Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3997/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(005)- 50/2019 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 128900 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək fərdi yaşayış evinin tam qəzalı vəziyyətə düşməsi nəticəsində ona dəymiş 650000 manat dəyərində maddi zərərin, itmiş faydanın, mənəvi zərərə görə 60000 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 18 iyun 2019cu il tarixli, 2(005)-50/2019 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynovsədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 12 noyabr 2019-cu il tarixli 2(103)- 12189/2019 saylı qətnaməsi ilə Cavabdeh oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2019 saylı iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə – qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı maddi zərərə görə 81918 (səksən bir min doqquz yüz on səkkiz) manat, mənəvi zərərə görə 3000 (üç min) manat tutularaq Cavabdeh oğluna ödənilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizaların xərcinin dəyəri olan 150 (yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı və vəkili Allahverdiyev Yusif Asif oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-26672020 saylı, 17.06.2020-ci il tarixli Qərarı ilə ilk iddia üzrə İddiaçı və vəkili Allahverdiyev Yusif Asif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)-12189/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-26672020 saylı, 17.06.2020-ci il tarixli qərarıında qeyd edilmişdir: “Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza rəyi olmadan Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatına əsasən iddiaçı tərəfindən dəymiş zərərlə bağlı cavabdehə ödənilmiş 3000 manat pul maddi zərərin ümumi dəyərindən çıxılmaqla ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evlə bağlı maddi zərərin yekun məbləği 81918 manat müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı sayıla bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatında sökülməsi və yenidən inşa edilməsi nəzərdə tutulan evin layihəsi, ölçüləri və s. zəruri məlumatlar göstərilməmişdir.Belə ki, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinin texniki pasportunda həmin evin 1 mərtəbəli olmaqla ümumi sahəsinin 80,5 kv.m, Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 21.11.2018- ci il tarixli arayışında isə 77,5 kv.m olması göstərilsə də, Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatının məzmununda göstərilən işlərin həcmi qeyd edilən sahələrə uyğun hesablanıb-hesablanmaması göstərilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təkrar (və ya kompleks) ekspertiza zamanı ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinin hansı ölçülərdə olması bir daha dəqiqləşdirilməli, mübahisəli mənzilin yararsız vəziyyətə düşməsi faktı ilə bağlı tərtib ediləcək smetanın məhz həmin evin texniki xüsusiyyətlərini özündə əks etdirən sənədlərdə göstərilən ölçülər üzrə aparılmasına diqqət yetirilməli, dəymiş ziyanın məbləği real müəyyən edilməli, yalnız bundan sonra iddiaçı tərəfindən dəymiş zərərlə bağlı cavabdehə ödənilmiş 3000 manat pul maddi zərərin ümumi dəyərindən çıxılmalıdır. (əgər dəymiş zərərin məbləği artıq ödənilmiş məbləğin həddini keçərsə)”. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, iş materiallarına əvvəllər əlavə edilmiş Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatından başqa digər, yəni sökülməsi və yenidən inşa edilməsi nəzərdə tutulan evin layihəsi, ölçüləri və s. zəruri məlumatlar göstərilmiş yeni sübutlar yoxdur və təqdim edə bilmir. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Kollegiya tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-26672020 saylı, 17.06.2020-ci il tarixli qərarıında qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(005)-50/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-26672020 saylı, 17.06.2020-ci il tarixli Qərarı ilə ilk iddia üzrə İddiaçı və vəkili Allahverdiyev Yusif Asif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)-12189/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin materiallarından görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 18.09.2003cü il tarixli, 466 №-li sərəncamı ilə “X3” MMC-nə torpaq sahəsi ayrılarkən ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi həmin hüquqi şəxsə həvalə edilmişdir. Qeyd olunan hüquqi şəxslə iddiaçı arasında bağlanmış podrat müqaviləsində ilk iddia üzrə iddiaçı yerinə yetirəcəyi işlərlə yanaşı, tikinti sahəsində 2 ədəd mövcud köhnə tikililərdə yaşayan sakinlərin köçürülməsini və mövcud köhnə tikililərin söküntü və söküntüdən əmələ gələn tullantıların daşınmasını öz öhdəsinə götürmüşdür. “X3” MMC və ya iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin sökülməsi, yaxud əvəzli əldə edilməsi barədə hər hansı əqd bağlanmamışdır. Buna baxmayaraq qeyd olunan hüquqi şəxsin podratçısı olan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən aparılmış söküntü, qazıntı və tikinti işləri nəticəsində cavabdehin əmlakına ziyan dəydiyi iddia edilir. İşin materiallarından görünür ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş 24.07.2018-ci il tarixli rəy, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin baş mühəndisi tərəfindən verilmiş 12.04.2018-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyləri ilə ilkin iddia üzrə iddiaçının apardığı inşaat işləri nəticəsində cavabdehin mənzilinə maddi ziyan dəyməsi, mənzilin yararsız vəziyyətdə olduğu müəyyən edilmiş, lakin dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan vəsaitin məbləği müəyyən edilməmişdir. Sonuncu dəfə təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 29.08.2018- ci il tarixli, 14747 saylı ekspert rəyi ilə yaşayış evinin qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olduğu, həmçinin sökülərək, yenidən tikilməsinin məqsədə uyğun hesab olunduğu nəzərə alınaraq, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, yaşayış evinə dəymiş ziyanın dəyəri, həmin ev söküldükdən və yenidən inşa olunmasına dair layihəsmeta sənədləri tərtib edildikdən sonra müəyyən olunmasının mümkünlüyü qeyd edilmişdir. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinə ziyan dəyməsi faktını mütəxəssislər və ekspert müəyyən etmiş, lakin ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin evin sökülməsi və yenidən inşa olunmasına dair layihə-smeta sənədlərinin tərtib edilməsinə ehtiyac olduğunu qeyd etmişdirlər. İşin materiallarından görünür ki, cavabdeh əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsinə mənzildə yerinə yetiriləcək söküntü, yenidənqurma, tikinti və təmir işlərinin bazar qiymətinin 84918 manat təşkil edilməsinə dair Bakı Torpaq Layihə Smeta Bürosu tərəfindən verilmiş smeta hesabatını, həmçinin mübahisəli mənzilin 19.11.2018-ci il tarixinə bazar dəyərinin 117000 manat olması barədə Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.11.2018-ci il tarixli rəyini təqdim etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatında sökülməsi və yenidən inşa edilməsi nəzərdə tutulan evin layihəsi, ölçüləri və s. zəruri məlumatlar göstərilməmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinin texniki pasportunda həmin evin 1 mərtəbəli olmaqla ümumi sahəsinin 80,5 kv.m, Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 21.11.2018-ci il tarixli arayışında isə 77,5 kv.m olması göstərilsə də, Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatının məzmununda göstərilən işlərin həcmi qeyd edilən sahələrə uyğun hesablanması göstərilməmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinin hansı ölçülərdə olması dəqiqləşdirilməli, mübahisəli mənzilin yararsız vəziyyətə düşməsi faktı ilə bağlı tərtib ediləcək smeta məhz həmin evin texniki xüsusiyyətlərini özündə əks etdirən sənədlərdə göstərilən ölçülər üzrə olmalıdır. İşin yenidən apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, iş materiallarına əvvəllər əlavə edilmiş Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatından başqa digər, yəni sökülməsi və yenidən inşa edilməsi nəzərdə tutulan evin layihəsi, ölçüləri və s. zəruri məlumatlar göstərilmiş yeni sübutlar (layihə-smeta sənədləri və.s.) yoxdur və təqdim edə bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu sökülməsi və yenidən inşa edilməsi nəzərdə tutulan evin layihəsi, ölçüləri və s. zəruri məlumatlar göstərilmiş sübutlar (layihə-smeta sənədləri və.s.) təqdim edə bilmədiyindən ziyanın məbləğini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edilməsi də məqsədəmüvafiq deyildir. Mülki Prossesual Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər.Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Mülki Məcəllənin 21., 1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir.Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(005)-50/2019 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, 1-ci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 150 (bir yüz əlli) manat iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(005)-50/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlansın. İş üzrə ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 150 (bir yüz əlli) manat iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3997/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3997/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver