Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4009/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2, onun vəkili-nümayəndəsi X1 və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “21 iyun 2019-cu il tarixli **********50-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-75/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “21 iyun 2019-cu il tarixli **********50-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş mülkiyyət hüququna dair 21 iyun 2019-cu il tarixli **********50- 10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən öz yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1964-cü il tarixdə inşa edilmiş və həmin tarixdən iddiaçı qeyd edilən ünvanda özünə məxsus olan evdə yaşamağa başlamışdır. Daha sonra iddiaçının atası dünyasını dəyişdikdən sonra anası və kiçik qardaşı hazırki iş üzrə Cavabdeh2 yaşaması üçün Bakı şəhərinə gətirmiş və 1966-cı ildə anası və kiçik qardaşı iddiaçı ilə birlikdə yaşamağa başlamışlar. İddiaçı ona məxsus olan tərdi yaşayış evinin ilkin sənədləşdirilməsinə 197l-ci il tarixdə başlamış və həmin tarixdə evlər idarəsi üzrə texniki inventarizasiyanın kartoçkası tərtib edilərək fərdi yaşayış evinə dair müfəssəl qeydiyyat işləri aparılmışdır. İddiaçı evdə olan sıxlığı nəzərə alaraq 1975-ci il tarixdə özünə məxsus olan həyətdə öz anası üçün fərdi yaşayış otağı inşa edərək anasını kiçik qardaşı ilə bu otağa köçürmüşdür. Bundan sonra mülki iş üzrə cavabdeh (iddiaçının kiçik qardaşı) öz mənzil şəraitini yaxşılaşdırmaq üçün iddiaçıya məxsus torpaq sahəsinə bitişik torpaq sahəsini İddiaçının köməkliyi ilə əldə etmiş və burada özünə fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi yaşayışa hazır olduqdan sonra cavabdeh öz ailə üzvləri ilə özünə məxsus olan evə köçmüş və iddiaçıya məxsus həyətdə inşa edilən otaq boş qalmışdır. 2019-cu il tarixdə iddiaçı Bakı şəhərində mənzillərin və fərdi yaşayış evlərinin kütləvi sənədləşdirilməsi zamanı özünə məxsus olan evə mülkiyyət hüquqlarının dair dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi üçün müraciət etmək qərarına gəlmişdir. Bunun üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət elmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli **********69 saylı məktubla iddiaçıya məxsus fərdi yaşayış evinə dair 197l-ci il tarixdə tərtib olunan texniki pasportun təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Daha sonra iddiaçı 2020-ci ilin yanvar ayında mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh tərəfindən verilən 05 noyabr 2020-ci il tarixli **********37 saylı məktubunda qeyd edilmişdir ki, "qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinə digər şəxs tərəfindən istifadə edilməsi səbəbindən çöl ölçmə işlərinin aparılmasına idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan sonra həmin şəxs barədə araşdırma aparılan zaman iddiaçıya məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin qonşuluğunda olan Cavabdeh2 özünə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alan zaman iddiaçıya məxsus olan toraq sahəsinin bir hissəsini də öz adına rəsmiləşdirmiş və Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə **********50-10301 reyestr nömrəli çıxarış verilmişdir. Nəticədə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericiliyi ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-75/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun vəkili-nümayəndəsi X2 və X5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qanunun mənasına görə, hüquqi işləri, yəni hüquq barədə mübahisələri və individual xarakterli digər hüquq məsələləri həll etmək səlahiyyəti məhkəmələrə məxsusdur. İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumu (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin normanın məzmunundan belə nəticə hasil olur ki, inzibati akt ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələləri nizama salmaq məqsədi ilə qəbul edilir və ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradır, müəyyən şəxslər dairəsini bu və ya digər dərəcədə maraqlarına toxunur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06 oktyabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü və 2.2.5-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar siyahısına daxil edilmişdir. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyəttabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hazırkı mübahisə üzrə tərəflər arasında yaranan münasibət inzibati hüquq münasibətləri xarakteri daşıyır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanların siyahısına daxildir. İddiaçı iddia tələbində həmin ünvana dair 1989-cu ilin dekabr ayında tərtib olunmuş Texniki Pasport əsasında Cavabdeh2 xx.xx.1990-cı ildə Qeydiyyat Vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi əsasında da xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən hazırda mübahisələndirilən mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Göründüyü kimi, qanunda daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı (müvafiq reyestr aparılmaqla) nəzərdə tutulur. Yəni, “çıxarış” deyil, “hüquqların dövlət qeydiyyatı” - hüquqi akt kimi təsbit olunmuşdur. “Çıxarış” - yalnız hüququn dövlət qeydiyyatının rəsmiləşdirilməsinə dair sənədin forması kimi nəzərdə tutulmuşdur. Yəni, ayrılıqda götürülmüş “çıxarış” hüquq müəyyən edən və ya hüquq yaradan sənəd deyil. Daşınmaz əmlaka hüquq dövlət reyestrində qeydiyyatın aparıldığı andan əmələ gəlir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında şərh olunduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Kollegiya qeyd edir ki, Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Mübahisələrin ümüumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsi, inzibati mübahisələrin aidiyyəti isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Q.A.Bezımyannaya Rusiya Federasiyasına qarşı iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında bildirmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrıayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-75/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4009/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4009/2022
05.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver