Məhkəmə qərarları › İş №2(103)-4003/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4003/2021

28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4003/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nin səhmdarlarının 2005-2019-cu illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının surətini, nizamnamənin surətini, səhmdarlarının 2005-2019-cu illərin reyestrinin surətini, yığıncaqda iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısını (2005-2019-cu illər), emissiya prospektinin surətini, 2005-2019-cu illərə dair maliyyə nəticələri haqqında hesabatının müəssəsinin balansının, mənfəət vergisinin bəyannaməsinin surətlərinin, fiziki (və digər) şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə 2005-2019-cu illərdə təsdiq olunmuş formada surətlərini, icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışını və sahənin texniki pasportunun surətinin təsdiq olunmuş formada ASC-dən alınaraq ona təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC, qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin “xxxx” ASC- nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışını və sahənin texniki pasportunun surətinin, icarə müqavilələrinin surətlərinin, emissiya prospektinin surətinin iddiaçıya verilməsi hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” ASC, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 fevral 2021-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmə, qərarında göstərmişdir ki, “...İddiaçı ilə “xxxx” ASC arasındakı səhmdar cəmiyyətə aid olan sənədlərin tələb edilməsi üzrə mübahisə kommersiya hüquqi şəxsi olan cavabdehlə bağlı korporativ mübahisəyə aiddir. Lakin buna baxmayaraq apelyasiya instansiyası məhkəməsinin mülki kollegiyası tərəfindən məhkəmə aidiyyatı qaydası pozulmaqla işə baxılmışdır. Ali Məhkəmənin qərarında qeyd edilənlərə uyğun olaraq işin məhkəmə aidiyyəti müzakirəyə çıxarılmış və iclasda iştirak edən cavabdehin nümayəndəsi məslənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh, məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə baxıldığından qətnamə ləğv edilərək iş baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci və 25.1-ci maddələrinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərinə əsasən tərəflərin (sahibkarlıq subyketi olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələrə aiddir. Kollegiya hesab edir ki, hazırkı iddiaya da bu aspektdən yanaşılmalı və işin məhkəmə aidiyyəti həll edilərkən işdə iştirak edən şəxslərin subyekt tərkibi və mübahisənin xarakteri nəzərə alınmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı “xxxx” ASC-nin səhmdarıdır və 50 ədəd səhmin sahibidir. İddiaçının tələb etdiyi sənədlər səhmdar cəmiyyətin sahibkarlıq faəliyyətinə aid olduğu üçün işə kommersiya məhəkəməsində baxılmalıdır. Bu qənaətə gələrkən Kollegiya, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında gəldiyi nəticəni də nəzərə alır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-nin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-352/2020 saylı iş üzrə 27 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar