Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-402/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı valideynlərinin vəfatından sonra qalan miras əmlakı mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynlərinin vəfatından sonra qalan miras əmlakı mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(001)-3354/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixli Müqavilə əsasında atası X2 məxsus olan və valideynlərinin vəfatından sonra ona və bacısı Cavabdeh miras qalan ünvan 1 ünvanında yerləşən mənzili birinci növbəli vərəsə kimi faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının paylarının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun tanınması və miras əmlakdan ona çatan ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(001)- 3354/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Qətnamənin əsaslarına görə, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 43 ünvanında yerləşən 8 saylı mənzilə dair valideynlərinin vərəsəsi qismində pay hüququnun tanınmasını tələb etmiş olsa da, həmin əmlakın valideynlərinin mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən, miras əmlaka miras qoyanın mülkiyyət hüququ dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmış daşınmaz əmlak daxil edilə bilər. Bu isə onu göstərir ki, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı: “Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar”
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı: “..Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. ... Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
9. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, mübahisəli daşınmaz əmlakın mülkiyyət hüququ üzrə miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına, miras əmlakın aktivinə, yəni miras əmlak kütləsinə daxil olmamasına əsaslanmışdır.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı qəbul olunan zaman hazırki mübahisə məhkəmənin icraatında olduğundan bu mübahisəyə tətbiq edilir və həmin qərarda gəlinən nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir. Yəni, vərəsə miras payından imtina etmədiyi halda, mirası faktiki qəbul edib – etməməsindən və ya notariat kontoruna ərizə verib – verməməsindən asılı olmayaraq vərəsə hesab olunur.
11. Hazırkı mübahisənin əsasını tərəflərin miras əmlak hesab etdikləri daşınmaz əmlakın kim tərəfindən qəbul olunması təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi artıq həm iddiaçı, həm də cavabdeh 1-ci dərəcə vərəsə hesab olunur. Mübahisə predmeti olan əmlaka qanuna uyğun olaraq miras qoyanın hüquqlarının mövcudluğu təsdiqləndiyi təqdirdə, tərəflərin məhkəməyə müraciət etməsinə zərurət qalmır.
12. MPM-nin 4.1 və 5.1-ci maddələrinə əsasən müəyyən olunur ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarındakı hüquqi mövqelər nəzərə alınmaqla, hazırki vəziyyətdə istər iddiaçının hazırkı tələbinə məhkəmə qaydasında baxılmasına hər hansı zərurət qalmamışdır.
13. MPM-in 262.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməli olduğundan həmçinin aşağıdakılar qeyd edilməlidir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Müvafiq arayışın verilməsi qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimata (digər əlaqəli normativ hüquqi aktlara əsasən) uyğun həll edilir. Göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan ölməsi durumunda vərəsəliyin hansı qaydada rəsmiləşdirilməsi imkanını da müəyyən etmişdir. İşdən göründüyü kimi, iddiaçının qaynatası, eləcə də həyat yoldaşı miras qalmış əmlak üzərində mülkiyyət (əşya) hüquqlarını dövlət qeydiyyata aldırmadan (həmin hüququ təsdiq edən çıxarış almadan) vəfat etmişlər. Belə olan halda, iddiaçı qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqlarını özündə saxlayır. Göründüyü kimi, yuxarıda qeyd edilənlərlə yanaşı, iddiaçı qeyd edilən imkanlardan istifadə etmədən, hazırkı tələblə birbaşa məhkəməyə müraciət etməkdə də haqlı olmamışdır.
15. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qismən təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(001)- 3354/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(001)- 3354/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı valideynlərinin vəfatından sonra qalan miras əmlakı mənzili birinci növbəli vərəsə hüququ əsasında faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, miras əmlakdan onun və bacısının payının müəyyən edilməsi və miras əmlakın ½ hissəsinə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması tələbi barədə iş üzrə icraata xitam verilsin. İşdə iştirak edən şəxslərə qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev