilk dəfə xx.xx.2017-ci il tarixdə aldığını etiraf etmiş olur. Əgər qətnamə həqiqətən də xx.xx.2022-ci il tarixdə təqdim edilmiş olsaydı, o zaman müddətin bərpasına ehtiyac olmazdı və bu barədə ərizə rədd edilərdi. 5 ildən sonra müddətin bərpası ağlabatan müddət deyil. Prosessual müddətləri müəyyən edilməsinin məqsədləri sübutları qoruyub saxlamaq, effektli, ədalətli məhkəmə mühakimatını həyata keçirilməsinə xidmət edir. 5 ildən sonra məhkəməyə təqdim edilən hansı sübutun mötəbərliyi ola bilər, hansı quruma sorğu verilə və ya hansı şahidi tapmaq olar?! Bundan başqa Cavabdeh 5 il ərzində həmin qətnamənin icrası ilə əlaqədar olaraq daim DİN orqanlarında və Ədliyyə Naziriyinin Binəqədi Rayon İcra Şöbəsində olmuşdur. Belə ki, Cavabdeh barəsində 2018-ci ildə axtarış elan edilmiş, axtarışda olduğu üçün ölkə hüdudlarından kənara çıxa və köhnə şəxsiyyət vəsiqəsini (AZE ********) yenisi ilə (AA 3429845, verilmə tarixi: xx.xx.2022) əvəzləyə bilməmişdir. Bu səbəbdən də İcra Şöbəsinə gələrək axtarışın ləğvi barədə Binəqədi Rayon Polis İdarəsinə ünvanlanan məktub almaq məcburiyyətində olmuşdur. Binəqədi Rayon İcra Şöbəsi 3 il axtarışda olan şəxsi inzibati və cinayət məsuliyyətinə cəlb etmək əvəzinə “zərurətin aradan qalxması səbəbindən (yəni Cavabdeh icra məmurunu inandıra bilib ki, axtarışa zərurət yoxdur) axtarışın ləğv edilməsi” barədə məktubla xx.xx.2019-cu il tarixdə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Çox maraqlıdır ki, Cavabdeh barəsində Binəqədi RİŞ tərəfindən 2022ci ildə yenidən axtarış elan edilmiş və hazırda da axtarışdadır. Bu da axtarışın nə qədər formal olmasının (icraatı dayandırması üçün) göstəricisidir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilərək Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirəm”.

18. Kollegiya şikayəti, göndərilən izahatı və işin materiallarını nəzərdən keçirib belə qərara gəlmişdir ki, şikayətə tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) məhkəmə iclasında baxılmalıdır.

Şikayətə qarşı etiraz

19. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən şikayətə qarşı yazılı etiraz verilmiş (elektron sistemə yerləşdirilmiş), etirazda aşağıdakılar göstərilmişdir: “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-l0853/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh göndərilsə də, o, qeydiyyatda olduğu ünvan 4 ünvanında yaşamadığından qətnamənin cavabdehə rəsmi qaydada çatdırılması mümkün olmamışdır. Borclu barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan da göründüyü kimi, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadurov xx.xx.2017-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-l0853/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh barəsində axtarış elan edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarın ikinci abzasında göstərilmişdir ki, “Borclu ünvan 5 ünvanında qeydiyyatda olsa da, lakin keçirilmiş icra tədbirləri nəticəsində Cavabdeh həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclunun faktiki yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, Cavabdeh barəsində axtarış elan edilmişdir”. Bundan başqa, Binəqədi RPİ tərəfindən Binəqədi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı dekabr 2018-ci il tarixli məktubdan da göründüyü kimi, Cavabdeh yaşadığı yerin müəyyən edilməsi məqsədilə axtarış tədbirləri həyata keçirilmişdir. Qeyd olunanlar onu deməyə əsasə verir ki, borclu Cavabdeh həqiqətən də qeydiyyatda olduğu ünvan 4 ünvanında yaşamamışdır. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada təqdim edilməsi mümkün olmamışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin rəsmi qaydada cavabdehə təqdim edilməsinin mümkün olmaması faktını birinci instansiya məhkəməsi 09 yanvar 2023-cü il tarixli qərardadı ilə bir daha təsdiq etmişdir. Hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadından X1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət əsasızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzüıiü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bu səbəbdən hesab edirəm ki, birinci instansiya məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadı əsaslıdır”.

Apellyasiya baxışı, verilən izahatlar

20. İddiaçının məhkəmə iclasında iştirak edən vəkili şikayətin və şikayətlə bağlı sonradan məhkəməyə göndərilən izahatın dəlillərini müdafiə etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətə qarşı yazılı etirazında qeyd etdiklərini vurğulayaraq şikayətin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

25. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

26. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

27. Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

28. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

29. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya baxışının həddi

30. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

31. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi xx.xx.2017-ci il tarixində Cavabdeh rəsmi pasport qeydiyyatında olduğu ünvan 1 ünvanına göndərilmiş, xx.xx.2017-ci il tarixdə həmin ünvanda poçt qəbzinə imza olunmaqla qəbul edilmişdir.

32. İş materiallarından həmçinin görünür ki, qətnamə xx.xx.2017-ci il tarixdə icraya yönəldilmiş, xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən icra icraatına başlanılmış, icra məmuru xx.xx.2018-ci il tarixində borclunun (cavabdehin) axtarılması barədə qərar qəbul edərək polis orqanına göndərmiş, lakin xx.xx.2019-cu il tarixdə qeyrimüəyyən səbəblə həmin axtarış qərarının ləğv edilməsi haqqında (zərurətin aradan qalxıdığı əsas göstərilməklə) Binəqədi rayon Polis İdarəsinə məktub ünvanlamışdır.

33. İşdən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində qətnamənin ona təkrarən verilməsi üçün məhkəməyə ərizə ünvanlamış, eyni tarixdə müvafiq dövlət rüsumunu ödəyərək qətnaməni qəbzə imza etməklə almışdır.

34. Yuxarıda qeyd olunduğu kimi (§ 11-12) cavabdehin nümayəndəsi (vəkili) qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə vermişdir.

35. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

36. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

37. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir; çünkü birincisi, qətnamə cavabdehin qeydiyyatda olduğu ünvana (o, hazırda da həmin ünvanda qeydiyyatdadır) vaxtında çatdırılmışdır - qeydiyyatda olduğu ünvanda yaşamaması, yaxud orada yaşayan şəxslər tərəfindən alınmış qətnamənin ona çatdırılmaması isə üzrlü hal olaraq qəbul edilə bilməz. İkincisi, iş materiallarından aydın olur ki, qətnamə icraya yönəldildikdən sonra Cavabdeh barəsində qətnamənin icra edilməməsi ilə əlaqədar axtarış elan olunmuş, 2019-cu ilin iyul ayında həmin axtarışın ləğv edilməsi üçün (zərurətin aradan qalxdığı əsas göstərilməklə) icra məmuru tərəfindən polis orqanına məktub ünvanlanmışdır – hansı ki, bu məktubun Cavabdeh təşəbbüsü (müraciəti) olmadan yazıldığı ağlabatan deyildir. Üçüncüsü və ən əsası isə, Cavabdeh xx.xx.2022-ci il tarixdə qətnamənin ona “təkrar” verilməsini xahiş etməklə və bunun üçün müvafiq dövlət rüsumunu ödəməklə, qətnaməni əvvəllər almış olduğunu faktiki olaraq etiraf etmişdir.

38. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, işin hallarından Cavabdeh qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir və bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir.

39. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.

40. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10853/2017 saylı iş üzrə 09 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin iş üzrə 11 sentyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair Cavabdeh nümayəndəsinin (vəkilinin) ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar