Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4015/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, e-2(009)-87/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4728 manat məbləğində sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddiaçıya qarşı «Mersedes Benz markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin ekspert rəyində siyahıda göstərilmiş dəyişən detallarının ona təhvil verilməsi vəzifəsinin «xxxx» ASC-yə həvalə edilməsi» barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, e-2(009)-87/2021 saylı qərardadı ilə (hakim Mədinə Bağırova) qarşılıqlı iddianın qəbulundan imtina edilmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, ilk iddia üzrə iddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin şişirdilməsi, ekspertiza rəyindən sonra qarşılıqlı iddianın verilməsi üçün əsasların yaranması, dəyişilmiş detialların cavabdeh tərəfindən iddiaçıya verilməməsi və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi şikayəti əsassız sayaraq, onun təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə nəticəsində zərər dəymiş avtomobilin dəyişilməli olan ehtiyat hissələri ilə bağlı məsələ əvvəldən də cavabdeh tərəfə məlum idi və işdə bununla bağlı müvafiq sənədlər vardır. Cavabdeh tərəf məhkəmə baxışlarında iştirak etmiş, ekspertiza təyin olunmuş, uzun müddət keçmiş, yalnız bundan sonra qarşılıqlı iddia vermişdir. Hesab edir ki, cavabdeh tərəfin məqsədi işi süni yolla uzatmaq, pulun ödənilməsindən yayınmaqdır. Cavabdeh subroqasiya qaydasında iddiaçıya pul vəsaitini ödədikdən sonra dəyişilmiş ehtiyat hissələrini götürə bilər. Buna heç bir maneə yoxdur. Həmçinin, cavabdeh belə bir istəklə də onlara müraciət etməmişdir, İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən tərəflərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 155.1-ci maddəsinin tələbinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. MPM-in 155.2-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İşdə olan sənədlərdən (məhkəmə iclas protokolları, bildirişlər və s.) görünür ki, xx xxxx 2020-ci il tarixdə işə baxılmağa başlanmış, cavabdeh tərəf məhkəmənin hazırlıq iclasında iştira etmiş, məhkəmə baxışı xx xxxxx 2020-ci il tarixə təyin olunmuş, məhkəmə baxışı zamanı tərəflər izahatlarını vermiş, cavabdehlərin vəsatəti əsasında iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olmuş, icraat təzələnmiş və s. prosessual hərəkətlər edilmiş, qarşılıqlı iddia ərizəsi isə yalnız uzun müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia qanunvericiliyin tələblərinə zidd olaraq işin baxılmasına başlanandan uzun müddət sonra verilmişdir. Bununla yanaşı, ilk və qarşılıqlı iddiaların mahiyyətlərindən aydın olur ki, qarşılıqlı iddianın verilməsi üçün əsaslar əvvəldən də mövcud olmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Beləliklə, qarşılıqlı iddianın qəbul edilməsi üçün MPM-in 156-cı maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmir. Şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qəbul etməməkdə haqlı olmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, qarşılıqlı iddianın qaytarılması, maraqlı şəxsin müvafiq tələblə müstəqil qaydada məhkəməyə müraciət etmək imkanını istisna etmir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, e-2(009)-87/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4015/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4015/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver