Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4022/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Zahir İbrahimlinin iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması, həmin hərəkətlərin edilməsinin qadağan olunması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1769/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Zahir İbrahimlinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə ümumi mülkiyyətdə olan daşınmaz əşyadan istifadə ilə bağlıdır. Daşınmaz əşya ünvan 1 ünvanında yerləşən, sahəsi 217,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsidir (bundan sonra – qeyri-yaşayış sahəsi). Qeyri-yaşayış sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir, iddiaçının payı 85 faiz, cavabehin payı 15 faiz təşkil edir. Tələb və onun həlli: İddia ərizəsində 3 tələb irəli sürülb: 1) qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran maneələr (sahənin qapısının qıfıllanması, sahəyə daxil olmağa, kommunal xidmətlərdən, telefondan, internetdən və s. istifadəyə qarşı edilmiş hərəkətlər) aradan qaldırılsın və iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi cavabdehə qadağan olunsun; 2) əldən çıxmış fayda kimi 143.225 manat tutulsun; 3) mənəvi zərərin əvəzi kimi 100.000 manat tutulsun. İddia ərizəsində həmçinin xahiş olunub ki, dövlət rüsumunun əvəzi kimi 534 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) qeyriyaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran maneələr cavabdeh tərəfindən aradan qaldırılmaqla iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi cavabdehə qadağan olunsun; 2) cavabdehdən 10.625 manat alınaraq iddiaçıya verilsin. Qənamədə həmçinin dövlət rüsumunun əvəzi kimi 119 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunub. İddianın qalan hissəsi təmin edilməyib. Şikayət və izahatlar: Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Zahir İbrahimli özünün apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddia ərizəsində 3 tələb irəli sürüldüyünə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Birinci tələbə, yəni iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması və belə maneələrin yaradılmasının cavabdehə qadağan olunması tələbinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı cavabdehə paylı mülkiyyət hüququnu həyata keçirməkdə maneələr yaradır. Maneələrin yaradılması birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər X3 və X1 ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4 və 215.4-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməklə düzgün nəticəyə gəlib. İkinci tələbə, yəni əldən çıxmış faydanın əvəzinin tutulması tələbinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsinin damında 12 kv.m hissəni "xxxx" MMC-yə icarəyə verərək 12.500 manat icarə haqqı əldə edib. Bu, işdə olan xx.xx.2019-cu il tarixli müqavilənin məzmunu və cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçı qeyri-yaşayış sahəsinin 85 faizinin mülkiyyətçisi olduğuna görə həmin 12.500 manatın 85 faizi – 10.625 manat iddiaçıya çatmalıdır. Bu qayda Mülki Məcəllənin 216-cı maddəsinin göstərişindən irəli gəlir. Ona görə də birinci instansiya məhkəməsi ikinci tələbi qismən təmin etməklə, yəni 10.625 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Cavabdehin qeyriyaşayış sahəsindən başqa gəlirlər əldə etdiyini və ya cavabdehin qeyri-yaşayış sahəsindən iddiaçının başqa gəlirlər əldə etməsinə mane olduğunu təsdiq edən sübutlar yoxdur. İddiaçının paylı mülkiyyət hüququ xx.xx.2019-cu ildə reyestrdə qeydə alınıb, hazırkı iddia isə 5 il sonra - xx.xx.2024-cü ildə verilib. Əgər qeyri-yaşayış sahəsindən başqa gəlir əldə edilməsi üçün real imkanlar olmuşdursa, cavabdeh isə iddiaçıya bu gəlirləri əldə etməyə əsassız maneələr yaratmışdırsa, ağlabatan mühakiməyə görə iddiaçı qısa müddətdə məhkəməyə müraciət etməli idi, çünki iddiaçı gəlirdən 5 il ərzində səbəbsiz yerə imtina etməz. Ona görə də birinci instansiya məhkəməsi ikinci tələbin qalan hissəsini rədd etməklə düzgün nəticəyə gəlib, bu nəticə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə uyğundur. Üçüncü tələbə, yəni mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə qətnamədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin iddiaçıya mənəvi zərər vuruduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəmə həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Zahir İbrahimlinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 1769/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4022/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4022/2024
12.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver