Məhkəmə qərarları › İş №2(103)-3996/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3996/2022

03.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3996/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4885/2021 saylı, 13.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri ucbatından onun yararsız vəziyyətə düşmüş mənzilinin bərpası üçün xərclədiyi təmir işlərinin dəyəri olan 2000 (iki min) manat məbləğində pulun, 3000 (üç min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 5000 (beş min) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Mənzil sənədə əsasən ona məxsusdur. Belə ki, 24.06.2021-ci il tarixdə binanın həyətində Azərsu ASC tərəfindən aparılan qrunt sularının binanın qarşısında "xxxx" MTK-nın tikdiyi çoxmərtəbəli binanın zirzəmisindən çəkildiyi zaman onların həyətin kanalizasiyasına yüksək təyziqlə vurulması nəticəsində onun mənzilini su və kanalizasiya tullantıları basmışdır. Həmin zaman o, evdə olmamışdır. Qonşular ona zəng edib mənzilindən kanalizasiya sularının çıxdığını demişlər. Evə gəldikdə çox acınacaqlı vəziyyətlə üzləşmiş, yeni təmir etdiyi mənzil kanalizasiya sularına qərq olmuşdu. Ev bərbad hala düşmüşdür. O, həmin tikilən binaya gedib inzibatçı ilə görüşüb vəziyyəti anlatmış və bu çəkilən qurunt sularının onların kanalizasiya xəttinə niyə qoşulduğunu soruşmuşdur. Cavabında bu işlərin onlara aid olmadığını, işlərin Cavabdeh ASC tərəfindən aparıldığını söyləmişdir. Cavabdeh işçilərinə nəyə görə yüksək təyziqlə vurulan qrunt sularının onların xəttə qoşulduğunu, niyə mərkəzi kanalizasiya xəttinə qoşulmadığına bildirmişdir. Bundan sonra suyun vurulması dayandırılmışdır. O, hər iki təşkilata öz sərt iradını bildirmiş, ona vurulan bu ziyanın kim tərəfindən ödəniləcəyini soruşmuşdur. Yeni tikilən bina rəhbərliyi günahın işləri aparan Cavabdeh ASC-yə məxus olduğunu söyləmişdir. O, CavabdehSC işçisinə dəyən ziyan haqqında öz iradını bildirmişdir. Bu haqda onun qonşularının imzaları ilə təsdiq etdikləri akt da var. Ona görə cavabdeh kimi o Cavabdeh ASC-ni məsul sayır. CavabdehSC-nin işçisi mənzildə baş vermişləri telefonuna çəkib təsdiqləmişdir. Bununla da, belə bir nəticəyə gəlmək olar ki, hazırki ərizə üzrə cavabdeh şəxs ona maddi ziyandan əlavə həm də, mənəvi ziyan vurmuşdur. Yararsız vəziyyətə düşmüş əmlakın ümümi dəyəri 2000 (iki min) manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4885/2021 saylı, 13.12.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ASC-dən vurulmuş maddi zərərə görə 2000 manat və mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 2300 (iki min üç yüz) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinə görə 50 (əlli) manatın Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən: Gülnar Babazadə). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4885/2021 saylı, 13.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, 24.06.2021-ci il tarixdə binanın həyətində Cavabdeh ASC tərəfindən aparılan qrunt sularının binanın qarşısında"xxxx" MTK-nın tikdiyi çoxmərtəbəli binanın zirzəmisindən çəkildiyi zaman onların həyətin kanalizasiyasına yüksək təzyiqlə vurulması nəticəsində onun mənzilini su və kanalizasiya tullantıları basmışdır. Binanın inzibatçısının və qonşuların dediyinə görə işlərin Cavabdeh ASC tərəfindən aparıldığı bildirilmişdir. Yasamal rayon Məhkəməsi müvafiq işi tam araşdırmadan, cavabdeh tərəfin izahatını almadan və iş üzrə şahid ifadələrini dinləmədən təkcə expert rəyinə istinad edərək bir prosesə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı ifadəsində guya Cavabdeh ASC tərəfindən qrunt sularının yüksək təzyiqlə vurulması nəticəsində onun mənzilini su və kanalizasiya tullantılarının basdığını bildirmişdir. Qrunt sularından cavabdeh təşkilat deyil, hər hansı abonent istifadə edir. "xxxx" MTK-nın tiktiyi çoxmərtəbəli binanın zirzəmisindən çəkilmiş qrunt suyunun yüksək təzyiqlə vurulmasına birbaşa sözügedən MTK məsuliyyət daşıyır. Bu halı məhkəmə ümumiyyətlə araşdırmamışdır. İş üzrə cavabdeh şəxs "xxxx" MTK olmalı idi və dəymiş ziyan ondan tutulmalı idi. Çünki ziyan Cavabdeh ASC-nin hər hansı bir hərəkətləri nəticəsində dəyməmiş və iş üzrə də bu hal sübut edilməmişdir. Bundan başqa, qəza baş verən zaman Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə baxış keçirilmiş və mənzilə hər hansı bir ziyan dəydiyi aşkar edilməmişdir. Bundan başqa, Məhkəmə qətnaməsində bildirilmişdir ki, sözügedən mənzilə axıdılmış çirkab suları mənzildə kəskin xoşagəlməz qoxunun yaranmasına səbəb olmuş, bu halda isə iddiaçının və həmin mənzildə yaşayan digər ailə üzvlərinin uzun müddət əsəb və stress keçirməsini qaçılmaz etmişdir. Bu səbəbdən, Məhkəmə mənəvi zərərin məbləğini 300 (üç yüz) manat müəyyən etməyi ağlabatan hesab etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı cavbdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan ÖM seriyalı, 231155 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Xanlar küçəsi 27 saylı evin 38,0 yaşayış sahəsindən ibarət olan 3 otaqlı 2 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 769 saylı reyestr kitabında 115444 səhifədə30/6744 nömrəsi ilə 31.03.2005-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan qonşular- Mülümov Tahir, Ponarin Anatoliy, Kryukova Lyudmila, Hüseynov Arzu, Bayramova Aybəniz, Muradova Şəfiqə, Zagirov Tofiq öz imzaları ilə təsdiq etdikləri ki, 01.07.2021-ci il tarixli “qonşuluq akt”ında qeyd olunur ki, 24.06.2021-ci il tarixdə binanın 2 saylı mənzilində yaşayan İddiaçı evinə kanalizasiya xəttinin daşması nəticəsində ciddi ziyan dəymiş, hadisə baş verən zaman İddiaçı evdə olmamış, sonradan qonşular ona xəbər vermişlər, hadisəyə səbəb kimi binanın qarşısında tikilən çoxmərtəbəli binanın zirzəmisində yığılan qrunt sularının yüksək təzyiqlə mərkəzi kanalizasiya xəttinə deyil, onların həyətdə köhnə kanalizasiya xəttinə qoşulması olmuşdur. İş materiallarında olan 01.07.2021-ci il tarixli 149 saylı MKİS-nin işçiləri mühəndis R.Əzimov, sahə nəzarətçiləri C.Cəfərov, M.Rzayev tərəfindən imzalanmış 01.07.2021-ci il tarixli Aktda qeyd olunur ki, Səbail rayonu, Xanlar küçəsi, ev 27, mənzil 2-də yaşayan İddiaçı şikayətinə əsasən onun mənzilinə baxış keçirilmiş, mənzildə nəmlik, bütün otaqların, mətbəxin və girişin divar kağızların aşağı hissədən qopub-qabarması, otaqla laminat döşəmənin bəzi yerlərdən qabarması, qapıdan girən yerdə döşəmənin aşağı yatması, gəzdikdə tərpənməsi halları aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4681 nömrəli, 10 noyabr 2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzilinə Cavabdeh ASC tərəfindən "xxxx" MTK-nın tikdiyi hündürmərtəbəli binanın zirzəmisindən çəkilən qurunt sularının iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın həyətində yerləşən kanalizasiya quyusuna yüksək təzyiqlə vurulması nəticəsində su axıdılığı və nəticədə 2 saylı mənzilin dəhliz, mətbəx, yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2023,0 manat məbləgində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Hüquqi dəyərləndirmə: Kollegiya iş materialları əsasında qeyd edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzilinə Cavabdeh ASC tərəfindən "xxxx" MTK-nın tikdiyi hündürmərtəbəli binanın zirzəmisindən çəkilən qurunt sularının iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın həyətində yerləşən kanalizasiya quyusuna yüksək təzyiqlə vurulması nəticəsində mənzilə su axıdılmış və nəticədə həmin mənzilin dəhliz, mətbəx, yaşayış otaqlarına maddi ziyan vurulmuşdur. Kollegiya hazırki mülki mübahisəyə aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən qiymət verir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə birinci instaniya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmişdir. Ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzilinə Cavabdeh ASC tərəfindən "xxxx" MTK-nın tikdiyi hündürmərtəbəli binanın zirzəmisindən çəkilən qurunt sularının iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın həyətində yerləşən kanalizasiya quyusuna yüksək təzyiqlə vurulması nəticəsində su axıdılığı və nəticədə 2 saylı mənzilin dəhliz, mətbəx, yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən, 27 saylı evin 2 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2023,0 manat məbləgində olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədəyindən birinci instansiya məhkəməsi mülki işin həllində həmin rəyi əsas götürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Kollegiya qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı mənzilinə Cavabdeh ASC-nin təqsirli hərəkəti nəticəsində çirkab sularının axması və mənzilinə dəymiş ziyan müəyyən edildiyindən iddiaçının bu səbəbdən mənəvi sarsıntı keçirməsi qaçılmazdır. Kollegiya qeyd edir ki, sözügedən mənzilə axıdılmış çirkab suları mənzildə kəskin xoşagəlməz qoxunun yaranmasına səbəb olmuş, bu halda isə iddiaçının və həmin mənzildə yaşayan digər ailə üzvlərinin uzun müddət əsəb və stress keçirməsini qaçılmaz etmişdir. Kollegiya, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin məbləğinin 300 (üç yüz) manat müəyyən edilməsini ağlabatan hesab edir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin cavabdeh tərəfin izahatını almadan qərar qəbul etməsi halına istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin qismən təmin edilərək, maddi zərərə görə 2000 manat və mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 2300 (iki min üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4885/2021 saylı, 13.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar