Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4007/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mirsadiq oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbləri ilə bağlı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçı Mirsadiq oğlunun iştirakı ilə, İddiaçı Mirsadiq oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsindən İddiaçı Mirsadiq oğlunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından 1368 nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə “Sirkumsizya əməliyyatından sonra uretranın yatrogen zədələnməsi (N47), Hipospadiya süni (Q 54.1)” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin deməsinə görə 8 ay əvvəl sol tərəfli orxiopeksiya və sirkumsizya əməliyyatı keçirib. Əməliyyatdan sonra uretranın distal 1/3-də dəlik əmələ gəlib və həmin dəlikdən sidik ifrazı müşahidə edilir. Klinikada müayinə zamanı döş qəfəsi və qarın boşluğu üzvləri tərəfindən patoloji dəyişiklik aşkar olunmadı. Böyrəkləri əllənmir, döyəcləmə simptomu hər iki tərəfdə mənfidir, dizuriya var. St.localis: Sirkumsizya əməliyyatından sonra uretranın zədələnməsi. xx.xx.2023-cü il tarixdə uretranın reanastamozu (Bukkal mukoza İN Lay qreft meatopiastika) əməliyyatı icra olundu. Hazırda vəziyyəti kafidir. Xəstəyə məsləhətlər verildi və təkrar müayinə 1 aydan sonra. Xəstə xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə yazılmışdır.
2. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, surəti İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanına əsasən özəl tibb müəssisəsinin (Medaura Klinikası) fəaliyyətinə nəzarət TƏBİB-in səlahiyyətləri xaricində olduğundan həkim səhlənkarlığının araşdırılması mümkün deyildir.
3. “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin 569/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının ekspert rəyinin surətindən görünür ki, 2014-cü il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarında əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspert komissiyası aşğıdakı nəticəyə gəlir: -1-ci,4-cü suallar üzrə: “MedAura” Klinikasında tərtib edilmiş ambulator kitabçadan görünür ki, Mirməhəmməd Seyidlinin üzərində xx.xx.2022-ci il tarixdə “Sünnət” əməliyyatının icra edildiyi qeyd edilmişdir. X10 obyektiv müayinəsi zamanı “Sünnət” əməliyyatı ilə yanaşı sağ qasıq nahiyyəsində də qasıq yırtığı ilə əlaqədar əməliyyatın aparıldığı müəyyən edilmişdir. Bu haqda “Ambulator kitabça”da qeydiyyat aparılmalı olduğu halda aparılmamışdır. Mirməhəmməd Seyidlinin mütəxəssis müayinəsi zamanı onda ilkin əməliyyatdan sonra (sirkumziya) meydana çıxan yatrogen (zədələnmə) hipospadiya penisdə əyilmə və ciddi dəri defekti yaranmışdır. Qeyd olunan hal qüsurlu əməliyyat, yəni aşırı elektrokoter istifadəsi nəticəsində baş verə bilərdi. Buna məsul şəxs əməliyyatı icra edən həkim cərrahdır və qüsurlu müdaxilə səhiyyə sistemində mövcud olan 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. -2-ci sual üzrə: Mirməhəmməd Seyidli “MedAura” klinikasına daxil olduqdan sonra ona elektrokardioqrafiya və qanın laborator analizləri aparılmışdır. Lakin heç bir diaqnoz təyin edilməmiş və müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi haqqında hər hansı bir qeydiyyat aparılmamışdır, yalnız anesteoloji vərəqədə “sünnət” əməliyyatının aparıldığı göstərilmişdir. Aparılmış əməliyyatın tibbi göstərişi haqqında fikir söylənilməsi mümkün olmadı, lakin icra edilmiş ilkin əməliyyat qüsurlu olmuş və aparılmış təkrar cərrahiyyə əməliyyata baxmayaraq, hazırda penisin ventral hissəsində qlansın alt tərəfindən penisin cisminə doğru uretrada açılmış böyük bir defekt, həmin defektdən qeyridüzgün sidiyin çıxması, ətrafda irinli fibriotik toxumaların görülməsi və penisdə ventral əyilmənin olduğu müəyyən edilmişdir. Hazırda da təkrar rekonstruktiv əməliyyatının aparılmasına zərurəti vardır. - 3-cü sual üzrə: Mirməhəmməd Seyidliyə müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi və xəstəliyinin diaqnostikası aparılmamış, tibbi sənədlər tam həcmdə tərtib edilməmiş, həmçinin cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmişdir. Bununla da səhiyyə sistemində mövcud olan 70 saylı təlimatın, yəni həkim-cərrahın nümunəvi vəzifə öhdəliklərinin müvafiq bəndinə əməl edilməmişdir.
4. X11 tərəfindən verilmiş izahatdan görünür ki, xəstə İddiaçı Mirsadiq oğlunun valideynləri 2023-cü ilin yay aylarında ona müraciət edib uşağın sünnət əməliyyatı zamanı penisində deffekt yarandığı ilə əlaqədar rekonstruksiya əməliyyatı aparmasını xahiş etmişdir. O, ixtisasca uşaq pediatr cərrahdır və böyürək sidik kisəsi, cinsiyyət yollarının rekonstruksiyası əməliyyatlarını icra edir. Həmin xəstədə sünnət əməliyyatı zamanı elektroqouqulyatorun istifadəsi nəticəsində həmin zədənin yaranması ehtimal olunurdu. O, həmin xəstənin alt dodağın selikli qişasından sərbəst qreft və strotum xayalıq lərisndən götürüb deffekti bərpa etmək üçün əməliyyat aparmışdır. Əməliyyat uğurlu alınmış və köçürülən dəri materialları orqanizm ilə təmasa girmişdir. O, uşağın valideynlərinə bu barədə məlumat verilmişdir. Demişdir ki, bir neçə etap əməliyyata ehtiyac vardır. Növbəti əməliyyatı 6 ay sonra mümkün olduğunu izah etmişdir. Lakin bir iki ay keçmiş ilkin əməliyyatı icra etmiş həkim Cavabdeh2 demişdir ki, uşağın atası Çingiz ondan şikayət edib, onunla görüşmək istəyir. O, da razılaşmış və onlar onun yanına gəlmişlər və o, da əvvəlki dediyi sözləri uşağın atasına bir də təkrar etmiş və bildirmişdir ki, uşağın növbəti əməliyyatı altı ay keçəndən sonra həyata keçirilə bilər. Onlar narahatlıq bildirmədən çıxıb getmişlər. Xəstənin hazırkı vəziyyəti qənaətbəxşdir, əməliyyatın gedişatına uyğundur. Etaplı əməliyyatın aparılmasına ehtiyac vardır, yəni deffekt tam bərpa etməık mümkündür. Buna isə müəyyən zaman lazımdır.
5. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi ədliyyə müşaviri X15 tərəfindən tərtib edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Mirsadi oğlunun “MedAura” Klinikasının həkimi Cavabdeh2 tərəfindən lazer aparatı ilə düzgün sünnət etməməsi nəticəsində M.Seyidlinin cinsi orqanının fəaliyyət qabiliyyətini itirməsi barədə müraciəti əsasında Nəsimi rayon prokurorluğuna şikayət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 “MedAura” Klinikasında “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh2 tərəfindən əməliyyat qüsurlu icra olunmuşdursa da, xəstənin vəziyyətinin qənaətbəxt olması, eləcə də rekonstruktiv əməliyyatlarla xəstənin sağlamlığının tam bərpa etmək mümkün olması xüsusatı əməliyyatı icra etmiş cərrah həkim və tibb personalının hərəkətlərində cinayət tərkibi olmadığını dəlalət etmiş olur. Eləcə də araşdırma zamanı müəyyən edilmişdir ki, şikayətçi İddiaçı Mirsadi oğlu ona vurulmuş 6000 manat məbləğində maddi-mənəvi ziyanın ödənilməsinə dair tələbi mülki xarakter daşıyır və ona bununla əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən X4 “MedAura” Klinikasında sünnət edilməsi ilə əlaqədar şəxslərin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunmuş diaqnozlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə “Hipospadiya və ya epispadiyanın bərpası” və “Uretra cırılmasının tikilməsi” xidmətləri icbari tibbi sığorta çərçivəsində təminata alınmışdır. Müraciətdə qeyd olunmuş diaqnozların uroloji xəstəlikləri əhatə etdiyini nəzərə alaraq vətəndaş təyin olunacaq müayinə və cərrahi əməliyyatın icrası üçün uroloji xəstəliklər üzrə ixtisaslaşmış tibb müəssisəsi olan X8 adına Respublika Kliniki Uroloji Xəstəxanasına müraciət edərək tibbi xidmətlərdən icbari tibbi sığorta çərçivəsində yararlana bilər.
7. X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli elektron məktubuna əsasən müraciət edən şəxs X7 ilk növbədə uşaq cərrahı tərəfindən müayinə olunmalıdır. Müayinədən sonra xəstəxanada müalicənin mümkünlüyü və bu müddət ərzində çəkilən xərclər barədə rəsmi məlumat veriləcək.
8. X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xəstə Mirməhəmməd Seyidli xx.xx.2024-cü il tarixdə poliklinikasında müayinə olundu. Atasından alınan anamnezə görə təxminən iki il öncə başqa xəstəxanada enməmiş xaya və sünnət əməliyyatı icra olunub. Əməliyyat sonrası cinsiyyət üzvünün alt hissəsində öncəsində olmayan dəlik əmələ gəlib və sidik ifrazı o dəlikdən olub. Təqdim etdiyi çıxarışa görə xəstəyə xx.xx.2023-cü il tarixdə Respublikası Klinik Uroloji Xəstəxanasında uretranın reanastamozu əməliyyatı icra olunub. Xəstənin hazırkı müayinə nəticəsi: sağ qasıq nahiyyəsində və penoskrotal nahiyyədə əməliyyat izi mövcuddur. Hər iki xaya xayalıqda yerləşib. Meatal darlıq və midpenil səviyyədə fistula izlənilir. Xəstənin cinsiyyət üzvünün bərpası üçün hər biri ən az altı ay ara ilə oluna biləcək iki ya üç mərhələli əməliyyat gərəkli olacağı düşünülməkdədi. Belə xəstələrdə zədələnmiş toxumaların sürətli v daha yaxşı bərpası məqsədi ilə bəhs edilən əməliyyatlar zamanı hiperbarik oksigen müalicəsi də alması məsləhət görülməkdədir. Planlanan əməliyyatlar xəstəxanada icra oluna bilsə də, planlaşdırılan hiperbatik oksigen müalicəsi hazırda xəstəxanasında mövcud deyil.
9. X21 tərəfindən məhkəmə sorğusuna verilmiş cavabdan görünür ki, xəstənin cinsiyyət üzvünün bərpası üçün hər biri ən az altı ay ara ilə oluna biləcək iki ya üç mərhələli əməliyyat gərəklidir.
10. X21 tərəfindən verilmiş xəstə üçün əməliyyat qiyməti üzrə məlumatlandırma formasından görünür ki, 8500 manat + 300 manat pre op + əlavə 7 gün yatış 4500 manat olmaqla cəmi 13300 manat xərc tələb olunur.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Mirsadiq oğlu cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vurulmuş maddi zərərin əvəzi olaraq 49150 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, ümumilikdə 99150 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mirsadiq oğlu doğma oğlu X2 etdirmək üçün xx.xx.2022-ci il tarixdə İ.Əfəndiyev adına 2 saylı xəstəxanasının cərrah Fuad adlı həkimə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə “MedAura” klinikasında Fuad həkimə 750 manat məbləğində pul ödəmiş, lakin ödədiyi pulun əvəzində ona hər hansı qəbz verilməmişdir. Bundan sonra tibb bacısı oğlu Mirməhəmmədi əməliyyat hazırlamaq üçün aparmış, ona narkoz verilərək əməliyyat olunmuşdur. Əməliyyatdan təxminən 2 saatdan sonra oğlu palataya yerləşdirilmişdir. Palatada olarkən Fuad həkim gələrək uşağa baxış keçirmiş, sabahdan uşağı evə apara biləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə oğlu xəstəxanadan evə buraxılmış, evdə uşağın cinsiyyət orqanının dərisinin olmadığı görmüş və bu barədə Fuad həkimə bildirmişdir. Bundan sonra Fuad həkim ona X18 çalışan Gündüz Ağayevə yönləndirmiş, sonuncu baxış keçirərkən uşağın cinsiyyət orqanının əməliyyat zamanı lazerlə yandırıldığını bildirmiş, 8 ay sonra uşağı yenidən əməliyyat edib, yanağından və dodağından ət götürərək uşağın cinsiyyət orqanına əlavə edəcəyini söyləmişdir. Qeyd olunan vaxtda cərrah Gündüz Ağayev müalicə edib əməliyyatın aparılması üçün Cavadzadə adına Uroloji xəstəxanada işləyən cərrah Rəfail Soltanovun yanına göndərmişdir. Cərrah R.S.Soltanov 2023-cü ilin may ayında uşağı müayinə edərkən yaranın sünnət əməliyyatı zamanı elektroqouqulyatorun nəticəsində yaranmasını qeyd edərək, xəstənin alt dodağının selikli qişasının sərbəst qreft və skrotum xayalıq dərisindən götürüb defekti bərpa etmək üçün əməliyyat aparılmışdır . Əməliyyatın uğurlu alındığı bildirmə də 6 aydan sonra yenidən əməliyyat olunması zəruriliyi bildirmiş, yaranın bərpasının mərhələli əməliyyatlar nəticəsində mümkünlüyü qeyd edilmiş, bu səbəbdən də iddiaçı uşağın sağlamlığının tam bərpası üçün əldə olunmuş diaqnozlar, aparılmış əməliyyatlar və nəticələri barədə sənədləri Türkiyə Respublikasına göndərmişdir. Təcrübəli həkimlərin sənədlər üzərində keçirdikləri konsiliumun nəticəsi olaraq xəstənin sağlamlığının əvvəlki vəziyyətə bərpası mümkünlüyü bildirmiş, bunun üçün 2200 ABŞ dolları pulun ödənilməli olduğu qeyd edilmişdir. Göründüyü kimi bu cür işlərdə həkim təəssübkeşliyi mənfi rol oynayır, bu zamani ikili məsuliyyət olan həm cinayət məsuliyyəti, həm də mülki məsuliyyət yaranır. Nəsimi rayon prokurorluğu bu iş üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunanlar və keçirilmiş komisiyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə iddiaçının oğlu X1 zərər vurulması müəyyən edilmişdir ki, bu da iddiaçının maddi və mənəvi ziyan vurulmuşdur, hazırda da mənəvi iztirablar davam etməkdədir. Belə ki, qüsurlu əməliyyatdan sonra yaranmış fəsadların aradan qaldırılması məqsədilə əməliyyat keçirilsə də, nəticəsi olmamış, əlavə olaraq mərhələli şəkildə 2-4 dəfə əməliyyat olunması zəruriliyi qeyd edilməklə, bundan sonra müsbət nəticənin gözlənildiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçının səhiyyə sistemininə olan inamı sarsılmış, övladının sağlamlığını, gələcəyini və hazırda yaşıdlarından təcrid olunmasını nəzərə alaraq (qüsurlu əməliyyatla bağlı uşaq xx.xx.2023-cü il tarixdə məktəbə getmir), Türkiyə Respublikasında zəmanətli əməliyyatın aparılmasına qərar vermişdir. X7 barəsində təyin edilmiş Komisyon Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 569/KEŞ saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “MedAura” Klinikasında tərtib edilmiş ambulator kitabçadan görünür ki, Mirməhəmməd Seyidlinin üzərində xx.xx.2022-ci il tarixdə “Sünnət” əməliyyatının icra edildiyi qeyd edilmişdir. X10 obyektiv müayinəsi zamanı “Sünnət” əməliyyatı ilə yanaşı sağ qasıq nahiyyəsində də qasıq yırtığı ilə əlaqədar əməliyyatın aparıldığı müəyyən edilmişdir. Bu haqda “Ambulator kitabça”da qeydiyyat aparılmalı olduğu halda aparılmamışdır. Mirməhəmməd Seyidlinin mütəxəssis müayinəsi zamanı onda ilkin əməliyyatdan sonra (sirkumziya) meydana çıxan yatrogen (zədələnmə) hipospadiya penisdə əyilmə və ciddi dəri defekti yaranmışdır. Qeyd olunan hal qüsurlu əməliyyat, yəni aşırı elektrokoter istifadəsi nəticəsində baş verə bilərdi. Buna məsul şəxs əməliyyatı icra edən həkim cərrahdır və qüsurlu müdaxilə səhiyyə sistemində mövcud olan 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. Mirməhəmməd Seyidli “MedAura” klinikasına daxil olduqdan sonra ona elektrokardioqrafiya və qanın laborator analizləri aparılmışdır. Lakin heç bir diaqnoz təyin edilməmiş və müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi haqqında hər hansı bir qeydiyyat aparılmamışdır, yalnız anesteoloji vərəqədə “sünnət” əməliyyatının aparıldığı göstərilmişdir. Aparılmış əməliyyatın tibbi göstərişi haqqında fikir söylənilməsi mümkün olmadı, lakin icra edilmiş ilkin əməliyyat qüsurlu olmuş və aparılmış təkrar cərrahiyyə əməliyyata baxmayaraq, hazırda penisin ventral hissəsində qlansın alt tərəfindən penisin cisminə doğru uretrada açılmış böyük bir defekt, həmin defektdən qeyridüzgün sidiyin çıxması, ətrafda irinli fibriotik toxumaların görülməsi və penisdə ventral əyilmənin olduğu müəyyən edilmişdir. Hazırda da təkrar rekonstruktiv əməliyyatının aparılmasına zərurəti vardır. Mirməhəmməd Seyidliyə müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi və xəstəliyinin diaqnostikası aparılmamış, tibbi sənədlər tam həcmdə tərtib edilməmiş, həmçinin cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmişdir. Bununla da səhiyyə sistemində mövcud olan 70 saylı təlimatın, yəni həkim-cərrahın nümunəvi vəzifə öhdəliklərinin müvafiq bəndir. Ekspert rəyindən aydın olur ki, bu hal əməliyyat zamanı tibbi avadanlığın (elektrod) istifadə qaydasına düzgün əməl edilməməsi ilə əlaqədar olmuşdur. Buna məsul şəxs “Med Aura” Klinikasında işləyən həkim-cərrah Cavabdeh2dur. Göründüyü kimi ehtiyatsızlıq nəticəsində cərrahiyyə əməliyyatının gedişi zamanı Mirməhəmməd Seyidliyinin sağlamlığa zərər vurulmuşdur . Odur ki, Mirməhəmməd Seyidliyə “MedAura” klinikasında göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkimlərin nümunəvi təlimatının 12 (diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət,aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir) və 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata həyata keçirilməsə) bəndlərinin pozulması kimi qiymətləndirilmiş və buna məsul şəxs “MedAura” Klinikasında işləyən həkim-cərrah Cavabdeh2 olması ekspert rəyində aşkar şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 09 saylı əmrin № 1 əlavəsinə, “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və Əsasnamə”nin 3-cü bölməsinin metodik göstərişlərinin 30-cu bəndində müxtəlif müayinə və müalicə tədbirləri icra olunarkən yol verilmiş qüsurlar və bununla bağlı baş vermiş fəsadlar tibbi fəaliyyətlə əlaqədar olduğundan tibb işçiləri tərəfindən sağlamlığa zərər vurma hesab olunur və Mirməhəmməd Seyidliyə “Med Aura” Klinikasında göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkimlərin nümunəvi vəzifə təlimatın 12 (diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət,aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir) və 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə) bəndlərinin pozulması kimi qiymətləndirilmişdir. Yuxarıda göstərilən fiziki və hüquqi şəxslərin təqsirli hərəkətləri nəticəsində (əməliyyat-bərpa xərcləri də nəzərə alınmaqla) ümumilikdə 49150 manat maddi zərər (müalicə və müayinələrə, həmçinin stasionar tibbi xidmətlərə görə ödənilmiş maliyyə vasitələrinin bir hissəsinin ödəniş qəbzləri əldə edilmiş, digərləri barədə isə istintaq orqanının və onun şifahi sorğularına (ödəniş qəbzlər və çıxarışlar digərləri barədə isə istintaq orqanın və iddiaçının şifahi sorğularına “ödəniş qəbzlər və çıxarışlar) “3 ay keçdikdən sonra silindiyinə görə məlumatı verilməsi mümkün deyil” cavabı verilmişdir). Eyni zamanda fiziki və hüquqi şəxslərin təqsirli hərəkətləri nəticəsində ona 50000 manat mənəvi zərər olmaqla ümumilikdə 99150 manat manat zərər vurulmuşdur. Bununla bağlı zərərin ödənilməsi ilə əlaqədar məhkəmədənkənar danışıqlara baxmayaraq cavabdehlər yarıtmaz fəaliyyətləri və təqsirli hərəkətləri nəticəsində övladının sağlamlığına vurulan maddi və mənəvi zərəri qarşılamaqdan imtina etmişlər.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)- 1082/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 10000 manat məbləğində pulun tutulması, iddia tələbinin maddi zərərin ödənilməsi və Cavabdeh2 qarşı münasibətdə təmin edilməmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının maddi tələbini təşkil edən ziyan iki hissədən ibarət olmuşdur. Onlardan biri iddiaçının Cavabdeh2 vermiş olduğu 750 manat məbləğin ona qaytarılması və hazırkı lazım olan əməliyyatın xərcləri. Lakin iddiaçı 750 manatın cavabdehə verilməsi barədə rəsmi sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin Cavabdeh2 polis orqanlarına vermiş olduğu izahatında belə bu hal öz əksini tapmamışdır. Maddi ziyanın digər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb edilən digər məbləğ iddiaçının oğlunun əməliyyatı ilə bağlıdır ki, hazırda onun dövlət tərəfindən ödənişsiz qaydada müalicəsi və əməliyyat mümkündür. Bu halın özü ekspertiza rəylərində, iş materiallarında təsdqini tapsa da yenidən əməliyyatın edilməsi üçün qüsurlu əməliyyatı etmiş cavabdehdən pulun tutulması qanuna zidd olacaqdır. Bundan başqa isə məhkəmə bildirir ki, məhkəmə tərəfindən edilmiş sorğuya cavab olaraq X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xəstənin cinsiyyət üzvünün bərpası üçün hər biri ən az altı ay ara ilə oluna biləcək iki ya üç mərhələli əməliyyat gərəkli olacağı düşünülməkdədir. Belə xəstələrdə zədələnmiş toxumaların sürətli və daha yaxşı bərpası məqsədi ilə bəhs edilən əməliyyatlar zamanı hiperbarik oksigen müalicəsi də alması məsləhət görülməkdədir. Planlanan əməliyyatlar xəstəxanada icra oluna bilsə də, planlaşdırılan hiperbatik oksigen müalicəsi hazırda xəstəxanasında mövcud olmaması müəyyən edilsədə hiperbatik oksigen müalicənin ödənişsiz “Xidmətlər Zərfi” daxilində edilməsi və Azərbaycan Respublikası ölkə hüdudları daxilində baş tutması da müəyyən edilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçının gələcəklə bağlı oğlu üçün əməliyyatının icra edilməsi mümkündür. Məhkəmə qeyd etmişdir ki, iddiaçının uşağına düzgün əməliyyatın aparılmaması nəticəsində iddiaçının keçirtdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İddiaçının keçirmiş olduğu davamlı sarsıntıları, oğlunun az yaşlı olmasını, oğlunun gələcəkdə nəslinin davam elətdirilməsi ilə bağlı ümidlərinin sual altında olmasını nəzərə alaraq vurulmuş mənəvi zərərin 10000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 459.1, 1112, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1, 15-3.3, 15- 7.2.1, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı Mirsadiq oğlu qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə nəzərə almamışdır ki, həmin əməliyyyat hazırda icbari tibbi sığortanın paketinə daxil olsa da cavabdeh “Med Aura” klinikasının əməkdaşlığı olmamış və sığorta ilə əməliyyatın aparılacağı bildirilməmişdir. Bu halın özü ekspertiza rəylərində, iş materiallarında təsdqini tapsa da yenidən əməliyyatın edilməsi üçün qüsurlu əməliyyatı etmiş cavabdehdən pulun tutulması qanuna zidd olacaqdır. Bundan başqa isə məhkəmə bildirmişdir ki, məhkəmə tərəfindən edilmiş sorğuya cavab olaraq “Bona Dea” Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xəstənin cinsiyyət üzvünün bərpası üçün hər biri ən az altı ay ara ilə oluna biləcək iki ya üç mərhələli əməliyyat gərəkli olacağı düşünülməkdədir. Belə xəstələrdə zədələnmiş toxumaların sürətli və daha yaxşı bərpası məqsədi ilə bəhs edilən əməliyyatlar zamanı hiperbarik oksigen müalicəsi də alması məsləhət görülməkdədir. Planlanan əməliyyatlar xəstəxanada icra oluna bilsə də, planlaşdırılan hiperbatik oksigen müalicəsi hazırda xəstəxanasında mövcud olmaması müəyyən edilsə də hiperbatik oksigen müalicənin ödənişsiz “Xidmətlər Zərfi” daxilində edilməsi və Azərbaycan Respublikası ölkə hüdudları daxilində baş tutması da müəyyən edilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçının gələcəklə bağlı oğlu üçün əməliyyatının icra edilməsi mümkündür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətdə qeyd olunmuş diaqnozlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə “Hipospadiya və ya epispadiyanın bərpası” və “Uretra cırılmasının tikilməsi” xidmətləri icbari tibbi sığorta çərçivəsində təminata alınmışdır. Müraciətdə qeyd olunmuş diaqnozların uroloji xəstəlikləri əhatə etdiyini nəzərə alaraq vətəndaş təyin olunacaq müayinə və cərrahi əməliyyatın icrası üçün uroloji xəstəliklər üzrə ixtisaslaşmış tibb müəssisəsi olan X8 adına Respublika Kliniki Uroloji Xəstəxanasına müraciət edərək tibbi xidmətlərdən icbari tibbi sığorta çərçivəsində yararlana bilər. Hadisədən keçən müddət ərzində sonrakı əməlyyatlara və adları göstərilən Tibbi Klinikalara, həmçinin də həkimlərə analizlərə, tibbi ləvazimatlara, nəqliyyat vasitəsinə və.s çəkilən xərclər məhkəmə tərəfindən nəzərə alınmamış və bütün bunlara hüquqi qiymət verilməyərək yalnız sənədlərlə təsdiq olunmaması ilə kifayətlənmişdir. Məhkəmə mənəvi zərər hissəsində kifayət qədər araşdırma aparmamış, valideynlərin və uşağın mənəvi iztirablarına, mənəvi sarsıntılarına, uşağın həmin vaxtdan məktəbə getməməsi və həmyaşıdlarına və sinif yoldaşlarına görsənmək qorxusu və hazırda da davam edən digər mənəvi əziyyətlər nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaqüçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən məsələ ilə bağlı qanuniliyinin yoxlanılması üçün müvafiq sənədlərin təqdim edilməsi tərəflərə təklif etməli, zəruri olduğu halda sorğular verməli, qeyd olunan məqsədlə, habelə məhkəmə qərarının icra olunmamasının cavabdehin hüquq və mənafelərinə toxunub-toxunmamasını müəyyən etmək məqsədi ilə iş üzrə prosessual qənaət prinsipini əsas götürməklə iddiaçının tələblərini ətraflı araşdırmalı idi. Qeyd olunanlarla bağlı verilmiş vəsatətə əhəmiyyət verməyərək qanunvericiliyin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən sübutların qanunvericiliyə uyğun olub-olmamasına həmçinin digər sübutlarla yanaşı yuxarıda qeyd edilən maddi və prosessual normalara uyğunluğu üzrə qiymətləndirməli olduğu halda bunu etməmişdir. Cavabdehin nümayəndəsinin təyin olunmuş məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi səbəbilə təxirə salınması və tərəflərin məhkəmə baxışının tərəflərin bərabərliyi prinsipi əsasında aparılmasına dair xahişi nəzərə alınmamışdır. Yəni qanunvericiliyin tələblərinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Bu hüquq məhkəmə tərəfindən pozulmuşdur. Eyni zamanda qanunvericiliyin tələbindən də görünür ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə əsl cavabdeh olan Cavabdeh2 oğlunun iddiaya münasibətini aydınlaşdırmamış, iş üzrə sübut kimi təqdim olunmuş əsaslara hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı Mirsadiq oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətlə eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi.
20. Cavabdeh nümayəndəsi Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
22. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15-4.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır: 15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin maddi zərərin tutulması barədə iddianın rədd edilən hissələrində ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
29. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı oğlu X3 etdirmək üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin həkimi cərrah Cavabdeh2 müraciət etmiş və xx.xx.2022-ci il tarixdə həkim tərəfindən “sünnət” əməliyyatı icra olunmuşdur. Lakin əməliyyatdan sonra uşağın səhhətində problemlər yaranmış, yəni (sirkumziya) meydanaçıxan yatrogen (zədələmə) hipospadiya penisdə əyilmə və ciddi dəri deffekti yaranmışdır. Bundan sonra iddiaçı Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkimi Rəfail Sultanova müraciət etmiş və müayinədən sonra ona “Sirkumsizya əməliyyatından sonra uretranın yatrogen zədələnməsi (N47). Hipospadiya süni (Q54.1)” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə həkim R.Sultanov tərəfindən uşağın üzərində təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı aparılmış, eyni zamanda etaplı cərrahiyyə əməliyyatların aparmalı olduğu bildirilmişdir.
30. İddiaçı oğlunun "xxxx" MMC-nin həkimi Cavabdeh2 tərəfindən lazer aparatı ilə düzgün sünnət etməməsi nəticəsində uşağın cinsi orqanının fəaliyyət qabiliyyətini itirilməsi barədə şikayət ərizəsi ilə Nəsimi rayon Prokurorluğuna müraciət etmişdir. Keçirilmiş xx.xx.2023-cü il tarixli komisyon məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, uşağın üzərində xx.xx.2022-ci il tarixdə “Sünnət” əməliyyatı icra edilmiş, ilkin əməliyyatdan sonra (sirkumziya) meydana çıxan yatrogen (zədələnmə) hipospadiya penisdə əyilmə və ciddi dəri defekti yaranmış, icra edilmiş ilkin əməliyyat qüsurlu olmuş və aparılmış təkrar cərrahiyyə əməliyyata baxmayaraq, hazırda penisin ventral hissəsində qlansın alt tərəfindən penisin cisminə doğru uretrada açılmış böyük bir defekt, həmin defektdən qeyridüzgün sidiyin çıxması, ətrafda irinli fibriotik toxumaların görülməsi və penisdə ventral əyilmənin olduğu müəyyən edilmişdir, hazırda da təkrar rekonstruktiv əməliyyatının aparılmasına zərurəti vardır. Mirməhəmməd Seyidliyə müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi və xəstəliyinin diaqnostikası aparılmamış, tibbi sənədlər tam həcmdə tərtib edilməmiş, həmçinin cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmişdir. Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə X4 “MedAura” Klinikasında “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh2 tərəfindən əməliyyat qüsurlu icra olunmuşdursa da, xəstənin vəziyyətinin qənaətbəxt olması, həmçinin rekonstruktiv əməliyyatlarla xəstənin sağlamlığının tam bərpa etmək mümkün olması xüsusatı əməliyyatı icra etmiş cərrah həkim və tibb personalının hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilmişdir.
31. İddiaçı tələbi cavabdehlərin təqsirli hərəkətləri nəticəsində X1 vurulmuş maddi zərərin əvəzi olaraq 49150 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manatın tutulması ilə bağlıdır.
32. Maddi zərər olaraq tələb olunan 49150 manat “Med Aura” Klinikasında həkimə ödənilmiş 750 manat, xəstəsinin sağlamlığının bərpası üçün çəkilməli olan 22000 ABŞ dolları və digər xərclər olaraq göstərilmişdir.
33. Zərərin həkimə ödənilmiş 750 manat hissəsi ilə bağlı sübut təqdim edilmədiyindən bu hissədə iddia tələbi rədd edilmişdir ki, hazırda məhkəmə kollegiyası da bu mövqe ilə razılaşır.
34. Birinci instansiya məhkəməsi maddi zərərin sağlamlığın bərpası üçün çəkilməli olan xərclərin tutulması hissəsi ilə bağlı tələbi rədd edərkən, onu qeyd etmişdir ki, xəstənin dövlət tərəfindən ödənişsiz qaydada müalicəsi və əməliyyat mümkündür. Yenidən əməliyyatın edilməsi üçün qüsurlu əməliyyatı etmiş cavabdehdən pulun tutulması qanuna zidd olacaqdır.
35. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, yenidən əməliyyatın edilməsi üçün qüsurlu əməliyyatı etmiş cavabdehdən pulun tutulması heç də qanuna zidd deyildir. Ona görə ki, mülki qanunvericilikdə zərər anlayışı təkcə hüquq pozuntusu zamanı birbaşa vurulmuş ziyanın məbləğini ehtiva etmir.
36. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür.
37. Birinci instansiya məhkəməsi tərəfindən sorğulara cavab olaraq müəyyən edilmiş hal ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə “Hipospadiya və epispadiyanın bərpası” və “Uretra cırılmasının tikilməsi” xidmətləri icbari tibbi sığorta çərçivəsində təminata alınmışdır.
38. Lakin, qeyd edilməlidir ki, iddiaçının uşağı üzərində sağlamlığın tam bərpası məqsədi ilə aparılmalı olan tibbi əməliyyatların icbari tibbi sığorta çərçivəsində təminata alınması heç bir halda cavabdehləri zərərin əvəzini ödəmək vəzifəsindən azad edən hal kimi qiymətləndirilə bilməz.
39. Sığorta fəaliyyətinin əsas məqsədi şəxsləri qabaqcadan planlaşdırılmayan əmlak itkilərindən qorumaq, maksimum tez müddətdə pozulmuş hüququn bərpa edilməsinin təmin olunmasıdır. Burada əsas məqsəd zərər vuranı yox, zərərə məruz qalmış şəxsi qorumaqdır. Vurulmuş zərərə görə təqsiri müəyyən edilmiş şəxsin sığorta təminatının mövcudluğu əsası ilə məsuliyyətdən azad edilməsi qanuni hesab edilə bilməz, mülki qanunvericilikdə də belə bir öhdəlikdən azad olma əsası nəzərdə tutulmamışdır.
40. “Tibbi sığorta haqqında” Qanunun 15-4.1.2-ci maddəsinə əsasən, bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək icbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları kimi müəyyən edilmişdir.
41. Hazırkı halda zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi rədd etməklə, iddiaçını icbari tibbi sığorta xidmətlərindən istifadə etməyə məcbur etmək yuxarıda da qeyd edildiyi yolverilməzdir.
42. İddiaçının uşağının sağlamlığının bərpası məqsədi ilə yenidən əməliyyatlar aparılması nəticəsində iddiaçının çəkməli olduğu xərclərinin müəyyən edilməsi yönündə iş materiallarında müvafiq sübutlar mövcuddur.
43. Belə ki, X21 tərəfindən məhkəmə sorğusuna verilmiş cavabdan görünür ki, xəstənin cinsiyyət üzvünün bərpası üçün hər biri ən az altı ay ara ilə oluna biləcək iki ya üç mərhələli əməliyyat gərəklidir.
44. X21 tərəfindən verilmiş xəstə üçün əməliyyat qiyməti üzrə məlumatlandırma formasından görünür ki, 8500 manat + 300 manat pre op + əlavə 7 gün yatış 4500 manat olmaqla cəmi 13300 manat xərc tələb olunur.
45. Kollegiya hesab edir ki, xəstənin cinsiyyət üzvünün bərpası üçün ən azı iki əməliyyat tələb olunduğundan, üçüncü əməliyyata zərurət olub-olmaması isə bu iki əməliyyatdan sonra qiymətləndirilməli məsələ olduğundan hazırkı vəziyyətdə 2 əməliyyatın qiyməti olan cəmi 26600 manat məbləğ cavabdeh “Med Aura” klinikasından tutulmalıdır.
46. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
47. Göründüyü kimi, qanunverici tibb müəssisəsində əməliyyat zamanı müəssisənin obyektiv məsuliyyətini müəyyən etmişdir ki, hazırkı halda cavabdeh tibb müəssisəsi “Med Aura” klinikası müvafiq məsuliyyəti daşımalıdır.
48. Mənəvi zərərin tutulması hissəsi ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə işin halları üzrə mənəvi zərərin məbləği ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətlərin dəlilləri bu hissədə qətnamənin ləğvinə əsas vermir.
49. Tutulmuş mənəvi zərərin məbləği mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərinə ümumilikdə götürüldükdə adekvatdır.
50. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından əsassız olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir. Bu səbəbdən qətnamə qismən maddi zərərin tutulmasının rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.
51. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)- 1082/2024 nömrəli qətnaməsindən İddiaçı Mirsadiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)- 1082/2024 nömrəli qətnaməsi qismən – iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Mirsadiq oğlunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Mirsadiq oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)- 1082/2024 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev