Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar X3, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və qaytarılması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2017-ci il tarixli qətnamədən cavabdeh İddiaçı3 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçılar X3 və İddiaçı3, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 59 saylı Mənzil Tikinti Kooperativinə məxsus 192 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və 59 saylı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların və digər sakinlərin öz vəsaiti ilə 1974-cü ildə müəllimlər kooperativinin binası inşa edilmişdir. Binanın 1-ci mərtəbəsində 192 kv.m kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalı mövcuddur. Kooperativin keçmiş sədri X1 saxtalaşdıraraq, kooperativin üzvlərinin xəbəri və razılığı olmadan xeyirşər zalını zəbt edərək, 2007-ci ildə öz oğlu olan cavabdehin adına özəlləşdirmiş və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2007-ci tarixli, ********* qeydiyyat nömrəli, MH serıyalı, ******* nömrəli çıxarış almışdır. Sahənin özəlləşdirilməsi üçün əsas olan sənədlər – MTK-nın adından verilmiş xx.xx.2005-ci il tarixli ümumi iclasın protokolu və xx.xx.2005-ci il tarixli maliyyə arayışı, digəri isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 11B saylı, xx.xx.2005-ci il tarixli protokolu olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsı ilə Kooperativinin ümumi iclasın protokolu və maliyyə arayışı etibarsız sayılmış, Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın iclasının protokolu ləğv edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə isə cavabdehin adına verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamələr qanuni qüvvəyə minmişdir. xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq özəlləşdirilməsı faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. MTK həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bütün bunlara baxmayaraq cavabdeh qeyri-yaşayış sahəsini boşaldaraq MTK-ya təhvil vermir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etməli olmuşlar. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi ilk növbədə, iddia qaldırmış şəxslərin bu kimi iddianın qaldırmaq üçün müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi. Çünki mübahisə predmeti olan qeyriyaşayış sahəsi MTK-nın balansına və xidmət dairəsinə təhvil verilməmişdir. Bu səbəbdən də, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair subyektiv hüquq MTK-nın bir qrup üzvlərinə məxsus deyil və ona görə də, MTK-nın bir qrup üzvü tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalı idi. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli bina 1974-cü ildə istismara qəbul edilmiş, işə baxmış Rayon Məhkəməsi isə qətnaməsində səhv olaraq hal-hazırda qüvvədə olan Mülki Məcəllənin kooperativlərlə bağlı müddəalarına istinad etmişdir. Halbuki, məhkəmə maddi hüquq normasını tətbiq edəndə xx.xx.2000-ci il tarixinə qədər qüvvədə olmuş Mülki Məcəllənin müddəalarını tətbiq etməli idi. Eyni zamanda, Rayon Məhkəməsi tətbiq edilməli olan normativ hüquqi aktları tətbiq etməmişdir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” xx.xx.1965-ci il tarixli, 05 saylı qərarının 2-ci bəndinin 5-ci abzasına əsasən MTK-nın razılığı ilə onların binalarında ticarət, ictimai-iaşə və digər təşkilatlar üçün qeyri-yaşayış sahələri tikilərsə, həmin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara ayrılmış əsaslı inşaat üçün buraxılan pul hesabına aparılır. Bundan əlavə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 saylı qərarı ilə təsdiq edilmiş “Mənzil-tikinti Kooperativinin nümunəvi Nizamnaməsinə” əsasən ticarət, ictimai-iaşə əhalinin məişət xidməti və digər təşkilatlar üçün qeyri-yaşayış sahələrinin inşası MTK-nın vəsaiti hesabına maliyyələşdirilə bilməz. Normativ hüquqi aktların tələblərindən göründüyü kimi, Sovet dövründə inşa edilən MTK binalarında yerləşən qeyri-yaşayış sahələri MTK üzvlərinin vəsaiti hesabına yox, dövlət vəsaiti hesabına inşa edilirdi. Bu səbəbdən də 1974-cü ildə istismara verilmiş binada yerləşən mübahisəli qeyri-yaşayış sahəsi dövlət əmlakına aid hesab edilir. Digər tərəfdən, Rayon Məhkəməsi öz qətnaməsində Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir. Lakin istinad olan məhkəmə qərarlarında qeyriyaşayış sahəsi ilə bağlı verilmiş sənədlər mübahisələndirilmişdir. Həmin qətnamələrdə əmlakın kimin balansında olması ilə bağlı faktlar araşdırılmamışdır. Bu səbəbdən də Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edilməsi əsassızdır. d) iş üzrə yuxarıda instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktları barədə məlumat
6. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (iş № 2(103)-1798/2018) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini qət etmişdir.
7. İddiaçıların verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar (iş № 2(102)-4475/2018) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
8. İşə ikinci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (iş № 2(103)-9820/2018) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini qət etmişdir.
9. İddiaçıların həmin qətnamədən verdikləri kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (iş № 2(102)-890/2019) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır. e) apellyasiya instansiyası məhkəməsində yeni icraat zamanı iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Cavabdeh apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
11. Apellyasiya baxışında iştirak edən iddiaçılar Hafiz Abdulayev və İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.
12. İddiaçı2 və iş üzrə üçüncü şəxs olan Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
13. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 2-də yerləşən 59 saylı MTK tərəfindən inşa olunmuş yaşayış binasının birinci mərtəbəsində yerləşən və sahəsi 192 kv.metr olan qeyri-yaşayış sahəsi "xxxx" kimi nəzərdə tutulmuş, 2005-ci ildə həmin sahə MTK-nın sədri Mübariz Haciyevin övladı olan Cavabdeh adına özəlləşdirilməklə onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
16. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi (iş № 2(011)-409/2014) ilə həmin qeyri-yaşayış sahəsinə dair MTK-nın adından verilmiş xx.xx.2005-ci il tarixli ümumi iclas protokolu və xx.xx.2005-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
17. Hazırki iş üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti versə də, sonradan şikayətdən imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü tarixli qərardadı (iş № 2(103)-3514/2014) ilə apellyasiya şikayətindən imtinası qəbul edilmiş və iş üzrə apellyasiya icraatına xitam verilmişdir.
18. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi (iş № 2(009)-1908/2015) ilə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyasının iclasının xx.xx.2005-ci il tarixli 11 saylı protokolunun 59 saylı MTK-ya məxsus həmin binada yerləşən sahəsi 192 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh verilməsi hissəsində ləğv edilməsi qət edilmişdir.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (iş № 2(005)-5795/2016) ilə qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh adına verilmiş xx.xx.2007-ci il tarixli “Çıxarış” ləğv edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi (iş № 2(103)-1901/2017) ilə dəyişdirilmədən saxlanılmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı (iş № 2(102)-4197/2017) ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. İş materiallarından görünür ki, 2016-cı ilin noyabr ayında iddiaçılar hazırkı tələblə Rayon Məhkəməsinə müraciət edərək cavabdehin adına qeyri-yaşayış sahəsinə dair verilmiş bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə baxmayaraq sonuncunun qeyri-yaşayış sahəsini boşaldıb MTK-ya təhvil verməkdən boyun qaçırmasını əsas göstərməklə qeyri-yaşayış sahəsinin boşaldılıb 59 saylı MTK-ya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Göstərilənlərə əsasən Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq özəlləşdirilməsı faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.2 və 313-cü maddələri ilə ********* saylı cinayət işinin icraatı başlanmışdır. 59 saylı MTK həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 59 saylı MTK-ya məxsus və yuxarıda qeyd edilən binada yerləşən sahəsi 192 kv.m. olan qeyri-yaşayış sahəsinə dair həmin MTK-nın adından verilmiş xx.xx.2005-ci il tarixli ümumi iclas protokolu və xx.xx.2005-ci il tarixli maliyyə arayışı Xətai Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnamə ilə etibarsız sayılmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyasının iclasının xx.xx.2005-ci il tarixli 11 saylı protokolu 59 saylı MTKya məxsus binada yerləşən həmin qeyri-yaşayış sahəsinin Cavabdeh verilməsi hissəsi Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak kimi onun adına “Daşınmaz Əmlakın Dövlət Reyestrində” qeydiyyatı və qeydiyyat əsasında verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli “Reyestrin çıxarışın” ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir.
23. İşə baxmış Rayon Məhkəməsi qeyd edilənlər əsasında belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır, cavabdehin qeyd edilən mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur və səbəbdən cavabdeh qeyri-yaşayış sahəsini boşaltmalı, qeyri-yaşayış sahəsi MTK-ya qaytarılmalıdır.
24. İşin müəyyən edilmiş halları apellyasiya baxışı zamanı da müəyyən edildiyindən Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələlərinə görə, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır (maddə 109.1.). Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ olan fiziki və (və ya) hüquqi şəxsdir (maddə 109.2.). Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər (maddə 110.1.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
25. Göstərilən maddi hüquq normasının tələblərindən işin müəyyən olunmuş hallarına yanaşdıqda müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi bina kooperativ üzvləri tərəfindən ödənilmiş əmlak payları hesabına tikilmişdir. Həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübut yoxdur.
26. Cavabdehin apellyasiya şikayətində iddiaçıların bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmadıqlarını bildirsə də, mübahisəli qeyri-yaşayış sahəsinin MTK tərəfindən kooperativ üzvlərinin payı hesabına tikilməsi təsdiq edir ki, həmin əmlak MTK-ya aid olsa da kooperativ üzvlərinin ümumi mülkiyyəti sayılır. Belə olan halda müəyyən edilir ki, iddiaçılar hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdirlər.
27. Əksinə, işin hallarından müəyyən edilir ki, cavabdehin qeyd edilən mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur. Çünki mübahisəli qeyriyaşayış sahəsinə dair Cavabdeh qarşı bütün iddialar (onun adına verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə) hazırkı iş üzrə iddiaçılar tərəfindən qaldırılmaqla bu barədə qəbul edilmiş qətnamələrin hamısı qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin işlər üzrə iddiaçılar tələb irəli sürmək hüququna malik olan şəxslər hesab edilməklə həmin hal mübahisə doğurmamışdır. Həmin işlər üzrə qəbul edilmiş qətnamələrin mövcudluğu cavabdehin mübahisəli əmlakdan istifadə etməkdə davam etməsini istisna etdiyindən, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Cavabdehin mübahisəli əmlak üzərində sahiblik və istifadə hüququnu davam etdirməsi iddiaçıların həmin əmlaka dair hüquqlarını pozur. Bu baxımdan qəbul edilməlidir ki, qeyri-yaşayış sahəsini cavabdeh tərəfindən boşaldılmalı və qeyri-yaşayış sahəsi MTKya qaytarılmalıdır.
28. Apellyasiya şikayətinin digər dəlilləri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə mövqeyini həmçinin MPM-in 82.3-cü maddəsinə istinad edərək, yuxarıda qeyd edilən məhkəmə aktlarına – Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmiş hallara əsaslanmışdır. Rayon Məhkəməsinin bu mövqeyi səhvdir. Belə ki, həmin qətnamələrdə mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı verilmiş sənədlər mübahisələndirilmiş, həmin qətnamələrdə əmlakın kimin balansında olması ilə bağlı faktlar araşdırılmamışdır. Əslində isə mübahisəli qeyri yaşayış sahəsi MTK-ya deyil, dövlətə məxsus əmlakdır. Buna görə də, iddia əsaslı hesab edilə bilməz.
29. Bu dəlilər ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh bu kimi dəlilləri irəli sürmək üçün subyektiv hüquqa malik deyil, çünki o, dövləti təmsil etmir. Bundan başqa nəzərə alınmalıdır ki, qeyd edilən qətnamələr ilə mübahisəli qeyri-yaşayış sahəsinin hazırki iş üzrə cavabdehə məxsus olmaması müəyyən edilmişdir. MPM-in 82.3-ci maddəsinə görə isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilləri də əsaslı deyil.
31. Apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi bina 1974-cü ildə istismara qəbul edilmiş, işə baxmış Rayon Məhkəməsi isə qətnaməsində səhv olaraq hal-hazırda qüvvədə olan Mülki Məcəllənin kooperativlərlə bağlı müddəalarına istinad etmişdir. Halbuki, məhkəmə maddi hüquq normasını tətbiq edəndə xx.xx.2000-ci il tarixinə qədər qüvvədə olmuş Mülki Məcəllənin müddəalarını tətbiq etməli idi.
32. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in mənasına görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
33. İş materiallarından görünür ki, iş üzrə tərəflər arasında hüquq münasibətləri qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın 1974-cü ildə istismara qəbul edilməsi zamanı deyil, qeyri-yaşayış sahəsinin cavabdehin adına özəlləşdiriləməsi prosedura başlandığı 2005-ci ilə yaranmışdır. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2000-ci il tarixinə qədər qüvvədə olmuş Mülki Məcəllənin müddəalarının deyil, həmin tarixdən sonra qüvvəyə minmiş Mülki Məcəllənin müddəalarına istinad etməkdə haqlı olmuşdur.
34. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
35. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.