Məhkəmə qərarları › İş №2(103)-4014/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4014/2023

16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4014/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Mirzə Tağızadədən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Kəmalə Bünyadovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “əcnəbi tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və onun tələbələrin sırasına bərpa edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçının ikili vətəndaşlığı var. O, həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə görə, belə halda iddiaçının RF-nın vətəndaşlığına mənsubiyyəti tanınmır, o, yalnız Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. İddiaçı cavabdehə Rusiya Federasiyasının vətəndaşı olması barədə sənəd təqdim edib, cavabdeh iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmasından məlumatsız olub. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq xx.xx.2022-ci ildə iddiaçı (əcnəbi tələbə) ilə cavabdehin (təhsil müəssisəsinin) arasında “ödənişli təhsil almaq haqqında” müqavilə bağlanıb. Müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürüb ki, ödənişli əsaslarla iddiaçıya Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında rus dilində əyani bakalavriat təhsil səviyyəsinə uyğun “Maliyyə” ixtisası üzrə təhsil verəcək, iddiaçı isə üzərinə öhdəlik götürüb ki, seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil alacaq və hər tədris ili üçün 2.600 manat məbləğində təhsil haqqını iddiaçıya ödəyəcək. Müqavilənin bağlanmasından 10 gün sonra - xx.xx.2022-ci ildə cavabdehin rektoru tərəfindən verilmiş 615/4/2022 №-li əmrlə iddiaçı Rus iqtisad məktəbinin “Maliyyə” ixtisası üzrə təhsilin 1-ci ilinə qəbul olunub. Bundan 4 ay 21 gün sonra - xx.xx.2023-cü ildə cavabdehin rektoru tərəfindən verilmiş 141/4/2023 №-li əmrlə əmr edilib ki, iddiaçı ilə bağlanmış müqavilə ləğv olunsun və müqavilənin 3.1.4-cü bəndinə əsasən o, 2022/2023-cü tədris ilinin 2-ci semestrindən universitetin tələbələri sırasından xaric edilsin. Bu əmrin verilməsinə səbəb ondan ibarət olub ki, iddiaçının ikili vətəndaşlığının olması cavabdehə məlum olub. Belə vəziyyətdə cavabdeh iddiaçını universitetin tələbələri sırasından xaric etmək üçün müqavilənin 3.1.4cü bəndinə istinad edib, yəni cavabdeh hesab edib ki, iddiaçı həmin bəndin tələbini pozub. 3.1.4-cü bənddə qeyd olunub ki, əcnəbi tələbə Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini bu müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə universitet əcnəbi təhsilalan ilə bağlanmış müqaviləni ləğv etmək hüququna malikdir. Müqavilənin 2.2.4-cü bəndinə görə, təhsil müəssisəsi əyani təhsilalma formasında qəbulu rəsmiləşdirdiyi tarixdən 90 gün müddətində əcnəbi tələbə Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim edir. İddiaçı əcnəbi kimi Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədi cavabdehı təqdim edə bilməz, çünki o, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçının təhsil müəssisəsinin tələbələri sırasından xaric edilməsi barədə cavabdehin rektorunun xx.xx.2023-cü il tarixli 141/4/2023 №-li əmri ləğv edilsin və iddiaçı tələbələr sırasına bərpa edilsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əmr ləğv edilsin, iddiaçı həmin təhsil müəssisəsinə tələbə kimi bərpa olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Kəmalə Bünyadova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci, Rusiya Federasiyasının vətəndaşı kimi təhsil müəssisəsinə qəbul olunan tələbənin, qəbul zaman həm də Azərbaycan Respublikasının vətəndaşı olması sonradan aşkar edilirsə, tələbənin bu əsasla təhsil müəssisəsindən xaric edilməsi vətəndaş hüquqlarına verilən təminata ziddir. Bundan belə nəticə hasil olur ki, Azərbaycan Respublikasının ərazisində əcnəbinin statusu Azərbaycan Respublikası vətəndaşının statusundan yüksəkdir, yəni iddiaçı AR vətəndaşı olduğuna görə təhsilini davam etdirə bilməz, əgər RF-nın vətəndaşı olsayıdı təhsilini davam etdirə bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin mənasına görə, vətəndaşın statusu heç bir halda əcnəbənin statusunda aşağı ola bilməz, əksinə, əcnəbinin hüquqlarına təminat verilərkən, qanunda və beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, onun hüquqları vətəndaşın hüquqlarına bərabər tutulur. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 74.1-ci maddəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. İkinci, iddiaçı əcnəbi tələbə kimi təhsil müəssisəsinə qəbul edilib, onun RF-nın vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd həqiqi olub. Əgər iddiaçının RF-nın vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd saxta olsayıdı, belə halda o, təhsil müəssisəsindən xaric edilə bilərdi. Əks təqdirdə, eyni məntiqlə, əcnəbi tələbə təhsil müəssisəsinə qəbul edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığını əldə edərsə, o, təhsil müəssisəsindən xaric edilməlidir. Bu, yolverilməzdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin göstərişi, yəni ikili vətəndaşlığı olan şəxsin başqa dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması, təhsil müəssisəsinə əsas vermir ki, əcnəbi tələbə kimi təhsil müəssisəsinə qəbul edilmiş şəxsi oradan xaric etsin. Üçüncü, tərəflərin arasındakı müqavilənin 3.1.4-cü bəndində qeyd olunub ki, əcnəbi tələbə Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini bu müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə təhsil müəssisəsi əcnəbi təhsilalan ilə bağlanmış müqaviləni ləğv etmək hüququna malikdir. Bu bəndin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasında yaşamaq hüququ olmayan şəxsin Azərbaycan Respublikasında əyani təhsil alması mümkün deyil. Lakin həmin bənddə qeyd olunan “Azərbaycan Respublikasının ərazisində yaşamanı təsdiq edən sənəd barədə” tələb ikili vətəndaşlıq halında Azərbaycan Respublikasının vətəndaşı olan şəxsə münasibətdə tam təmin olunmuş sayılır, çünki Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasının ərazisində yaşamaq hüququ var, yəni onun Azərbaycan Respublikasının ərazisində əyani təhsil alması mümkündür. Ona görə də müqavilənin 3.1.4-cü bəndinin göstərişi cavabdehə iddiaçını təhsil müəssisəsindən xaric etməyə əsas vermir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar