Məhkəmə qərarları › İş №2(103)-4008/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4008/2023

09.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4008/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı (qanuni nümayəndəsi Qanuni nümayəndə) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1rşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində zərərin əvəzi kimi 6.348,65 manat tələb olunub. Binəqədi RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Qərardad onunla əsaslandırılıb ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, yəni mülki məhkəmə icraatında qaydasında baxıla bilməz. Hüquqi əsas kimi Mülki- Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddədən görünür ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İnzibati-Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddiada tələb olunub ki, inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiya ödəsin. Tərəflərin arasında mülki-hüquqi müqavilə olsa da, iddia ərizəsindəki tələb müqavilə tələbi deyil, müqavilədə göstərilən pul vəsaitinin dəyərini itirməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədədir. Ona görə də həmin mübahisə inzibati mübahisə hesab olunur. İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Ona görə də məhkəmə Mülki-Prossesual Məcəllənin 261.0.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar