Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3992/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qanuni nümayəndə qəyyumu X4 tərəfindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Qanuni nümayəndə qəyyumu (əmisi) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş 2(056)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə əsasına Qanuni nümayəndə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və həmin qətnamə əsasında Sabirabad RİH başçısının verdiyi xx.xx.2025-ci il tarixli, 26 saylı sərəncamı ilə o, Qanuni nümayəndə üzərində qəyyum təyin edilmişdir. Qanuni nümayəndə Sabirabad Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Qanuni nümayəndə barəsində istintaqı aparılmış cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsi ilə bəraətverici əsasla xitam verilmiş və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilərək, o, azadlığa buraxılmışdır. Nəticədə Qanuni nümayəndə 10 ay müddətində qanunsuz olaraq həbsdə olmuş, psixoloji sarsıntıya məruz qalmış, Qanuni nümayəndə mənəvi zərər dəymişdir. Bundan başqa həbsdə olduğu müddətdə Qanuni nümayəndə təkrar tibbi müayinəyə gedə bilməmiş və ayda ona ödənilən 200 manat məbləğində pensiyanın verilməsi bu səbəbdən dayandırılmışdır. O, Qanuni nümayəndə qəyyumu olaraq hazırkı iddia ilə məhkəməyə müraciət edərək, xahiş edir ki, Qanuni nümayəndə vurulmuş mənəvi zərərin əvəzi olaraq (10 ay x 1.500 manat =) 15.000 manat, pensiyanın dayandırılması nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq (10 ay x 200 manat =) 2.000 manat cavabdeh Nazirlikdən tutularaq iddiaçıya ödənilsin. Bundan başqa nəzərə alınmalıdır ki, vurulmuş maddi zərər təkcə bununla kifayətlənmir. Belə ki, Qanuni nümayəndə həbsdə olduğu müddətdə onun ailəsi hər ay 1.000 manatdan çox xərc çəkmişlər. Buna görə də bu xərcin əvəzi də cavabdeh Nazirlikdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Qanuni nümayəndə qəyyumu (əmisi) həmçinin bildirir ki, yuxarıda qeyd edilən cinayət işi üzrə iddiaçının hüquqlarının müdafiə edilməsi məqsədilə o, hüquqi yardım almaq üçün vəkilə müraciət etmək, vəkillə “Hüquqi xidmətin göstərilməsi haqqında” müqavilə bağlamaq və həmin xidmətin göstərilməsi üçün müqaviləyə əsasən 1.520 manat məbləğində ödəniş etmək məcburiyyətinə qalmışdır ki, bu xərcin də əvəzi cavabdeh Nazirlikdən tutularaq iddiaçıya ödənilməlidir. b) iddiaya qarşı verilmiş etiraz barədə məlumat
2. Cavabdeh Maliyyə Nazirliyi iddiaya qarşı yazılı etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, “Maliyyə Nazirliyi haqqında Əsasnamədə” Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən Aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində öz orqanları vasitəsilə iştirak edir. Qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər orqanları da nəzərdə tutulur. Eyni zamanda, Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyil. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirilir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı üçün iddia tələbi Nazirliyə qarşı təmin edilə bilməz. İddiaçının ona maddi və mənəvi zərərin dəyməsini bildirsə də, bu kimi zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır.
3. İşə baxmış Rayon Məhkəməsi tərəfindən işin baxılmasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğu iddiaya qarşı etiraz verməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat, istintaq zamanı iddiaçının hüquqlarının müdafiəsi məqsədilə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.520 manat, hazırkı iddianın məhkəməyə verilməsi məqsədilə iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Maliyyə Nazirliyi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tam əsassız olan iddianı qismən də olsa təmin etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Cavabdeh Maliyyə Nazirliyinin və iş üzrə üçüncü şəxs olan Baş Prokurorluğun nümayəndələri, iddiaçının qəyyumu apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
8. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.
10. İş üzrə üçüncü şəxs olan Baş Prokurorluq da qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş Maliyyə Nazirli apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Maliyyə Nazirli iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Bunu, mübahisə predmetinin bölünməz olmadığını və MPM-in 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Hazırkı apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı Qanuni nümayəndə Sabirabad Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023cü il tarixli qərarla Qanuni nümayəndə barəsində istintaqı aparılmış cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsi ilə bəraətverici əsasla xitam verilmiş və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilərək, o, azadlığa buraxılmışdır.
14. Bununla da müəyyən edilir ki, o, əsassız olaraq 10 ay müddətində həbsdə olmuşdur.
15. Sabirabad RİH başçısının verdiyi xx.xx.2025-ci il tarixli, 26 saylı sərəncamından görünür ki, Sabirabad Rayon Məhkəməsinin (056)-90/2025 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Qanuni nümayəndə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.
16. Sərəncamdan həmçinin görünür ki, həmin qətnamə əsasında X2 İbadovun üzərində qəyyum təyin edilmişdir.
17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissədə əsaslılığı və həmin qətnamənin qeyd edilən hissəsindən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.
18. Məhkəmə bildirir ki, iddiaçının əməlinə əvvəlcədən düzgün hüquqi qiymət verilsəydi, o, yuxarıda qeyd edilən müddətdə qanunsuz olaraq həbsdə saxlanılmazdır.
19. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).
20. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
21. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).
22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
23. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
25. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannaməyə” istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
27. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı bildirir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının törətmədiyi əmələ görə barəsində qanunsuz olaraq həbs qətimkan tədbirinin tətbiq edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.
28. Məhkəmə həmçinin bildirir ki, mənəvi zərərin ödənilməsinin məqsədi mənəvi zərərə məruz qalmış şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq məqsədini daşıyır. Buna görə də, işin halları və ölkə daxilində formalaşmış məhkəmə təcrübəsi nəzərə alındıqda müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsində iddiaçının xeyrinə (100 manat x 10 ay=) 10.000 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. Həmin məbləğ ədalətli və ağlabatandır. Həmin məbləğin azaldılması və ya ümumiyyətlə tutulmaması üçün əsaslar yoxdur. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslıdır, apellyasiya şikayətinin dəlili əsassızdır.
29. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.).
30. Məhkəmə hesab edir ki, cinayət işinin istintaqı zamanı iddiaçının hüquqlarının müdafiəsi məqsədilə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.520 manat, hazırkı iddianın məhkəməyə verilməsi məqsədilə iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi hissəsində də Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
31. Cavabdeh Maliyyə Nazirliyi apellyasiya şikayətində qeyd edir ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.
32. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
33. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, Maliyyə Nazirliyinin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
34. Bu baxımdan hesab edilməlidir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. h) apellyasiya baxışının nəticəsi
35. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Hazırkı iş üzrə digər şəxslər bu qətnamədən kassasiya şikayəti verə bilməzlər.