Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4006/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (arvadı) Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh iddiaçının oğlu X4 ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmaqla evlənmiş və gəlin kimi mübahisəli mənzilə köçmüşdür.
2. Cavabdehin gəlin kimi köçdüyü ev - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, yeni qaydalarla: AZ1054 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Evin texniki pasportuna görə həyətdə iki ədəd biri iki mərtəbəli, digəri isə bir mərtəbəli olan “a” və “b” tikililəri mövcuddur. İddiaçı öz ailəsi və bir oğlu birlikdə iki mərtəbəli tikilidə, cavabdeh isə bir mərtəbəli tikilidə yaşayır.
3. Hazırda iddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını xahiş edir. Göründüyü kimi, iddianın mahiyyəti ondan ibarətdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə dair hər hansı istifadə və əmlak hüququ olmadığından həmin evdən çıxarılmalıdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən (yeni qaydalarla: AZ1054 ünvan 1) fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********18- 10302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31 may 2024-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən (yeni qaydalarla: AZ 1054 ünvan 1) fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3778/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qətnaməsi (hakim Ülkər Xəlilin sədrliyi ilə) ilə X4 ilə Cavabdeh arasında 12 iyun 2010-cu il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 739 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 10 may 2011-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanması müəyyən edilmiş və 10 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə X2 hər ay 235,00 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı keçmiş gəlini olmaqla başqa ünvanda qeydiyyatda olmaqla iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İddiaçı Cavabdeh oğlu ilə ailə münasibətlərinə xitam verildiyi üçün xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılmasını və çıxmasını tələb etmiş, lakin Cavabdehmənzili boşaltmaqdan imtina etmişdir. Hazırda, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən (yeni qaydalarla: AZ 1054 ünvan 1) fərdi yaşayış evində heç bir hüquqi əsası olmadan yaşaması və yaşayış sahəsini tərk etməməsi iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olur. Bu səbəbdən İddiaçı pozulmuş mülkiyyət hüqüqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1568/2025 saylı, 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin edilmişdir.
3. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin yaşadığı ev iddiaçı ilə eyni ünvanda yerləşsə də həmin ev qanunsuz tikilidir. Onun yaşadığı hissə iddiaçının çıxarışı olan sahəyə aid deyil. Lakin məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
8. İddiaçı və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
10. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı: “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”.
Apellyasiya baxışının hədləri
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
11. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
13. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin mübahisələndirilməyən aşağıdakı hallarını nəzərə alır.
14. Cavabdeh 2010-cu ildə iddiaçıya məxsus fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Mənzilə dair iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınsa da, fərdi yaşayış evinin iddiaçının atasına məxsus olması faktı işin mübahisəsiz halıdır. Belə ki, hətta cavabdeh belə bu faktı birinci instansiya məhkəməsinin iclasında etiraf etməklə göstərmişdir ki, ev keçmiş ərinin babasının olmuşdur. Cavabdeh hər hansı sübut təqdim etməsə də, mübahisəli evin ərinə babası tərəfindən vəsiyyət edildiyini bildirir. Halbuki, daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Yəni reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
15. Cavabdehin onun yaşadığı “B” tikilisinin özbaşına tikili olması və bu səbəbdən iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, reyestr nömrəsi **********18-10302 olan fərdi yaşayış evinin texniki göstəricilərinin əks edildiyi Texniki pasportda “B” tikilisi köməkçi tikili kimi qeydə alınmışdır.
16. Cavabdehin apellyasiya şikayətinin bir digər dəlili isə oğlu ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının nəvəsinə münasibətdə hər hansı tələb irəli sürülməmişdir.
17. Bundan başqa cavabdeh apellyasiya baxışı zamanı da izahat verərkən etiraf etmişdir ki, ona Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 384 nömrəli sərəncamı ilə İİ qrup gözdən əlillərin güzəştli mənzil növbəsinə götürülmüş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Yeni yaşayış Kompleksində iki otaqlı mənzil verilmişdir.
18. 08.10.2013-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir
19. Yuxarıda göstərilən hüquqi mövqedən aydın olduğu kimi, ümumiyyətlə istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq, yəni həmin sahədə yaşamaq imkanını təmin edir. Bu imkan isə ehtiyacdan (məcburiyyətdən) yaranır və ehtiyacın aradan qalxması ilə itir. Hüququn yaranması əsası isə yuxarıda göstərildiyi kimi müxtəlif ola bilər. Bunlara etibarlı ailə münasibətlərinin mövcudluğunu, müqavilə və digər razılaşmaları aid etmək olar. Lakin hər bir halda həmin hüquq mülkiyyət hüququnun mütləq şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilməz. Yəni, mülkiyyətçinin iradəsinə əsasən mənzildə onunla birlikdə yaşamağa icazə verilmiş şəxslərin, sonradan mülkiyyətçinin iradəsinə əsasən evdən çıxarılmaları mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir və hüquqi baxımdan əsaslıdır.
20. Cavabdehin hal-hazırda başqa evi (yaşayış sahəsi) olmaqla yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün və bu əsasla onun mübahisəli evdən istifadə hüququnun saxlanması üçün əsas olmadığından iddiaçının tələbi əsaslıdır və birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni hazırkı apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.