Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4021/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 21.967 manat pul, mənəvi zərərin əvəzi olaraq 10.000 manat və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə əvvəllər tanışlığı olmamışdır. X11 adlı şəxslə çoxdan tanışdır. O, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Müşfiqabad şossesinin yaxınlığında “Sementçi” kooperativinin sədri işləyir. Həmin kooperativdə daş üzlükləri çıxardırlar. xx.xx.2013-cü il tarixdə tanışı Hafiz Dəmirov ona zəng vuraraq, tanışı Cavabdeh üzlük aqlay daşlarının verilməsini xahiş etmişdir. xx.xx.2013-cü il tarixdə Cavabdeh ona məxsus kooperativə gələrək, 55 kv.m aqlay daşını alaraq aparmışdır. Bundan sonra Cavabdeh şəxsi istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq, mütəmadi gəlib aqlay daşlarını aparmışdır. Cavabdeh ümumilikdə 1323 kv.m aqlay və 1313 metr uzunluğunda digər karniz və detalları aparmışdır. Bunların müqabilində Cavabdeh ona ümumilikdə 27717 manat olan borcundan 5750 manat pul ödəmiş və bu günə qədər Məzahirin ona 21967 manat borcu qalmışdır. O, Cavabdehlə dəfələrlə görüşərək, ondan borcun qaytarılmasını xahiş etsə də, Məzahir müxtəlif bəhanələr gətirərək 21967 manat borcunu verməmişdir. Məsələni belə görüb, məcburiyyət qarşısında şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində araşdırma aparıldıqdan sonra, 30 avqust 2019-cu il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət elməli olduğu bildirilmişdir. Həmin qərardan sonra cavabdeh yenə də ondan möhlət istəmişdir ki, pulu ödəyəcək. Buna baxmayaraq, bu günə qədər heç bir ödəniş edilməmişdir. Cavabdehin ona qarşı etmiş olduğu bu hərəkətlərə görə, həmçinin mənəvi iztirab və əsəb sarsıntısı keçirmişdir və keçirməkdə davam edir. Əsəb sarsıntıları nəticəsində əsəbləri pozulmuşdur. Cavabdehin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması əsəb sarsıntıları və fiziki əzab çəkməyinə səbəb olur. Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Ona görə də, hesab edir ki, 21967 manat pul, mənəvi zərərin əvəzi olaraq 10000 manat və 30 manat dövlət rüsumu Cavabdeh onun xeyrinə tutulmalıdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, İddiaçı ilə ən azından 35 ildir ki, tanışdır. Onları həmin vaxt həqiqətən də onun Bakı şəhərinin Sahil qəsəbəsində yaşayan həmkəndlisi, qohumu və dostu X12 tanış etmiş olsa da, sonralar İddiaçıla münasibətləri əsl dostluq münasibətinə çevrilmişdir. O, dəfələrlə iddiaçının evində qonaq olmuşdur. İddiaçı arvadı (bir neçə il olar ki, rəhmətə getmişdir), 2 oğlu və 2 qızı onun qabağına yemək qoymuş, ona qarşı diqqətli olmuşlar. Qarşılıqlı olaraq o da həmişə İddiaçı və onun ailəsinə qarşı diqqətli olmuş, hörmətlərini saxlamışdır. Onların dostluqlarının davamlı olmasının səbəblərindən biri də iddiaçının dəfələrlə Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olması olmuşdur. Bəziləri İddiaçı “Hacı”, bəziləri isə “Ağa”, yəni “Seyid” deyə müraciət edirdilər. İddiaçının dəqiq soyadını və atasının adını o, son vaxtlar ondan etdiyi şikayətlərdən bilmişdır. Özünün deməsinə görə, iddiaçının baxıcılıq və yuxu yozmaq kimi qabiliyyəti də var. İddiaçı həm də çox maraqlı həmsöhbətdir. Onunla bir az gec əlaqə saxlayanda zəng edib onu özünün “ocaq" adlandırdığı Sahil əsəbəsindən Qızıl Daş qəsəbəsində yerləşən daş sexinə dəvət edərmiş və o isə özü ilə bir qədər şirniyyat götürərək onun yanına gedər və çay içib söhbətləşərmişlər. İddiaçının işçilərinin demək olar ki, hamısı onu yaxından tanıyır və məhz iddiaçının yaxın dostu kimi tanıyırdılar. O, dəfələrlə hüquqi problemlərlə (hacının sexinin özəlləşdirilməsi, onun krediti və işçisinin məhkəmə işi ilə) bağlı iddiaçı və onun işçilərinə hüquqi yardım göstərmiş, məsləhətlər vermiş, ərizələr yazmışdır. Hətta işçisinin ziyanına çıxarılmış Ucar Rayon Məhkəməsinin qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti yazıb işi udmuşdur. Bu barədə ona görə belə uzun uzadı yazır ki, iddiaçı iddia ərizəsində 2013-cü ilin avqust ayına kimi onu tanımadığını göstərmişdir. İddiaçının bu cür hərəkəti hamıya özünü Allah adamı kimi təqdim edən bir şəxsə yaraşmayan hərəkətdir. Onu bu cür yalan danışıb günaha batmağa nəyin vadar etdiyini ancaq iddiaçı özü izah edə bilər. O isə bu barədə düşündüklərini etirazının sonunda bildirəcəkdir. Belə ki, 2012-ci il noyabr ayında o, sonuncu iş yerindən öz ərizəsi ilə çıxandan sonra (o artıq 2003-cü ildən pensiyada idi, ancaq işləyirdi) bekar idi. Arabir vaxtını keçirtmək üçün iddiaçının da yanına gedib onunla söhbətləşirdi. Hacı Vahid teztez istehsal etdiyi üzlük daşlarını sata bilməməsindən, müştəri qıtlığından gileylənirdi. Ona da təklif edirdi ki, əgər o, iddiaçıya müştəri gətirsə, qazancından ona da "hörmət" edər. O, bu barədə iddiaçı ilə “bazar” açmasa da, söz vermişdir ki, belə bir alıcı ilə rastlaşarsa, iddiçıya yönləndirər. Təqribən 2013-cü ilin yay aylarında tanışı X6 ona demişdir ki, “Ağ Şəhər”də tikilmiş 1 ədəd yaşayış binasının ağlay daşı ilə üzlənməsinə dair onun "xxxx" MMC ilə müqaviləsi var və iş bitəndən sonra “Park Çinar" MMC-nin rəhbərliyi ona 2 ədəd 3 otaqlı mənzil verəcəkdir. Mahir Niftəliyev ona vəd edirdi ki, əgər o, fəhlələrin əmək haqlarının və digər inşaat aksessuarlarının (yapışqan, metal setka, və s.) dəyərinin ödənilməsi ilə təmin edə bilsə, həmin mənzilin birini ona verəcək. Söhbət üzlük daşından düşəndə Mahir demişdir ki, bir qayda olaraq, o, həmin daşları ağlay sexlərindən nisyə götürür və gördüyü işin dəyərini sifarişçidən alandan sonra isə üzlük daşlarının dəyərini ödəyir. O, Mahirə demişdir ki, onun da bir nəfər Hacı Vahid adlı dostumun Ağlay sexi var, ancaq onun üzlük daşlarını nisyə verəcəyinə əmin deyil. Mahirin xahişi ilə o, Mahiri iddiaçının Ağlay sexinə gətirmişdir. Sexdə onun yanında üzlük daşlarının və digər detallar barədə söhbəti Mahirlə iddiaçı özləri etmişlər. Aqlay işlərində onun səriştəsi olmadığı üçün onların danışığına müdaxilə etməmişdir. İddiaçı söz vermişdir ki, ona böyük həcmdə mal alacaq müştəri gətirdiyi üçün satılan hər bir kvadratmetr üzlük daşı və hər bir paqonmetr karniz üçün ona 1 manatdan “hörmət” də edəcəkdir. Ona görə də, onun marağı ancaq o idi ki, iddiaçı ilə Mahirin danışıqları baş tutsun. Çünki, o həm iddiaçıdan, həm də Mahir Niftəliyevdən qazanc umurdu. Onların danışıqlarında iştirak etməyinə baxmayaraq, onlardan heç birinin qarşısında heç bir öhdəlik götürməmişdir. Üzlük daşlarını saxta qaimələrə əsasən “Ağ Şəhər”ə Mahir Niftəliyevin sifarişi ilə iddiaçı sürücü Bəylərin maşını ilə gətirirdi. Sürücünün pulunu ya o, ya da Mahir verirdi. 2013-cü ilin oktyabr ayında X10 RPİ-nin İstintaq Şöbəsi tərəfinən həbs olunmuşdur. Məlum olmuşdur ki, Mahir başqa bir işə görə axtarışda imiş. Mahir həbs olunandan sonra fəhlələrin əmək haqlarını ödəməkdə o da çətinlik çəkmişdir. "Park Çinar” MMC-nin rəhbərliyi isə görülmüş işlərin müqabilində onlara pul verməkdən imtina etmişdir. O isə məcbur olub fəhlələrin əmək haqlarını öz cibindən ödəməli olmuşdur. Ağlay daşı ilə əlaqədar isə iddiaçı ilə onun heç bir problemi yox idi. Çünki ödənişlə əlaqədar Mahir Niftəliyevlə söhbəti o özü aparmışdır. Mahir Niftəliyevin tutulduğunu biləndən sonra isə iddiaçının əlacı ancaq Mahirin həbsdən azad olunmasına qalmışdır. İbtidai istintaq zamanı həbsdə saxlama müddəti bitdiyinə görə təqribən 1 il sonra Mahir Niftəliyev azadlığa buraxılmışdır. Dərhal onu iddiaçının yanına aparmışdır. Onlar yenə öz aralarında danışıb razılığa gəlmişlər ki, işbirliklərini davam etdirəcəklər və həmin hesabla da Mahir Niftəliyev iddiaçıya olan borcunu bağlayacaq. Bir neçə il ərzində Mahir Niftəliyev iddiaçıya müəyyən məbləğdə pul ödəmişdir. Ancaq dəqiq məbləğini bilməmişdir. İddiaçının xahişi ilə o da iddiaçıya müəyyən məbləğdə pul vermiş, lakin həmin pulu ona bir dost olaraq, köməklik göstərmək niyyəti ilə vermiş, Mahir Niftəliyevin ona olan borcunu bağlamaq üçün verməmişdir. Mahir Niftəliyevin iddiaçıdan neçə manat dəyərində üzlük daşı və digər daş detalları aldığını o heç vaxt dəqiq bilməmişdir. Bütün müddət ərzində o, mütamadi olaraq iddiaçı ilə telefon əlaqəsi saxlamış və aradabir də onun sexinə gedib söhbətləşmişlər. Bir dəfə də olsun, şəxsən ondan pul tələb etməmişdir. Söhbət düşəndə Mahirlə maraqlanmışdır. Son vaxtlar isə onun danışıqlarından bilirdi ki, Mahir Niftəliyev hazırda işsizdir və demək olar ki, onun heç bir ödəmək qabiliyyəti qalmamışdır. Buna baxmayaraq bir dəfə də olsun deməmişdir ki, "Mahirdən ala bilməsəm, pulumu səndən tələb edəcəm”. 2019-ci il avqust ayının 24-də o, kiçik oğluna toy eləmişdir. Başı həmin toy tədarükünə qarışdığı üçün iddiaçı ilə əlaqə saxlaya bilməmişdir. Hətta bir dəfə zəngini cavabsız da qoymuşdur. Oğlunun toyuna dəvət etmək üçün o, iddiaçıya zəng edərkən iddiaçı onun zənginə cavab verməmişdir. Oğlu Bilalın telefonuna zəng edəndə Bilal onun səsini tanıyan kimi “alo, alo” edib danışığı sonlandırmışdır. Bu onu çox təəccübləndirmişdir. Toydan 1-2 gün keçmişdir ki, onu Bakı şəhəri Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, iddiaçı ondan şikayət ərizəsi yazmışdır. Maraqlı və təəccüblü olan o idi ki, iddiaçı şikayəti Mahir Niftəliyevdən yox, ondan yazmışdır. İndi ona məlum olmuşdur ki, onun zənglərinə niyə cavab vermirmiş. O, izahatını yazandan sonra təhqiqatçının necə qərar qəbul etməsi ilə heç maraqlanmamışdır. Çünki əmin idi ki, onun iddiaçıya borcu yoxdur, onun qarşısında heç bir maddi öhdəliyi yoxdur, iddiaçıya qarşı heç bir cinayət törətməmişdir. Bir müddət sonra həmkəndlisi Hafiz Dəmirov zəng edib demişdir ki, iddiaçı onu görmək istəyir. O, ilk öncə həmin görüşdən imtina edərək demişdir ki, iddiaçı adını Allah adamı qoyub ondan polisə haqsız şikayət etmişdir. Ona görə də, onu görmək istəmir. Hafiz Dəmirov demişdir ki, iddiaçı səhvini başa düşmüş və ona görə də onunla görüşüb ondan üzr istəmək istəyir. Onlar üçlükdə Sahil qəsəbəsində dəniz kənarındakı yeməkxanada görüşmüşlər. O, iddiaçıya irad tutmuşdur ki, “bəs ayıb deyilmi, sən dəfələrlə Məkkəni, Kərbəlanı və Məşhədi ziyarət etmiş Hacı, Kərbalayi, Məşədi titullu Allah adamı ola-ola, yuxu yozan və baxıcı kimi tanınmış bir Seyid ola-ola vicdanın necə qəbul etdi ki, mənə şər-böhtan atıb məndən polisə şikayət ərizəsi yazmısan?”. Hacı Vahid üzrxahlıq edərək demişdir ki, “gecə gördüyü yuxuda məndən şikayət ərizəsi yazmağı ondan şeytan xahiş etmişdir. Lənət olsun şeytana”. O, ondan Mahir Niftəliyevdən şikayət ərizəsi yazmamasının səbəbini soruşmuşdur, iddiaçı da demişdir ki, “Mahirin ödəməyə nəyi var ki”. Bu cür zarafatlaşıb, barışıb ayrılmışlar. Onların mehriban dostluq münasibətləri yenidən davam etməyə başlamışdır. O, yenə də davamlı olaraq iddiaçının sexinə gedir, çay içib söhbətləşmişlər. O, dəfələrlə iddiaçıya təklif etmişdir ki, Mahir Niftəliyevdən məhkəməyə şikayət ərizəsi yazsınlar. Lakin iddiaçı etiraz edib demişdir ki, Mahir Niftəliyevə üzlük daşı verdiyini sübut etmək üçün onda heç bir mühasibat sənədi yoxdur. Ona görə də həmin şikayətin yaxşı sonluqla nəticələnəcəyinə əmin deyil (indiki iddia ərizəsinə yazdıqlarını təsdiq edəcək mühasibat sənədlərini əlavə etməməsi də həmin ifadənin təsdiqidir). Lakin buna baxmayaraq həm iddiaçı, həm də o mütamadi olaraq Mahir Niftəliyevlə telefon əlaqəsi saxlamışlar. Mahir Niftəliyev aradabir onunla, yaxud onsuz iddiaçının yanına gedib söhbətləşir və növbəti işbirliklərini müzakirə etmişlər. Bu ilin əvvəllərində iddiaçının hansısa bir bankla bağlı mübahisəsi var idi. Apellyasiya şikayətini yazıb iddiaçıya imza etdirib Qaradağ Rayon Məhkəməsinə o aparıb vermişdir. Sadəcə olaraq bu ilin payız aylarında onların rəhmətə gedənləri olmuş və ondan başqa həmin yas mərasiminə böyüklük edən olmadığından onun başı qarışmışdır. Xüsusən də qəbir daşını hazırlatdırmaq üçün də dəfələrlə məzar daşı sexinə gedib-gəlməli olmuşdur. Səhv etmirsə iddiaçı həmin vaxtlarda ona zəng etmiş və o da zənginə cavab verə bilməmişdir. Görünür elə ona görə də iddiaçı yenə də ondan incimiş, yuxuda şeytan onu yoldan çıxarmış və ona qarşı heç bir həqiqətə uyğun olmayan iddia ərizəsi yazmışdır. Bütün müddət ərzində o, heç vaxt iddiaçının şərəf və ləyaqətini alçaltmamışdır. Onun imicinə zərər gətirən heç bir hərəkət etməmişdir. Bir sözlə, iddiaçıya heç bir maddi və mənəvi zərər yetirməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, İddiaçı ondan 21967 manat pul və mənəvi zərərin əvəzi olaraq 10000 manatın və dövlət rüsumu olaraq 30 manatın alınaraq iddiaçıya ödənilməsinə dair əsassız iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-250/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında kifayət qədər ziddiyətli məqamlar ortaya çıxmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi şahidlər də, bir birinə zidd ifadələr vermişlər. Təəssüf ki, məhkəmə bütün bu xüsusatları nəzərə almamışdır. İş üzrə şahid qismində izahat vermiş Niftəliyev Mahir Qüdrət oğlu 28 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, vaxtilə iddiaçıya üç dəfə pul vermişdir. Həmin pulları oğlunun vasitəsilə İddiaçı göndərmişdir. Bir dəfə də, özü iddiaçıya pul vermişdir. X7 21 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında təkrar olaraq şahid qismində izahat verərkən bildirmişdir ki, İddiaçı aqlay sexinə Cavabdehlə birlikdə getmiş, belə ki, o özü İddiaçı tanımamışdır. Cavabdehlə şərik olmuşlar. Fasad işlərini Məzahirlə birlikdə görmüşlər. Maraqlıdır ki, məhkəmə iclası audio-video yazı ilə həyata keçirilməsinə baxmayaraq, qətnamədə şahid Mahir Niftəliyevin izahatı düzgün olaraq qeyd edilməmişdir. Həmçinin, 21 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində izahat vermiş şahid Qüdrətli Xətai Mahir oğlu izahatında bildirmişdir ki, Mahir Niftəliyevin oğludur. Cavabdeh atasının dostudur. İddiaçı 2 dəfə pul verib. Onun 1 dəfəsini tək özü, 2-ci dəfə isə atası ilə birlikdə vermişdir. Verilən suallara cavabında bildirmişdir ki, İddiaçı 1-ci dəfə verdiyi pulu İddiaçı göndərdiyi adama Bayıl dairəsində vermiş, 2-ci dəfə isə atası ilə birlikdə sexdə vermişdir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, İddiaçı Mahir Niftəliyev tərəfindən verilmiş pul vəsaitini vermişdir. Cavabdehə “nə üçün 38-ci polis bölməsində izahat verərkən indi bildirdiyiniz kimi, İddiaçı Mahir Niftəliyevin verdiyi pul məbləğlərindən, bilavasitə özünüzün də, ödəniş etdiyinizi bildirməmisiniz?” sualına cavabdeh əvvəl çaşqınlıqla cavab verə bilməmiş, daha sonra isə əsəbi halda bunun özünün şəxsi işi olmasını bildirmişdir. Əslində bütün məhkəmə prosesi audio-video yazı ilə keçirildiyindən, bütün bunları izləyərək də şahidi olmaq mümkündür. X15 dəfələrlə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Cavabdehlə birgə işləmişdir. Sadəcə Ağ şəhərdə işi o danışmış, daş işini isə, Cavabdeh həll etməli idi. Daşın pulu da, Cavabdeh tərəfindən ödənilməli idi. Çünki, o İddiaçı tanımırdı. Hesab edir ki, məhkəmə bütün qeyd edilən ziddiyətləri, işin hallarını düzgün qiymətləndirməmiş və ədalətsiz qərar qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq, etirazda apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, o, aqlay üzlüklərinin vurulması ilə məşğul olurdu. Ona aqlay daşı lazım idi. Cavabdeh onu aqlay daşını satan şəxs kimi iddiaçı ilə tanış etmişdir. Birinci dəfə iddiaçının yanına cavabdehlə birlikdə getmişdir. Cavabdeh iddiaçı ilə danışmış, o da iddiaçı ilə razılaşmışdır. Daşları özü götürürdü. Aqlay daşların pulunu 27 oktyabr 2013-cü ilə qədər verməli idi. O, cavabdeh vasitəsilə 7800 manat pulu iddiaçıya vermişdir. Oğluna isə 2-3 dəfə pul vermiş, o da apararaq pulu iddiaçıya vermişdir. Bu hadisə 2013-cü ildə olmuşdur. Daşın pulunu o özü verməlidir. O, bir dəfə 5000 manat, bir dəfə də 8000 manat iddiaçıya pul vermişdir. 2013-cü ilin oktyabr ayında tutulmuş və 10 ay müddətində həbsdə olmuşdur. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, o, cavabdehi illərdir ki, atasının dostu kimi tanıyır. Atası ona iki dəfə pul vermiş və o da zərfdə olan pulu apararaq iddiaçıya sexin yaxınlığında vermişdir. Zərfin içərisində verdiyi pulun miqdarını bilmir. Sexdə iddiaçı və iddiaçının sexində işləyən işçilər var idi. İddiaçıya pulu verməyə atası ilə birlikdə getmişdir. Atası demişdir ki, pulu versin, o da pulu çıxarıb vermişdir. Sonra verdiyi pulun miqdarı təxminən 3.000-5.000 manat olardı. Atası 5.000 manat pulu ona vermiş, o da iddiaçıya vermişdir. Atasının gördüyü işə görə cavabdeh ola bilməz. Onun atası “oblitsovka” işi ilə məşğul olurdu. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, bir neçə il ərzində iddiaçının yanında işləmişdir. O, cavabdehi tanıyır. İşlədiyi sexə dəfələrlə gedib-gəlmişdir. Onların sexindən daş almışdır. Onlar cavabdehin aldığı daşları “qazel”ə yükləyirdilər. Müdiriyyət onlara demişdir ki, “qazel”ə yüklədikləri daşları cavabdeh almışdır. Onlar daşı “qazel”ə yüklədikləri zaman cavabdeh orada olmuşdur. İddiaçı özü demişdir ki, cavabdehin ona borcu var. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, o, iddiaçı ilə 30 ildir ki, dostdur. Cavabdehi iddiaçının sexində bir dəfə görmüşdür. Söhbət əsnasında bilmişdir ki, cavabdehin iddiaçıya borcu var. Cavabdeh özü iddiaçıya borcunun olduğunu demişdir. İddiaçının yanına Mahirlə birlikdə cavabdeh də gəlmişdir. Daşları cavabdeh almış, usta isə Mahir olmuşdur. İş materiallarında olan Qaradağ RPİ-nin 38-ci PB-nin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edlmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış halları ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı “Sementçi” adlanan kooperativin sədridir və həmin kooperativ daş üzlüklərin istehsalı ilə məşğul olur. İddiaçı iddia edir ki, həmin kooperativdə istehsal edilmiş aqlay daşlarını və digər malları satılması üçün cavabdehə vermiş, lakin cavabdeh aldığı malların pulunu tam ödəməmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, o, iddiaçıdan hər hansı bir mal almamışdır. O, sadəcə olaraq iddiaçıya malların satılması üçün alıcı tapmaqda kömək etmiş, bu məqsədlə iddiaçını X6 ilə tanış etmiş və iddiaçıdan malları X6 almışdır. Onunla iddiaçı arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. Məhkəmə kollegiyası işin hallarını və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq onları əsaslı hesab edir və onlarla razılaşır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən isə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Hazırkı iş üzrə iddiaçı öz iddiasında istehsal etdiyi malları cavabdehə satması barədə onunla şifahi nisyə alsı-satqı müqaviləsinin bağlandığına istinad etmişdir. Cavabdeh isə buna etiraz etmiş, iddiaçıdan daş üzlüklər almadığını, yalnız iddiaçıya müştəri tapmaqda köməklik göstərdiyini bildirmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Bu mənada, iddiaçı qeyd etdiyi əmlakları cavabdehə verməsini və eyni zamanda cavabdeh tərəfindən satılmış malların pulunun ödənilməməsini sübut etməlidir. AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İddiaçı iddiasının əsası kimi sübut olaraq şahid ifadələrinə istinad etmişdir. Lakin iş üzrə ifadəsi alınmış şahidlərdən heç biri tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlanmasını, cavabdehin iddiaçıdan aqlay daşlarını və digər malları alması barədə razılığa gəlmələrini təsdiq edə bilməmişlər. Belə ki, şahid X6 iddiaçıdan daşları özünün aldığını cavabdehin isə onları tanış etdiyini, bir neçə dəfə aldığı daşın pulunu cavabdeh vasitəsilə iddiaçıya göndərdiyini, bəzən isə oğlunun vasitəsilə pulu çatdırdığını bildirmişdir. X3 da buna oxşar ifadə vermiş, iddiaçı ilə cavabdehin arasında üzlük daşlarının alqısatqısının olduğunu təsdiq etməmişdir. Digər şahidlər X4 isə ifadəsində iddiaçı ilə cavabdeh arasında üzlük daşlarının alqısatqısının olduğunu iddiaçının sözlərinə istinad etməklə bildirmiş, özünün isə fəhlə kimi daşları yüklədiyini bildirmişdir. Nəhayət, şahid X13 ifadəsində iddiaçı ilə cavabdeh arasında borc söhbətinin şahidi olduğunu bildirmiş, lakin bu borcun nə ilə əlaqədar yarandığını, borc məbləğinin nə qədər olduğu barədə məlumat verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri hazırkı iddia tələbinin əsaslı olmasını, iddiaçı ilə cavabdeh arasında üzlük daşlarının alqısatqısının olmasını və bu müqavilə üzrə cavabdehin iddiaçıya 21.967 manat borcunun olmasını təsdiq etmək üçün kifayət deyildir. Əksinə, X2 və onun oğlu X9 ifadələrinə əsasən iddiaçının üzlük daşlarını cavabdehə deyil, X1, cavabdehin iddiaçıya verdiyi pulların da məhz Mahir Niftəliyevin aldığı malların pulu olması, cavabdehin bu işdə sadəcə vasitəçi qismində iştirak etməsi halı müəyyən edilmişdir. İddiaçı öz izahatından və şahid ifadələrindən başqa cavabdehlə nisyə alğı-satqı müqaviləsi bağlanması və cavabdehə mal verməsi, cavabdehin ona iddiada göstərilən məbləğdə borcunun olması barədə mötəbər sübutlar (malların verilməsi barədə qaimə, faktura, digər hər hansı yazılı sənədlər) təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır”. Göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, iddiaçının təqdim etdiyi sübutlar onun iddia tələbinin əsaslı olması qənaətinə gəlmək üçün kifayət deyildir. İddiaçının müraciəti əsasında polis orqanında aparılmış araşdırma nəticəsində də cavabdeh hazırkı iddia tələbinə verdiyi etiraza oxşar məzmunlu izahat vermiş, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanması barədə hər hansı bir razılığının olmamasını, bu işdə vasitəçi olaraq iddiaçıya mallarını satılması üçün müştəri tapılmasında köməklik göstərməsini bildirmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxmalıdır. Beləliklə, müəyyən edilir ki, iddiaçı iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “21967 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməli olması ilə bağlı düzgün qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahidlərin ifadələrinin təhrif edilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şahidlərin qətnamədə əks olunmuş ifadələri məhkəmə iclas protokolları ilə eynilik təşkil edir. İddiaçı isə bununla bağlı birinci instansiya məhkəməsinin iclas protokollarına qeyd verməmişdir. Ona görə də, kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Kollegiya tələbin “mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, qeyd edilən tələb cavabdehin iddiaçıya 21.967 manat məbləğində borcunun olması, həmin borcun ödənilməsini gecikdirməsi, bu səbəbdən onun əsəb sarsıntısı və fiziki əzab çəkməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə araşdırması ilə cavabdehin iddiaçıya göstərilən məbləğdə borcunun olması və cavabdehin bu pulu qaytarmaması kimi dəlilləri öz təsdiqini tapmamışdır. Zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Lakin hazırkı işdə cavabdehin iddiaçıya qarşı hər hansı hüquq pozuntusu törətməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normalarının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-250/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4021/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4021/2022
09.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver