Məhkəmə qərarları › İş №2(103)-4016/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4016/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4016/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ünvan 1 ünvandakı mənzil İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsindəki 18 saylı mənzil isə Cavabdeh məxsusdur. İddiaçı qonşu mənzildən onun mənzilinə su axıdıldığını iddia edərək ona dəymiş zərəri tələb edir. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mənzilə dəymiş ziyana görə 1000 manat maddi ziyan, 2000 manat mənəvi ziyan və 50 manat dövlət rüsumu olmaqla cəmi 3050 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin mənzilindən axan sular üzündən yaşadığı mənzilə ciddi ziyan dəymişdir. Cavabdehə dəfələrlə bir qonşu olaraq mövcud problemin həlli ilə əlaqədar müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Bu problem həmin ünvana köçdüyü tarixdən, təxminən 3 ilə yaxındır ki, davam edir. Cavabdehin mənzilindən axan çirkab sular onun mənzilinin tavanını, divarını nəmləndirir və nəticədə mənzilində olan əmlakı tam yararasız vəziyyətə düşmüş, ona dəfələrlə maddi və mənəvi ziyan dəymişdir. Cavabdehin hərəkətləri üzündən evinin divarları məhv olmuş, divarlarda və tavanda insan sağlamlığı üçün yüksək dərəcədə təhlükəli olan kif göbələyi və rütubət əmələ gəlmişdir. Bundan əlavə cavabdeh və onun həyat yoldaşı Səmayə ikinci mərtəbədə bilərəkdən səs-küy yaradaraq onları narahat edir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli (hakim Ş.Süleymanova, iş № 2(009)-38/2023) qətnaməsi ilə iddia rədd edilmişdir.

4. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus əmlaka ziyanın cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunmadığından cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşımır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

10. Cavabdeh isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən mənzilinə su axıdılmasına istinad edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

22. Cavabdeh isə bu hadisədə təqsirinin olmadığını əsas gətirərək iddiaya etiraz edir.

23. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsası kimi istinad olunan halların iddiaçı tərəfindən sübuta yetirilmədiyinə istinad edərək iddianı rədd etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.

25. Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınmaqla, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

26. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

28. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə su sızmasının texniki səbəbi, suyun axıdılma halları nəticəsində zərər dəymişdirsə, dəymiş zərərin həcmi, dəymiş zərərin bərpa olunması üçün tələb olunan pulun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/4702 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən iddiaçının mülkiyyətində olan evin yaşayış otağının ( mübahisəli otağın üstünə düşən hissə) daxili hissəsindən, eləcə də döşəmənin alt hissəsindən hər hansı kommunikasiya, o cümlədən su, kanalizasiya, istilik boruları çəkilmədiyindən, iddiaçıya məxsus yaşayış evinə su sızmasının 18 saylı yaşayış evindən olmadığı müəyyən edilmişdir. Tədqiq olunan evin (otağın) dam örtüyünün üstü və ətraf hissələri qonşu evlərə məxsus tikililərlə bitişik yerləşdiyindən və həmin evin dam örtüyünə baxış keçirilməsi mümkün olmadığından, su sızmasının konkret olaraq hansı səbəbdən baş verdiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus yaşayış evində (otaqda) su sızma ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 200,0 manat məbləğində müəyyən olunmuşdur.

30. Göründüyü kimi, hadisənin baş verməsində cavabdehin təqsiri müəyyən olunmamış, məhkəmə araşdırması zamanı isə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hadisənin baş verməsində iddiaçının təqsiri müəyyən olunmadığından, habelə maddi zərər tələbi təmin edilmədiyindən, mənəvi zərərin təmin edilməsi üçün də heç bir hüquqi əsas yoxdur.

32. Məhkəmə kollegiyası məhz bunu nəzərə alaraq apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmasını məqsədəuyğun saymadı.

33. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

34. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar