Məhkəmə qərarları › İş №2(103)-4002/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4002/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4002/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Xəlil oğlunun, Cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinin cavabdehlər Cavabdeh1 və “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə qarşı “öhdəliyin icra olunması və pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2119/2019 saylı 28 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı “İddiaçıleri Sanayi və Ticarət Limited” şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 09 sentyabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkəti cavabdehlər Cavabdeh1 və “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə qarşı “öhdəliyin icra olunması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”ndən “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinin xeyrinə 185.000 ABŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Qazaxıstan Respublikasında olarkən orada tanış olduğu iş adamı Cavabdeh1 iddiaçının biznes fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Sonradan Cavabdeh1 iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikasının Bakı şəhərində yaşayan və onunla işləyən türk iş adamları var, onlarla iş əməkdaşlığı qurmaq olar. Cavabdeh1 iddiaçıya "Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti"nin telefon nömrəsini vermiş və bildirmişdir ki, həmin şirkət onundur və şirkətə mal göndərsə, pulun ödənməsi ilə əlaqədar yaranmış problemlərə görə məsuliyyəti özü daşıyacaq. İddiaçı Cavabdeh1 inanaraq danışıqlar aparmış, tam razılığa gəldikdən sonra ünvanı ünvan 1hbərliyi ilə əldə edilmiş razılaşmaya əsasən Türkiyə Cümhuriyyəti, Mersinli məhəlləsi, İslam Kerimov prospekti, Sunucu Plaza A blok bina 15, mənzil 1510 Bayraklı- İzmir ünvanında fəaliyyət göstərən " İddiaçıleri Sanayi Və Ticarət Limited"xxxx"Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti"nin Azərbaycandakı filialına 02.05.2013-cü il tarixli Seriya: A sıra no: 304556 fakturaya əsasən 30.240.00 ABŞ dollar dəyərində; 17.05.2013cü il tarixli Seriya: A sıra no: 304563 fakturaya əsasən 30.240.00 ABŞ dollar dəyərində; 12.06.2013-cü il tarixli Seriya: A sıra no: 304570 fakturaya əsasən 96.339.07 ABŞ dollar dəyərində; 27.08.2013-cü il tarixli Seriya: A sıra no: 304581 fakturaya əsasən 104.658.44 ABŞ dollar dəyərində; 29.08.2013-cü il tarixli Seriya: A sıra no: 304582 fakturaya əsasən 29.550.00 ABŞ dollar dəyərində; 26.09.2013-cü il tarixli Seriya: A sıra no: 304590 fakturaya əsasən 96.123.75 ABŞ dollar dəyərində; 07.07.2014-cü il tarixli Seriya: A sıra no: 304656 fakturaya əsasən 89.994.80 ABŞ dollar dəyərində; 08.07.2014-cü il tarixli Seriya: A sıra no: 304657 fakturaya əsasən 83.788.00 ABŞ dollar dəyərində, ümumi dəyəri 560.934.06 ABŞ dollar təşkil edən malları göndərmişdir. Göndərilmiş malların bir hissəsinin pulu alıcı şirkət tərəfindən ödənilmiş, digər hissəsi isə ödənilməmişdir. İddiaçı sonradan bu barədə Cavabdeh1la danışanda bildirmişdir ki, onun şirkətə heç bir aidiyyəti yoxdur və bundan sonra onun telefon zənglərinə cavab verməmişdir. 06 dekabr 2017-ci il tarixdə hər iki şirkət arasında göndərilən mallarla ödənilmiş pullar arasında üzləşdirmə keçirilmiş və məlum olmuşdur ki, qeyd olunan tarixə "Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti" həmin borcu hissə-hissə - 20 yanvar 2018-ci il tarixdə 50.000 ABŞ dollar, 20 Fevral 2018-ci il tarixdə 50.000 ABŞ dollar, 20 mart 2018-ci il tarixdə 50.000 ABŞ dollar və 20 aprel 2018-ci il tarixdə 35.000 ABŞ dollar məbləğində ödəmə barədə öz üzərinə öhdəlik götürmüşdür. 06.12.2017-ci il tarixli razılaşma aktı cavabdehin Azərbaycan Respublikasındakı filialın hüquqi şəxs tərəfindən təyin edilmiş və onun etibarnaməsi əsasında fəaliyyət göstərən nümayəndəsi İsmail İnan tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş, digər tərəfdən Feray Özdemir tərəfindən imzalanmışdır. Qanunun bu tələbləri ilə əlaqədar qeyd edir ki, cavabdehin nümayəndəsi İsmail İnanın sözügedən əmlaka dair sərəncam verilməsi ona səlahiyyətlərin bir hissəsini verən ana şirkət tərəfindən tam bəyənilmiş və bu günədək həmin şirkət tərəfindən heç bir etiraz daxil olmamışdır. Lakin şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə 185.000 ABŞ dollar məbləğində borcu yaranmışdır. Cavabdeh1 sözügedən şirkətə görə qarant durmasaydı, onların təmiz iş adamları olmasına iddiaçını inandırmasaydı, iddiaçı, onlara pulu qabaqcadan almadan malları göndərməzdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2119/2019 saylı 28 mart 2019-cu il tarixliqətnaməsi ilə iddianın təmin edilməməsiqət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “İddiaçıleri Sanayi və Ticarət Limited” şirkəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə hüquqi şəxsin filialının rəhbərini etibarnamə əsasında üçüncü şəxsi təmsil edən təmsilçi ilə eyniləşdirməklə qanunun tələblərini pozmuşdur. Cavabdeh məhkəmədə iştirak etmədən, iddia tələbinə dair hər hansı etiraz irəli sürmədən məhkəmə belə qənaətə gəlmişdir ki, filial nümayəndəsi filialın rəhbərinin borcu etiraf etmək səlahiyyəti olmamışdır. Cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsinə dair heç bir sübut təqdim edilməmişdir, bu fakt borcun olmasını təsdiq edir. Göndərilmiş malların ümumi dəyəri 560.934,06 ABŞ dolları olduğu halda, faktiki olaraq 280.063 ABŞ dolları ödənilmiş, 280.871,06 ABŞ dolları isə borc qalmış, bu borcdan 95.871,06 ABŞ dolları güzəşt edilərək çıxılmış və nəticədə qalmış 185.000 ABŞ dolları borca dair akt tərtib edilmişdir ki, həmin borc da ödənilməmişdir. Borc üzləşmə aktından əlavə malların göndərilməsinə dair qaimə fakturalarda da öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8652/2019 saylı 29 iyul 2019-cu iltarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2119/2019 saylı iş üzrə 28 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı “İddiaçıleri Sanayi və Ticarət Limited” şirkəti tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7820/201 saylı 17 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8652/2019 saylı 29 iyul 2019-cu iltarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması təyin edilmişdir. 09.09.2020-ci il tarixdə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə digər cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil Xəlil oğlu apellyasiya şikyətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdi ki, tərəflər arasında ticarət əlaqələri olmuş və nəticədə iddiaçıya ümumilikdə 205000 ABŞ dolları məbləğində borc yaranmışdır. Həmin məbləğin 35000 ABŞ dolları “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə, digəri isə Cavabdeh1 aiddir. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, sonuncu ödəniş iddiaçıya 2015-ci il tarixdə edilmiş, bundan sonra hər hansı ödəniş aparılmamışdır. Həmin tarixdən sonra iddia ərizəsi isə qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mübahisəyə iddia müddəti tətbiq olunmalıdır. Buna görə də cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, mübahisəyə iddia müddətinin tətbiq edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, iddia tələbinin əsasını iddiaçı şirkət tərəfindən cavabdeh şirkətə göndərilmiş malların dəyərinin ödənilməmiş hissəsinin tutulması təşkil edir. İddiaçı tərəfindən iddia ərizəsinə cavabdeh şirkətə 02.05.2013-cü il tarixdən 06.07.2014-cü il tarixədək göndərilmiş malların faktura-qaimələrini və cavabdeh şirkətin filialı ilə qalıq borcun hissə-hissə ödəniləcəyini təsdiq edən 06.12.2017-ci il tarixli razılaşma da əlavə edilmişdir. İddiaçı şirkət cavabdeh şirkətə cəmi 560934 ABŞ dolları dəyərində mal göndərdiyini, sonuncu tərəfindən 280063 ABŞ dolları məbləğində ödəniş edildiyi, ondan 280871 ABŞ dolları məbləğində borcdan 95871 ABŞ dolları güzəşt edilməklə silindiyinə və qalan 185000 ABŞ dollarının qaytarılmasına dair razılaşma əldə edildiyinə, lakin cavabdeh şirkətin öhdəliklərinin icrasından yayındığına istinad edərək həmin məbləğin onun xeyrinə tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2, 53.3 və 359.1-ci maddələrinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialının rəhbəri cavabdehin etibarnaməsi əsasında fəaliyyət göstərir. Belə olan halda iddiaçıya olan borcun ödənilməsinin öhdəlik kimi cavabdeh şirkətin adından həmin filialın rəhbəri tərəfindən üzərinə götürülməsi səlahiyyətinin olub-olmaması etibarnamədə əks olunmalıdır. Lakin iddiaçı tərəf cavabdeh şirkətin Azərbaycadakı filialının rəhbərinin belə səlahiyyətinin olub-olmaması barədə də sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi digər cavabdehə münasibətdə də belə qənaətə gəlmişdir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbinin bu hissəsi ilə bağlı fiziki şəxs olan bu cavabdehə məhsulların göndərilməsi, məhsulların dəyərinin ödənilməsinə dair həmin cavabdeh tərəfindən hər hansı öhdəliyin üzərinə götürülməsi ilə bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, qətnamə xxxx“Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı təmin edilmədiyi hissələrdə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından həmin hissədə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan “İddiaçıleri Sanayi Və Ticarət Limited”xxxx“Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialın nümayəndəsi İsmail İnan arasında imzalanmış 06 dekabr 2017-ci il tarixli razılaşmadan görünür ki, (i.v.14) “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı idxalçı “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinə olan 185.000 ABŞ dolları məbləğində borcunu 20.01.2018-ci il tarixdə 50.000 ABŞ dolları, 20.02.2018-ci il tarixdə 50.000 ABŞ dolları, 20.03.2018-ci il tarixdə 50.000 ABŞ dolları, və 20.04.2018-ci il tarixdə 35.000 ABŞ dolları olmaqla ödəməyə razılaşmışdır. Həmçinin iş materiallarında olan 02.05.2013-cü il tarixli A seriyalı 304556 nömrəli, 17.05.2013-cü il tarixli A seriyalı 304563 nömrəli, 12.06.2013-cü il tarixli A seriyalı 304570 nömrəli, 27.08.2013-cü il tarixli A seriyalı 304581 nömrəli, 29.08.2013-cü il tarixli A seriyalı 304582 nömrəli, 26.09.2013- cü il tarixli A seriyalı 304590 nömrəli, 07.07.2014-cü il tarixli A seriyalı 304656 nömrəli, 08.07.2014cü il tarixli A seriyalı 304657 nömrəli qaimələrdən görünür ki, “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkəti tərəfindən 02.05.2013-cü il tarixdə dəyəri 30.240.00 ABŞ dolları olan, 17.05.2013-cü il tarixində 30.240.00 ABŞ dolları olan, 12.06.2013-cü il tarixdə dəyəri 96.339,07 ABŞ dolları olan, 27.08.2013-cü il tarixdə dəyəri 104.658,44 ABŞ dolları olan, 29.08.2013-cü il tarixdə dəyəri 29.550,00 ABŞ dolları olan, 26.09.2013-cü il tarixdə dəyəri 96.123,75 ABŞ dolları olan, 07.07.2014-cü il tarixdə dəyəri 89.994,80 ABŞ dolları olan və 08.07.2014-cü il tarixdə dəyəri 83.788,00 ABŞ dolları olan malların “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nə göndərilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (567, 600.1, 601.1). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şirkət tərəfindən təqdim edilmiş qaimələrlə cavabdeh şirkətə göstərilən dəyərdə malların göndərilməsi mübahisəsiz qaydada təsdiq edilir. Həmçinin cavabdeh şirkətə aid olan kassa məxaric orderləri, yəni iddiaçı şirkətin malların göndərildiyi tarixlərə uyğun gələn ödəniş qəbzləri də malların əvəzsiz qaydada verildiyini istisna etməklə, tərəflər arasında qarşılıqlı öhdəlik münasibətlərinin mövcudluğunu təsdiq edir. Eyni zamanda, göndərlən malların dəyərinin ödənilmiş məbləğlərin cəmindən artıq olduğu da müəyyən edilir. Qeyd olunan hallar, yəni göndərilmiş malların tam dəyərinin ödənilməməsi cavabdeh şirkətin rəsmi blankında şirkətin filialının möhürü ilə filialın nümayəndəsi İsmail İnan tərəfindən təsdiqlənmiş sənəddə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2 və 53.3-cü maddələrinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Göründüyü kimi, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən bölməsi olan filialın hüquqi şəxsin funksiyalarını həyata keçirmək və onun mənafelərini təmsil və müdafiə etmək səlahiyyətlərini hüquqi şəxs tərəfindən təyin edilən rəhbəri həyata keçirir. Nəzərə alınmalıdır ki, 06.12.2017-ci il tarixli sənədi imzalamış İsmail İnanın səlahiyyətsiz olması cavabdeh şirkət tərəfindən məhkəmə baxışları zamanı ümumiyyətlə mübahisələndirilməmişdir. Digər tərəfdən, şirkətin rəsmi blankında filialın möhürü ilə təsdiqlənmiş razılaşma şirkət üçün yeni öhdəlik yaratmamış, sadəcə mövcud öhdəliyin icrası vaxtını müəyyənləşdirmişdir. Lakin hazırki işdə birinci instansiya məhkəməsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış razılaşmanın cavabdeh şirkət üçün öhdəlik münasibətlərinin yaranmasına əsas olmaması barədə səhv nəticəyə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, təqdim olunmuş sübutlarla tərəflər arasında qarşılıqlı öhdəlik münasibətlərinin mövcud olması təsdiq edilir və iddiaçı şirkət öhdəliyinin icrasına dair tələbinin əsası kimi 26.12.2017-ci il tarixli razılaşmaya deyil, aralarında 2013cü ildən yaranmış alqı-satqı üzrə qarşılıqlı öhdəlik münasibətlərinə istinad edir. Mülki prosessual qanunvericiliyin “sübutetmə yükünün əsasları” ilə bağlı müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqdim olunmuş qaimələr üzrə alınmış malların dəyərinin ödənilməsini sübut etmək vəzifəsi alıcı şirkət olan cavabdehin üzərinə düşür. Lakin hazırki işə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası qaydasında baxılarkən cavabdeh şirkət tərəfindən sözügedən qaimələr əsasında təhvil alınmış malların dəyərinin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1579/2020 saylı 21.02.2020-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinin cavabdehlər X1 və “Çakır Yapı və X7 Ortaklığı” MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin iddianın qismən, 261628,06 ABŞ dolları məbləğində təmin edilməsinə dair qəbul etdiyi 09.10.2019-cu il tarixli qətnaməsindən narazı qalan cavabdeh “Çakır Yapı və X7 Ortaklığı” MMC apellyasiya şikayəti verərək həmin apellyasiya şikayətinin məzmununda göstərmişdir ki, ....iddiaçı ilə aralarında ticarət əməkdaşlığının olmasını onlar da təsdiq edirlər, belə ki, müxtəlif vaxtlarda həmin şirkətlə aralarında mal tədarükü ilə bağlı iqtisadi münasibətlər mövcud olub....Həmin borcun yalnız 185000 ABŞ dolları hissəsi “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının “Cəlilabad rayonunun su-kanalizasiya sisteminin qurulması” layihəsinin icrası zamanı iddiaçıdan aldığı mallara görə yaranmış borcdur. Hər iki şirkətinin təsisçisinin eyni adam olmasını nəzərə alan iddiaçı “Çakır Yapı və X7 Ortaklığı” MMC-nin indiyədək aldığı mallara görə etdiyi ödənişləri digər şirkətin, “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin borcundan silib və nəticədə cavabdeh üçün borc yaradıb. Halbuki iddiaçı ilə 06.12.2017-ci il tarixli razılaşmaya görə “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin cavabdehə borcu 185000 ABŞ dolları olaraq razılaşdırılıb. Göründüyü kimi, hazırki işdə cavabdeh olan “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin yuxarıda qeyd olunan mülki işdə cavabdeh olan “Çakır Yapı və X7 Ortaklığı” MMC-nin rəhbəri eyni adam olmaqla, iddiaçıya məhz hazırki iş üzrə cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin 185000 ABŞ dolları məbləğində borcunun olduğunu apellyasiya şikayətində etiraf etmişdir. Mülki qanunvericiliyin müddəalarına görə, hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs, kreditor isə– borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Belə olan halda, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki mübahisə üzrə cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nın hərəkətləri alqı-satqı münasibətləri üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, həmin cavabdeh qarşılıqlı ticarət əməkdaşlığına görə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq verilmiş malların dəyərini tam olaraq qaytarılmalı olduğu halda, bu öhdəliyini icra etməmiş və yaranmış borcunu iddiaçıya ödəməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şirkətin nümayəndəsi tərəfindən “iddia müddətinin tətbiqi” ilə bağlı verilmiş ərizəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, "L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işi həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Hazırki iş üzrə cavabdeh şirkətin məhkəmə instansiyalarında işə baxılarkən bu barədə lazımi qaydada xəbərdar oluna bilmədiyi üçün iştirak etmək və belə ərizə vermək hüququndan məhrum olduğunu nəzərə alaraq Kollegiya həmin ərizəni qəbul etsə də, onun mahiyyəti ilə bağlı qeyd edir ki, həmin ərizə verilərkən cavabdeh tərəf qarşılıqlı hüquq münasibətləri üzrə iddiaçıya sonuncu ödənişin 2015-ci il tarixdə edildiyinə və bu tarixdən sonra iddia ərizəsinin qanunla müəyyən edilmiş müddətdə verilməməsinə istinad edərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Lakin iş üzrə müəyyən olunur ki, tərəflər arasında hüquq münasibətləri 2013-cü ildən yaransa da, həmin hüquq münasibətləri davam etmiş və tərəflər arasında məhz hazırki mübahisə ilə bağlı 26.12.2017-ci il tarixli razılaşma belə imzalanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində, yəni 11.01.2019-cu il tarixdə müraciət etmişdir. Belə olan halda qeyd olunan hallar iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etməkdə iddia müddətini ötürməsi halını inkar edir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, «xxxx“Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə qarşı təmin edilmədiyi» hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilərək, cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”ndən 185000 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı “İddiaçıleri Sanayi və Ticarət Limited” Şirkətinə ödənilməlidir. İddiaçının Cavabdeh1 qarşı iddiasının təmin edilməməsinə gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və qeyd edir ki, iddianın bu hissəsi üzrə iddiaçı məhz həmin cavabdehə mal göndərməsini və malın dəyərinin məhz bu cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı hər hansı öhdəliyin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu baxımdan məhkəmə həmin cavabdehə qarşı iddianın rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, «xxxx“Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə qarşı təmin edilmədiyi» hissədə ləğv edilərək, həmin hissədə iddia təmin edilməli, cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”ndən 185000 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) pul tutularaq iddiaçı “İddiaçıleri Sanayi Və Ticarət Limited” Şirkətinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə aid edilməlidir. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2119/2019 saylı 28 mart 2019-cu il tarixli qətnaməsi qismən- xxxx“Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nə qarşı təmin edilmədiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”ndən 185000 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) pul tutularaq iddiaçı “İddiaçıleri Sanayi və Ticarət Limited” Şirkətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”ndən 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “İddiaçıleri Sanayi və Ticarət Limited” şirkətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar