Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3995/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2(009)- 380/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 48670 ABŞ dolları məbləğində əsas borc, 6315 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 54985 ABŞ dolları məbləğində borcun, 200 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2(009)-380/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ona aid hissədə ləğv olunmasını və ona qarşı hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, zaminlik müqaviləsi üzrə zamin olsa da, ona qarşı müstəqil qaydada iddia qaldırmaqda iddiaçı haqlı olmamışdır. Bundan əlavə, zaminliyin müddəti başa çatdığından, zaminliyə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı bankın nümayəndəsi şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2(009)-380/2017 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 20 may 2010-cu il tarixdə X2 ilə İddiaçı ASC arasında 42 ay müddətinə, illik 24%-lə 55000 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Tərəflər müqavilədə kredit alan tərəfindən kredit ödənişləri gecikdirildiyi halda müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödənilməsini də razılaşdırmışlar. Bundan əlavə, 12 dekabr 2015-ci il və 24 fevral 2016-cı il tarixli zaminlik müqavilələri ilə hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələb hüququna zamin durmaqla təminat vermişlər. Bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək 55000 ABŞ dolları məbləğində pulu S.V.Məmmədova vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq S.V.Məmmədov öhdəliyini pozaraq borcunu qrafik üzrə qaytarmamış, öhdəliyin icrasını gecikdirmiş və nəticədə borcluların iddiaçıya 48670 ABŞ dolları əsas, 6315 ABŞ dolları faiz, 200 manat cərimə borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2011-ci il tarixli qətnaməsi ilə X2 və X1 həmin məbləğdə borcun tutulması qət edilmişdir. Hazırkı iş üzrə isə iddiaçı həmin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərin icra edilmədiyini nəzərə alaraq borcun cavabdehlərdən tutulmasını xahiş edir. Qeyd edilənlər işdə olan 20 may 2010-cu il tarixli kredit müqaviləsi, 12 dekabr 2015-ci il tarixli və 24 fevral 2016-cı il tarixli zaminlik müqavilələri, xəbərdarlıq məktubları və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2011-ci il tarixli 2(011)-2946/11 saylı qətnaməsi ilə təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 12 dekabr 2015-ci il tarixli və 24 fevral 2016-cı il tarixli zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün onlardan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 48670 ABŞ dolları məbləğində əsas borc, 6315 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 54985 ABŞ dolları məbləğində kredit borcu, 200 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, bank zaminlərə qarşı müstəqil iddia qaldırmaqda haqlı olmuşdur. Bundan əlavə, zaminlik müddəti keçmədiyinə görə zaminliyə xitam verilməsinə əsas olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2(009)-380/2017 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3995/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3995/2021
06.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver